Məhkəmə qərarları › İş №e-2-2(113)-249/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-249/2022

14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-249/2022 14.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01.01.2017-ci il tarixli, 97 nörmrəli müqavilənin ləğv edilməsi və müqavilənin baş tutmaması ilə əlaqədar təqdim edilmiş fakturaların ləğv edilməsi (qaimə, eqaimə, hesab fakturaların) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 01.01.2017-ci il tarixli, 97 nörmrəli müqavilədən görünür ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında təmir tikinti materiallarının alqı-satqısı barədə razılaşma əldə edilmiş və bunun əsasında İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 124407.70 manat pul köçürülmüşdür. Lakin sonradan məlum olmuşdur ki, həmin müqavilə üzrə tərəflərin iradə ifadəsi olmamış, bundan rəhbər şəxslər məlumatsız olmuş və bununla bağlı istintaq orqanında da araşdırma getmiş, həmin araşdırma zamanı bu faktlar öz təsdiqini tapmışdır. Bundan sonra tərəflər arasında olan 01.01.2017-ci il tarixli, 97 nörmrəli müqavilənin ləğv edilməsi ilə bağlı Cavabdeh MMC-yə 16.04.2021-ci il tarixdə müraciət edilərək 7 gün müddətində qarşılıqlı razılıq əsasında müqavilənin ləğv edilməsi barədə müraciət edilmiş, lakin bugünə qədər cavab verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İddiaçı MMC “alıcı”, Cavabdeh MMC “satıcı” olmaqla tərəflər arasında imzalanmış 01 yanvar 2017-ci il tarixli 97 saylı müqaviləyə əsasən “satıcı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “alıcı”-ya satın alman təmir tikinti materiallarının təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar (yerinə yetirilmiş işlər və ya göstərilmiş xidmətlər) alıcının təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda “satıcı” aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. “alıcı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlər və ya göstərilmiş xidmətlərin) “satıcı”-dan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. 7.1-ci bəndə əsasən müqavilənin başlanğıc müddəti 01 yanvar 2017-ci il tarixindən 01 yanvar 2018-ci il tarixinə qədərdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəyə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İddiaçı müqavilənin ləğv olunmasına dair iddia tələbini tərəflərin həmin müqaviləni bağlamaq niyyətlərinin olmaması, həmin müqavilədən rəhbər şəxslərin məlumatsız olması ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, iş üzrə MM-in 421-ci maddəsinin tələbləri mövcud olmadığından iddiaçının tələbinin təmin olunması üçün əsas yoxdur. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbində fakturaların ləğv edilməsi tələb olunmasına baxmayaraq məhkəməyə həmin sənədlər təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, bu halda müqavilənin ləğv edilməsi və təqdim edilmiş fakturaların ləğv edilməsi tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar