Məhkəmə qərarları › İş №e-2-2(113)-2496/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2496/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2496/2025 17.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin (bundan sonra iddiacı) vəkili və nümayəndəsi Vəkil, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin (bundan sonra iddiacı) nümayəndəsi X1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nın (bundan sonra - cavabdeh) nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə ilkin, Cavabdeh MMC-nin "xxxx" MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” barədə qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ

1. "xxxx" MMC (daşıyıcı) və Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2024-cü il tarixli, 027/2024 saylı nəqliyyat ekspedisiya müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin: 2.1. 1.1-ci bəndinə görə bu müqavilə xarici ticarət yüklərinin MDB və uzaq xarici ölkələrin ərazisində nəqliyyat ekspeditor xidmətlərinin həyata keçirilməsində tərəflər arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Nəqliyyat-ekspeditor xidmətləri üzrə taarif qiymətləri, yüklərin çatdırılma müddəti, hərəkət marşurutları bu müqavilə üçün müəyyən olunmuş Protokol və Əlavələrə uyğun olaraq həyata keçiriləcəkdir; 2.2. 2.1-ci bəndinə əsasən sifarişçi xidmətlər göstərildikdən və təhvil aktı imzalandıqdan sonra müvafiq ödəniş sənədinin (elektron qaimə və s.) təqdim olunduğu tarixdən 14 iş günü ərzində ödənilməsini ekspeditorun bank hesabına köçürmə yolu ilə (müaqviləyə əlavələrdə göstərilən digər hallardan başqa) etməyi öhdəsinə götürür; 2.3. 2.2-ci bəndinə əsasən göstərilən xidmətlərə görə qiymət və ödəniş qaydası müqaviləyə əlavələrdə müəyyən edilir; 2.4. 2.3-cü bəndinə əsasən bu müqavilə üzrə göstərilən xidmətlərə görə qiymətlər AVRO/ABŞ dolları ilə müəyyənləşdirilir. Ödənişlər Azərbaycan Respublikası Mərkəzi Bankının ödənişin həyata keçirildiyi günə müəyyən etdiyi məzənnəyə uyğun olaraq azərbaycan manatı ilə ödənilir; 2.5. 3.2.5-ci bəndinə görə sifarişçi xidmətlər üçün ödənişi vaxtında etməlidir; 2.6. 4.1-ci bəndinə görə tərəflər Azərbaycan qanunvericiliyinə uyğun olaraq müqaviləyə tam və ya qismən əməl etmədikdə məsuliyyət daşıyırlar; 2.7. 4.2-ci bəndinə görə müqaviləni icra edə bilməyən tərəflər müqavilənin həyata keçiririlməsini sürətləndirmək üçün tədbirlər görməlidirlər; 2.8. 4.3-cü bəndinə əsasən ekspeditor özünün məsuliyyəti daxilində sifarişçinin yükünə dəymiş ziyana görə tam məsuliyyət daşıyır.

3. Yükün Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşınması üçün daşıma haqqı 3500 ABŞ dolları müəyyən edilmişdir. Sifariş verilən yükün çəkisi əvvəlcə 15 ton nəzərədə tutulmuş, sonradan təyinat yerində (Türkiyə Respublikasının Esenyurt şəhərindən) 1970 kq artıq olması müəyyən edilmiş, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən həmin yüklərin də əlavə haqq ödənilmədən daşınması barədə şifahi razılıq əldə edilmişdir.

4. Yük xx.xx.2024-cü il tarixdə onun Bakı şəhəri, Binəqədi şossesində yerləşən deposunda cavabdehə təhvil verilərək, malın qəbulu barədə Akt tərtib edilmiş (of acceptance of goods) və akt cavabdehin nümayəndəsi Elçin Həziyev, iddiaçının nümayəndəsi Şahmar Mahmudov (sürücü) tərəfindən imzalanmışdır. Malın qəbulu barədə Aktın “model, nömrə, qüsurun təsviri, şəkil” qrafasında 9 bənddən ibarət müxtəlif rəqəm kombinasiyalarından ibarət kodlar qeyd edilmişdir.

5. İddiaçı tərəfindən yerinə yetirilmiş işlərin təhvil-təslimi haqqında xx.xx.2024-cü il tarixdə Akt tərtib edilmiş, Aktda daşıma haqqının 3500 ABŞ dolları olması qeyd edilməklə, yalnız iddiaçı tərəfindən imzalanaraq möhürlənmişdir.

6. Bundan başqa, cavabdehə məxsus ümumi həcmi 26 m3 olan istifadəyə yararsız məişət texnikasına aid məhsulların zərərsizşləşdirilməsinə dair xx.xx.2025-ci il tarixli Utilzasiya aktı tərtib etmiş, akt “FORS“ MMC tərəfindən təsdiq edilməklə, onun auditi Sənan Məmmədov və cavbdehin meneceri Türkanə Fərzəliyeva tərəfindən imzalanmışdır. Həmçinin, cavabehin əməkdaşları (daxili auditor, koordinator və anbardar) tərəfindən 28-xx.xx.2025-ci il tarixlərində Binəqədi anbrında yoxlama nəticəsində 28 adda məhsulun satışa, istifadəyə və təmirə yararasız olması barədə Silinmə aktı tərtib etmişdir.

MƏHKƏMƏDƏ İCRAAT

a) İlkin iddia tələbi və onun dəlilləri

7. İddiaçı yükdaşıma xidmətlərinin göstərilməsinə və pul vəsaitlərinin ödənilmsinin gecikdirilməsinə görə 6844 manat, hüquqi xidmətin göstərilməsinə görə 700 manat və ödənilmiş 95,44 manat dövlət rüsumuna görə, cımi 7639,44 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə arasında yükdaşıma xidmətlərinin göstərilməsinə dair xx.xx.2024-cü il tarixli, 027/2024 saylı müqavilə bağlanıb. Həmin müqavilənin 1.1-ci maddəsinə uyğun olaraq cavabdeh Türkiyə Respublikasının Esenyurt şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə ümumi kütləsi 15 ton olan yükün çatdırılması ilə bağlı nəqliyyat şirkətləri arasında elektron sorğu elan edib və iddiaçı təklif etdiyi şərtlər daha münasib olduğu üçün xx.xx.2024-cü il tarixdə elektron poçtla göndərilən məktub vasitəsilə həmin yükün daşınması iddiaçıya həvalə olunub. Tərəflər həmin yükün daşınma qiymətini 3.500 ABŞ dolları məbləğində müəyyən ediblər. İddiaçı cavabdehə məxsus yükün daşınması ilə bağlı KH 03401 saylı sifarişi icra etmək üçün 99ZD822 dövlət qeydiyyat nişanlı yük avtomobilini 77EV738 dövlət qeydiyyat nişanlı avtomobil ilə Türkiyə Respublikasının Esenyurt şəhərinə göndərib və xx.xx.2024-cü il tarixdə SCHAFFER şirkəti tərəfindən malın yüklənməsi həyata keçirilib. Lakin avtomobilə tərəflər arasında razılaşdırılmış həcmdə - 15 ton deyil, 16.970 kq (nəzərdə tutulandan 1.970 kq artıq) mal yüklənib. Bu zaman yük normadan artıq olduğu üçün avtomobilin qabaritlərindən bir qədər kənara çıxıb. Nəzərdə tutulandan artıq olan 1.970 kq yükün daşınma xərci 460 ABŞ dolları təşkil edir. Avtomobilin sürücüsü buna etirazını bildirsə də, SCHAFFER şirkətinin əməkdaşları onlara sifarişin belə verildiyini və bütün yükün bir yük avtomobilinə yüklənməli olduğunu bildiriblər. Yük xx.xx.2024-cü ildə cavabdehin Bakı şəhəri, Binəqədi şossesində yerləşən deposuna təhvil verilib. Cavabdeh malı təhvil alarkən təhvil verilən mallarda hər hansı qüsurun olması barədə iddiaçıya məlumat verməyib, hər hansı irad bildirməyib və beynəlxalq yük müşayət vərəqində - CMR-də bununla bağlı hər hansı qeyd etməyib. Daşıma xidmətlərinin haqqının ödənilməsi üçün xx.xx.2024-cü ildə hesab/invoys göndərilib. Lakin buna baxmayaraq, cavabdeh yerinə yetirilmiş işlərin təhvil-təslim aktını imzalamaqdan imtina edib və göndərilən elektron qaimə-fakturanı təsdiq etməsinə baxmayaraq, qeyd edilən daşıma xidmətinin haqqını hazırkı vaxtadək ödəməyib. Əlavə 1.970 kq yükün daşınma xərci 460 ABŞ dolları təşkil edir (3500 ABŞ dolları/15 t = 233 ABŞ dolları; 233 ABŞ dolları x 1970 kq = 460ABŞ dolları). Cavabdeh iddiaçı qarşısında xx.xx.2024-cü il tarixli, 027/2024 saylı müqavilədən irəli gələn 3.960 (3500 + 460) ABŞ dolları həcmində öhdəliyini icra etməyib. Bundan başqa cavabdeh pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş məbləğin illik beş faizi həcmində pul vəsaiti ödəməlidir. 3960 ABŞ dollarının illik 5 faizi 198 ABŞ dolları təşkil edir. Bunu nəzərə alaraq, pul öhdəliyinin icrasının 4 ay gecikdirilməsinə görə cavabdeh əlavə 66 ABŞ dolları (198:12 ay= 16,5; 16.5x4 ay= 66 ABŞ dolları) məbləğində pul ödəməlidir. İddia tələbini təşkil edən 4026 (3960+66 = 4026) ABŞ dolları manat ekvivalenti ilə 6.844 (4026 x 1,70 = 6.844) manat təşkil edir. Məhkəmədə hazırkı iddianın qaldırılması üçün iddia ərizəsinin hazırlanması, iddianın məhkəməyə verilməsi və məhkəmə prosesi gedişində iddiaçıya peşəkar hüquqi yardımgöstərilməsi üçün “Union” Vəkil Bürosu ilə müqavilə bağlanılıb və hüquqi xidmət haqqı qismində 700 manat pul vəsaiti ödənilib. Məhkəmədə 7.544 (6844 + 700) manat məbləğində hazırkı iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 95,44 manat dövlət rüsumu ödənilib.

b) ilkin iddiaya qarşı etirazın dəlilləri

9. Cavabdeh ilkin iddiaya qarşı etirazını yazılı formada təqdim etməmişdir.

c) Qarşılıqlı iddia tələbi və qarşılıqlı iddia tələbinin dəlilləri.

10. Cavabdeh iddiaçı tərəfndən sifarişi qüsurlu icra etdiyinə görə dəymiş ziyanın əvəzi olaraq 7000 manat məbləğində pulun və 90 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçıdan tutulması və ilkin iddianın rədd edilməsi barədə qarşlıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yükdaşıma ilə bağlı sifarişləri qüsurlu icra etməsinə görə dəymiş ziyan və ödənişlə bağlı aralarında mübahisə yaranmışdır. İddiaçı dəymiş zərərin sığorta vasitəsi ilə qarşılanması üçün ilkin olaraq cəhd etmiş, yəni daşımanı qüsurlu icra etdiyini etiraf etmiş, bununla bağlı elektron poçt üzərindən yazışmalar olmuş, lakin sonradan daşıma haqqının ödənilməsini tələb etmişdir. Qüsurlu daşıma ilə bağlı onlara dəymiş ziyan daşıma haqqından çoxdur. Anbarda yükün boşaldılması və təhvil alınması zamanı bir çox yükün yararsız hala düşdüyü və satışa uyğun olmaması müəyyən edilmişdir. Boşaldılma yekunlaşdırıldıqdan sonra sürücü ilə qarşılıqlı təhvil-təslim edilmiş və yararsız mallar, sayları qeyd edilmişdir. Həmin malların invoys dəyərinə görə və digər xərclərinə uyğun olaraq maya dəyəri 7000 manat təşkil edir. İddiaçının razılaşdırılmış çəkidən artıq mal yüklənməsinə görə haqq tələb etməsi əsassızdır. Əgər yükün alınma yerində artıq olduğu müəyyən edilsə, sürücünün və iddiaçının yükü almaqdan imtina etmək hüququ var idi. İddiaçı iddiaya qədər onlara bununla bağlı tələb irəli sürməmiş, yükün artıq olması barədə etirazını yazılı şəkildə bildirməmişdir. Yükün qüsurlu daşınmasının bəhanəsi artıq çəkidə olması ilə bağlı ola bilməz, əgər artıq çəki var idisə, bu yükün alınma yerində bildirilməli və daşınma həyata keçirilməməli idi. Bundan başqa, iddiaçının təqdim etdiyi təhvil-təslim aktında, fakturada razılaşdırılmış 3500 ABŞ dolları tələb edilmiş, əlavə 460 ABŞ dolları istənilməmişdir. İddiaçının yükün daşınması üçün göndərdiyi avtomobil də tam saz vəziyyətdə olmamışdır. Mal göndərən tərəfindən avtomobilin ön sol tərəfində açıqlıq olduğu ilə bağlı şəkil də göndərilmiş, sürücü aradan qaldıracağını bildirmişdir. Göründüyü qədəri ilə, yolda yenə avtomobildə nasazlıq olmuş və yükün bir hissəsi yararsız hala düşmüşdür. İddiaçı yükü qüsurlu daşıdığı və onlara 7000 manat ziyan vurduğu üçün daşıma haqqını tələb edə bilməz, çünki razılaşdırılmış öhdəliklər iddiaçı tərəfindən tam və qüsursuz yerinə yetirilməmişdir.

d) İddiaçı qarşılıqlı iddiaya qarşı etirazını yazılı formada təqdim etməmişdir.

MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:

12. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında ilkin iddia tələbinə izahat verərək, onun təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə ətmin olunmamasını xahiş etdi.

13. Cavabdehin nümayəndəsi qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək onun təmin olunmasını, ilkin iddianın isə rədd edilməsini xahiş etdi. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

14. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

15. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 386. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

23. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

25. Maddə 852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.

26. Maddə 852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır.

27. Maddə 859.1. Yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır.

28. Maddə 859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.

29. Maddə 859.5. Daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. Bu müddəa aşağıdakı hallarda tətbiq edilmir: 859.5.1. daşıyıcı qəsd və ya kobud ehtiyatsızlıq üçün məsuliyyət daşıyırsa; 859.5.2. əgər iddialar yükün zahirən görünən zədələrinə əsaslanırsa, yük alan bunları şərait nəzərə alınmaqla onun üçün mümkün və yolverilən müddət ərzində aşkar etdikdə və bu barədə daşıyıcıya zədələr aşkar edildikdən sonra dərhal, lakin çatdırılmadan ən geci səkkiz gün keçənədək bildiriş verdikdə.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Maadə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

34. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

MƏHKƏMƏNİN MÖVQEYİ

35. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, ilkin və qarşılıqlı iddia ərizələrnin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ilkin iddia qismən əsaslı, qarılıqlı iddia isə əsassızdır.

36. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

37. Yuxarıda qeyd edilən müddəlardan da göründüyü kimi müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilənin məzmununa ümumi anlamda əsasən onun tərəfləri, bağlanması forması, predmeti, tərəflərin öhdəlikləri (məsuliyyəti), ödəniş qaydası və şərtləri, qüvvəsi, qiyməti və digər şərtlər daxildir. Eyni zamanda, hər bir sahəyə aid olan müqavilənin məzmununa həmin müqaviləyə aid olan özünəməxsus, yaxud elə xüsusi şərtlər daxil edilə bilər ki, müqavilənin əsas mahiyyəti həmin şərtlərdən asılı olar.

38. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında nəqliyyat ekspedisiyası haqqında xx.xx.2024-cü il tarixli, 027/2024 saylı müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilənin əsasında cavabdehin başlıca öhdəliyi onun sifarişi ilə iddiaçı tərəfindən malların (yükün) daşımasına görə müqavilədə nəzərdə tutulmuş haqqın ödənilməsi, iddiaçının başlıca öhdəliyi isə sifariş edilmiş yükün müqavilədə və razılaşmada göstərilmiş müddətdə və qüsursuz olaraq təyinat yerində sifarişçiyə (yük alana – cavabdehə) təhvil verməkdən ibarət olmuşdur.

39. İddiaçı tərəfindən sifariş edilmiş yükün (sonradan şifahi qaydada razılaşdırılmış çəki də daxil olmaqla, 16970 kq) cavabdehə çatdırılma yerində (Bakı şəhəri, Binəqədi şossesində yerləşən deposunda) verilməsi işin mübahisəsiz halıdır. Tərəflər arasındakı münbahisə daşımanın qüsurlu icra edilməsi nəticəsində dəymiş zərər və buna görə cavabdeh tərəfindən müqavilə ilə nəzərdə tutulmuş haqqın ödənilməməsi ilə bağlıdır. Cavabdeh tərəf daşınma haqqının ödənilməməsini malların bir qisminin iddiaçı tərəfindən daşınan zaman yararsız hala salınması ilə əlaqələndirir.

40. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış nəqliyyat ekspedisiyası barədə müqavilənin bağlanması və qüvvəyə minməsi üçün ən mühüm şərtlərindən birini sifarişçi tərəfindən daşınan yükə görə haqqın ödənilməsi təşkil edir. Eyni zamanda, əvvəldə də qeyd edildiyi kimi, bu həm də sifarişçinin əsas öhdəlyini təşkil edən şərtlərdən ən əsasıdır. Tərəflər cavabdehin sifariş etdiyi yükün Türkiyə Respublikasının Esenyurt şəhərindən Bakı şəhərinə daşıyaraq sonuncunun Bakı şəhəri, Binəqədi şossesində yerləşən deposunda təhvil verilməsi üçün haqqın 3500 ABŞ dolları olması barədə razılığa gəlmişlər. İşə məhkəmədə baxılarkən, eləcə də qarşılıqlı iddia ərizəsində də cavabdehin nümayəndəsi iddiaçı tərəfindən malların daşınmasına görə haqqın 3500 ABŞ dolları təşkil etməsini etiraf etmişdir. MPM-in 106.3-cü maddəsinə əsasən, bu həmin halları sübuta yetirmək vəzifəsindən azad edir. Daşınma haqqının verilməməsini cavabdeh yükün qüsurlu daşınması nəticəsində dəyən zərərin daşıma haqqından çox olması ilə əlaqələndirir.

41. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır. Belə ki, Mülki Məcəllənin 850.1-ci maddəsindən də görünür ki, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs daşımanın dəyərini ödəmək öhdəliyi daşıyırlar. Eləcə də, tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndində də göstərilir ki, sifarişçi xidmətlər göstərildikdən və təhvil aktı imzalandıqdan sonra müvafiq ödəniş sənədinin (elektron qaimə və s.) təqdim olunduğu tarixdən 14 iş günü ərzində ödənilməsini ekspeditorun bank hesabına köçürmə yolu ilə (müaqviləyə əlavələrdə göstərilən digər hallardan başqa) etməyi öhdəsinə götürür. İş materiallarından da görünür ki, iddiaçı tərəfindən yerinə yetirilmiş işlərin təhvi-təslim aktı tərtib edilərək təsiq edilmiş, həmçinin daşıma haqqının ödənilməsi üçün xx.xx.2024-cü il tarixdə 11159608 nömrəli elektron qaimə-faktua (müqavilənin 2.1ci bəndinə əsasən) cavabdehə göndərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında yaranmış mübahisə baxımından təhvil-təslim aktının cavabdeh tərəfindən imzalanmaması iddiaçının iradəsindən kənar baş vermiş və bu hal daşıma haqqının ödənilməsi üçün müqavilə şərtinə əməl edilməməsi kimi qəbul edilə bilməz.

42. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı daşıma haqqı kimi müəyyən edilmiş 3500 ABŞ dolları (5950 manat) pulu tələb etməkdə haqlıdır.

43. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi daşıma haqqının gecidirilməsinə illik 5% məbləğində pulun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, tərəflər arasındakı müqavilənin 2.1-ci bəndinə görə daşıma haqqının ödəniş sənədinin (elektron qaimə və s.) təqdim olunduğu tarixdən 14 iş günü ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən elektron qaimə xx.xx.2024-cü il tarixində cavabdehə göndərilmişdir. Bu halda cavabdeh tərəfindən daşıma haqqı 14 iş günü müddəndə, yəni xx.xx.2024-cü il tarixinədək verilməli idi. Buna görə də, məhkəmə hesab edir ki, daşıma haqqının öənilməsinə görə gecikməyə görə illik 5% pul məbləği xx.xx.2024-ci il tarixdən – xx.xx.2025-ci il tarixədək (pritenziyanın verildiyi gün) keçən 54 gün üçün hesablanmalıdır. Bu halda gecikməyə görə illik 5% məbləğində cavabdehdən tutulmalı pul 26,27 ABŞ dolları (3500 ABŞ dolları x 5% = 175 ABŞ dolları : 12 ay = 14,58 ABŞ dolları (yüzlüyədək yuvarlaq); 14,58 14,58 ABŞ dolları: 30 gün = 0,49 ABŞ dolları (yüzlüyədək yuvarlaq) x 55 gün = 26,27 ABŞ dolları) olacaqdır.

44. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi əlavə yükün daşınmasına görə 460 ABŞ dolları pulun tələb edilməsi hissəsində əsassızdır.

45. Belə ki, məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi (direktoru) bildirdi ki, onlara əlavə yükün olmasını yükün olduğu yerə (Türkiyə Respublikasının Esenyurt şəhərinə) çatdıqda bildirilmiş və bununla bağlı cavabdehin rəhbər şəxsi ilə danışmış, qarşılıqlı razılaşmaya əsasən artıq (1970 kq) yükü əlavə haqq ödənilmədən daşınmasını öhdələrinə götürmüşdür. Həmçinin, iddiaçı tərəfindən tərtib edilmiş təhvil-təslim aktında və təqdim edilmiş elektron qaimə-fakturada da iddiaçı əlavə yükün daşınmasına görə haqqı göstərməmişdir. Məhkəmə hesab edir ki, artıq yükün əlavə haqq ödənilmədən daşınması iddiaçı tərəfin razılığı və iradəsi ilə baş verdiyindən, cavabdeh isə buna görə hansısa bir öhdəlik götürmədiyindən, iddiaçı isə yalnız aralarında mübahisə yarandıqdan sonra həmin pulu tələb etdiyindən məhkəmə hesab edir ki, iddia həmin hissədə iddia təmin edilməməlidir.

46. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassızdır.

47. Cavabdeh qarşılıqlı iddia tələbini yükün qüsurlu daşınması nəticəsində ona zərər dəyməsi ilə əsaslandırır. Cavabdeh tələbinin sübutu olaraq xx.xx.2025-ci il tarixdə tərtib edilmiş utilizasiya və 28-xx.xx.2025-ci il tarixlərində aparılmış yoxlamaya dair silinmə aktlarını məhkəməyə təqdim etmişdir.

48. Məhkəmə qeyd edir ki, cavabdehin qarşılıqlı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 21.1 və 443.1-ci maddələri təşkil edir. Mülki Məcəllənin 443.1 və 21.1-ci maddələrinin məzmunundan da göründüyü kimi müqavilə öhdəliklərinin pozulmasından irəli gələn maddi zərərin ödənilməsi tələbləri məhkəmə tərəfindən o şərtlə təmin edilə bilər ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması, iddiaçıya maddi zərər vurulması, müqavilə öhdəliklərinin pozulması ilə vurulmuş maddi zərər arasında səbəbli əlaqənin mövcud olması, cavabdehin müqavilə üzrə öhdəliyini təqsirli olaraq pozması faktları sübuta yetirilmiş olsun.

49. İddiaçı tərəfindn yükün təhvil verilməsi barədə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş malın qəbulu barədə Aktın (of acceptance of goods) “model, nömrə, qüsurun təsviri, şəkil” qrafasında 9 bənddə rəqəmlərdən ibarət kodlar qeyd edilmişdir. Cavabdeh həmin onların daşınma zamanı istifadə üçün yarasız hala salınmış malların kodunun olmasını bildirir. Bundan başqa, cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixdə “FORS“ MMC-nin auditi Sənan Məmmədov və cavbdehin meneceri Türkanə Fərzəliyeva tərəfindən tərtib edilmiş istifadəyə yararsız avadanlıqların zərərsizşləşdirilməsinə dair Utilzasiya aktı təqdim etmişdir. Həmin aktda qeyd edilmişdir ki, cavabdehə məxsus ümumi həcmi 26 m3 olan istifadəyə yararsız məişət texnikasına aid məhsullar “FORS“ MMC-nin emal sexində utilizasiya edilmişdir. Eyni zamanda, cavabehin əməkdaşları (daxili audit, koordinator və anbardar) tərəfindən 28-xx.xx.2025-ci il tarixlərində Binəqədi anbrında yoxlama nəticəsində satışa, istifadəyə və təmirə yararasız olan 28 adda məhsul müəyyən etməklə, bu barədə Silinmə aktı tərtib etmişlər.

50. Məhkəmə qeyd edir ki, cavabdeh malların yararsız olması ilə ona zərər dəydiyini iddia etsə də, zərərin nədən ibarət olması, siyahıda qeyd edilən əşyaların növü (malların təhvil verilmə və Silinmə aktlarından görünür ki, məişətdə istifadə edilən mətbəx (məsələn, yemək dəstləri və digər) əşyalar, habelə məişət əşyaları - ütü və s. elektronika avadanlıqlarıdır) və təyinatına uyğun istifadəsini yararsız edən zədənin nədən ibarət olmasını təsdiq edən dəqiq sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixdə tərtib edilmiş malın qəbulu barədə Aktda yalnız ümumi formada 9 adda qüsurlu olması ehtimal edilən maln kodları qeyd edilsə də, həmin malların adı, növü, markası, habelə onlara dəymiş zədənin nədən ibarət olması xarakteri göstərilməklə hər hansı formada tərtib edilmiş bildirişin, yaxud bu barədə aktın iddiaçıya təqdim edilməsi barədə sübutu cavabdeh məhkəməyə təqdim etməmişdir.

51. Mülki Məcəllənin 859.5.2-ci maddəsinin mənasından da görünür ki, daşıyıcıya qarşı iddianın ödənişin verilməsinədək qaldırılmasının əsaslarından biri ondan ibarətdir ki, əgər iddialar yükün zahirən görünən zədələrinə əsaslanırsa, yük alan bunları şərait nəzərə alınmaqla onun üçün mümkün və yolverilən müddət ərzində aşkar etdikdə və bu barədə daşıyıcıya zədələr aşkar edildikdən sonra dərhal, lakin çatdırılmadan ən geci səkkiz gün keçənədək bildiriş verilməlidir.

52. Məhkəmə qeyd edir ki, yük daşıma münasibətlrini tənzimləyən mülki qanunvericlik normalarının mənası onu deməyə əsas verir ki, yük, sahibinə çatdırıldıqdan sonra onda olan qüsurların, zədələrin olmasını və buna görə hansı həcmdə zərərin dəyməsini sübut etmək vəzifəsi yük alanın üzərinə düşür. Lakin cavabdeh daşımanın qüsurlu yerinə yetirilməsi nəticəsində malların zədələnməsi, bu zədələrin nədən ibarət olması, dərəcəsi, xarakteri, habelə malların təyinatı nəzərə alınmaqla, istifadələrini mümükünsüz edən dərəcədə zədələnməsini təsdiq edə biləcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin, dəymiş zərərin daşıma nəticəsində yaranmasını sübuta yetriməkdən ötrü utilizasiya, yaxud Binəqədi anbarında yoxlama aparılarkən yararsız malların müəyyən edilməsi zamanı iddiaçının nümayəndəsinin iştirakı təmin edilməmiş, bununla bağlı cavabdeh tərəfindən onlara məlumat verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh ona yükün daşınması zamanı malların yararsız vəziyyətə düşməsi nəticəsində ona zərər dəyməsini sübuta yetirilmədiyindən qarşılıqlı iddia təmin edilməməlidir.

53. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu və hüquqi xidmətə görə ödənilmiş xərc cavabdehdən tutularaq iddiaçıya aid edilməli, qarşılıqlı iddianın verilməsinə görə ödənilmiş dölət rüsumu isə cavabdehin özünə aid edilməlidir.

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İlkin iddia qismən təmin edilsin. Yükdaşıma xidmətlərinə göstərilməsinə və pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə 5994,65 manat əsas borc, hüquqi xidmətlərin göstərilməsinə görə 700 manat xidmət haqqı olmaqla, cəmi 6694,65 (altı min altı yüz doxsan dörd manat altmış beş qəpik) manat pul vəsaiti və ödənilmiş 95,44 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar