Məhkəmə qərarları › İş №e-2-2(113)-2473/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2473/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2473/2024 05.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, sübutetmə vəzifəsi, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) X2, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 17 mart 2021-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 10508 manat əsas borcun, 11243,56 manat cərimənin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, cavabdeh ilə bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehə məhsullar satılmışdır. Məhsulların dəyəri, çeşidi, miqdarı və digər məlumatları həmin müqavilənin 1 saylı əlavəsində göstərilmiş və həmin əlavəyə uyğun olaraq tam şəkildə cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqları nəzərə almayaraq bu günədək malların dəyərini ödəmək öhdəliyini həyata keçirməmişdir. Cavabdehin müqavilə öhdəliklərindən irəli gələn 10508 manat əsas borcu və müqavilənin 4.1-ci bəndinə əsasən hesablanmış 11243,56 manat cərimə məbləği olmaqla ümumilikdə 21751,56 manat miqdarında borcu vardır. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı öz üzərinə düşən öhdəliyi yerinə yetirərkən onun və ya onun fəaliyyəti günahından satıcıya dəyən zərər üçün öz əmlakı ilə tam maddi məsuliyyət daşıyır. Müqavilənin 4.1-ci bəndinə əsasən, alıcı müqavilə üzrə malın ödənişini gecikdirdiyi halda ödənilməmiş ümumi dəyərin 0,1% həcmində cərimə ödəmək öhdəliyi daşıyır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445.3, 449.1-ci maddələri göstərilmişdir.

4. Cavabdeh iddiaya etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsində qeyd edilən tərəflər arasında xx.xx.2021-ci il tarixli müqavilə və həmin müqaviləyə eyni tarixli 1 saylı əlavənin olduğu doğrudur. Lakin həmin müqavilə əsasında 10508 manat məbləğində malın verildiyi və təhvil götürülmüş malların əvəzinin ödənilmədiyi ilə bağlı iddiaçının qeyd etdikləri tam yanlışdır. Belə ki, iddiaçı tərəflər arasında bağlanmış 17 mart 2021-ci il tarixli müqavilə və müqavilə əsasında veriləcək malların miqdarı və məbləği razılaşdırılmış həmin müqaviləyə eyni tarixli 1 saylı əlavəyə əsasən, iddiaçı tərəfindən cavabdehə 10508 manat məbləğində hər biri 1 litr 60 ədəd, 5 litr 120 ədəd və 10 litr 40 ədəd qablaşdırılmış “Saxalinsky” Kalium humatının verilməsi razılaşdırılmışdır. Razılaşdırılmış mallardan 3 partiya ilə cəmi 6372 manat məbləğində mal verilmişdir. Təhvil götürülmüş mallara və dəyərinə uyğun olaraq, hər partiya üzrə iddiaçı tərəfindən elektron qaimə (o cümlədən № EBAZ 065664 (1416 AZN), № EBAZ 087944 (1416 AZN), № EBAZ 215236 (3540 AZN) olmaqla cəmi 6372 manat) təqdim edilmişdir. Qeyd olunan məbləğlər hər elektron qaimə üzrə 3 dəfəyə bank hesabı vasitəsi ilə tam şəkildə ödənilmişdir. Qeyd edilməlidir ki, müqavilə və ona edilmiş 1 saylı əlavə malın təhvil verildiyini deyil, gələcəkdə malın verilməsi və dəyərinin razılaşdırılmasıdır. Bu hələ malın verildiyinə dair sübut deyildir. Malın verilməsi üçün onu təhvil götürən tərəfindən təsdiqlənmiş qaimə fakturası və ya təhvil-təslim aktları mövcud olmalıdır. Halbuki iddiaçının özü cavabdeh tərəfindən qəbul edilmiş 3 ədəd elektron qaimə fakturanı və həmin fakturalar üzrə 3 dəfəyə ödənişi özündə əks etdirən bank hesabından çıxarışı iddia ərizəsinə əlavə edib, məhkəməyə təqdim etmişdir. Təqdim etdiyi qaimə və ödənişin də məbləği eynilik təşkil etməklə cəmi 6372 manatdır. İddiaçı iddia tələbinin əsası kimi daha bir neçə “Malların təhvil-təslim aktı” təqdim etmişdir. Lakin həmin aktlar yalnız iddiaçının özünün imza və möhürü ilə birtərəfli qaydada təsdiqlənmişdir. Həmin aktlar o halda qəbul edilə bilər ki, eyni zamanda müqavilə tərəfi olan mal alan tərəfindən də imzalanmış olsun. Bununla da aşkar şəkildə göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə cəmi 6372 manat məbləğində mal verilmiş və həmin məbləğdə də cavabdeh tərəfindən iddiaçıya ödəniş olunmuşdur. Həmin maldan əlavə cavabdehə 10508 manat məbləğində mal verildiyinə dair iddiaçının qeyd etdikləri formal mülahizələr olmaqla, onların həqiqəti əks etdirmədiyi aşkar vəziyyətdir. İddiaçı 10508 manat məbləği tələb etdiyindən 6372 manat məbləğində maldan əlavə 10508 manat məbləğdə malın verilməsinin sübut etmə yükü də ona aiddir. Lakin iddiaçı tərəfindən belə bir sübut təqdim edilməmişdir. İddia tələbində qeyd olunan əsas məbləğin mövcudluğu sübut olunmadığından hesablanmış cərimə və əlavə ödənişlərdən də söhbət gedə bilməz.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahatlar verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı elektron qaimə ilə rəsmiləşdirməklə cavabdehə mallar təhvil vermiş, dəyəri ödənilən mallardan əlavə 10508 manat dəyərində mal təhvil verilmiş, həmin malın təqdim olunmasına dair elektron qaimə cavabdehin özü tərəfindən təsdiqlənmiş, lakin dəyəri ödənilməmişdir.

6. Məhkəmənin birinci baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, cavabdeh 6372 manat dəyərində mal sifariş etmiş, dəyərini isə ödəmiş, 10508 manat dəyərində mal sifariş etməmiş, təhvil almamışdır. 10508 manat dəyərində malların sifarişində Qoşqar adlı tanımadıqları şəxs iştirak etmiş, həmin şəxsə mal satılmış, elektron qaiməsi isə cavabdehə təqdim olunmuşdur.

7. Məhkəmənin sonuncu baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (qanuni təmsilçisi) X5 izahatında bildirdi ki, Qoşqar adlı şəxs cavabdehin müştərisi olmuş, onlardan mal almaq istədiyini bildirmişdir. Lakin həmin şəxs bildirmişdir ki, cavabdehin müştərisidir, cavabdeh ilə müqaviləsi var, iddiaçı müqaviləni cavabdeh ilə bağlasın, o malı cavabdehdən götürüb, ödənişi də ona edəcəkdir. Buna görə də cavabdehlə əlaqə saxlamış, tərəflər razılaşmış və müqavilə bağlamış, müqavilə əsasında da malları təhvil vermişdir. Sonradan cavabdeh başqa mallar da sifariş etmiş, həmin malların dəyəri ödənilmişdir. Təqdim olunan elektron qaimələr cavabdehə vatsap üzərindən də göndərilmiş, heç bir etiraz etməmişdir. Təqdim olunan mallardan cəmi 708 manat dəyərində mal geri qaytarılmış, qalan hər hansı mal qaytarılmamışdır.

8. Məhkəmənin sonuncu baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə izahatında bildirdi ki, iddiaçının qanuni təmsilçisinin bildirdikləri ilə razıdır. Qoşqar adlı şəxs onların müştərisidir və iddiaçı ilə onları həmin şəxs tanış etmişdir. Cavabdehin mal təchizatında gecikmələr olduğundan, Qoşqar onları iddiaçı ilə tanış edərək bildirmişdir ki, yaxşı mal satan var, onların malları gələnə kimi iddiaçıdan mal götürüb satsınlar. Qoşqarla aralarında razılıq belə olmuşdur ki, Qoşqar malların dəyərini onlara ödəməli, onlar isə iddiaçıya ödəməli idi. Onlar malları almış, ayrı-ayrı rayonlara vermişdir. X4 rayonunda olan anbarında yığılmış, Qoşqar da, onlar da mallardan götürüb istifadə etmişlər. Lakin Qoşqarla aralarında mübahisə ondan yaranmışdır ki, Qoşqar ancaq malların dəyərini ödəmək istəmiş, mənfəət vergisini ödəmək istəməmişdir. Qoşqara izah edə bilməmişdir ki, o, mənfəət vergisi ödəyicisidir və vergi məbləğini də ödəməlidir. Həmçinin bildirmişdir ki, 10508 manatlıq malların bir hissəsi onlara, bir hissəsi Qoşqara aid olmuşdur. Bir hissəsi istifadə olunmuş, bir hissəsi istifadə olunmamışdır. Sonradan öz malları gəlmiş, iddiaçıdan malların istifadə olunmayan hissəsinin geri götürülməsini xahiş etmiş, iddiaçı malların kiçik bir hissəsini geri götürmüş, qalan hissəsinin Qoşqarın anbarına boşaldılmasını demişdir. Geri götürülən malların dəyəri dəqiq yadında deyildir.

9. Cavabdehin nümayəndəsi X3 cavabdehin iddiaçıya ünvanladığı məktubun məzmununu elan etmişdir. Məktubun məzmununda qeyd olunmuşdur ki, xx.xx.2021-ci il tarixli müqaviləyə 1 nömrəli əlavəyə əsasən xx.xx.2021-ci il tarixli EBAY 887538 seriya və nömrəli elektron qaimədə qeyd olunan dəyəri 10508 manat olan mallar satılmamış, bu səbəbdən malların ödənişi həyata keçirilməmişdir. Qeyd olunanlara əsasən malların geri qaytarılmasının təmin edilməsi xahiş edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İşdə olan sübutlar əsasında məhkəmə aşağıdakıları müəyyən edir: - iddiaçı (satıcı qismində) ilə cavabdeh (alıcı qismində) arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı adı, miqdarı, dəyəri və ödəmə müddəti əlavədə hər bir satışda ayrıca göstərilərək malı cavabdehə satmağı, cavabdeh isə öz tərəfindən müqavilənin əlavəsində nəzərdə tutulmuş malı iddiaçıdan almağı öz öhdəsinə götürmüşdür (müqavilə hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir). - Tərəflər müqaviləyə 1 saylı Əlavə təsdiq edərək 60 ədəd 1 litrlik, 120 ədəd 5 litrlik, 40 ədəd 10 litrlik olmaqla ümumi dəyəri 10 508 manat dəyərində “Saxalinskiy” Kalium humatının alqı-satqısını razılaşdırmışlar. - İddiaçı 16880 manat dəyərində malların alqı-satqısının rəsmiləşdirilməsi üçün cavabdehə xx.xx.2021-ci il tarixdə 10508 manat dəyərində EBAY 887538 seriya və nömrəli, xx.xx.2021-ci il tarixdə 1416 manat dəyərində EBAZ 065665 seriya və nömrəli, xx.xx.2021-ci il tarixdə 1416 manat dəyərində EBAZ 087944 seriya və nömrəli, xx.xx.2021-ci il tarixdə 3540 manat dəyərində EBAZ 215236 seriya və nömrəli elektron qaimələr təqdim etmişdir. - 1416 manat dəyərində olan EBAZ 087944 seriya və nömrəli elektron qaimə “sistem tərəfindən təsdiqlənmiş”, mübahisəli elektron qaimə də daxil olmaqla qalan 3 elektron qaimə cavabdeh tərəfindən “təsdiqlənmiş”dir. - Cavabdeh tərəfindən 10508 manat dəyərində EBAY 887538 seriya və nömrəli elektron qaimə üzrə təqdim olunan malların dəyəri istisna olmaqla, qalan malların dəyərini təşkil edən 6372 manat ödənilmişdir.

14. İşin mübahisəli halını 10508 manat dəyərində xx.xx.2021-ci il tarixli EBAY 887538 seriya və nömrəli elektron qaimə üzrə təqdim olunan malların dəyərinin ödənilməməsi təşkil edir.

15. İddiaçı bildirir ki, cavabdehə 4 elektron qaimə əsasında 16880 manat dəyərində mal təqdim olunmuş, 3 elektron qaimə əsasında təqdim olunan malların dəyərini təşkil edən 6372 manat ödənilmiş, EBAY 887538 seriya və nömrəli elektron qaimə ilə təqdim olunan malların dəyərini təşkil edən 10508 manat ödənilməmişdir. Bundan başqa, 708 manat dəyərində malı cavabdehdən geri götürmüşdür.

16. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Qoşqar adlı şəxs onların müştərisidir və iddiaçı ilə onları həmin şəxs tanış etmişdir. Cavabdehin mal təchizatında gecikmələr olduğundan, Qoşqar onları iddiaçı ilə tanış edərək bildirmişdir ki, yaxşı mal satan var, onların malları gələnə kimi iddiaçıdan mal götürüb satsınlar. Qoşqarla cavabdeh arasında razılıq belə olmuşdur ki, Qoşqar malların dəyərini cavabdehə ödəməli, cavabdeh isə iddiaçıya ödəməli idi. Onlar malları almış, ayrı-ayrı rayonlara vermişdir. X4 rayonunda olan anbarında yığılmış, Qoşqar da, onlar da mallardan götürüb istifadə etmişlər. Lakin Qoşqar malların dəyərini təşkil edən 10508 manatı ödəmək istəmiş, mənfəət vergisini ödəmək istəməmişdir. Dəyəri ödənilməyən 10508 manatlıq malların bir hissəsi onlara, bir hissəsi Qoşqara aid olmuşdur. Bir hissəsi istifadə olunmuş, bir hissəsi istifadə olunmamışdır. Sonradan öz malları gəlmiş, iddiaçıdan malların istifadə olunmayan hissəsinin geri götürülməsini xahiş etmiş, iddiaçı malların kiçik bir hissəsini geri götürmüşdür.

17. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən əsaslıdır.

18. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

19. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

21. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

22. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

23. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

24. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

25. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

26. Cavabdehin etirazına münasibətdə isə göstərilməlidir ki, mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarına əsasən, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir.

27. Hazırkı halda isə cavabdeh öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə ki, cavabdeh tərəf bir tərəfdən təqdim olunan malların onlara deyil, Qoşqar adlı şəxsə təqdim olunduğunu, həmin malların dəyərini ödəməli olmadığını bildirsə də, digər tərəfdən Qoşqar adlı şəxslə aralarında olan razılığa əsasən alınan malların dəyərini sonuncunun onlara, onların isə iddiaçıya ödəməli olduğunu, lakin həmin şəxsin ancaq malların dəyərini ödəmək istədiyini, cavabdehin mənfəət vergisi məbləğini ödəmək istəmədiyini, buna görə də həmin şəxslə aralarında narazılıq yarandığını bildirir. Digər tərəfdən isə təqdim olunan 10508 manat dəyərində malların bir hissəsinin onlara aid olduğunu, bir hissəsinin istifadə olunmadığını, iddiaçıdan geri qaytarılmasının xahiş edildiyini bildirir.

28. Göründüyü kimi, cavabdeh tərəfin etirazının əsasını təşkil edən hallar ziddiyyətli olmaqla formal mülahizələrə əsaslanır və əsassızdır. Məhkəmə Mülki Məcəllənin 387.3-cü maddəsinə əsasən qeyd edir ki, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. İddiaçı ilə bağlanan müqavilənin tərəfi cavabdehdir və dəyəri ödənilməyən mübahisəli mallara dair cavabdeh müqaviləyə əlavəni təsdiq edib qiymətini və miqdarını razılaşdıraraq təsdiq etmişdir. Bundan başqa, həmin mallara dair təqdim olunan elektron qaiməni cavabdeh özü təsdiq etmiş, iddiaçının qanuni təmsilçisi elektron qaiməni vatsap vasitəsi ilə də cavabdehə göndərmiş, cavabdeh etiraz bildirməmişdir. Belə olan halda, cavabdehin üçüncü şəxslə olan münasibətinə əsaslanaraq malların dəyərini ödəməkdən yayınması ilə bağlı mövqeyi əsassızdır.

29. İddiaçının malları geri qaytarmamasına dair cavabdehin mövqeyi də ziddiyyətli və əsassızdır. Belə ki, əvvəla cavabdeh 10508 manat dəyərində malların bir hissəsinin istifadə olunduğunu bildirsə də, məhkəmə iclasında elan olunan cavabdehin iddiaçıya ünvanladığı məktuba əsasən cavabdeh iddiaçıya müraciət edərək malların tam geri götürülməsini xahiş edir. Digər tərəfdən isə cavabdehin bu mövqeyi, yəni satılan malın istifadə olunmadığından geri qaytarılmasına istinad edərək alıcının belə bir tələb irəli sürmək hüququ mülki qanunvericilikdə təsbit olunmamışdır. Tərəflər arasında olan müqavilədə də belə bir razılaşma əks olunmamışdır.

30. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin etirazının əsası kimi istinad etdiyi hallar əsassızdır və iddianın rədd olunmasına əsas vermir.

31. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

32. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

35. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

36. Göstərilənləri və təqdim olunan mallardan 708 manat dəyərində malın geri qaytarıldığını iddiaçının təsdiq etməsini nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin olunmalı, 9800 manat (10508-708) məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

37. İddia ərizəsində iddiaçı həmçinin 11243,56 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.

38. 17 mart 2021-cü il tarixli müqavilənin 4.1-ci bəndinə əsasən, “Alıcı” bu Müqavilənin 2.2-ci bəndində göstərilən şərtləri pozarsa, satılan malların dəyərinin ödənilməsinin gecikməsinin hər gününə görə ümumi dəyərin 0,1% məbləğində əlavə cərimə ödəyir.

39. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

40. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

41. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

42. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da mübahisəli qaimə üzrə mallar 2021-ci ilin mart ayında verildiyi halda, uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

43. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, 17 mart 2021-cü il tarixli müqavilə üzrə cavabdehdən tutulmalı cərimə məbləğinin 450 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

44. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 450 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

45. İddiaçı ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

46. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, 156 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

47. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

48. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Məhkəmə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 74 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

50. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 17 mart 2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə 9800 (doqquz min səkkiz yüz) manat əsas borc, 450 (dörd yüz əlli) manat cərimə olmaqla ümumilikdə 10 250 (on min iki yüz əlli) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 74 (yetmiş dörd) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar