Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2479/2021 20.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra –iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 364296 manat əsas və əsas borc öhdəliyinin icra edilməsinə dair qətnamə qəbul edilən günə bank faizinin uçot dərəcəsinə uyğun faiz borcunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə 18.06.2021-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə əsasən ərizə verərək cavabdehdən 364296 manat əsas borc və əsas borc öhdəliyinin icra edilməsinə dair qətnamə qəbul edilən günə bank faizinin uçot dərəcəsinə uyğun 91074 manat faiz borcunun, ümumilikdə, 455370 manat məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Lisenziyası əsasında cavabdeh tərəfindən inşa edilmiş 16 mərtəbəli yaşayış binasına iddiaçı tərəfindən 14 komplekt liftlərin quraşdırılması üçün 04 may 2015 ci il tarixində Müqavilə imzalanmışdır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən Müqavilənin ümumi dəyəri 532000 AZN təşkil edir. İddiaçı tərəfindən həmin müqavilədə göstərilən 9 komplekt 16 dayanacaqlı liftlər xarici ölkədən idxal edilərək, tam quraşdırılaraq Fövqeladə Hallar Nazirliyində qeydiyyata alınmış və istismara tam təhvil verilmişdir. “Liftlərin istismara təhvil aktı” tərəflər və FHN-nin nümayəndəsi tərəfindən imzalanmışdır. Müqavilə üzrə müqavilənin ümumi dəyərinin 364296 AZN məbləg cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bu səbəbdən qalan 5 komplekt lift quraşdırılmış, lakin FHN-də qeydiyyata və istismara təhvil verilməmişdir. Cavabdeh həmin 5 komplekt lifti FHN-nin təlimatlarına zidd olaraq başqa Şirkət tərəfindən istismara buraxdırmışdır. Bununla da ödəməli olduğu borcun ödənilməsindən yayınmışdır. Beləliklə, 04 May 2015-ci il tarixli Müqavilə əsasında cavabdehin iddiaçıya 364296 AZN borcu yaranmışdır. Borc bu günə qədər müxtəlif bəhanələrlə ödənilməmişdir. Məhkəmənin 14.07.2021-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi 27 iyul 2021-ci il tarixli məktubla bildirmişdir ki, cavabdeh "xxxx" MMC ümumi yığıncağın 26.01.2020-ci il tarixli qərarına əsasən Cavabdeh MMC-yə qoşularaq ləğv edilmiş, hazırda Cavabdeh MMC onun hüquqi varisidir. Bu barədə qeyd dövlət reyestrinə 11.03.2020-ci il tarixdə daxil edilmişdir. Məhkəmənin 04.08.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə əsasən cavabdeh "xxxx" MMC onun hüquqi varisi olan Cavabdeh MMC ilə əvəz edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən 306994 manat ödənilmiş, qalan hissəsi, yəni 225006 manat ödənilməmişdir. Ödəniş nağd qaydada həyata keçirilmişdir. Göstərilən liftlərdən yalnız beşi quraşdırıldıqdan sonra təhvil-təslim aktı imzalanmış, digər liftlərin isə təhvil verilməsinin rəsmiləşdirilməməsinin səbəbi odur ki, qalan borc məbləği ödənilməmişdir. Yalnız ödəniş həyata keçirildikdən sonra həmin liftlərin təhvili rəsmiləşdirilməli idi. Bundan əlavə, müqavilə ilə quraşdırılması nəzərdə tutulmuş liftlərin 10 ədədi cavabdehə məxsus binada, digər 4 ədədi isə cavabdehin podratçı şirkət kimi "xxxx" MMC üçün inşa etdiyi binada quraşdırılmışdır. Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilənin 9.1-ci bəndinə əsasən həmin müqavilə şərtləri tam yerinə yetirilinədək qüvvədədir. Bu səbəbdən hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edib, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı tərəfindən müqavilə ilə onun üzərinə düşən öhdəliklər tam olaraq icra edilməmiş, iddiaçı tərəfindən cavabdeh üçün yalnız 5 ədəd lift quraşdırılmış, həmin liftlərin də təhvil-təslimi rəsmiləşdirilmişdir. Buna baxmayaraq müqavilə bağlandıqdan sonra iddiaçının tələbi əsasında müqavilə üzrə ödənilməli olan vəsait tam olaraq tərəflərindən ödənilmiş, lakin ödənişi təsdiq edən sənəd olmadığından, hazırda Məhkəməyə təqdim edə bilmir. Buna baxmayaraq iddiaçı özü də iddia ərizəsində cavabdeh tərəfindən 306994 manat ödənildiyini təsdiq edir, "xxxx" MMC ilə isə onların hər hansı bir əlaqəsi yoxdur, podratçı kimi həmin MMC üçün hər hansı bir iş yerinə yetirməmişlər. Bu səbəbdən həmin MMC üçün quraşdırılmış liftlərin onlara aidiyyatı yoxdur. Bundan əlavə, müqavilə üzrə tələb müddətindən 6 ildən artıq vaxt keçmiş, bununla da iddia müddəti üzrsüz səbəbdən ötürülmüşdür. Bu səbəbdən iddia müddətinin tətbiq edilməklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Fövqəladə Hallar Nazirliyi tərəfindən iddiaçıya verilmiş 30.07.2015-ci il tarixli lisenziyaya əsasən iddiaçıya liftlərin quraşdırılması və təmirini həyata keçirməyə 5 il müddətinə icazə verilmişdir. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 11.03.2020-ci il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən Cavabdeh MMC "xxxx" MMC-nin hüquqi varisidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 04.05.2015-ci il tarixli 12 nömrəli müqaviləyə əsasən icraçı (iddiaçı) tərəfindən aşağıdakı işlərin görülməsi bu müqavilənin predmetini təşkil edir: “İcraçı 7 k-t 450 kq-lıq, 16 dayanacaqlı 7 k-t 1000 kq-lıq, 16 dayanacaqlı liftin quraşdırılması və təhvil verilməsini təmin edir. İcraçı həmin işləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan texniki tapşırığa uyğun olaraq görməyi öhdəsinə götürür. Sifarişçi icraçının həmin işləri görə bilməsi üçün zəruri şərait yaratmağı, icraçının gördüyü işlərin nəticəsini qəbul etməyi və bu müqavilə ilə nəzərdə tutulan muzdu icraçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 5-ci bəndinə əsasən müqavilə üzrə işlərin və xidmətlərin ümumi dəyəri (hər bir lift vahidinin işlərinin tamamlanmasına görə) müqaviləyə əlavə edilmiş razılaşma protokoluna əsasən 532.000 manat təşkil edir. Bu müqaviləyə əsasən görüləcək işlərin ümumi dəyərinin 50%-i əvvəlcədən sifarişçi tərəfindən ödənilir. Lift avadanlıqları sifarişçinin anbarına təhvil verildikdən sonra ümumi məbləğin 30%-i, quraşdırma işləri başa çatdıqdan sonra qalan 20 % icraçıya ödənilir. Tərəflər arasında bağlanmış 12 nömrəli müqaviləyə əlavə olan 04.05.2015-ci il tarixli razılaşma protokolunda görüləcək işlərin dəyərinin ƏDV daxil cəmi 532.000 manat olması razılaşdırılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və X4 Agentliyi tərəfindən təsdiq edilmiş lift pasportlarına əsasən ünvan 2 ünvanında yerləşən cavabdehə məxsus binada iddiaçı tərəfindən 3 ədəd 450 kq-lıq, 2 ədəd 1000 kq-lıq liftlər quraşdırılaraq 2017-ci il tarixdə iddiaçıya təhvil verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 19.03.2018-ci il tarixli 10 nömrəli müqaviləyə əsasən icraçı (iddiaçı) sifarişçiyə (cavabdeh) məxsus olan ünvan 3 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında 2 ədəd 1000 kq-lıq, 3 ədəd 450 kq-lıq “Liftlərin quruluş və təhlükəsiz istismar qaydasına, istehsalçı zavod tərəfindən müəyyən olunmuş tələblərə, həmçinin müqavilədə əks olunmuş liftlərin texniki xidmətinə” uyğun olaraq texniki xidmət göstərilməsini, sifarişçi isə bu xidmətlərin dəyərinin ödənilməsini öhdəsinə götürür. 19.03.2018-ci il tarixli 10 nömrəli akta əsasən cavabdehlə iddiaçı arasında bağlanmış müqavilə əsasında götürülmüş 2 k-t 1000 kq-lıq, 3 k-t 450 kq-lıq 16 mərtəbəli liftlərin xidməti lift xidməti üzrə sahə rəisi X2 təhkim edilir və müqavilədə göstərilən icraçı təşkiların üzərinə düşən bütün texniki-təhlükəsizlik məsuliyyətləri və təlimatları ilə tam məlumatlandırılmışdır. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və X4 Agentliyinə ünvanlanmış 10.11.2018-ci il tarixli məktubda "xxxx" MMC tərəfindən inşa edilmiş 2 girişli, 16 mərtəbəli yaşayış binasında İddiaçı MMC tərəfidən quraşdırılmış 2 komplekt 500 kq və 2 komplekt 1000 kq yük sərnişin liftinin qeydiyyata alınıb istismara verilməsinə icazə verilməsi xahiş olunmuşdur. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubunda tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehin 364296 manat məbləğində borcunun olduğu bildirilmiş, borcun 5 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 04.05.2015-ci il tarixli 12 nömrəli podrat müqaviləsi bağlanılmış və iddiaçı tərəfindən 5 ədəd lift quraşdırılmış və cavabdehə təhvil verilmiş, bundan əlavə həmin müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 306994 manat məbləğində pul ödənilmişdir. İddiaçı iddia ərizəsində müqavilə üzrə nəzərdə tutulmuş bütün liftlərin, yəni digər 9 ədəd liftin quraşdırılıb təhvil verildiyini, lakin həmin görülmüş işlərin dəyərinin cavabdeh tərəfindən tam ödənilmədiyini göstərsə də, digər 9 ədəd liftin quraşdırılıb cavabdehə təhvil verildiyini təsdiq edən sənəd (04.05.2015-ci il tarixli 12 nömrəli podrat müqaviləsinin 1.3-cü bəndinə əsasən) təqdim edə bilməmiş, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən zəruri əlavə sübutların təqdim edilməsi iddiaçıya təklif edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi həmin 9 ədəd liftdən 5 ədədinin cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən binada quraşdırıldığını, lakin pul tam ödənildikdən sonra tərəflər arasında rəsmiləşdirilmənin aparılacağını, digər 4 ədəd liftin isə "xxxx" MMC-yə məxsus binada cavabdehin sifarişi əsasında quraşdırıldığını, bunu təsdiq edən sənədin isə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və X4 Agentliyinə ünvanlanmış 10.11.2018-ci il tarixli məktubun olduğunu, lakin həmin liftlərin də təhvil verildiyini təsdiq edən sənədləri təqdim edə bilməyəcəyini göstərmişdir. Cavabdehin nümayəndəsi öz izahatında görülmüş işlərə görə müqavilə ilə razılaşdırılmış pulun tam ödənildiyini, buna baxmayaraq yalnız 5 ədəd liftin quraşdırılıb onlara təhvil verildiyini göstərmiş, lakin həmin pulun tam ödənildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03.11.2008-ci il tarixli Qərarında göstərmişdir ki, MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.12.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPMə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26.07.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). Bundan əlavə, iddiaçı iddia müddətini tətbiqi barədə ərizə verərək iddianın təmin edilməməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Tərəflər arasında müqavilə 04.05.2015-ci il tarixdə bağlanmış, həmin müqavilə üzrə görülmüş işlər 2017-ci ildə icraçı tərəfindən sifarişçiyə təhvil verilmişdir. Müqavilənin 5.3-cü bəndinə əsasən ... görüləcək işlərin ümumi dəyərinin 50%-i əvvəlcədən sifarişçi tərəfindən ödənilir. Lift avadanlıqları sifarişçinin anbarına təhvil verildikdən sonra ümumi məbləğin 30%-i, quraşdırma işləri başa çatdıqdan sonra qalan 20 % icraçıya ödənilir. Bununla da müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı hazırkı iddia ilə 04.05.2015ci il müqavilə üzrə 2020-ci ilə qədər məhkəməyə müraciət edə bilərdi. Lakin mülki işin materiallarından görünür ki, iddiaçı hazırkı iddia ilə 06.05.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda aydın olur ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır. Bununla bağlı Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.). Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətləri müvafiq tərəfin iddia qaldırması üçün nəzərdə tutulan vaxt məhdudiyyətini müəyyən edir. İddia qaldırması üçün ağlabatan müddətlərin tətbiq edilməsi və iddia qaldırmanın prosessual şərtlərinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini və qərarların qətiliyini təmin etməklə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə şərait yarada və potensial cavabdehləri zaman keçdiyinə görə təkzib edilməsi çətin olan biləcək köhnə iddialardan qoruya bilər (AİHM, “MPP Qolub Ukraynaya qarşı iş üzrə 18.10.2005-ci il tarixli qərarı). Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Nəticə: Beləlikdə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia müddətini açıq-aşkar ötürdüyündən, cavabdeh isə iddianın əsassız olmasını qeyd etməklə yanaşı mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etdiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2479/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2479/2021
20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver