Məhkəmə qərarları › İş №e-2-2(113)-247/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-247/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-247/2021 18.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X3 Bağman qızının katibliyi ilə, İddiaçı qanuni təmsilçisi X4 və cəmiyyətin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehə təhvil verilmiş 4 ədəd avtomobilin ödənilməmiş dəyərinə görə 21598,72 manat və müqavilə şərtlərini pozduğuna görə dəymiş maddi zərər qismində 330000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehə təhvil verilmiş 4 ədəd avtomobilin ödənilməmiş dəyərinə görə 21598,72 manat və müqavilə şərtlərini pozduğuna görə dəymiş maddi zərər qismində 330000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “BM-Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx xxxxxx 2019-cu il tarixli 2/111 saylı “Kommersiya Konsessiyası” müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “BM-Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti 10 ədəd MACK markalı yük avtonəqliyyat vasitələrinin üçüncü şəxslərin adına özgəninkiləşdirilməsini iddiaçıya həvalə etmişdir. Həmin Müqaviləyə əsasən həmin 10 ədəd avtonəqliyyat vasitələrinin satılması müqavilə imzalandığı gündən 3 aydan çox çəkmədiyi təqdirdə, qalan 33 ədəd avtonəqliyyat vasitələrinin satışı iddiaçı tərəfindən həyata keçirilməli idi. Bu müqavilə ilə əlaqədar iddiaçı həmin avtomobilləri tam saz vəziyyətə gətirərək, həmin avtomobillərə alıcı axtarmış, cavabdeh iddiaçıya müraciət edərək, 10 ədəd avtomobili almaq istədiyini bildirmişdir. Aralarında olan şifahi danışıqlardan sonra cavabdehlə iddiaçı arasında xx xxxxxx 2020-ci il tarixdə AS/111-1 saylı “Avtonəqliyyat vasitələrinin alqı-satqı müqaviləsi” bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh bir ədədinin dəyəri 28998,68 manat olan 10 ədəd MACK GU-813 markalı yük avtomobilini satın almışdır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən ödəniş, alıcıya müvafiq elektron qaimə (hesab)-faktura təqdim edildiyi tarixdən 1 iş günü ərzində satıcının bank hesabına ödənilməlidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən satıcı tərəfindən avtonəqliyyat vasitələri satıcının obyektində “X7” ünvanında yerləşən yerdə alıcıya təhvil verir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən alıcı verilən avtonəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlamağa və qəbul etməyə borcludur. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən alıcı tərəfindən nəqliyyat vasitələrinin qəbul edilməsi, onların keyfiyyətinin və komplektliliyinin yoxlanılması, təhvil-təslim aktının imzalanması ilə təsdiq edilir. Ümumiyyətlə qeyd edilən müqavilədə alıcı ilə satıcı arasında olan bütün münasibətlər tənzimlənmiş, hətta həmin müqavilədə avtonəqliyyat vasitələrinin keyfiyyəti aşağı olduqda (təmiri mümkün olmadıqda) alıcının müqaviləni ləğv edib və ödənilmiş pul vəsaitini geri tələb etməsi hüququ da göstərilmişdir. Tərəflər arasında müqavilə bağlanan tarixdə də, cavabdeh avtonəqliyyat vasitələrinin keyfiyyətini və komplektliliyini yoxlayaraq, “X7” ünvanında yerləşən yerdə həmin avtonəqliyyat vasitələrini təhvil almış və bununla əlaqədar tərəflər arasında xx xxxxxx 2020-ci il tarixdə “Alqı-satqı müqaviləsinə AS/111-1 dair avtonəqliyyat vasitələrinin təhvil-qəbul AKT”ı imzalanmışdır. Lakin cavabdeh həmin avtomobillərin 6 ədədini “X7”ın həyətindən çıxarıb aparmamış, avtomobillər orada qalmışdır. İddiaçı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə saat 10:24:36-da yük avtomobillərinin satışı üçün nəzərdə tutulmuş 289996,8 manat məbləğin ödənilməsi ilə əlaqədar cavabdehə elektron qaimə faktura göndərilmiş, lakin cavabdeh müqavilənin 2.2ci bəndinin tələblərini pozaraq, müqavilədə nəzərdə tutulan məbləği iddiaçının hesabına tam ödəməmişdir. Belə ki, cavabdeh avtomobillərinin satışı üçün nəzərdə tutulmuş 289996,8 manat məbləği qeyd edilən müqavilənin 2.2-ci bədində nəzərdə tutulduğu müddətdə, yəni elektron qaimə (hesab)-faktura təqdim edildiyi tarixdən 1 iş günü ərzində iddiaçının bank hesabına ödənilməli olduğu halda, xx xxxxxx 2020-ci il tarixdə 30000 manat, xx xxxx 2020-ci il tarixdə 30000 manat və xx xxxxx 2020-ci il tarixdə 20000 manat məbləğində, ümumilikdə isə ƏDV nəzərə alınmaqla 94400 manat məbləğində pul vəsaiti ödəmişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə iddiaçının hesabına 30000 manat məbləğində pul vəsaiti ödədikdən sonra tezliklə bütün məbləği ödəyəcəklərini bildirdiyindən iddiaçı, “X7” ünvanında saxlanılan avtomobillərin 4 ədədini cavabdeh üçün göndərmiş, lakin 4 ədəd həmin avtomobillərin ümumi dəyəri 115998,72 manat təşkil etdiyindən və həmin məbləğin də hamısı iddiaçıya ödənilmədiyindən qeyd edilən avtomobillərə dair heç bir rəsmiləşdirmə aparmamışdır. Bundan sonra iddiaçı dəfələrlə cavabdehə yazılı bildirişlər ünvanlayaraq xx xxxxxx 2020-ci il tarixdə AS/111-1 saylı “Avtonəqliyyat vasitələrinin alqı-satqı müqaviləsi”nə əsasən ödəməli olduqları pul vəsaitinin ödənilməsini tələb etsə də, cavabdeh iddiaçıya heç bir məbləğdə pul vəsaiti ödəməmiş, bununla da iddiaçıya külli miqdarda zərər vurmuşdur. Belə ki, iddiaçı ilə “BM- Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 2/111 saylı “Kommersiya Konsessiyası” müqaviləsinə əsasən iddiaçının əldə edilməsi nəzərdə tutulan məfəəti əldən çıxmışdır. “BM-Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən iddiaçı ona məxsus 10 ədəd avtomobilləri sataraq hər birinin dəyəri 18500 manat olmaqla onlara ödəyəcək və 3 ay ərzində 10 ədəd avtomobili satıb pulunu “BM-Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödədiyi təqdirdə daha 33 ədəd avtomobilin satışı həmin şərtlərlə iddiaçıya həvalə ediləcəkdir. İddiaçı həmin avtomobillərə alıcı tapmış və alıcı ilə müqavilə imzalamış, alıcı isə müqavilə ilə nəzərdə tutulan öhdəliyini yerinə yetirmədiyinə görə, yəni nəzərdə tutulmuş pul məbləğini ödəmədiyinə görə həmin avtomobillərin satışını 3 ay ərzində həyata keçirə bilməmiş, bununla da iddiaçının 33 avtomobilin satılmasından əldə edəcəyi fayda da əldən çıxmışdır. Göründüyü kimi iddiaçı cavabdehə 10 ədəd avtomobilin satışından 100000 manatdan çox, digər 33 avtomobilin satışından isə 330000 manat gəlir əldə etməyi planlaşdırmış, cavabdehin müqavilə öhdəliklərini pozması nəticəsində ümumilikdə iddiaçıya 430000 manat zərər dəymişdir. Belə ki, iddiaçı ilə “BM-Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 2/111 saylı “Kommersiya Konsessiyası” müqaviləsinə əsasən ilkin olaraq iddiaçıya satış hüququ verilmiş 10 ədəd avtomobilin digər alıcıları da olmuş, lakin iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlandığına görə iddiaçı həmin avtomobilləri digər şəxslərə sata bilməmişdir. Halbuki, həmin avtomobillərin 3 ay ərzində satılması artıq iddiaçının həmin layihənin uğurlu nəticə veməsini təsdiq edəcəkdi. Əslində isə cavabdeh tərəfindən belə bir yola əl atılması, iddiaçının kommersiya sirri sayılan iddiaçı ilə “BM-Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 2/111 saylı “Kommersiya Konsessiyası” müqaviləsinin müddəlarını təsadüfən bilməsi nəticəsində olmuşdur. Belə ki, cavabdeh biləndə ki, artıq iddiaçı onlara satdığı avtomobillər üçün “BM-Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinə 18500 manat ödəyərək, qalan məbləği gəlir kimi əldə edəcəkdir, onlar iddiaçı ilə bağlanmış müqavilənin şərtlərini həyata keçirməmiş, hətta həmin müqavilənin ləğv edilməsi üçün iddiaçıya bildiriş verməmiş, son dərəcə müqaviləni yubandırmağa və bununla da iddiaçı ilə “BM-Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqavilənin şəşrtlərinin iddiaçı tərəfindən pozulmasına zəmin yaratmağa çalışmış, özləri isə həmin avtomobilləri “BM-Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətindən 18500 manata almağa cəhd etmişlər. Həmin avtomobillərin təzəsinin 300000 manata yaxın dəyəri olduğuna görə, bazarda isə 2009-cu il buraxılışlı MACK markalı avtomobillərin dəyərinin 35-40000 manat olması cavabdehdə əlavə gəlir əldə etmək niyyəti yaratmışdır. Bu faktlar iddiaçı ilə “BM-Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 2/111 saylı “Kommersiya Konsessiyası” müqaviləsi, cavabdehlə iddiaçı arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixdə AS/111-1 saylı “Avtonəqliyyat vasitələrinin alqı-satqı müqaviləsi”, təhvil-qəbul aktı, elektron qaimələrlə öz təsdini tapır. Göründüyü kimi cavabdehə təhvil verilmiş 4 ədəd avtomobilin dəyəri 115998,72 manat təşkil etdiyindən və cavabdeh tərəfindən iddiaçıya yalnız 94400 manat məbləğində pul vəsaiti ödənildiyindən, cavabdehin iddiaçıdan alaraq istehlak etdiyi avtomobillərin dəyərinə görə 21598,72 manat məbləğində borcu qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehə satılmış 10 ədəd avtonəqliyyat vasitəsindən 6 ədədi qaytarılmış, 4 ədədi cavabdehdə qalmışdır. Həmin 4 ədəd avtonəqliyyat vasitələrinin dəyəri 115998,72 manat təşkil edir ki, həmin məbləğində 94400 manat hissəsi ödənilmişdir. Sonda iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının qanuni təmsilçisi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçı tərəfindən avtonəqliyyat vasitələri “BM-Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətindən nasaz vəziyyətdə alıb, təmir etdikdən sonra cavabdehə verməli idi. Cavabdeh tərəfindən avtonəqliyyat vasitələrinin ehtiyat hissələrinin alınması, təmiri üçün ilkin olaraq iddiaçıya 25000 manat ödənilmişdir. İş materiallarından və iddiaçının nümayəndəsi və vəkilinin izahatından göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin fevral ayından aprel ayınadək də 94400 manat, ümumilikdə 115000 manatdan artıq pul məbləği ödənilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubuna cavabında da cavabdeh qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 116000 manatdan artıq pul ödənilmişdir. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə “BM-Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 2/111 saylı “Kommersiya Konsessiyası” müqaviləsindən görünür ki, “BM-Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti 10 ədəd MACK markalı yük avtonəqliyyat vasitələrinin üçüncü şəxslərin adına özgəninkiləşdirilməsini iddiaçıya həvalə etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.10-cu bəndinə əsasən 10 ədəd avtonəqliyyat vasitələrinin satılması müqavilə imzalandığı gündən 3 aydan çox çəkmədiyi təqdirdə, qalan 33 ədəd avtonəqliyyat vasitələrinin satışı müvafiq olaraq iddiaçı tərəfindən həyata keçirilir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixdə AS/111-1 saylı “Avtonəqliyyat vasitələrinin alqı-satqı müqaviləsi”ndən görünür ki, iddiaçı 10 ədəd MACK GU-813 markalı yük avtonəqliyyat vasitələrini satmağı, cavabdeh isə həmin avtonəqliyyat vasitələrini müqavilədə müəyyən edildiyi şərtlər əsasında qəbul etməyi və dəyərini ödəməyi öhdələrinə götürmüşlər. xx xxxxxx 2020-ci il tarixli avtonəqliyyat vasitələrinin təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən 10 ədəd MACK GU-813 markalı yük avtonəqliyyat vasitələri cavabdehə təhvil verilmiş və avtonəqliyyat vasitələri cavabdeh tərəfindən təhvil alınmışdır. xx xxxxxx 2020-ci il tarixli 232-121 saylı Hesabdan görünür ki, iddiaçı tərəfindən cavabdehə satılmış 10 ədəd avtonəqliyyat vasitələrinin dəyəri ƏDV daxil 289996,80 manat təşkil etmişdir. xx xxxxxx 2020-ci il tarixli EBAG seriyalı 205985 saylı elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə satılmış 10 ədəd avtonəqliyyat vasitələrinin dəyəri ƏDV daxil 289996,80 manat təşkil etmişdir. xx xxx 2020-ci il tarixli Hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına xx xxxxxx 2020-ci il tarixdə 30000 manat, xx xxxx 2020-ci il tarixdə 30000 manat və xx xxxxx 2020-ci il tarixdə 20000 manat ödəniş edilmişdir. Məhkəmə iddiaçının direktorunun, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə “BM-Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx xxxxxx 2019-cu il tarixli 2/111 saylı “Kommersiya Konsessiyası” müqaviləsi bağlanmış və müqaviləyə əsasən “BM-Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti 10 ədəd MACK markalı yük avtonəqliyyat vasitələrinin üçüncü şəxslərin adına özgəninkiləşdirilməsini iddiaçıya həvalə etməyi öhdəsinə götürmüşdür. Eyni zamanda müqaviləyə əsasən iddiaçı tərəfindən 10 ədəd avtonəqliyyat vasitələrinin satılması müqavilə imzalandığı gündən 3 aydan çox çəkmədiyi təqdirdə, qalan 33 ədəd avtonəqliyyat vasitələrinin satışı müvafiq olaraq iddiaçı tərəfindən həyata keçiriləcəkdir. İddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2020-ci il tarixdə AS/111-1 saylı “Avtonəqliyyat vasitələrinin alqı-satqı müqaviləsi” bağlanmış və müqaviləyə əsasən iddiaçı 10 ədəd MACK GU-813 markalı yük avtonəqliyyat vasitələrini satmağı, cavabdeh isə həmin avtonəqliyyat vasitələrini müqavilədə müəyyən edildiyi şərtlər əsasında qəbul etməyi və dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən 10 ədəd MACK GU-813 markalı yük avtonəqliyyat vasitələri cavabdehə təhvil verilmiş və avtonəqliyyat vasitələri cavabdeh tərəfindən təhvil alınaraq, bu barədə xx xxxxxx 2020-ci il tarixli avtonəqliyyat vasitələrinin təhvil-qəbul aktı tərtib etmişlər. İddiaçı tərəfindən cavabdehə satılmış 10 ədəd avtonəqliyyat vasitələrinin dəyəri ƏDV daxil 289996,80 manat təşkil etmişdir. İddiaçı tərəfindən cavabdehə satılmış 10 ədəd avtonəqliyyat vasitəsindən 6 ədədi qaytarılmış, 4 ədədi cavabdehdə qalmışdır. Cavabdehdə qalmış 4 ədəd avtonəqliyyat vasitələrinin dəyəri 115998,72 manat təşkil etmiş, cavabdeh tərəfindən həmin məbləğdən 94400 manat hissəsi ödənilmiş və hazırda cavabdehin iddiaçıya 21598,72 manat məbləğində borcu qalmışdır. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan avtonəqliyyat vasitələrini cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu 21598,72 manat məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehin nümayəndəsi və vəkili izahatında cavabdeh tərəfindən iddiaçıya 116000 manatdan artıq pul ödənilməsini bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbinin maddi zərər hissəsinə münasibətdə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı iddia ərizəsində 330000 manat məbləğində maddi zərərin dəyməsini qeyd etsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehə təhvil verilmiş 4 ədəd avtomobilin ödənilməmiş dəyərinə görə 21598,72 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (21598,72 manat) iddia tələbinin (351598,72 manat) 6,14 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 1,84 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 28,16 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehnə təhvil verilmiş 4 ədəd avtomobilin ödənilməmiş dəyərinə görə 21598,72 manat pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 1,84 manat məbləği Cavabdehndən tutularaq İddiaçınə ödənilsin, qalan 28,16 manat məbləği İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar