Məhkəmə qərarları › İş №e-2-2(113)-249/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-249/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-249/2021 11.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı (MMC) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 214404,82 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun “xxxx” MMC-dən tutularaq tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “xxxx” MMC arasında vaxtilə bağlanmış xidmət müqavilələrinə əsasən, iddiaçı şirkət tərəfindən cavabdeh təşkilata daşımacılıq və gömrük rəsmiləşdirilmələri üzrə xidmətlər göstərilmişdir. Tərəflər arasında tapşırıq müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Qanunvericilikdə tapşırıq müqaviləsinin həm şifahi, həm də yazılı formada bağlanması nəzərdə tutulduğundan əvvəlki xidmətlər şifahi qaydada bağlanmış müqavilələr əsasında həyata keçirilmişdir. Sonuncu dəfə tərəflər arasında bu barədə xx xxxx 2016-cı il tarixində, 102/16/SA saylı xidmət müqaviləsi bağlanmış, müqavilə müddəti uzadılmışdır. Lakin geridə qalmış xeyli müddət ərzində “xxxx” MMC vaxtilə tərəflər arasında bağlanmış və daha sonra müddəti uzadılmış həmin xidmət müqavilələrinə əsasən, öz üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və həmin təşkilatla bağlanmış müqavilə şərtləri çərçivəsində göstərilmiş xidmətlərin haqqı iddiaçıya ödənilməmişdir. Hal - hazırda cavabdehin yuxarıda qeyd olunan xidmət müqavilələri üzrə iddiaçıya olan borcu 214404,82 manat təşkil edir. 2019-cu ilin 19 və 25 dekabr tarixlərində, yəni, vaxtilə həmin borcun hissə-hissə də olsa iddiaçıya ödənilməsinə razı olmağımız barədə iddiaçı tərəfindən cavabdehə rəsmi məktublarınbildirişlərin göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən bu vaxtə qədər hec bir tədbir görülməmiş və hazırki vaxtadək yuxarıda qeyd olunan borc ödənilməmiş qalmaqdadır. Hətta tərəflər arasında sonuncu dəfə bağlanmış xx xxxx 2016-cı il tarixli 102/16/SA saylı xidmət müqaviləsinin 9.1-ci bəndini rəhbər tutaraq, hazırki iddia məhkəməyə təqdim edilməmişdən öncə, iki dəfə, yəni 09 iyun və xx xxxxxx 2020-ci il tarixlərində məhkəməyə qədər tələb məktublarını (pretenziyaları) rəsmi olaraq cavabdehə göndərərək, cavabdehdən iddiaçıya ümumilikdə ödənilməmiş 214404,82 manat məbləğində borc pul vəsaitinin qısa müddət ərzində ödənilməsinin təmin edilməsi istiqamətində tədbirlərin görülməsi tələb olunmuşdur. Lakin cavabdeh xx.xx.2020-ci il tarixində pretenziya məktublarına cavab olaraq 08/1-0282 nömrəli məktubda qeyd etmişdir ki, güya borcun ödənilməsi üçün iddiaçı tərəfindən müvafiq hesab fakturalar və təsdiqedici digər sənədlər onlara tədim edilmədiyi üçün, həmin tələbləri icra etmək mümkün olmamışdır. Lakin cavabdehə vaxtilə bütün ödəniləcək xidmət haqlarına görə, vergi qanunvericiliyinin tələblərinə əsasən elektron qaimələr rəsmən elektron vergi sistemi vasitəsilə göndərilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddianın əsasını xx xxxx 2016-cı il tarixli, 102/16/SA saylı müqavilə təşkil edir və həmin müqavilə üzrə qanunvericilikdə nzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: - xx xxxx 2016-cı il tarixli, 102/16/SA saylı xidmət müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən icraçı - İddiaçı MMC sifarişçi - “xxxx” MMC üçün xidmətlər göstərməyi, sonuncu isə həmin xidmətləri qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür və müqavilənin müddəti xx xxxx 2017-ci il tarixədək müəyyən edilmişdir; - “xxxx” MMC-nin İddiaçı MMC – yə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, hesab – fakturalar və digər təsdiqedici sənədlər təqdim olunması xahiş edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İddia ərizəsinin məzmunundan və əsaslandırmasından görünür ki, iddianın faktiki əsası kimi tərəflər arasında müqavilə üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsinə, hüquqi əsas kimi isə mülki qanunvericiliyin tapşırıq müqaviləsi ilə bağlı müddəalarına istinad edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1 və 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş invoysun surətindən görünür ki, göstərilmiş xidmətlərə görə ödənilməli olan pul məbləği 214404,82 manat təşkil edir, həmin məbləğin 53311,61 manat hissəsi xx xxxx 2016-cı il tarixdə göstərilmiş xidmətlərə, qalan hissəsi isə xx xxxx 2016-cı il tarixli müqavilə bağlanmamışdan əvvəlki dövrdə göstərilmiş xidmətlərə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilmişdir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. İddiaçı tərəfindən təqdim olunmuş sübutlarla təsdiq olunur ki, İddiaçı MMC-nin hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Tərəflər arasında bağlanmış müqavilənin 10.1-ci bəndində qeyd olunmuşdur ki, “Müqavilə xx xxxx 2016-cı il tarixindən qüvvəyə minir və xx xxxx 2017-ci il tarixinə qədər qüvvədə qalır.” Yəni, həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə tələblər üzrə iddia müddətinin axımı xx xxxx 2017-ci il tarixdə başlanmış, xx xxxx 2020-ci il tarixdə isə başa çatmışdır. İddiaçı isə məhkəməyə iddia ərizəsi ilə xx xxxxxxxx 2020-ci il tarixdə, yəni, iddia müddəti başa çatdıqdan 1 ay 28 gün sonra müraciət etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə qeyd olunan xüsusatları nəzərə alaraq hesab edir ki, iddia müddəti keçdiyinə iddia rədd olunmalı, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar