Məhkəmə qərarları › İş №e-2-2(113)-2475/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2475/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2475/2024 02.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16626,62 manat borcunun və 139,88 manat dövlət rüsumunun - cəmi 16766,50 manat məbləğin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında SX22-009 nömrəli, 05 yanvar 2022-ci il tarixli “Məhsulların” alqı-satqı müqavilələri imzalnmışdır. Qeyd olunan alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıdan müxtəlif “Mallar” alınsa da, həmin “Mallar”ın dəyərinin cəmi 16,626.62 manat (on altı min altı yüz iyirmi altı manat, altmış iki qəpik) məbləğində olan hissəsi hazırki vaxtadək cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Göstərilən məbləğdə “Mallar”ın cavabdeh tərəfindən qəbul edilməsini “Malların Təhvil-Qəbul Aktları” da bir daha sübut edir. Son dəfə “Tərəflər” arasında 06 sentyabr 2023-cü il tarixli “X2” imzalanaraq borcun bir hissəsi öz təsdiqini tapsa da, daha sonra dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh “X2”nın imzalandlğı tarixdən sonra təhvil verilmiş mallarla birlikdə yaranmış son borcla bağlı yeni “X2”nın imzalanmasından yayınmış və müraciətlərimizi cavabsız qoymuşdur. Ödənişin edilməsi ilə bağlı dəfələrlə nümayəndəmiz vasitəsilə Cababdehlə əlaqə saxlanılmış və həmin borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin Cababdeh tərəfdən heç bir ödəniş həyata keçirilməmişdir. Daha sonra cavabdehin elektron kabinetinə xx.xx.2024-cü il tarixli “Pretenziya” məktubu göndərilmiş, lakin cavabdeh həmin məktubu rəsmi şəkildə qəbul etsə də borcunu ödəməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi S.Nağıyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının nümayəndəsi S.Nağıyevin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakrı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı (şirkət) və cavabdeh (müştəri) arasında bağlanmış xx.xx.2022-ci il tarixli SX22-009 nömrəli məhsulların alqı-satqı müqaviləsinə əsasən şirkət mülkiyyətində olan müxtəlif növ malları müştəriyə satmaqla onun mülkiyyətinə verməyi, müştəri isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini şirkətə ödəməyi və öz adından həmin məhsulları yalnız işlətməkdə olduğu iaşə obyekti və iaşə obyektləri zəncirində istifadə edilməsini öhdəsinə götürür.

9. Müqavilənin 3.1-ci bəndinə əsasən satılmış məhsulun dəyəri müştəriyə tərəfindən şirkətin hesabına ödənilir. Ödənilmiş pul vəsaitinin şirkətin hesabında oturduğu gün ödəniş günü hesab olunur. Satışdan məhsulun dəyəri şirkətə vaxtında ödənilmədikdə müştərinin yeni sifarişləri ödənişin tamamlanmasına qədər qəbul edilmir.

10. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli ST 207 nömrəli məhsulların alqı-satqı müqaviləsinə əsasən şirkət mülkiyyətində olan müxtəlif növ malları müştəriyə satmaqla onun mülkiyyətinə verməyi, müştəri isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini şirkətə ödəməyi və öz adından həmin məhsulları yalnız işlətməkdə olduğu iaşə obyekti və iaşə obyektləri zəncirində istifadə edilməsini öhdəsinə götürür.

11. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli X2na əsasən xx.xx.2022-ci il tarixli SX22-009 nömrəli müqavilə üzrə cavabdehin xx.xx.2023-cü il tarixə 15593,85 manat məbləğində borcu vardır.

12. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı ilə 693,80 manat, xx.xx.2023-cü il tarixli malların təhvil qəbul aktı ilə 2201,82 manat, xx.xx.2023-cü il tarixli malların təhvilqəbul aktı ilə 74,92 manat, xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı ilə 229,22 manat, xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı ilə 737,91 manat, xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı ilə 52,07 manat, xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı ilə 675,95 manat, xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı ilə 241,18 manat, xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı ilə 68,38 manat, xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı ilə 461,69 manat, xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı ilə 703,50 manat, xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı ilə 73,74 manat, xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı ilə 307,15 manat, xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı ilə 1598,95 manat, xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı ilə 3627,46 manat, xx.xx.2023-cü il tarixli malları təhvil-qəbul aktı ilə 385,36 manat, xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı ilə 366,76 manat, xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı ilə 1105,40 manat, xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı ilə 255,61 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

13. İddiaçı tərəfindən cavabdehə EBDİ 306633 nömrəli xx.xx.2023-cü il tarixli, EBDİ 486130 nömrəli xx.xx.2023-cü il tarixli, EBDİ 960768 nömrəli xx.xx.2023-cü il tarixli, EBDJ 463370 nömrəli xx.xx.2023-cü il tarixli, EBDJ 499320 nömrəli xx.xx.2023-cü il tarixli, EBDJ 499322 nömrəli xx.xx.2023-cü il tarixli, EBDJ 504891 nömrəli xx.xx.2023-cü il tarixli, EBDJ 503028 nömrəli xx.xx.2023-cü il tarixli, EBDJ 786590 nömrəli xx.xx.2023-cü il tarixli, EBDK 611660 nömrəli xx.xx.2023-cü il tarixli, EBDK 743186 nömrəli xx.xx.2023-cü il tarixli, EBDL 563546 nömrəli xx.xx.2023-cü il tarixli, EBDL 966078 nömrəli xx.xx.2023-cü il tarixli, EBDM 422006 nömrəli xx.xx.2023-cü il tarixli, EBDM 408963 nömrəli xx.xx.2023-cü il tarixli, EBDM 781253 nömrəli xx.xx.2023-cü il tarixli, EBDM 898134 nömrəli xx.xx.2023-cü il tarixli, EBDN 205032 nömrəli xx.xx.2023-cü il tarixli, EDBN 432937 nömrəli xx.xx.2023cü il tarixli, EBDN 422727 nömrəli xx.xx.2023-cü il tarixli (ümumilikdə 16626,62 manat) elektron qaimələr təqdim edilmişdir.

14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqısatqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

17. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

18. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

19. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

20. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

21. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 16626,62 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 139,88 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 16626,62 manat məbləğində pul, ödənilmiş 139,88 manat dövlət rüsumu, ümumilikdə 16766,65 (on altı min yeddi yüz altmış altı manat altmış beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar