Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2483/2021 13.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi Nümayəndə3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Nümayəndə1 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə1 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC- dən 66132 (altmış altı min yüz otuz iki) manat əsas və əsas borc öhdəliyinin icra edilməsinə dair qətnamə qəbul edilən günə bank faizinin uçot dərəcəsinə uyğun faiz borcunun tutularaq, iddiaçı Nümayəndə1 MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Lisenziyası (Lisenziya N 082526 Qeydiyyat nömrəsi FHN/41-01890) əsasında fəaliyyət göstərən Nümayəndə1 ilə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında "xxxx" MMC tərəfindən inşa edilmiş 24 mərtəbəli yaşayış binasına Nümayəndə1 MMC tərəfindən 8 (səkkiz) komplekt liftlərin quraşdırılması üçün 01 iyul 2015-ci il tarixində Müqavilə imzalanmışdır. Həmin müqavilənin 5.2 bəndinə əsasən müqavilənin ümumi dəyəri 375.200 (üç yüz yetmiş beş min iki yüz) manat təşkil edir. Nümayəndə1 MMC tərəfindən həmin müqavilədə göstərilən 8 (səkkiz) komplekt 24 dayanacaqlı liftlər xarici ölkədən idxal edilərək, tam quraşdırılaraq Fövqeladə Hallar Nazirliyində qeydiyyata alınmış və istismara tam təhvil verilmişdir. “Liflərin İstismara qəbul aktı” Nümayəndə1 MMC, "xxxx" MMC və FHN-nin nümayəndəsi tərəfindən imzalanmışdır. Lakin müqavilə üzrə müqavilənin ümumi dəyərinin 66.132 (altmış altı min yüz otuz iki) manat məbləğ "xxxx" MMC tərəfindən Nümayəndə1 MMC-yə ödənilməmişdir. Beləliklə 01 iyul 2015 ci il tarixli Müqavilə əsasında "xxxx" MMC nin Nümayəndə1 MMC-yə 66.132 (altımış altı min yüz otuz iki) manat borcu yaranmışdır. Dəfələrlə müraciət edilməsinə baxmayaraq bu borc "xxxx" MMC tərəfindən bu günə qədər müxtəlif bəhanələrlə ödənilməmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin arıtırlmasına dair ərizə verərək, cavabdeh "xxxx" MMC-dən 131.040 (yüz otuz bir min qırx manat) manat əsas və əsas borc öhdəliyinin icra edilməsinə dair qətnamə qəbul edilən günə faiz borcunun 32.760 (otuz iki min yeddi yüz altmış) manat olmaqla ümumilikdə 163.800 (yüz altmış üç min səkkiz yüz manat) məbləğin tutularaq iddiaçı Nümayəndə1 MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində tələb olunan müqavilə üzrə ödənilməmiş 66132 (altmış altı min yüz otuz iki) manat məbləğ "xxxx" MMC tərəfindən Nümayəndə1 MMC-yə ödənilmədiyindən, həmin lift avadanlıqlarının xarici ölkədən dəyəri ABŞ dolları ilə ödənilməklə idxal edildiyindən, müqvilə imzalanan tarixdə (01 iyul 2015-ci il) Azərbaycan manatının 1 ABŞ dollarına nisbəti 1,05 olduğunu və devolvasiyadan sonra 1 manatın ABŞ dollarına nisbəti 1,70 olduğunu nəzərə alıb ödənilməyən məbləğ 107.982 manat təşkil edir (66132:1,05=62982 dollar x 1,70=107069) Eyni zamanda 05 sentyabr 2017 ci il tarixli "xxxx" MMC və Nümayəndə1 MMC arasında imzalanmış liftlərin xidmətləri haqqında müqaviləyə əsasən ödənilməyən məbləğ 6.000 (altı min) manat və liftlərin quraşdırılması üzrə tikintiyə aid görülmüş işlər haqqında 04.08.2016 cı il tarixli akta əsasən 17.971,80 (on yeddi min doqquz yüz yetmiş bir) manat məbləğ "xxxx" MMC tərəfindən Nümayəndə1 MMC-yə ödənilməmişdir. Beləliklə yuxarıda göstərilən sənədlər əsasında "xxxx" MMC-nin Nümayəndə1 MMC-yə ümumilikdə ödənilməmiş 131.040 (yüz otuz bir min qırx) manat borcu yaranmışdır. Bununla da göstərilənlərə əsasən tərəflər arasında bağlanmış sözügedən 01 iyul 2015 ci il tarixli müqavilə üzrə yaranmış 107.069 (yüz yeddi min altmış doqquz) manat, 05 sentyabr 2017-ci il tarixli xidmət müqaviləsi əsasında yaranmış 6.000 (altı min) manat və 04.08.2016 cı il tarixli liftlərin quraşdırılması üzrə tikintiyə aid yerinə yetirilmiş işlər üzrə akta əsasən yaranmış 17.971,80 (on yeddi min doqquz yüz yetmiş bir) manat olmaqla ümumi məbləğ 131.040 (yüz otuz bir min qırx) manat əsas borc və əsas borc öhdəliyinin icra edilməsinə dair qətnamə qəbul edilən günə bank faizinin uçot dərəcəsinə faiz borcunun (131.040 x 5%x 5 il=32760 manat olmaqla ümumilikdə 163.800 (yüz altmış üç min səkkiz yüz) manat məbləğ cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq qeyd etdi ki, cavabdeh müqavilə üzrə 66.132 manat məbləğində borclu olduğu üçün "xxxx" MMC-də onlara ofis icarəyə verilmiş və bir müddət orada fəaliyyət göstərmişdir. Daha sonra qeyd olunan yer başqa bir şəxsə satıldığı üçün oranı tərk etmək məcburiyyətində qalmış və bununla bağlı olaraq məhkəməyə müraciət etmişdir. İddiaçı sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə izahatında iddia tələbini qəbul etmədiklərini bildirərək, müqavilə üzrə iddiaçıya olan bütün borclarını ödədiklərini hətta ödəniş qəbzlərinin əsasında artıq ödənildiyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən quraşdırılan binalar hazırda da qəzalı vəziyyətdə qalmaqdadır və sakinlər tez-tez həmin liftlərdən narazılıqlar edirlər. Hətta quraşdırılan liftlərdə lift sürüşməsi baş vermiş, bununla bağlı olaraq cinayət işi başlanılmış daha sonra cinayət işinə xitam verilmişdir. Qeyd olunanlara əsasən cavabdeh tərəf iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: “icraçı” Nümayəndə1 MMC ,”sifarişçi” "xxxx" MMC olmaqla imzalanmış 01 iyul 2015ci il tarixli müqaviləyə əsasən “icraçı” tərəfindən aşağıdakı işlərin görülməsi bu müqavilənin predmetini təşkil edir: “icraçı 4 komplekt 1000 kq-lıq, 4 komplekt 450 kq-lıq liftlərin quraşdırılması və təhvil verilməsini təmin edir. 1.2 “icraçı həmin işləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan texniki tapşırığa uyğun olaraq görməyi öhdəsinə götürür. “Sifarişçi” “icraçı”-nın həmin işləri görə bilməsi üçün zəruri şərait yaratmagı, “icraçı”-nın gördüyü işlərin nəticəsini qəbul etməyi və bu müqavilə ilə nəzərdə tutulan muzdu “icraçı”ya ödəməyi öhdəsinə götürür. 1.3. Bu müqavilə üzrə “icraçı” texniki sənədləri liftin pasportunu və s.) və təsdiq edilmiş quraşdırma işlərinin hesablamalarına dair sənədləri “sifarişçi”-yə təqdim edir. 1.4. “icraçı” tərəfindən təhvil verilən və quraşdırılan lift avadanlıqlarının texniki xarakteristikası bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “liftlərin texniki xarakteristikası” na tam uyğun olmalıdır. 1.5. Bu müqaviləyə əsasən görülən işləri “sifarişçi” qəbul edənədək, liftin təsadüfən məhv olunması və ya zədələnməsi riski “icraçı”-nın üzərinə düşür. 5.1.Müqavilənin qiyməti “icraçı” tərəfindən tərtib edilmiş maliyyə hesabları sənədlərinə müvafiq olaraq müəyyənləşdirilmiş və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razrılaşma protokolu ilə müəyyən olunur. 5.2. müqavilə üzrə işlərin və xidmətlərin ümumi dəyəri (hər bir lift vahidinin işlərinin tamamlanmasına görə müqaviləyə əlava edilmiş razılaşma protokoluna əsasən müqavilənin ümumi dəyəri 375.200 manat təşkil edir. (ƏDV ilə birlikdə) 5.3 Bu müqaviləyə əsasən görüləcək işlərin ümumi dəyərinin 50%-i əvvəlcədən “sifarişçi” tərəfindən ödənilir. Lift avadanlıqları “sifarişçi-nin anbarına təhvil verildikdən sonra ümumi məbləğin 30%-ni, quraşdırma işləri başa çatdıqdan sonra qalan 20%-i “icraçı-ya ödənilir. “icraçı” Nümayəndə1 MMC ,”sifarişçi” "xxxx" MMC olmaqla imzalanmış 05 sentyabr 2017-ci il tarixli 7 saylı müqaviləyə əsasən “icraçı” “sifarişçi”yə məxsus olan ünvan 1 ünvanında yerləşən 24 mərtəbəli yaşayış binasında 4 ədəd 1.000 kq-lıq liftlərə “liftlərin quruluş və təhlükəsiz istismar qaydasına”, istehsalçı zavod tərəfindən müəyyən olunmuş tələblərə, həmçinin müqavilədə əks olunmuş liftlərin texniki xidmətinə uyğun olaraq texniki xidmət göstərilməsini, “sifarişçi” isə bu xidmətlərin dəyərinin ödənilməsini təmin edir. 5.2-ci bəndə əsasən “sifarişçi”nin liftlətri üzrə göstəriləcək xidmətlərin ümumi dəyəri 600 (altı yüz) manat təşkil edir. 5.3-cü bəndə əsasən texniki xidmətin göstərilməsinə dair təhvil-qəbul aktı imzalandıqdan sonra, qeyd olunan məbləğ “sifarişçi” tərəfindən 5 (beş) bank günü ərzində “icraçı”ya nağd qaydada ödəniləcəkdir. Nümayəndə1 MMC tərəfindən tərtib edilmiş "xxxx" MMC-də liftlərin quraşdırılması üzrə tikintiyə aid yerinə yetirilmiş iş üzrə aktda görülən işlər 17.971,80 manat məbləğində qiymətləndirilmişdir. 16 dekabr 2015-ci il tarixli 10 saylı akta əsasən 4 ədəd 400 kq-lıq lift pasportları Nümayəndə1 MMC tərəfindən təhvil verilmiş, "xxxx" tərəfindən təhvil alınmışdır. "xxxx" MTK adından müxtəlif tarixlərdə tərtib edilmiş kassa məxaric orderlərinə əsasən Nümayəndə1 MMC-yə görülmüş işlər üzrə ödəniş qəbzləri təqdim edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında liftlərin quraşdırılması ilə bağlı müqavilə imzalanmış, daha sonra, tərəflər arasında birinci müqavilə üzrə quraşdırılmalı olan liftlərə xidmət göstərilməsi ilə bağlı olaraq yenidən müqavilə imzalanmışdır. İddiaçı birinci müqavilə üzrə 66.132 manat, ikinci müqavilə üzrə isə 6.000 manat məbləğində xidmətlərin göstərilməsinə baxmayraq ödənişlərin həyata keçirilmədiyini, əlavə olaraq cavabdehə məxsus binaların şaxta yataqlarında 17.971,80 manat məbləğində görülmüş işlərə görə ödənilməmiş borcun, 66.132 manat borcun qeyd olunan müqavilə üzrə nəzərdə tutulmuş avadanlıqların xaricdən gətirildiyini bununla bağlı olaraq həmin borcun ABŞ dollarının manata olan məzənnəsini nəzərə alaraq, 107.982 manat olmaqla, ümumilikdə 131.040 manat əsas borc və ona hesablanmış 32.760 manat faiz borcunu cavabdehdən tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddia tələbinin 01 iyul 2015 ci il tarixli müqavilə üzrə ödənilməmiş 66.132 manat məbləğində borcun ödənilməsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı qeyd olunan borc məbləğinin tam olaraq ödənilməsi ilə bağlı cavabdeh tərəfindən ödəniş qəbzləri təqdim edilmiş, iddiaçının nümayəndəsi isə həmin ödənişlərin bir qisminin başqa müqavilə əsasında ödənildiyini bildirsə də, bu hal məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə iddia tələbinin 6.000 manat məbləğində olan hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi qeyd olunan müqavilə üzrə xidmətlərin göstərilməsini sadəcə olaraq tərəflər arasında imzalanan müqavilənin olmasını əsas gətirərək tələb etmişdir. Müqavilə üzrə ödənişləri tələb etməsinə müasibətdə məhkəmə qeyd edir ki, həmin müqavilə üzrə xidmətlərin göstərilməsi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. İddia tələbinin liftlərin quraşdırılması üzrə tikintiyə aid yerinə yetirilmiş işlər üzrə akta əsasən yaranmış 17.971,80 manat məbləğində tələbinə dair isə məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə iş materialları ilə sübuta yetirilməmişdir. Belə ki, qeyd olunan tələb üzrə iddiaçı sadəcə olaraq, ona məxsus müəssisənin əməkdaşları tərəfindən tərtib edilmiş aktı əsas gətirmişdir ki, qeyd olunan hal iddianın sübuta yetirilməsi üçün kifayət deyil. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia rədd edildiyindən 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Nümayəndə1 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2483/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2483/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver