Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2487/2021 02.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikası Dövlət neft Şirkəti Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət neft Şirkəti Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddia və iddianın dəqiqləşməsinə dair ərizələr ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 21 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 660800 (altı yüz altmış min səkkiz yüz) ABŞ dolları, 165672,00 (bir yüz altmış beş min altı yüz yetmiş iki, 00) ABŞ dolları cərimə, habelə ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 630 (altı yüz otuz) manat məbləğində xidəmət haqqının tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Azərbaycan Respublikası Dövlət neft Şirkəti Cavabdeh arasında 21 oktyabr 2020-ci il tarixli, 368\SAM\2020 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Satıcı müqavilə üzrə razılaşdırılmış malları, yəni kalsium bromid texniki məhlulunu, “İnkoterms 2010” əsasən DDP Bakı şərti ilə aıcının ünvanına çatdırmağı, alıcı isə bu malları müqavilənin şərtlərinə əsasən qəbul edərək əvəzinin ödənilməsini öhdəsinə götürmüşdür. 29 mart 2021-ci il tarixli üzləşmə aktından görünür ki, alıcının qeyd olunan müqavilə üzrə alıcıya 2.070.900 ABŞ dolları borcu olduğunu etiraf etmişdir. Qeyd edilən tarixdən sonra müvafiq ödənişlər olmuş və hal-hazırda 660.800 (altı yüz altmış min səkkiz yüz) ABŞ dolları məbləğində borcu qalmışdır. Qeyd edilən müqavilənin 10-cu maddəsinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərini lazımi qaydada yetirmədikləri halda cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət neft Şirkəti Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqavilə ilə şərtləşdirilmiş mallar alıcıya verilmişdir. 29 mart 2021ci il tarixdə tərəflər üzləşmə aktını imza etmiş və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İddiaçı MMC-yə 2.070.900 ABŞ dolları borcunun olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinəə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Hazırki iddia tələbində əsas borcun tələb edilməsi hissəsində yuxarıda qeyd olunan maddələrin bütün dispozisiya şərtləri mövcuddur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun alqı-satqı müqaviləsi üzrə alınmış mallarara görə pulun verilməsi vəzifəsi, iddiaçının isə təhvil verilmiş mallara görə pulun tələb edilməsi hüququ yaranmışdır. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi iki tərəfli, konsensual və əvəzli müqavilədir. Belə olan halda alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsini satıcı olan İddiaçı MMC daşıyır. Hazırki işin iş materialları ilə müəyyən olunmuş halından da göründüyü kimi, müqavilə ilə nəzərdə tutulmuş mallar alıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə təhvil verilmiş və qeyd edilən mallar təhvil verildiyindən sonuncu 29 mart 2021-ci il tarixli üzləşmə aktına imza edərək 2.070.900 ABŞ dolları məbləğində borcunun qaldığını etiraf etmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən 08.05.2021-ci il tarixdə ƏDV daxil olmaqla 401.200 manat, 21.06.2021-ci il tarixdə ƏDV daxil 1.193.570 manat, 17.07.2021-ci il tarixdə ƏDV daxil 401.200 manat, 26.07.2021-ci il tarixdə ƏDV daxil 401.200 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh tərəfindən ödəniş edilən məbləğlərin cəmi 2.397.170 manat təşkil edir. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilədə malların dəyərinin ABŞ dolları ilə müəyyən edilməsini və Azərbaycan Respublikası ərazisində yeganə ödəniş vasitəsinin manat olmasını nəzərə alaraq qeyd edilməlidir ki, tələb edilən və tutulmalı olan məbləğ Azərbaycan manatı ilə göstərilməlidir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən cavabdehin 2.070.900 ABŞ dolları məbləğində borcunun qaldığını bildirmiş və qeyd olunan borcun üzləşmə aktı ilə etiraf edildiyini bildirmişdir. Məhkəmə qeyd edilən üzləşmə aktını mötəbər sübut kimi qəbul edir və hesab edir ki, cavabdeh tərəfindən iddia verildikdən sonra edilmiş ödənişlər üzləşmə aktında göstərilmiş məbləğdən çıxılmaqla qalıq borc hesablanmalıdır. 08.05.2021, 21.06.2021, 17.07.2021 və 26.07.2021-ci il tarixlərdə edilmiş ödənişlərin cəmi 2.397.170 manat təşkil edir. Qeyd olunan sonuncu məbləğ ABŞ dolları ilə 1.410.100 (2.397.170/1,7) təşkil edir. İddiaçı iddianın dəqiqləşməsinə dair ərizəsində əsas borc üzrə 660.800 ABŞ dollarının tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, üztləşəmə aktında göstərilmiş məbləğdən ödənilmiş ümumi ödənişlər çıxıldıqdan sonra iddiaçının əsas borc üzrə tələb etdyini məbləğin əsaslı olması təsdiqini tapır. (2.070.900-1.410.100=660800) Bundan başqa qeyd edilməlidir ki, cavabdeh tərəfindən əlavə olaraq hər hansı ödənişlərin edilməsinə dair sənəd təqdim edilməmişdir. Ona görə də, iddia 660.800 ABŞ dolları məbləğinin tələb edilməsi hissəsində əsaslı olduğundan, 660.800 ABŞ dolları məbləğində pul ödəniş günü manata uyğun məzənnə ilə manatla cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə iddianın 165.672 (bir yüz altmış beş min altı yüz yetmiş iki) ABŞ dolları cərimə borcunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Hazırki iş üzrə tərəflər arasında bağlanmış 21 oktyabr 2020-ci il tarixli, 368\SAM\2020 saylı alqı-satqı müqaviləsinin 10.3-cü bəndində alıcı tərəfindən ödəmələrin gecikdirildiyi halda cərimənin ödənilməsi öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 660.800 ABŞ dolları məbləğində əsas borcuna münasibətdə iddiaçı 165.672 ABŞ dolları cərimə hesablayıb tələb etmişdir və məhkəmə hesab edir ki, həmin məbləğin əsas borca mütənasib deyil və məhkəmə cərimə məbləğinin 10.000 ABŞ dolları həddində müəyyənləşdirilməsini daha ağlabatan və ədalətli hesab edir. Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün 18 Saylı Vəkil Bürosunun hesabına 630 manat məbləğində pul köçürülmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş vəsaitə görə 300 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulması ağlabatandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borca görə 660.800 ABŞ dolları, cərimə borcuna görə 10.000 ABŞ dolları, cəmi 670.800 (altı yüz yetmiş min səkkiz yüz) ABŞ dolları məbləğində pul ödəniş günü manata uyğun məzənnə ilə manatla Azərbaycan Respublikası Dövlət neft Şirkəti Cavabdehndən tutularaq İddiaçı MMC-yə ödənilsin. Hüquqi yardıma görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət neft Şirkəti Cavabdehndən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2487/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2487/2021
02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver