Məhkəmə qərarları › İş №e-2-2(113)-249/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-249/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-249/2023 31.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, borc, cərimə, xərc) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra Aqrar Kredit və İnkişaf Agentliyi) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli XXXX nömrəli lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 8025,45 manat gecikdirilmiş əsas borc və 5417,11 manat cərimə borcu, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat, hüquqi yardımla bağlı ödənilmiş 300 manat olmaqla, ümumilikdə 13942,56 manat pul vəsaitinin cavabehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, XXXX nömrəli müqaviləyə əsasən cavabdeh (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə cins damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh qeyd edilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə adıçəkilən lizinq müqaviləsi üzrə 8025,45 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Həmçinin müqaviləyə görə, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ilkin mediasiya sessiyası keçirilmiş, ilkin mediasiya haqqı kimi 200 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir. Eyni zamanda hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmiş, hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 300 manat müəyyənləşdirilmişdir. Belə olan halda, 5417,11 manat cərimə borcu, 200 manat ilkin mediasiya haqqı və 300 manat hüquqi yardım xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanınından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. Bu Fərmanla iddiaçının subyektiv hüququ yaranmışdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 465.2, 748-1.12.4-cü və s. maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahatlar vermiş və eyni zamanda məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, cavabdehə lizinq müqaviləsi üzrə 30 baş heyvan verilmiş, ödənişin isə rüblük edilməsi razılaşdırılmışdır. Adıçəkilən müqavilənin müddəti 2020-ci ildə bitsə də, müqavilə üzrə ödənişlər tam edilməmiş və sonuncu ödəniş edilənədək müqavilənin qüvvədə olması tərəflər arasındakı razılıqda əks olunmuşdur.

5. Eləcə də iddiaçının nümayəndəsi və vəkili qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 12407,85 manat cavabdehdən tutulmuş, hazıkı iddia tələbinə isə həmin borc daxil deyildir. Belə ki, iddiaçı sonuncu iki rüb üzrə ödənilməmiş qalıq borcu tələb edir.

6. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri çatdırılmış, mobil telefon nömrələrinə “SMS-bildiriş”lər göndərilmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

8. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Lizinq müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu (bəzi istisnalarla) nəzərə alınmalıdır.

12. Məhkəmə sübutetmə predmetinə daxil olan bütün halları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 24 oktyabr 2017-ci il tarixdə XXXX nömrəli lizinq müqaviləsi bağlanmış, müqavilə üzrə lizinq obyektlərinin güzəştli satış dəyəri 88 266,9 manat, ilkin ödəniş məbləği 44 133,45 manat müəyyən edilmiş, lizinq obyektləri olan İnək Holştin-Friz cinsli 30 baş damazlıq heyvan xx.xx.2017-ci il tarixli akla lizinq alana təhvil verilmişdir. Cavabdeh ilkin ödənişin (44 133,45 manat) edildiyi xx.xx.2017-ci il başlanğıc tarix olmaqla lizinq müqaviləsi üzrə ödənişləri (qalan 44 133,45 manat) xx.xx.2020-ci il tarixədək hər rüb üzrə ödəməyi öhdəsinə götürmüşdür (ödəniş qrafikinə əsasən). Cavabdeh tərəfindən 44 133,45 manat ilkin ödəniş, 23 700,15 manat qrafik üzrə ödəniş olmaqla, ümumilikdə 67 833,60 manat ödəniş edilmiş, 20 433,30 manat borc qalmışdır.

13. Eyni zamanda müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020ci il tarixli, e-2-2(113)-2641/2020 nömrəli qətnaməsi ilə 12 407,85 manat əsas borcun tutulması qət olunmuşdur.

14. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 24 oktyabr 2017-ci il tarixli, XXXX nömrəli müqavilə üzrə 88266,90 manat olan müqavilənin qiymətindən 67833,60 manat ödənilmiş, borc məbləği 8025,45 manat qalmışdır (Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2641/2020 nömrəli qətnaməsi ilə tutulması qət olunmuş 12 407,85 manat daxil deyil).

15. 24 oktyabr 2017-ci il tarixdə XXXX nömrəli lizinq müqaviləsinin 8-ci bəndinə əsasən tərəflər lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyəti məhkəməyə müraciət olunmasını razılaşdırmışlar.

16. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin adının dəyişdirilərək "xxxx" ASC adlandırılması qərara alınmış və müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Aqrar Kredit və İnkişaf Agentliyinə keçir.

17. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələbinin hüquqi əsasını Mülki Məcəllənin 747.1-ci maddəsi təşkil edir.

18. Mülki Məcəllənin 741.1-ci maddəsinə görə, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

19. Qeyd olunan normanın dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq edikdə görünür ki, cavabdeh lizinq müqaviləsi üzrə öz öhdəliklərini tam icra etməmiş və belə olan halda da iddiaçının lizinq alandan – cavabdehdən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır.

20. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

21. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

24. Lizinq müqaviləsi üzrə cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək qrafik üzrə müəyyənləşdirilmiş lizinq ödənişlərini tam etmədiyini, iddiaçının tələb etdiyi xx.xx.2022-ci il tarixə ödənilməli olan əsas borc məbləğinin 8025,45 manat olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 8025,45 manat əsas borc Cavabdeh tutularaq iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.

b) Lizinq müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

25. İddia ərizəsində iddiaçı 5417,11 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

26. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

27. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

28. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

29. Həmin Məcəllənin 465.2-ci maddəsində göstərilmişdir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

30. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin iddiaçı da sonuncu ödəniş xx.xx.2020-ci ildə edildiyi halda, yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

31. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 400 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

32. Məhkəmə belə qənaətə gəlir ki, cərimənin tutulması tələbi qismən təmin edilməli, 400 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.

c) Mediasiya xərcinin tutulması tələbi ilə bağlı

33. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

34. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB15-0000xx/xx-2022 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının etibarnamə üzrə nümayəndəsi iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci nağdsız qaydada iddiaçı tərəfindən ödənmişdir.

35. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bunda sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

36. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

37. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

38. Belə olan halda, məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.

d) Hüquqi yardım haqqının tutulması tələbi ilə bağlı

39. İddiaçı eləcə də hüquqi yardımla bağlı ödənilmiş 300 manatın cavabdehdən tutulması tələbini irəli sürmüşür.

40. Məhkəmə müəyyən edir ki, iddiaçı və Vəkil arasında hüquqi yardımın göstərilməsi haqqında 0964 nörməli, xx.xx.2022-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilənin 2.1-ci maddəsi ilə 300 manat hüquqi yardım haqqı şərtləşdirilmiş, qeyd edilən məbləğ ödənilərək müvafiq order verilmişdir.

41. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

42. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə göstərilmişdir ki, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

43. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

44. Məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə 300 manatın ödənilməsi hazırkı kommersiya mübahisəsi üzrə ağlabatandır.

45. Belə olan haldan məhkəmə hesab edir ki, 300 manat hüquqi yardım xərci Cavabdeh tutularaq iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.

V. Nəticə:

46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 24 oktyabr 2017-ci il tarixli lizinq müqaviləsi üzrə 8025 (səkkiz min iyirmi beş) manat 45 (qırx beş) qəpik əsas borc, 400 (dörd yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 8425 (səkkiz min dörd yüz iyirmi beş) manat 45 (qırx beş) qəpik məbləğində pul Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar