Məhkəmə qərarları › İş №e-2-2(113)-2493/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2493/2022

18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2493/2022 18.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X1 cavabdeh “X2 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 24157,77 manat pulun, maddi ziyan kimi 200 manat məbləğində mediasiyaya və 223 manat məhkəməyə ödənilən rüsumun, medisaiya və məhkəmə proseslərinin aparılması üçün vəkilə ödənilən 750 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 24157,77 manat pulun, maddi ziyan kimi 200 manat məbləğində mediasiyaya və 223 manat məhkəməyə ödənilən rüsumun, cəmi 24580.77 manat pulun tutulub iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, 24157,77 manat pulun, maddi ziyan kimi 200 manat məbləğində mediasiyaya və 223 manat məhkəməyə ödənilən rüsumun, medisaiya və məhkəmə proseslərinin aparılması üçün vəkilə ödənilən 750 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2019-cu il tarixli HX 16/0319 saylı Müqavilə üzrə 24157,77 manat borcu yaranmışdır. Xidməti müqavilə ilə iş görmüş və bütün işlərini təhvil vermişdir. Belə ki, cavabdeh xx.xx.2019-ci il tarixdə təsdiq etdiyi aktda 24157,77 manat borcu qaldığını bildirmiş və bu borcu hissə-hissə qaytaracağını bildirsə də, 1 il keçməsinə baxmayaraq borcunu qaytarmır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin və və iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, təqdim edilmiş iddia ərizəsində iddiaçı sübutedici sənədlər kimi müxtəlif tarixlərdə tərtib olunmuş etibarsız Aktlara istinad etmişdir. Belə ki, sözügedən Aktlar “X2 Company” MMC-nin səlahiyyətli şəxsin, yəni MMC-nin direktoru tərəfindən imzalanmamış, möhürlənməmişdir. Göstərilən möhür isə “X2 Company” MMC-yə aid deyil. Sözügedən Aktlarda imzalar şirkətin xəbəri olmadan səlahiyyətsiz şəxslər tərəfindən imzalanmışdır. Eyni zamanda, həmin dövrdə müəssisənin rəhbəri X5 idi. Eyni zamanda Aktlarda göstərilən imzalar həqiqətəndə Zalıyev Nicata, Mediyev Vaqifə və Əzimov Elçinə məxsus olduğunu şüphə doğurur. İmzalar həqiqətən sözügedən şəxslər tərfindən imzalanıb inzalanmaması yalniz ekspertiza tərəfindən müəyyən edilə bilər. İş materiallarına hər hansı qaimə əlavə edilməmişdir. Qarşı tərəf borcu əsaslandırmaq üçün heç bir qaimə təqdim etməmişdir. Sonda cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli HX16/0319 saylı Xidmət müqaviləsindən görünür ki, iddiaçı istifadəsində olan yəhərli-dartıcı ilə cavabdehin nəqliyyat vasitələrini torpaq yolu ilə daşıma xidmətlərini icra etməyi, bu xidmət müqabilində cavabdeh iddiaçıya xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2020-ci il tarixli aktdan görünür ki, iddiaçı Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması layihəsində 8136,87 manat dəyərində işləri görmüşdür. 11 ədəd Görülmüş işin təhvil-təslimi barədə aktlardan görünür ki, iddiaçı tərəfindən ümumilikdə 50024,91 manat dəyərində görülmüş iş cavabdehə təhvil verilmişdir. Aktlar cavabdehin möhürü ilə təsdiq edilmişdir. 12 ədəd elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 52412,79 manat dəyərində xidmət göstərilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli HX16/0319 saylı Xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı istifadəsində olan yəhərli-dartıcı ilə cavabdehin nəqliyyat vasitələrini torpaq yolu ilə daşıma xidmətlərini icra etməyi, bu xidmət müqabilində cavabdeh iddiaçıya xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə xidmətlər göstərilmiş, cavabdeh tərəfindən isə bu xidmətlərin haqqı tam ödənilməmiş, 24157,77 manat borcu qalmışdır. Tərəflər arasında Xidmət müqaviləsi bağlansa da, həmin müqavilənin məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri podrat müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, xidmətləri göstərmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də xx.xx.2019-cu il tarixli HX16/0319 saylı Xidmət müqaviləsinə əsasən ödənilməmiş 24157,77 manat borc iş materialları ilə təsdiq olunduğundan və cavabdeh tərəfindən bu borcu təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin edilməlidir. Cavabdeh iddia ərizəsinə etirazında qeyd etmişdir ki, aktlar “X2 Company” MMCnin səlahiyyətli şəxsin, yəni MMC-nin direktoru tərəfindən imzalanmamış, möhürlənməmişdir. Göstərilən möhür isə “X2 Company” MMC-yə aid deyil. Sözügedən Aktlarda imzalar şirkətin xəbəri olmadan səlahiyyətsiz şəxslər tərəfindən imzalanmışdır. Göstərilən dəlillərlə bağlı məhkəmə qeyd edir ki, oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki, bir qayda olaraq, möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur. Beləliklə, öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxs sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirməlidir. Aktlarda olan möhür əksinin mötəbərliyi öz təsdiqini tapır. Cavabdeh həmin dövrdə möhürlərin oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi, habelə möhürün “X2 Company” MMC-yə aid olmaması barədə heç bir sübut təqdim etməmişdir. Bu baxımdan cavabdehin bu barədə dəlili əsassızdır. Çünki, məhz sonuncu hüquqi şəxsin rəhbəri kimi möhürdən üçüncü şəxslərin qanunsuz istifadəsinə yol verməməyə məsul olmuşdur. Bu baxımdan aktlarda olan möhürün cavabdeh tərəfindən vurulduğu qəbul edilir. Digər tərəfdən, aktlarda imzaların səlahiyyətli şəxs tərəfindən icra edilməməsi onun etibarlılığını birmənalı şübhə altına almır. Çünki, aktlar imzalandıqdan sonra hüquqi şəxsin möhürü ilə təsdiq edilməsi o mənaya gəlir ki, hüquqi şəxs həmin müqaviləni bəyənmişdir. Yaxud, əgər hüquqi şəxsin qanuni təmsilçisi imzalanmamış aktı qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də o, hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini öncədən nəzərə alaraq aktları, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmiş (bəyənmiş), aktlar imzalandığı andan qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 360.1-ci maddəsinə görə, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Həmin Məcəllənin 360.2-ci maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1131PXO221322103 saylı ödəniş tapşırığının surətindən görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə vəkilin göstərdiyi yardıma görə 750 manat Salyan rayon Vəkil Bürosunun hesabına ödənilmişdir. Məhkəmə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 750 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 24157,77 manat pul, 200 manat mediasiya xərci, 223 manat dövlət rüsumu, vəkilin göstərdiyi yardıma görə ödənilən 750 manat pul “X2 Company” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X3 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar