Məhkəmə qərarları › İş №e-2-2(113)-25/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-25/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-25/2021 29.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçı X6, müstəqil tələb irəli sürən üçüncü şəxs X12 və onların nümayəndəsi Nümayəndə1 iştirakı ilə, X6 Cavabdehnə qarşı borcun silinməsi və zərərin əvəzinin ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X12 Cavabdehnə qarşı borcun silinməsi tələblərinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X13 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-yə məxsus ana qaz xəttindən istixanaya ayrılan qaz xəttinə böyük su kütləsinin qazla birlikdə yüksək təzyiqlə axması nəticəsində əsassız hesablanmış 73663,34 manat borcun silinməsi, 175054,69 manat məbləğində maddi zərərin əvəzinin, 435000 manat məbləğində əldə çıxmış faydanın, 50000 manat məbləğində mənəvi zərər olmaqla ümumilikdə 654154,69 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X1 fəaliyyətini həyata keçirmək məqsədilə 03 sentyabr 2018-ci il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlayaraq mülkiyyət hüququ ilə X7 məxsus Salyan rayonu Qarabağlı kəndində yerləşən 3,5554 ha torpaq sahəsi üzərində inşa edilmiş 2,12 ha sahəsi olan istixana kompleksini 28 avqust 2018-ci il tarixində X20 ilə aralarında bağlanmış icarə müqaviləsinə əsasən 1 illik müddətə icarəyə götürmüşdür. İstixananın qaz təchizatında 15 noyabr 2018-ci il tarixdə, gecə saat 00:50 radələrində Cavabdeh İB-nə məxsus ana qaz xəttindən istixanaya ayrılan qaz xəttinə böyük su kütləsinin qazla birlikdə yüksək təzyiqlə axması nəticəsində ana xətlə bizim xətt arasında yerləşən qaz tənzimləyici reduktoru sıradan çıxartmışdır. Bu qəza nəticəsində yüksək təzyiqli su qarışığı istilik qazanına daxil olaraq, qazanın farsunkasını bütövlükdə sıradan çıxartmış və qazan işini dayandırmışdır. Bundan başqa 12 aprel 2021-ci il tarixli ekspert rəyinə əsasən istixanaya məxsus qaz xəttinə qazla birlikdə mayenin daxil olması səbəbindən TRZ G 400 markalı qaz sayğacının sıradan çıxması tam olaraq öz təsdiqini tapmışdır. Beləliklə də cavabdehin təqsirli hərəkətləri nəticəsində sıradan çıxmış TRZ G 400 markalı qaz sayğacının dəyəri olan 5900 manat dəyərində də ziyan dəymişdir. 15 noyabr 2018-ci il tarixdə yəni həmin gün saat 00:50 radələrindən 17 noyabr 2018-ci il tarixədək Cavabdeh İB-nin servis xidmətinə zəng edib qəza yerinə gəlmələrini xahiş edilmişdir. Məlumat verilməsinə baxmayaraq hadisədən 3 gün keçsə də, hadisə yerinə heç kim gəlməmiş, nəticədə 8 gün istixanada yerləşən qazanxananın işi dayandığı nəticəsində çox böyük zəhmətlə yetişdirilən kənd təsərrüfatı məhsulları soyuqdan tələf olmuşdur. Bununla da təsərrüfata külli miqdarda zərər dəymişdir. Hansı ki, dəymiş ziyanın hesablanması üçün müstəqil auditor X8 ilə müqavilə bağlanaraq 22 noyabr 2018-ci il tarixində audit yoxlaması başlanmış və 15 fevral 2019-cu il tarixdə bitmişdir. 18/93-1 nömrəli audit aktı ilə qaz xəttinə suyun dolması nəticəsində istilikxana kompleksinə 221026,23 manat məbləğində ziyan dəydiyi müəyyən olunmuşdur. Dəymiş ziyanın ödənilməsi məqsədilə tərəfimdən Cavabdeh İB-yə ərizə ilə müraciət olunaraq dəymiş ziyanın ödənilərək qaz təchizatının əvvəlki kimi saz vəziyyətə gətirilməsi xahiş olunmuş, əks təqdirdə bu barədə aidiyyatı məhkəməyə müraciət olunacağı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh orqan məsələnin həlli istiqamətində heç bir addım atmadığından hazırda məhkəmə müdafiəsi hüququndan istifadə olunmasına zərurət yaranmışdır. Bundan başqa xətdə qəza baş verən zaman zərərin çoxalmmaması üçün qazın verilməsi dayandırılmalı, qaz tənzimləyiciyə birləşən nöqtədən xətt ayrılaraq qax xəttinə dolmuş su təmizlənməli idi. Lakin qazın verilməsi dayandırılıb xəttə dolmuş su tənzimlənmədiyindən iddiaçı məcbur olaraq xətti özü ayırmış və bu səbəbdən qazla qarışıq su axan zaman 12391 manat məbləğində qaz sərf olunmuşdur. Həmçinin qaz sayğacının düzgün işləməməsi səbəbindən 2018-ci ilin dekabr ayı üzrə 21912,27 manat, 2019-cu ilin yanvar ayı üzrə 17568,27 manat olmaqla ümumilikdə 39480,54 manat artıq sərfiyyat hesablanmışdır. Bundan başqa 2019-cu ilin 3 ayı ərzində yaranan fərq 2018-ci illə müqayisədə 21791,8 manat olduğundan həmin fərq də borcdan silinməlidir. Beləliklə, əsassız hesablanmış və silinməli olan ümumi məbləğ 73663,34 manat təşkil edir. Bundan başqa, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində əldə çıxmış fayda olaraq istehsal olunacaq pomidor məhsullarının satşından əldə olunacaq külli miqdarda gəlirdən məhrum olmuşdur. Belə ki, cavabdehin təqsirli hərəkəti 2018-ci ilin noyabr ayının 15-də baş vermiş və nəticədə əkilmiş şitillər tam yarasız olduğu üçün məhv olmuşdur. Bundan sonra yeni şitillərin əldə olunaraq əkilməsi təxminən 1 həftə ərzində baş vermiş, yəni növbəti şitillərin əkilməsi noyabr ayının 20-dən sonra həyata keçirilmişdir. Nəzərə alsaq ki, kənd təsərrüfatı məhsulu olaraq pomidor şitillərinin yüksək gəlirli olaraq əkilməsi hər sentyabr ayında həyata keçirilməlidir, ikinci əkinin noyabr ayının 20-dən sonra baş verməsi isə ən azı iki ay yarım sonra baş vermişdir ki, bu da gözlənilən gəlirin əldən çıxması ilə nəticələnmişdir. Sentyabr ayında əkilən şitili 2018-ci ilin dekabr ayında Rusiya Federasiyasına ixrac etmək istəmişdir ki, həmin vaxta da pomidorun qiyməti daxili bazarda da ən yüksək həddə olur. İki ay yarımdan sonra isə ikinci əkinin baş verməsi isə iddiaçını həm Rusiya bazarlarına ixrac etmək imkanından məhrum etmişdir. Eyni zamanda dekabr və yanvar ayında 4-5 manata satılacaq pomidoru mart-iyun aylarında orta hesabla 0,55 manata satılmış və nəticədə ona təxminən 435000 manat maddi ziyan dəymişdir. Belə ki, sentyabr ayından əkilən pomidorun ortalama satış qiymətini 3 manat və təqribən 1 manat maya dəyəri hesablanarsa ondan həmin ayda əkilən pomidorun 1 kq-dan əldə olunacaq xalis gəlir minimum halda 2 manat təşkil edir ki, istehsal oluncaq 300 ton pomidorun qazancı minmum 600000 manat olmalı idi. Noyabr ayında əkilmiş pomidorun 1 kq-ı orta 0.55 manata satıdığından əldə olunan qazanc 165000 manat olmuşdur ki, 600000 manatdan çıxanda həmin məbləğ 435000 manat təşkil edir. Bu isə o deməkdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya 435000 manat maddi ziyan dəymişdir. Reallıq ondan ibarətdir ki, Azəriqaz İB-nin yarıtmaz fəaliyyəti nəticəsində iddiaçının sahibkarlıq fəaliyyəti məhv olaraq xarici şirkətlər, yerli işçilər və yerli şirkətlər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməmişdir. Cavabdeh təşkilatın təqsirli hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərər heç bir məbləğdə pul vəsaiti ilə ölçülməsə də, ən azından emosional durumunun normallaşması üçün hesab edir ki, maddi ziyanla yanaşı 50000 manat dəyərində mənəvi zərər də cavabdehdən onun xeyrimə tutulmalıdır. Müstəqil tələb irəli sürən üçüncü şəxs X20 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən əsassız hesablanmış 73663,34 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 25 oktyabr 2018-ci il tarixli, AUX0 – 1/3187 saylı müqavilə Cavabdeh İB ilə X20 ilə bağlandığından 73663,34 manat borcun silinməsi barədə tələbi irəli sürmək hüququ ona məxsusdur. Məhkəmə iclasında iddiaçının və müstəqil tələb irəli sürən nümayəndəsi Nümayəndə1 iddia ərizələri ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddiaçıya məxsus borunun 3 metr hissəsi su kanalının içərisindən keçir və bu, qaz xəttinə su kütləsinin haradan daxil olduğunu göstərir. Qaz xəttinə su kütləsinin Cavabdeh İB-nin təqsiri üzündən dolması sübuta yetirilmir. Bundan başqa, sayğaca su kütləsi dolduğu halda həmin sayğac yararsız vəziyyətə düşməli idi. Lakin sayğac bundan sonra işləmişdir. Qaz borcunun 2018 və 2019cu illərdə fərqin yaranması ilə istixanada yeni qurğuların quraşdırılması ilə bağlı da ola bilər. Həmçinin, 13 fevral 2019-cu il tarixdə Cavabdeh İB ilə istehlakçı - X12 nümayəndəsi X13 arasında imzalanmış “İstehlak olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə razılaşma protokolu”na əsasən istehlakçı 13 fevral 2019-cu il tarixədək yaranmış 61575 manat məbləğində borcu 28 fevral 2019-cu il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: - 28 avqust 2018-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, X4 rayonu, Qaradağlı kəndində yerləşən 3,5554 ha torpaq sahəsini X9 icarəyə vermişdir. - 03 sentyabr 2018-ci il tarixli birgə fəaliyyət haqqında müqavilənin surətindən görünür ki, X20 və X3 Xatirə Maarif qızına məxsus Salyan rayonu, Qaradağlı kəndində yerləşən 3,5554 ha torpaq sahəsi üzərində inşa edilmiş 15000 kv.m sahəsi olan istixananın şərikli şəkildə işlədilməsi, istifadə edilməsi və bundan əldə edilən gəlirin bölüşdürülməsini öhdələrinə götürmüşlər. - 12 iyul 2018-ci il tarixdə sifarişçi – X14, icraçı – X13 və icraçının razılığı ilə iştirak edən X20 arasında bağlanmış müqaviləyə əsasən icraçı mülkiyyət hüququ ilə X7 məxsus Salyan rayonu, Qaradağlı kəndində yerləşən 3,5554 ha torpaq sahəsi üzərində inşa edilmiş 15000 kv.m sahəsi olan istixanada müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunacaq əlavələrdə göstərilən adda, ölçüdə, miqdarda və qiymətdə istixana, suvarma və gübrələnmə sistemlərinin siarifşçinin qeyd olunan ünvana çadrılımasını və təhvil verilməsini, həmçinin həmin malların quraşdırılması ilə bağlı istixana daxilində və xaricində təmir – quraşdırma işlərinin yerinə yetirilməsini, sifarişçi isə həmin malları və quraşdırma işlərini qəbul edərək pulu icraçıya ödəməyi öhdələrinə götürmüşlır. - 25 oktyabr 2018-ci il tarixdə paylayıcı – Cavabdeh İB ilə istehlakçı – X20 arasında bağlanmış “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı – satqısı barədə müqavilə”yə əsasən paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim olunmuş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. – Cavabdeh İB-nin Salyan RQİİ-nin 12 dekabr 2018-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Salyan rayonu, Qaradağlı kəndində yerləşən istixananın qaz təchizatında yaranmış problemlə əlaqədar araşdırma aparılıb yerində baxılaraq müəssisənin qaz xəttində qaz ilə birgə maye axıntısı müşahidə olunmuşdur. Məsələnin daha ətraflı araşdırılması ilə bağlı Cavabdeh İB-nin mütəxəssisləri ilə birgə yerində mövcud qaz şəbəkəsinə və qaz qəbul məntəqəsinə baxış keçirilmiş və məlum olmuşdur ki, şəbəkəyə hazırkı vəziyyətdə qəbul olunan qaz səmt qazıdır və tərkibində maye axıntısı mövcuddur. – 13 fevral 2019-cu il tarixdə Cavabdeh İB ilə istehlakçı - X12 nümayəndəsi X13 arasında imzalanmış “İstehlak olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə razılaşma protokolu”ndan görünür ki, istehlakçı 13 fevral 2019-cu il tarixədək yaranmış 61575 manat məbləğində borcu 28 fevral 2019-cu il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. - 15 fevral 2019-cu il tarixli müstəqil auditor hesabatından görünür ki, Salyan rayonu, Qaradağlı kəndində fəaliyyət göstərən istilikxanaya Cavabdeh İB-yə məxsus ana qaz xəttindən ayrılan qaz xəttinə böyük su kütləsinin qazla birlikdə yüksək təzyiqlə axması nəticəsində fiziki şəxslər X9 və X15 ümumilikdə 221026,23 manat məbləğində ziyan dəymişdir. - auditor hesabatına əlavə olunmuş alıcı - X20 ilə satıcı - "xxxx" MMC ilə bağlanmış 01 oktyabr 2018-ci il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, satıcı alıcıya gübrə və pestisid satmağı, alıcı isə malı qəbul edərək razılaşdırılmış qaydada, qaimə faktura və vergi hesab fakturası əsasında dəyərini ödəməyi öhdəsinə götürür. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməldir. İddia ərizəsinin məzmunundan görünür ki, tələb aşağıdakı hissələrdən ibarətdir. - Cavabdeh İB-yə məxsus ana qaz xəttindən istixanaya ayrılan qaz xəttinə böyük su kütləsinin qazla birlikdə yüksək təzyiqlə axması nəticəsində əsassız hesablanmış 73663,34 manat borcun silinməsi; - 175054,69 manat məbləğində maddi zərərin əvəzinin ödənilməsi; - 435000 manat məbləğində əldə çıxmış faydanın ödənilməsi; - 50000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi. Cavabdeh İB-yə məxsus ana qaz xəttindən istixanaya ayrılan qaz xəttinə böyük su kütləsinin qazla birlikdə yüksək təzyiqlə axması nəticəsində əsassız hesablanmış 73663,34 manat borcun silinməsi hissəsində məhkəmə ilkin olaraq onu qeyd edir ki, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması məsələləri araşdırmalıdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. 25 oktyabr 2018-ci il tarixdə paylayıcı – Cavabdeh İB ilə istehlakçı – X20 arasında bağlanmış “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı – satqısı barədə müqavilə”yə əsasən öhdəliklərin daşıyıcısı X13 deyildir, X16r, borc məbləği də sonuncuya hesablanmışdır, qeyd olunan tələbi irəli sürmək hüququ da ona məxsusdur və H.M.Kazımov tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs kimi bu tələb irəli sürülmüşdür. 13 fevral 2019-cu il tarixdə Cavabdeh İB ilə istehlakçı - X12 nümayəndəsi X13 arasında imzalanmış “İstehlak olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə razılaşma protokolu”ndan görünür ki, X13 Cavabdeh İB ilə münasibətlərdə X12 nümayəndəsi kimi iştirak etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.3 – cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Buna görə də məhkəmə hesab edir ki, H.B.Məmmədovun iddiası həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1099.1 və 1099.2-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Sonrakı hissələrdə (175054,69 manat məbləğində maddi zərərin əvəzinin, 435000 manat məbləğində əldə çıxmış faydanın və 50000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi) iddianın əsasını zərərin əvəzinin ödənilməsi təşkil etdiyindən və zərərin vurulmasının cavabdehin təqsiri üzündən baş verməsi ilə əsaslandırıldığından məhkəmə hesab edir ki, ilkin olaraq bu xüsusat araşdırılmalıdır. Cavabdehin nümayəndəsi təqsirin olmadığını onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus borunun 3 metr hissəsi su kanalının içərisindən keçdiyindən su kütləsi kanaldan daxil olmuşdur. Lakin cavabdehin Cavabdeh İB-nin Salyan RQİİ-nin 12 dekabr 2018-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Salyan rayonu, Qaradağlı kəndində yerləşən istixananın qaz təchizatında yaranmış problemlə əlaqədar araşdırma aparılıb yerində baxılaraq müəssisənin qaz xəttində qaz ilə birgə maye axıntısı müşahidə olunmuşdur. Məsələnin daha ətraflı araşdırılması ilə bağlı Cavabdeh İB-nin mütəxəssisləri ilə birgə yerində mövcud qaz şəbəkəsinə və qaz qəbul məntəqəsinə baxış keçirilmiş və məlum olmuşdur ki, şəbəkəyə hazırkı vəziyyətdə qəbul olunan qaz səmt qazıdır və tərkibində maye axıntısı mövcuddur. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X10 filialının məktubunda da qeyd olunan xüsusat əksini tapmışdır. 2 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, e-2-2(82)- 429/2019 saylı qərardadına əsasən iş üzrə məhkəmə kompleks tikinti və mühəndis – texniki ekspertizası təyin olunmuşdur. Məhkəmə mühəndis – texniki ekspertizasının 24 iyun 2020-ci il tarixli, 10/283 №-li rəyində qeyd olunmuşdur ki, ünvan 1i ünvanında yerləşən, abonent kodu **********00087 olan istixanaya ayrılan orta təzyiqli qaz kəmərinin diametri 108 mm olan borunun en kəsiyindən təzyiqin aşağı həddində, yəni, 0,05 kqs/sm2 təzyiqdə bir saat ərzində nəzəri olaraq keçən qazın həcmi Q = 196,62 m3/saat, təzyiqin yuxarı həddində, 3 kqs/sm2 təzyiqdə bir saat ərzində nəzəri olaraq keçən qazın həcmi Q = 1532,82 m3/saat təşkil edir. Qeyd olunan hesabatda borudan qaz ilə birlikdə çıxan suyun (mayenin) həcmi nəzərə alınmamışdır. Həmin istixanaya 15-23 noyabr 2018-ci il tarixlərdə hansı təzyiqlə təbii qazın verilməsi, qaz təchizatı təşkilatına müraciət edilməklə müəyyən edilə bilər. İddiaçının icarəyə götürülmüş torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan istixananın həcmi artmadığı halda, həmin istixanada quraşdırılmış GENERAL markalı, BT-20 tipli suqızdırıcı qazanın istifadə edə bilən maksimal qaz sərfiyyatını və istixananın mövsümlə əlaqədar seçilmiş işləmə rejimini nəzərə aldıqda, yanvar 2018-ci il tarixə 11826 manat, fekral 2018-ci il tarixə 10803,2 manat, mart 2018-ci il tarixə 10615,4 manat, aprel 2018-ci il tarixə 4021,4 manat, may 2018-ci il tarixə 0,20 manat, avqust 2018ci il tarixə 0 manat, sentyabr 2018-ci il tarixə 0 manat, oktyabr 2018-ci il tarixə 1694,6 manat noyabr 2018-ci il tarixə 13237,8 manat (abonent saldosunda) yazdığı təqdirdə dekabr 2018-ci il tarixə 37993,6 manat (abonent saldosuna görə 32993 manat) və yanvar 2019-cu il tarixə 28649,60 manat məbləğində qaz sərfiyyatının olması mümkün deyildir. Ekspertizaya təqdim edilmiş iş materiallarından və materiallara əlavə olunmuş fotoçəkilişdən görünür ki, X9 məxsus istixanaya çəkilmiş qaz xəttində su kütləsi (maye) daxil olmuşdur. Ekspertizanın təyini haqqında qərardadın müəyyən etdiyi hissədə göstərildiyi kimi, 15 noyabr 2018-ci il tarixdə gecə saat 05 radələrində Cavabdeh İB-yə məxsus ana qaz xəttindən iddiaçı X9 məxsus istixanaya ayrılan qaz xəttinə böyük su kütləsinin qazla birlikdə yüksək təzyiqlə axması nəticəsində ana xətlə iddiaçıya məxsus xətt arasında yerləşən qaz tənzimləyici reduktor və sayğac sıradan çıxmış və nəticədə yüksək təzyiqli su qarışığı istilik qazanına daxil olaraq, qazanın farsunkasını bütövlükdə çıradan çıxarmış və qazan işini dayandırmışdır. Cavabdeh İB-yə məxsus ana qaz xəttinə (daşıyıcı, diametri 315 mm olan qaz kəmərinə) suyun (mayenin) hansı səbəbdən dolması iş materiallarından görünmür. 05 iyun 2020-ci il tarixdə keçirilmiş baxış zamanı iddiaçı X9 məxsus istixanaya qaz sayğacından sonra çəkilmiş qaz kəmərində və xətlərində qaz sızmasının olub – olmamasının (həmçinin yeraltı qaz kəmərinin zədələnərək dəliyin əmələ gəldiyi və həmin dəlikdən kəmərin daxilinə suyun daxil ola bilməsinin mümkünlüyü) müəyyən edilməsi üçün aparılmış yoxlamalarla (qazanxanada quraşdırılmış su qızdırıcı qazanın qaz kranı bağlanmaqla 3 saat ərzində “Elster” markalı qaz sayğacın göstəricilərində dəyişikliyin olub – olmaması yoxlanılmışdır) sayğacdan qazanxanaya qədər çəkilmiş qaz kəmərində xətlərində qazın sızması (yəni dəliyin, ğoşluğun və s. olması) aşkar edilməmişdir. Qaz sayğacından əvvəl daşıyıcı, diametri 315 mm olan qaz kəmərində mayenin olduğu halda həmin mayenin digər istixanaların qaz kəmərlərinə daxil ola bilib – bilməməsi, həmin qaz kəmərlərinin (xətlərinin) çəkilməsi və istismar olunması qaydasından asılıdır. Bakı Kommersiya Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2-2(113)-373/2020 saylı qərardadına əsasən məhkəmə mühəndis – texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Qaz sayğacındakı nasazlıq istixana kompleksinə ayrılan qaz xəttinə su kütləsinin qaz ilə birlikdə yüksək təzyiqlə daxil olması nəticəsində yaranmışdırmı? - Qaz sayğacına kənar müdaxilələr olmuşdurmu? - İstixanada istismarda olan qızdırıcı qazanın və ya həmin qazanın odluğunun su dolması nəticəsində yararsız vəziyyətə düşməsi mümkündürmü, mümkündürsə, hansı səbəblər və əsaslarla mümkündür? - İstixanada istismarda olan qızdırıcı qazanın xarakteristikası və işləmə funksiyası nəzərə alınmaqla digər yanacaqla qızdırılması mümkündürmü? - Elektron qaz sayğacından maye keçən zaman sayğacın elektron hissəsinin yararsız vəziyyətə düşməsi mümkündürmü? - Elektron qaz sayğacından maye keçən zaman sayğac qaz sərfini qeydə alırmı? - 15-23.11.2018-ci il tarixlərdə sayğacın arxivində saatlıq qaz sərfi qeydə alınmışdırmı? - 2018-ci ilin dekabr, 2019-cu ilin yanvar, fevral, mart aylarında sayğacın arxiv məlumatlarında qaz sərfi qeydə alınıb-alınmaması barədə məlumatlar mövcuddurmu? - İstixananın qaz sayğacının çıxışından istixananın qazanxanasınadək olan qaz xəttində hər hansı bir zədələnmə mövcuddurmu? Məhkəmə mühəndis – texniki ekspertizasının 12 aprel 2021-ci il tarixli, 10/3358 №li rəyində qeyd olunmuşdur ki, ekspertiza tədqiqatına Cavabdeh İB-nin Metrologiya Departamentinin laborotriyasında təqdim edilmiş mübahisəli G-400 markalı turbin tipli 80116834 nömrəli qaz sayğacına keçirilmiş yoxlamalarla müəyyən edildi ki: - yoxlama zamanı qaz sayğacın daxili detalları üzərində və içərisində mayenin (suyun) təsirindən əmələ gəlməsinə xarakterik olan çoxlu miqdarda paslama (korroziya) izlərinin və tozun olması, həmin sayğacdakı nasazlıqların qaz kəmərinin daxilinə mayenin (suyun) daxil olması nəticəsində yarandığını göstərir; - qaz sayğacında kənar müdaxilə izləri aşkar edilməmişdir (yoxlama zamanı yalnız sayğacın gövdə tıxacına vurulmuş üzərində “2017,İV” rəqəmləri olan qurğuşun plombun (möhürün) simləri qırılmış halda olmuşlar); - G-400 markalı turbin tipli qaz sayğacların elektron korrektorların ayrıca quraşdırmaqla sayğacla yalnız ötürücü mexanizmlə bağlı olduğunu nəzərə aldıqda, həmin elektron korrektorun içərisinə mayenin keçməsi və onun bundan yararsız vəziyyətə düşməsi mümkün deyildir; - laborotoriya şəraitində mübahisəli qaz sayğacı yoxlayan zaman, kompüter vasitəsilə həmin sayğacın elektron korrektorun arxiv məlumatları oxunduqda, laborotoriyanın işçiləri tərəfindən baxış iştirakçılarına mübahisəli dövr üçün saatlıq sərfi qeydə alınmadığına (uzun müddət keçdiyindən pozulduğuna), günlük və aylıq qaz sərfinin isə qeydə alındığı bildirmişlər. Suqızdırıcı qazanlarda istifadə olunan müasir odluqların konstruktiv quruluşunu nəzərə aldıqda, onların elektrik hissələrinə aid olan elektrik idarəetmə sxemində, filtrlərdə, nasoslarda, ventilyatorlarda, dozatorlarda və avtomatika qurğularında nasazlıqların yaranması, odluqlarda istifadə olunan yanacaqda asılı olmayaraq həmin odluqların normal işləməsi mümkün deyildir. Ekspertizaya təqdim edilmiş materiallarda göstərildiyi kimi, iddiaçı X6 istifadəsində olan istixananın qazanxanasında quraşdırılmış “GENERAL” markalı, BT-20 tipli suqızdırıcı qazanın “MVD 2065/5” tipli odluğunun sıradan çıxmasına səbəb, həmin odluğa birləşdirilmiş qaz xəttinə suyun (mayenin) dolmasından elektrik hissəsinin sıradan çıxması olmuşdur. 11 mart 2021-ci il tarixdə keçirilmiş baxış zamanı iddiaçı X6 istifadəsində olan qazanxananın qaz sayğacının göstəricilərində bir müddət (3 saat) ərzində qazın sərfiyyatında dəyişmələrin olmadığına əsasən, istixanaya qaz sayğacından çəkilmiş qaz kəmərində (xəttində) qazın sızma (suyun kəmərinin içərisinə dolması mümkünlüyü) halının (dəliyin, çatın və digər buna oxşar zədələrin) olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Beləliiklə məhkəmə iş materiallarında olan digər sübutları ekspert rəyləri ilə məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, zərərin yaranması Cavabdeh İB-nin təqsiri üzündən baş vermişdir. İddianın zərərin əvəzinin ödənilməsi hissəsi də 3 hissədən ibarətdir: real zərər, əldən çıxmış fayda və mənəvi zərər. İddianın real zərərə aid hissəsi 175054,69 manat təşkil edir və 15 fevral 2019-cu il tarixli müstəqil auditor hesabatı ilə əsaslandırılır. Auditor hesabatına əlavə olunmuş 23 noyabr 2018-ci il tarixli alış aktının surətindən görünür ki, satıcı – X19 dəyəri 29500 manat olan 1 ədəd farsunkanı X2. Farsunkanın sıradan çıxması məhkəmə mühəndis – texniki ekspertizasının 24 iyun 2020-ci il tarixli, 10/283 №-li rəyində də (X9 məxsus istixanaya ayrılan qaz xəttinə böyük su kütləsinin qazla birlikdə yüksək təzyiqlə axması nəticəsində ana xətlə iddiaçıya məxsus xətt arasında yerləşən qaz tənzimləyici reduktor və sayğac sıradan çıxmış və nəticədə yüksək təzyiqli su qarışığı istilik qazanına daxil olaraq, qazanın farsunkasını bütövlükdə çıradan çıxarmış və qazan işini dayandırmışdır) qeyd olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia 29500 manat məbləğində pul vəsaitinin ödənilməsi hissəsində təmin olunmalıdır. Auditor hesabatına əlavə olunmuş: - 15 oktyabr 2018-ci il tarixli, 01/2018 №-li hesab – fakturanın surətindən görünür ki, 15500 manat dəyərində 50000 ədəd “Fenda F1” pomidor şitili "xxxx" MMC tərəfindən X9 verilmişdir. - 19 noyabr 2018-ci il tarixli, 18№-li müqavilənin surətindən görünür ki, satıcı – "xxxx" MMC hər birinin dəyəri 0,48 manat olan 50000 ədəd, 24000 manat dəyərində şitili satmağı öhdəsinə götürmüşdür və malın miqdarı və qiymətinin təqdim olunan elektron qaimə və hesab – faktura əsasında təyin olunacağı nəzərdə tutulmuşdur. - 22 noyabr 2018-ci il tarixli, 12 №-li hesab fakturanın surətindən görünür ki, hər birinin dəyəri 0,48 manat olan 50000 ədəd, 24000 manat dəyərində kanka şitili "xxxx" MMC tərəfindən X9 verilmişdir. Məhkəmə hesab edir ki, şitillərə çəkilmiş xərcin əvəzinin ödənilməsi hissəsinə qiymət verilərkən bir xüsusata diqqət yetirilməlidir: Hadisənin 15 noyabr 2018-ci ildə baş verdiyi və istilikxanada nasazlıq olduğu halda niyə 19 noyabr 2018-ci il tarixdə müqavilə bağlanılırdı və 22 noyabr 2018-ci il tarixdə şitil alınırdı? Yəni, 19 noyabr 2018-ci il tarixli, 18№-li müqaviləyə əsasən alınmış şitillər hadisənin baş verdiyi tarixdən sonra alınmışdır, tələf olduğu təqdirdə belə hadisənin baş verməsi ilə səbəbli əlaqə mövcud deyildir və buna görə iddia həmin hissədə (24000 manat) rədd edilməlidir. Digər hissədə - 15500 manat dəyərində 50000 ədəd “Fenda F1” pomidor şitilinin alınması isə hesab – faktura ilə təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin olunmalıdır. Auditor hesabatına əlavə olunmuş satış qaimələrinə əsasən 01 oktyabr 2018-ci il tarixli alqı – satqı müqaviləsi üzrə 33540,3 manat məbləğində preparatlar X13 tərəfindən təhvil alınması təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin olunmalıdır. Auditor hesabatına əlavə olunmuş gömrük bəyannamələrində 13100 ədəd Koko – peat məhsullarının 1 ədədinin qiyməti 1,20 ABŞ dolları olmaqla 15720 ABŞ dolları, manat ekvivalentində 26724 manat qeyd edilmiş, 10356,39 manat gömrük xərci, 3060 manat isə daşınma xərci olması qeyd olunmuşdur, yəni, iddianın bu hissəsinin əsaslı olması təqdim olunmuş sənədlərlə təsdiqini tapır və məhkəmə hesab edir ki, iddia 40140,39 manat məbləğində zərərin əvəzinin ödənilməsi hissəsində də təmin olunmalıdır. Qaimə sənədlərinə əsasən qaz təzyiqinin tənzimləyici cihazının dəyərinin dəyərinin 1200 manat, sayğacın dəyərinin 5900 manat olması və ekspert rəyinə əsasən sıradan çıxması təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia həmin hissələrdə də təmin olunmalıdır. Beləliklə, məhkəmə qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlir ki, iddia real zərərin əvəzinin ödənilməsi hissəsində qismən təmin olunmalı, 125780,69 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Zərərlə bağlı iddianın digər hissələri ilə bağlı məhkəmə onu qeyd edir ki, havaya sovrulan qazın dəyəri – 12391 manat, qaz sayğacının düzgün hesablamaması nəticəsində dəymiş zərər – 39840,54 manat məbləğində pul vəsaitinin ödənilməsi üçün tələb irəli sürmək hüququ iddiaçıya məxsus deyildir və zərərin bu hissəsi müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbində əksini tapır. Buna görə də iddia həmin hissələrdə də rədd olunmalıdır. Real zərərlə bağlı tələbin bir hissəsini də işçilərin əmək haqqı üzrə 25274 manat məbləğində pul vəsaitinin ödənilməsi təşkil edir. Tələbin bu hissədə təmin olunması üçün məhkəməyə rael zərərin mövcudluğunu təsdiq edən sübut olaraq əmək haqlarının ödənilməsini təsdiq edən sübut təqdim olunmalı, sonradan digər xüsusatlar araşdırılmalı idi. İddianın bu hissəsi ilə bağlı əvvəllər keçirilmiş məhkəmə iclaslarında şahidlər dindirilsə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələbi baxımından (Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.) şahid ifadəsi əmək haqqının ödənilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Buna görə məhkəmə hesab edir ki, iddia həmin hissədə də rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbi baxımından əldən çıxmış fayda tələbi mövcuddursa, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər barədə sübutlar məhkəməyə təqdim olunmalıdır. İddianın əldən çıxmış fayda hissəsi ilə bağlı məhkəməyə sübut olaraq "xxxx" MMC tərəfindən tərtib olunmuş 14 sentyabr 2020-ci il tarixli, 361 saylı ekspert rəyi təqdim olunmuş və həmin rəyin nəticəvi hissəsində qeyd olunmuşdur ki, ünvan 1ində yerləşən istixanada oktyabr ayının əvvəlində əkilmiş pomidor şitillərinin yararsız vəziyyətə düşməsi nəticəsində yenidən noyabr ayının sonlarında əkilməsi səbəbindən, yəni, yanvar – mart aylarında mövcud olmuş ixrac – satış qiymətləri ilə aprel – iyun aylarındakı qiymətlər arasında yaranmış qiymət fərqi hesabına, pomidorun əkilib becərilməsi üçün çəkilən xərclər nəzərə alınmadan, əldən çıxmış faydanın, yəni, istixana sahibinə dəymiş ziyanın məbləği 492750 manat müəyyən olunur. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərə əsasən özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs Ədliyyə Nazirliyinin təşkil etdiyi icbari təlimdə iştirak etməli, müsahibədən keçməli, özəl məhkəmə eksperti şəhadətnaməsi almalı və barəsindəki məlumatlar Məhkəmə Ekspertləri Reyestrinə daxil olunmalıdır. Hal – hazırda heç bir şəxsə özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi halda ayrı – ayrı hüquqi şəxslər təsis olunaraq müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən (bəzən əvvəllər əldə etdikləri məhkəmə eksperti ixtisası verilməsi barədə şəhadətnamələrdən istifadə edilməklə) müxtəlif məsələlərlə bağlı özəl məhkəmə ekspertizası rəyi kimi qələmə verilən sənədlər hazırlanaraq məhkəmələrə təqdim olunur. Hazırkı iş üzrə də "xxxx" MMC tərəfindən verilmiş “ekspert rəyi” adlandırılan 14 sentyabr 2020-ci il tarixli, 361 saylı sənəd də özəl məhkəmə eksperti şəhadətnaməsi olmayan şəxs tərəfindən tərtib olunduğuna görə məhkəmə hesab edir ki, həmin sənəd sübut növü kimi qiymətləndirilə bilmədiyindən bu istiqamətdə araşdırma aparılmasına zərurət yoxdur. Həmin sənədə sübut kimi qiymət verilməli olsa belə, qeyd olunan 492750 manat məbləğin pomidorun əkilib becərilməsi üçün çəkilən xərclər nəzərə alınmadan hesablandığı göstərilir. Belə olduğu təqdirdə isə iddiaçı tərəfindən məhkəməyə pomidorun əkilib becərilməsi üçün çəkilən xərclər barədə sübut təqdim olunmalı idi. Buna görə məhkəmə hesab edir ki, iddia həmin hissədə də rədd olunmalıdır. Bundan əlavə Ali Məhkəmənin Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03.11.2008-ci il tarixli Qərarının 2-ci bəndində belə bir mövqe əks etdirilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. ... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. ... Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. ... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Lakin iddia tələbində mənəvi zərərin nədən ibarət olması, hansı səbəbdən 50000 manat qiymətləndirilməsi əsaslandırılmadığından məhkəmə hesab edir ki, iddia həmin hissədə də rədd olunmalıdır. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası ilə bağlı məhkəmə onu qeyd edir ki, iddia onunla əsaslandırılır ki, xətdə qəza baş verən zaman zərərin çoxalmmaması üçün qazın verilməsi dayandırılmalı, qaz tənzimləyiciyə birləşən nöqtədən xətt ayrılaraq qax xəttinə dolmuş su təmizlənməli idi. Lakin qazın verilməsi dayandırılıb xəttə dolmuş su tənzimlənmədiyindən iddiaçı məcbur olaraq xətti özü ayırmış və bu səbəbdən qazla qarışıq su axan zaman 12391 manat məbləğində qaz sərf olunmuşdur. Həmçinin qaz sayğacının düzgün işləməməsi səbəbindən 2018-ci ilin dekabr ayı üzrə 21912,27 manat, 2019-cu ilin yanvar ayı üzrə 17568,27 manat olmaqla ümumilikdə 39480,54 manat artıq sərfiyyat hesablanmışdır. Bundan başqa 2019-cu ilin 3 ayı ərzində yaranan fərq 2018-ci illə müqayisədə 21791,8 manat olduğundan həmin fərq də borcdan silinməlidir. Məhkəmə mühəndis – texniki ekspertizasının 24 iyun 2020-ci il tarixli, 10/283 №-li rəyində qeyd olunur ki, icarəyə götürülmüş torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan istixananın həcmi artmadığı halda, həmin istixanada quraşdırılmış GENERAL markalı, BT- 20 tipli suqızdırıcı qazanın istifadə edə bilən maksimal qaz sərfiyyatını və istixananın mövsümlə əlaqədar seçilmiş işləmə rejimini nəzərə aldıqda, yanvar 2018-ci il tarixə 11826 manat, fekral 2018-ci il tarixə 10803,2 manat, mart 2018-ci il tarixə 10615,4 manat, aprel 2018-ci il tarixə 4021,4 manat, may 2018-ci il tarixə 0,20 manat, avqust 2018-ci il tarixə 0 manat, sentyabr 2018-ci il tarixə 0 manat, oktyabr 2018-ci il tarixə 1694,6 manat noyabr 2018-ci il tarixə 13237,8 manat (abonent saldosunda) yazdığı təqdirdə dekabr 2018-ci il tarixə 37993,6 manat (abonent saldosuna görə 32993 manat) və yanvar 2019-cu il tarixə 28649,60 manat məbləğində qaz sərfiyyatının olması mümkün deyildir.05 iyun 2020-ci il tarixdə keçirilmiş baxış zamanı iddiaçı X9 məxsus istixanaya qaz sayğacından sonra çəkilmiş qaz kəmərində və xətlərində qaz sızmasının olub – olmamasının (həmçinin yeraltı qaz kəmərinin zədələnərək dəliyin əmələ gəldiyi və həmin dəlikdən kəmərin daxilinə suyun daxil ola bilməsinin mümkünlüyü) müəyyən edilməsi üçün aparılmış yoxlamalarla (qazanxanada quraşdırılmış su qızdırıcı qazanın qaz kranı bağlanmaqla 3 saat ərzində “Elster” markalı qaz sayğacın göstəricilərində dəyişikliyin olub – olmaması yoxlanılmışdır) sayğacdan qazanxanaya qədər çəkilmiş qaz kəmərində xətlərində qazın sızması (yəni dəliyin, ğoşluğun və s. olması) aşkar edilməmişdir. Həmçinin, Məhkəmə mühəndis – texniki ekspertizasının 12 aprel 2021-ci il tarixli, 10/3358 №-li rəyində qeyd olunmuşdur ki, ekspertiza tədqiqatına Cavabdeh İB-nin Metrologiya Departamentinin laborotriyasında təqdim edilmiş mübahisəli G-400 markalı turbin tipli 80116834 nömrəli qaz sayğacına keçirilmiş yoxlamalarla müəyyən edildi ki, qaz sayğacın daxili detalları üzərində və içərisində mayenin (suyun) təsirindən əmələ gəlməsinə xarakterik olan çoxlu miqdarda paslama (korroziya) izlərinin və tozun olması, həmin sayğacdakı nasazlıqların qaz kəmərinin daxilinə mayenin (suyun) daxil olması nəticəsində yarandığını göstərir, qaz sayğacında kənar müdaxilə izləri aşkar edilməmişdir (yoxlama zamanı yalnız sayğacın gövdə tıxacına vurulmuş üzərində “2017,İV” rəqəmləri olan qurğuşun plombun (möhürün) simləri qırılmış halda olmuşlar), laborotoriya şəraitində mübahisəli qaz sayğacı yoxlayan zaman, kompüter vasitəsilə həmin sayğacın elektron korrektorun arxiv məlumatları oxunduqda, laborotoriyanın işçiləri tərəfindən baxış iştirakçılarına mübahisəli dövr üçün saatlıq sərfi qeydə alınmadığına (uzun müddət keçdiyindən pozulduğuna), günlük və aylıq qaz sərfinin isə qeydə alındığı bildirmişlər. Suqızdırıcı qazanlarda istifadə olunan müasir odluqların konstruktiv quruluşunu nəzərə aldıqda, onların elektrik hissələrinə aid olan elektrik idarəetmə sxemində, filtrlərdə, nasoslarda, ventilyatorlarda, dozatorlarda və avtomatika qurğularında nasazlıqların yaranması, odluqlarda istifadə olunan yanacaqda asılı olmayaraq həmin odluqların normal işləməsi mümkün deyildir. Ekspertizaya təqdim edilmiş materiallarda göstərildiyi kimi, iddiaçı X6 istifadəsində olan istixananın qazanxanasında quraşdırılmış “GENERAL” markalı, BT-20 tipli suqızdırıcı qazanın “MVD 2065/5” tipli odluğunun sıradan çıxmasına səbəb, həmin odluğa birləşdirilmiş qaz xəttinə suyun (mayenin) dolmasından elektrik hissəsinin sıradan çıxması olmuşdur. 11 mart 2021ci il tarixdə keçirilmiş baxış zamanı iddiaçı X6 istifadəsində olan qazanxananın qaz sayğacının göstəricilərində bir müddət (3 saat) ərzində qazın sərfiyyatında dəyişmələrin olmadığına əsasən, istixanaya qaz sayğacından çəkilmiş qaz kəmərində (xəttində) qazın sızma (suyun kəmərinin içərisinə dolması mümkünlüyü) halının (dəliyin, çatın və digər buna oxşar zədələrin) olmadığı müəyyən edilmişdir. Beləliklə, ekspert rəyləri ilə təsdiq olunur ki, artıq sərfiyyatın hesablanmasına səbəb sayğacın içərisinə mayenin daxil olması nəticəsində səhv işləməsi səbəb olmuşdur. Həmçinin, nəzərə almaq lazımdır ki, istixanada 2018-2021-ci illərdə başqa – başqa bitkilərin yetişdirilməsi, yəni, qaz sərfiyyatının artmasının istehsal prosesi ilə bağlı olmasını təsdiq edən hallar və sübutlar da mövcud deyildir. Cavabdeh etirazında bu hallara istinad etsə də, qeyd olunan xüsusatları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, müstəqil tələb irəl sürən üçüncü şəxs H.M.Kazımovun iddiası təmin olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X6 Cavabdehnə qarşı borcun silinməsi və zərərin əvəzinin ödənilməsi barədə iddiası qismən təmin edilsin. 125780,69 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq X9 ödənilsin. X6 iddiası qalan hissədə rədd edilsin. X12 Cavabdehnə qarşı borcun silinməsi barədə iddiası təmin edilsin. Cavabdeh tərəfindən X15 hesablanmış 73663,34 manat məbləğində borc silinsin. Məhkəmə mühəndis – texniki ekspertizalarının keçirilməsinə xərclənmiş 350 manat məbləğində pul vəsaitinin 283 manat məbləğində hissəsi X5, 67 manat məbləğində hissəsi Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar