Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2477/2020 09.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlu İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 569.63 manat məbləğində borc pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə İddiaçı MMC ilə “xxxx” MMC arasında qablaşdırılmış suyun alqı-satqısına dair KR_352/2019 saylı müqavilə bağlanılmışdır. Tərəflər arasında borcun müəyyən edilməsi ilə bağlı xx.xx.2020ci il tarixdə tərtib edilmiş akta əsasən “xxxx” MMC xx.xx.2019-xx.xx.2020-ci il üzrə iddiaçıdan ümumi dəyəri 569.63 manat məbləğində mal almışdır. Alqı-satqı müqaviləsinin 2.3-cü bəndinə əsasən verilmiş malın dəyəri 15 gün müddətində ödənilməlidir. Həmin müqavilə üzrə “xxxx” MMC-nin aldığı mala görə iddiaçıya 569.63 manat məbləğində borcu vardır. İddiaçı dəfələrlə cavabdehə müraciət edərək, yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh borcunu bu günə qədər ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, KR_325/2019 nömrəli müqaviləyə əsasən satıcı AZS ***-**** tələblərinə uyğun 19 litrlik polikarbonat qablara qablaşdırılmış işməli suyu alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndə əsasən içməli suyun qabı bu müqavilə üzrə tərəflərin alqı-satqı predmetinə aid deyildir. 1.3-cü bəndə əsasən satıcının əşyanı vermək vəzifəsi alıcıya təhvil verildiyi məqamda icra edilmiş sayılır. 1.4-cü bəndə əsasən əşyanın təsadüfən zədələnmə riski əşyanı qəbul etdiyi andan alıcıya keçir. 2.1-ci bəndə əsasən əşyaların miqdarı alıcının sifarişi əsasında müəyyən olunur. 2.2-ci bəndə əsasən əşyanın qiyməti tərəflərin razılığı ilə əlavə dəyər vergisi daxil olmaqla 3.54 manat müəyyən müəyyən edilir. 2.3-cü bəndə əsasən alıcı müqavilənin 2.2-ci bəndində müəyyən edilmiş pul məbləğini ödəniş sənədləri təqdim edildikdən sonra 15 təqvim günü ərzində köçürmə yolu ilə ödəyir. 2.4-cü bəndə əsasən bu müqavilədə göstərilməyən, qanunvericilikdə nəzərdə tutulan digər xərcləri tərəflər müstəqil ödəyir və müqavilə xərclərinə daxil edilmir. İddiaçı MMC-nin və Cavabdeh MMC-nin nümayəndələri tərəfindən imzalanmaqla və şirkətlərin möhürü vurulmaqla təsdiq edilmiş, xx.xx.2019-xx.xx.2020-ci il dövr üçün tərtib edilmiş üzləşmə aktından görünür ki, hər iki tərəf ümumilikdə 569.63 manat məbləğində borcun ödənilməmiş qaldığını təsdiq etmişdir. İşdən məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx xxxxxx 2020-ci il tarixdə pretenziya qaydasında məktub ünvanlanaraq 569.69 manat əsas borc, 122.55 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 692.18 manat məbləğində borc pulun, ödənilmiş 30 manat dövlət rüsumunun və vəkilin xidmətindən istifadə ilə bağlı 230 manat pulun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli. KR_352/2019 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 569.63 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 569.63 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 569.63 (beş yüz altmış doqquz manat altmış üç qəpik) borc məbləği və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMCyə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2477/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2477/2020
09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver