Məhkəmə qərarları › İş №e-2-2(113)-2496/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2496/2020

04.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2496/2020 04.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı Türkiyə Respublikasının "Aselsan Bakü" şirkətinin cavabdeh "Cavabdeh" MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Türkiyə Respublikasının "Aselsan Bakü" şirkəti cavabdeh "Cavabdeh" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı Türkiyə Respublikasının "Aselsan Bakü" şirkəti ilə cavabdeh "Cavabdeh" MMC arasında “Trunk rabitə sisteminə dair” bağlanmış xx xxxx 2019-cu il tarixli T-2019/07-155 saylı müqavilə üzrə cavabdehin ödəməli olduğu 955,80 manat, o cümlədən həmin məbləğin gecikdirilməsinə görə 5 faiz olan 47,79 manat, məhkəməyə verilən dövlət rüsumu 30 manat və vəkilə ödənilən haqq 150 manat olmaqla, cəmi 1183,59 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Türkiyə Respublikasının “Aselsan Baku” Şikrəti ilə (bundan sonra iddiaçı) Cavabdeh MMC (bundan sonra cavabdeh) arasında “Trunk rabitə sisteminə dair” xx xxxx 2019-cu il tarixli, T2019/07-155 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən aylıq xidmət haqqı 18 % ƏDV daxil 318,60 AZN təşkil etmiş və müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 3 504,60 manat (üç min beş yüz dörd manat altmış qəpik) məbləğində xidmət göstərilmişdir. Həmin xidmətlərin qarşılığnda isə cavabdeh tərəfindən 2 548,80 manat (iki min beş yüz qırx səkkiz manat səksən qəpik) ödənilmiş edilmişdir ki, nəticədə cavabdeh tərəfindən 955,80 (doqquz yez əlli beş manat) manat məbləğində ödənilməmiş borcu qalmışdır. O cümlədən cavabdeh tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli email ilə sözügedən müqaviləyə xitam verildiyi bildirilmişdir. Tərəflər arasında bağlanmış xx xxxx 2019cu il tarixli, T-2019/07-155 saylı müqavilənin 6.4-cü bəndinə əsasən müqavilə birtərəfli qaydada ləğv edildikdə tərəflər ləğv etmə gününədək mövcud öhdəliklərini tam icra etməlidirlər. Yuxarıda sadalananlardan göründüyü kimi cavabdeh tərəf müqavilənin ləğv edildiyi tarixədək müqavildən irəli gələn öhdəliyini yerinə yetirməmişdir. Buna görə də gösətirlən xidmətlərin qarşılığında ödənilməli olan 955,80 manat məbləğində borcun 5 gün ərzində ödənilməsini xatırlaqtmaq üçün iddiaçı tərəf xx.xx.2020-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərmişdir. Lakin keçən müddət ərzində cavabdeh tərəfindən pretenziya məktubuna hər hansı cavab verilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin borcunun ödəməsinə qədər çəkdiyi xərclərin-150 manat vəkilə ödənilən haqqı və 30 manat dövlət rüsumu olmaqla, cəmi 180 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki iş materiallarına əlavə olunmuş: Operator “Aselsan-Nakü” şirkəti və abonent "Cavabdeh" MMC arasında bağlanan T-2019/07-155 nömrəli xx xxxx 2019-cu il tarixli trunk rabitə sisteminə dair xidmət müqaviləsindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq operator abonentin turnk rabitə sisteminə qoşulmasını və cihazların texniki servisini təmin edir, abonent isə həmin xidmətlərin haqqını ödəməyi öhdəsinə götürür. 24.09 2020-ci il tarixli 104348 saylı ödəniş qəbzindən görünür ki, “Aselsan” şirkəti tərəfindən Bakı şəhəri 19 saylı vəkil bürosuna 151 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmayanda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyən etmək olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, cavabdeh müqavilə üzrə ödənişi məhkəmə araşdırması zamanı həyata keçirmiş və məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək ödənişin tam həyata keçirildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən əsas borc üzrə ödənişlər məhz iddiaçının tələb etdiyi həcmdə ödənildiyindən deməli iddiaçı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə məhkəmə hesab edir ki, hüquqi xidmət üçün ödənilmiş pulun əvəzi olaraq cavabdehdən 150 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq, sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "Cavabdeh" MMC-dən vəkilə ödənilən haqqın əvəzi olaraq 150 (yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, ümumilikdə 180 (yüz səksən) manat məbləğində pul tutularaq iddiaçı Türkiyə Respublikasının "Aselsan Bakü" şirkətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "Cavabdeh" MMC-dən vəkilə ödənilən haqqın əvəzi olaraq 150 (yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, ümumilikdə 180 (yüz səksən) manat məbləğində pul tutularaq iddiaçı Türkiyə Respublikasının "Aselsan Bakü" şirkətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Sədrlik edən:Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar