Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-249/2025 12.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənilməmiş 14.375 manat məbləğin, iddiaçı tərəfindən ödənilmiş 500 manat hüquqi xidmətə görə xərcin və ödənilmiş 140 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, 25 avqust 2021-ci il tarixində Sifarişçi Cavabdeh MMC-nin “X1 Otel Bakı” filialı ilə İcraçı İddiaçı MMC arasında proqram təminatı xidmətlərinin göstərilməsinə dair 2021/08 nömrəli müqavilə bağlanmışdır. Sözügedən müqaviləyə əsasən iddiaçı bu müqavilənin 1 nömrəli Əlavəsində ətraflı təsvir edilmiş işləri görməyi, cavabdeh isə Müqavilədə razılaşdırılmış işlər tam təhvil verildikdən sonra 2 ay ardıcıl olaraq əmək haqqı Proqram Təminatı vasitəsilə qüsursuz və səhvsiz olaraq hesablandığı, ödəndiyi və müxbirləşmə əməliyyatlarının yekun tətbiqi zamanı layihə tam təhvil verilmiş hesab edildiyiandan ödənişi tam olaraq icra etməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 25 avqust 2021-ci il tarixli müqaviləyə cavabdeh tərəfindən 05 yanvar 2023-cü il tarixində birtərəfli qaydada xitam verilmişdir. Cavabdeh İcraçıya göndərdiyi 5 yanvar 2023-cü il tarixli məktubda müqavilə üzrə işlərin təhvil verildiyini lakin əmək haqqılarının qüsursuz və səhvsiz olaraq hesablanması, ödənməsi və müxbirləşmə əməliyyatlarının icrası üçün lazımı keyfiyyətdə olmamasını qeyd etmişdir. Lakin bu qüsurların və səhvlərin nədə özünü ehtiva etdiyini açıq şəkildə göstərməmiş və bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Tərəflər arasında bağlanmış Müqavilənin 3.2ci maddəsinə əsasən Təhvil-Təslim Aktının imzalanması məqsədilə aparılan yoxlamalar zamanı aşkar edilmiş qüsurlar hər iki tərəfin birgə tərtib edəcəyi və imzalayacağı Qüsurların aradan qaldırılması Protokolunda əks olunacaq. Beləliklə aydın olur ki müqavilənin icrası ilə bağlı hər hansı bir qüsur var idisə o zaman Qüsurların aradan qaldırılması Protokolu imzalanmalı idi. Lakin Tərəflər arasında belə bir Protokol imzalanmamışdır. Müqavilə üzrə nəzərdə tutulan işlər İcraçı tərəfindən tam şəkildə icra edilmiş və 14 oktyabr 2022-ci il tarixli Təhvil-təslim aktı ilə öztəsdiqini tapmışdır. Odur ki yuxarıda qeyd edilənlərə əsasən Sifarişçi tərəfindən müqavilə üzrə öhdəliklərinin tam icra olunmuş və müqavilə üzrə ödənilməmiş 14.375 manat məbləğinində borc cavabdeh tərəfindən İddiaçıya ödənilməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbi üzrə əsas borcu ödədiyini bildirərək, iddianın qalan hissədə təmin edilməməsini məhkəmədən xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. - 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. - 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. - 762.4-cü maddəsinə əsasən əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. - 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. - 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh MMC-nin “X1 Otel bakı” Filialı (sifarişçi) ilə "xxxx" MMC (podratçı) arasında xx.xx.2021-ci il tarixli 2021/08 saylı müqavilə bağlanmışdır.
9. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin tapşırığına əsasən sifarişçi üçün “1C 8.3 Proqramı” proqram məhsulu bazasında sifarişçinin istəklərinə, tələblərinə cavab verən və Azərbaycan qanunvericiliyinə müvafiq olaraq aşağıda sadalanan komponentlər üzrə insan resurslarına aid proseslərin avtomatlaşdırılması xidmətini göstərir.
10. Müqavilənin 1.2-ci bəndinə əsasən icraçı sifarişçiyə 1C proqram təminatı əsasında İR və Əmək haqqı uçotunun aparılmasını təmin edir.
11. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin dəyəri Əlavə 1-də müəyyən edilir.
12. Müqaviləyə 1 saylı Əlavə ilə tərəflər müqavilənin ümumi dəyərinin 28.750 manat məbləğində olması barədə razılığa gəlmişlər.
13. 1 saylı Əlavənin 1.2-ci bəndinə əsasən sifarişçi müqavilə məbləğinin 50% dəyərini yəni 14.375 manat məbləğini müqavilə imzalandığı tarixdən icraçı tərəfindən təqdim olunmuş hesab-fakturalar əsasında qabaqcadan avans şəklində ödəyir, 1.3-cü bəndinə əsasən müqavilədə razılaşdırılmış işlər tam təhvil verildikdən sonra 2 ay ardıcıl olaraq əmək haqqı sifarişçi tərəfindən proqram təminatı vasitəsilə qüsursuz və səhvsiz olaraq hesablandığı ödəndiyi və müxbirləşmə əməliyyatlarının yekun tətbiqi zamanı layihə tam təhvil verilmiş hesab edilir və xidmətlərinin qalan hissəsinin dəyəri (14375 manat) icraçıya ödənilir.
14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış podrat müqaviləsindən irəli gəlir.
15. Qeyd edilməlidir ki, podrat müqaviləsi üzrə ilk növbədə işlərin icra edilməsini sübut etmə vəzifəsi podratçı olan “U and R Consulting" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə düşür.
16. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBCİ seriyalı, xx.xx.2022-ci il tarixli 050350 nömrəli dəyəri 33.925 manat (28.750 əsas+5.175 manat ƏDV) məbləğində olan elektron qaimə göndərilmişdir.
17. Hazırda iddiaçı cavabdeh tərəfindən 14.375 manat pulun ödənildiyini və ödənilməmiş 14.375 manat borcun qaldığını bildirərək, iddiaçının xeyrinə tutulmasını xahiş edir.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi müqavilə üzrə işlər iddiaçı tərəfindən tam şəkildə icra edilmədiyindən iddianın rədd edilməsini xahiş etdi.
19. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin “X1 Otel Bakı” Filialının “U and R Consulting" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixli müqaviləyə birtərəfli qaydada xitam verilməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə çatdıtmışdır.
20. Məhkəmə tərəflər arasında görülmüş işlərin həcmi və dəyəri ilə bağlı mübahisə olmasını nəzərə alaraq hesab etmişdir ki, iş üzrə məhkəmə-kompüter-texniki ekspertizası təyin edilməli və ekspert qarşısında - xx.xx.2021-ci il tarixli müqavilə üzrə İddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş işlər tam icra edilmişdirmi? - İşlər tam icra edilməmişdirsə, icra edilməmiş işlərin dəyəri nə qədər təşkil edir? Sualları qoyulmalıdır.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 25 avqust 2021-ci il tarixli müqavilənin predmeti olan Fairmont Hotel proqramı üzrə müqaviləyə əlavə edilmiş Əlavə 1-də göstərilən texniki tapşırığın 1-ci və 2-ci bəndlərində qeyd olunan məsələlər qanunvericiliklə müəyyən edildiyindən həmin bəndlər üzrə tədqiqat işinin aparılmadığını, texniki tapşırığın 3,4,5, 6, 7, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17,18, 19-cu bəndlərinin tam şəkildə icra olunduğu, 8-ci bənd üzrə fiziki şəxslərin uşaqlarına dair məlumatların icra olunmadığı, 20ci bəndin tam icra olunmadığı, 21 və 22-ci bəndlər üzrə yoxlamanın aparılmasının mümkün olmadığı, sifarişçinin əlavə istəkləri üzrə 1, 2, 3, 4-cü bəndlərin icra olunduğu, 5ci bəndin icra olunduğu (yalnız əmək haqqı cədvəlində xərcinin hesablanması göstərilməsi yoxdur), 8-ci bəndlərinin tam şəkildə icra olunduğu, 6 və 7-ci bəndlərinin icra olunmadığı müəyyən olunmuşdur.
22. Məhkəmə qeyd edir ki, qeyd edilmiş ekspert rəyindən də, göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin 1 saylı əlavəsində göstərilmiş işlərin böyük əksəriyyəti icra edilmişdir.
23. Eyni zamanda Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 1 saylı əlavəsində göstərilmiş işlərin hər birinin ayrı-ayrılıqda qiymətləri müəyyən edilməməklə, cəmi yekun məbləğ göstərilmişdir.
24. Ona görə də, icra edilməmiş işlərin dəyərini müəyyən etmək mümkün deyildir. Həmçinin də, o da, nəzərə alınmalıdır ki, qeyd edilmiş iş olan 1C proqramı vahid iş təşkil edir. Yəni, proqramda qeyd edilmiş funksionallığın hər birinin ayrı-ayrılıqda qiymət qoyulması mümkün deyildir. Bundan başqa da, bazar iqtisadiyyatı çərçivəsində, hüquqi və fiziki şəxlər tərəfindən təklif edilən vahid qiymət belə yoxdur.
25. Bundan başqa o da, qeyd edilməlidir ki, məhkəmə iclasında cavabdeh tərəfdən ekspert rəyində “icra edilməmiş” kimi qeyd edilən işlərin icrası ilə bağlı iddiaçı tərəfdən əlavə icranın tələb edilib-edilməməsi halı soruşulmuş, cavabdeh tərəf də, ekspert rəyində “icra edilməmiş” kimi qeyd edilən işlərin icrası ilə bağlı iddiaçıdan əlavə icra tələb edilmədiyini bildirmişdir.
26. Bu xüsusda Məhkəmə qeyd edir ki, cavabdeh tərəf qüsurların aradan qaldırılması ilə bağlı əlavə icra tələb etmək əvəzinə iddiaçıya xx.xx.2023-cü il tarixli bildiriş göndərərək, xx.xx.2021-ci il tarixli müqaviləyə birtərəfli qaydada xitam verildiyini bildirmişdir.
27. Göründüyü kimi, iddiaçı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi xırda qüsurlar olsa da, icra etmişdir, ancaq cavabdeh tərəf isə, ekspert rəyində qeyd edilmiş bir neçə qüsurun aradan qaldırılmasını tələb etməmiş, əksinə müqavilənin ləğvi ilə qarşı tərəfə bildiriş vermişdir.
28. Məhkəmə qeyd edir ki, hazırkı növ iddialar üzrə nəticəyə gəlinərkən, müqavilə üzrə hər iki tərəfin vicdanlı hərəkət edib-etməməsi halı da, nəzərə alınmalıdır.
29. Belə ki, işdən də, göründüyü kimi, iddiaçı tərəfindən müqaviləyə əlavədə nəzərdə tutulmuş işlərin böyük əksəriyyəti icra edilmiş, ancaq cüzi hissəsi icra edilməmişdir. Qeyd edilmiş icra edilməmiş işlərin isə çox qısa zamanda texniki üsulla həlli mümkündür. Cavabdeh tərəf isə, qeyd edilmiş xırda qüsurların aradan qaldırılmasını tələb etmək əvəzinə, ödəniş etməkdən yayınmaq üçün müqaviləni birtərəfli qaydada ləğv etmişdir.
30. Bu xüsusda qeyd edilməlidir ki, sifarişçinin bu növ hərəkətləri mülki dövriyyənin sabitliyi baxımından neqativ təcrübə yarada bilər. Belə ki, podratçı tərəf müəyyən işləri gördükdən sonra, xırda qüsurlar bəhanəsi ilə, sifarişçinin müqaviləni ləğv edərək, ödənişdən yayınmaq halları digər tərəfin sahibkarlıq fəaliyyətinin iflic edilməsi və sahibkarlar arasında etimadsızlığın yaranması ilə nəticələ bilər.
31. Qeyd olunanları nəzərə alaraq və ekspert rəyini əsas götürməklə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən xx.xx.2021-ci tarixli müqavilə üzrə işlər icra edilmiş və cavabdehin də, görülmüş işlərin dəyərini ödəmək vəzifəsi yaranmışdır.
32. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və 14.375 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.
33. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 140 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
34. Bundan başqa, məhkəmə hesab edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 500 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə ödənməlidir.
35. Belə ki, işdən görünür ki, İddiaçı MMC-yə hüquqi yardım göstərilməsi üçün “Pro Bono” Vəkil Bürsounun vəkili Nümayəndə1 xx.xx.2024-cü tarixli order verilmiş və iddiaçı tərəfindən “Pro Bono” Vəkil Bürosunun hesabına 500 manat məbləğində pul ödənmişdir.
36. Məhkəmə həmçinin qeyd edir ki, işdən də göründüyü kimi, məhkəmə-komputer texniki ekspertizasının keçirilməsi xərci 200 manat təşkil edir. Ona görə də 200 manat məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənməlidir.
37. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
38. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. 14.375 (on dörd min üç yüz yetmiş beş) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 140 (bir yüz qırx) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ekspertiza xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq AZ41NABZ**********0000003944 hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov