Məhkəmə qərarları › İş №e-2-2(113)-25/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-25/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-25/2025 29.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9rşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, sübutetmə vəzifəsi, dəbbə pulunun azaldılması, qanuni faiz və dəbbə pulunun nisbəti, hüquqdan sui-istifadə və estoppel prinsipi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxsin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9rşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “X6 Müdiriyyəti” X16 və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi) “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli satınalma müqaviləsi üzrə 3 nömrəli yekun forma 2 aktı əsasında 1 338 209,59 manat əsas borc, 904 630 manat cərimə, 1 109 679,46 manat mənfəət, ödəmələrin gecikdirdirilməsinə görə faiz (Mərkəzi Bankın uçot dərəcəsi üzrə) 184 343 manat olmaqla ümumilikdə 3 536 862,05 manat məbləğində pulun və 410 manat mediasiya xərcinin, 2149 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. "xxxx" ASC yeni inzibati binasının son tamamlama (tikinti-quraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) işlərinin satınalmasına dair xx.xx.2020-ci ildə açıq tender elan etmiş və İddiaçı MMC həmin tenderdə iştirak edərək xx.xx.2020-ci il tarixdə qalib gəlmişdir. İddiaçı MMC (icraçı) ilə "xxxx" ASC (sifarişçi) arasında 30 noyabr 2020-ci il tarixində Bakı şəhərində LWC-2020/92 nömrəli “İşlər üzrə satınalma müqaviləsi”, “Müqavilənin xüsusi şərtləri”nə dair əlavə və "xxxx" ASC-nin yeni inzibati binasının son tamamlama (tikinti-quraşdırma, landşaft, elektromexanika, sazlama, yoxlama və s.) işlərinin icrasına dair müqavilənin əlavə öhdəlik və tələbləri adlı 30 noyabr 2020-ci il tarixli, LWC2020/92 nömrəli müqaviləyə 1 nömrəli əlavə bağlanmışdır. Qeyd olunan müqavilə və həmin müqavilə üzrə əlavə və razılaşmalar hər iki tərəf tərəfindən imzalanaraq hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. 2.2. “İşlər üzrə satınalma müqaviləsi”nin 2.1-ci bəndinə əsasən, tərəflər təsdiq edirlər ki, Sifarişçi "xxxx" ASC-nin yeni inzibati binasının son tamamlama (tikintiquraşdırma, landşaft, elektromexanika, sazlama, yoxlama və s.) işlərinin satın alınması üçün İcraçının 10 532 655,34 AZN (ƏDV daxil) məbləğində təklifini qəbul etmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin (malların və xidmətlərin) İcraçıdan qəbul edilməsini və müqaviləyə əsasən yerinə yetirilən işlərə görə razılaşdırılmış məbləği İcraçının təqdim etdiyi forma 2 aktlarına əsasən ödəməyi öhdəsinə götürür. Qeyd olunan müqavilənin 5.4-cü bəndinə əsasən, Sifarişçi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirə salınmadan qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. 13.1-ci bəndinə əsasən, müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və ya müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılır. Müqavilənin 20.2-ci bəndinə əsasən, Sifarişçi müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada ödəmələri aparmasa, İcraçı müqavilənin xüsusi şərtlərində müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər. 25-ci bəndinə əsasən, satınalma müqaviləsi üzrə Sifarişçi tərəfindən ödəmələrin gecikdirilməsinə görə hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1%-i məbləğində cərimə sanksiyası müəyyəndirilmişdir. 2.3. Cavabdeh ilə podrat müqaviləsi imzalandıqdan dərhal sonra ilkin razılaşdırılmış iş qrafikinə uyğun olaraq iddiaçı üzərinə götürdüyü öhdəliyinin icrasına başlamışdır. Həmin öhdəliklər üzrə layihənin mobilizasiya işləri tamamlanmış, tələb olunan işçi heyət cəlb edilmiş, mal, material və avadanlıqlar “Müqavilənin xüsusi şərtləri”nə uyğun olaraq cavabdehlə razılaşdırıldıqdan sonra qismən sifariş verilmiş, subpodratçı təşkilatlar ilə razılaşmalar əldə edilmişdir. Nəticədə 2020-ci ilin dekabr ayında icra edilmiş işlər üzrə ƏDV daxil 1 413 398,76 AZN dəyərində işlərin qəbul edilməsinə dair forma 2 aktı təsdiq edilmişdir. Buna dair 2020-ci ilin dekabr ayı üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbulu aktı və həmin ayda yerinə yetirilən podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayış tərtib olunaraq iddiaçı və cavabdeh tərəfindən təsdiq olunmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə uyğun olaraq, iddiaçının təqdim etdiyi və cavabdeh tərəfindən təsdiq olunmuş forma 2 aktı üzrə ödəniş 15 gün ərzində ödənilməli olduğu halda, cavabdeh tərəfindən 2020-ci ilin dekabr ayı üçün təsdiq olunmuş 1 nömrəli forma 2 məbləğindən 1 130 498,76 AZN və 2021-ci ilin mart ayında cavabdehə təqdim olunmuş, lakin cavabdeh tərəfindən qəsdən təsdiq edilməmiş 2 nömrəli forma 2 məbləğindən 383183,88 manat ödənilməmiş qalmışdır. 2.4. Qeyd olunan 2 ədəd forma 2 aktı əsasında yaranmış borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə mübahisənin danışıqlar yolu ilə həll edilməsi üçün şifahi və yazılı müraciətlər edilmiş, mediasiya prosesinin tətbiqi barədə təklif, daha sonra pretenziya göndərilmiş, lakin cavabdeh tərəfindən heç bir müsbət nəticə əldə edilməmişdir. Odur ki, qeyd olunan 2 ədəd forma 2 aktı əsasında yaranmış borcun tutulub iddiaçıya ödənilməsi tələbi ilə Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 1048/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2 840 668,72 manat borc məbləği və məhkəmə xərclərinin əvəzi qismində 2110,56 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(103)-26/2023 saylı qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1048/2022 saylı qətnaməsi qismən - iddianın təmin edildiyi hissədə ləğv edilmiş, iddia qismən təmin edilərək cavabdeh "xxxx" ASC-dən İddiaçı MMC-nin xeyrinə ƏDV daxil 1513682,64 manat əsas borc, 72684,1 manat cərimə, 31535,05 manat illik 5%-lə faiz borcu, cəmi 1617901,79 manat pul, 1750 manat məhkəmə xərcinin tutulması qət edilmişdir. 2.5. Həmin iş üzrə məhkəməyə müraciət edərkən 3 nömrəli yekun forma 2 aktı zamanında ərizəyə əlavə edilmədiyindən və məhkəməyə təqdim edilmədiyindən hazırki iddia tələbi məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır. 2.6. 2021-ci ilin mart ayında cavabdeh tərəfindən layihənin icrası üçün ödəniş üzrə müvafiq büdcənin hələ ayrılmadığı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı cavabdehin nizamnaməsinə əsasən onun bütün səhmlərinin dövlətə məxsus, eyni zamanda əhəmiyyətli və nüfuzlu təşkilat olmasını, həmçinin müqavilə üzrə risklərin azaldılması məqsədi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi müddət ərzində aylıq elektrik və kommunikasiya xərclərinin ödənişini, sahənin mühafizəsini, mobilizasiya qurğularına və müvəqqəti elektro-mexaniki sistemlərə texniki xidməti, tamamlama işlərinin qorunması kimi təxirəsalınmaz tədbirləri icra etməyə davam etmişdir. Beləliklə də, həmin tarixdən xeyli müddətin keçməsinə baxmayaraq, cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi səbəbindən iddiaçı tərəfindən aparılan işlərin icrası müvəqqəti olaraq dayandırılmış və tərəflər arasında xx.xx.2021-ci il tarixədək razılaşdırılmış icra müddətində işlərin uğurlu icrası mümkün olmamışdır. Bundan başqa, qeyd olunmuş layihə üzrə iddiaçının təchizatçı və subpodratçı şirkətlər qarşısında yaranmış borcların ödənilməsi barədə sonuncular mütəmadi olaraq iddiaçıya müraciətlər etməyə davam edirlər. Həmçinin müqavilə təminatçısı olan banklar da işlərin dayandığını nəzərə almadan icra zəmanəti ilə bağlı meydana gələn xərclərin ödənişini iddiaçıdan bu gün də tələb edirlər. Qeyd olunanlar iddiaçının cavabdehin sabiq sədri Qorxmaz Hüseynova ünvanlanmış xx.xx.2021-ci il tarixli, AZM-2021-04-005 saylı məktubunda göstərilərək, "xxxx" ASC-nin “X14 tikintisi layihəsi”nin son tamamlama işlərinin uğurlu icrasının təmin edilməsi, həmin vəziyyətlə bağlı xərclərin optimallaşdırılması məqsədi ilə qalıq məbləğin ödənişi və layihə üzrə Sifarişçinin cari ildəki gözləntiləri barədə məlumat verilməsi üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. Buna cavab olaraq cavabdeh tərəfindən təkrar bildirilmişdir ki, layihənin icrası üçün ödəniş üzrə müvafiq büdcə hələ ayrılmamışdır. xx.xx.2021-ci il tarixdə Qorxmaz Hüseynov "xxxx" ASC-nin sədri vəzifəsindən azad edilmiş və onun səlahiyyətlərini müavini Köçərli Həsənov həyata keçirməyə başlamışdır. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LWC-2020/92 saylı “işlər üzrə satınalma” müqaviləsinə cavabdeh tərəf xx.xx.2021-ci il tarixli, 1 nömrəli Əlavə Razılaşma tərtib edərək, müqavilənin icra müddətinin xx.xx.2022-ci il tarixədək uzadılmasını təklif etmişdir. Cavabdehin məsul vəzifəli şəxsləri ilə razılaşdırılmış həmin Əlavə Razılaşma cavabdeh tərəfindən imzalansa da, iddiaçı tərəfindən qəbul edilmədiyinə görə, ona imza atmaqdan imtina edilmişdir. 2.7. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LWC-2020/92 saylı Müqavilənin son icra müddəti müqavilənin xüsusi şərtlərinin 18-ci bəndində qeyd olunduğu kimi 6 ay, yəni xx.xx.2021-ci il təsdiq olunmuşdur. Həmin müddət ərzində iddiaçı tərəfindən üzərinə götürülmüş öhdəliklər lazıminca yerinə yetirilmişdir. Lakin iddiaçıdan asılı olmayan və cavabdeh tərəfindən ödənişlərin qəsdən edilməməsi səbəblərinə görə, qeyd olunmuş müqavilənin icra müddətinin uzadılması, xərclərin optimallaşdırılması, işlərin dayandırılması, nəticədə isə iddiaçıya dəyən ziyanın və icra olunmuş işlərlə bağlı qalıq məbləğin ödənişi ilə əlaqədar 01 iyun və 09 iyun 2021-ci il tarixlərində tərəflərin nümayəndələri ilə birlikdə müzakirələr aparılmış və qeyd olunanlarla bağlı məlumat və hesabatların təqdim olunması iddiaçıdan tələb olunmuşdur. İddiaçı tərəfindən tələb olunan sənədlər hazırlanaraq 09 iyun 2021-ci il tarixdə cavabdehin nümayəndələrinə təqdim edilmişdir. xx.xx.2021-ci il tarixdə tərəflərin nümayəndələrinin görüşü zamanı müqavilə üzrə icra müddəti bitdiyindən, iddiaçıya həmin müddətin uzadılması ilə bağlı cavabdehə müraciət etməsi təklif olunsa da, iddiaçı tərəfindən bildirilmişdir ki, qeyd olunan borcun ödənilməməsinə görə, habelə bir sıra məsələlərdə qeyri-müəyyənlik mövcud olduğu üçün müqavilənin icra müddətinin uzadılması məqsədə uyğun deyil və iddiaçı həmin təklifi cavabdehdən qəbul etməmişdir. Belə ki, iddiaçıya olan borcun cavabdeh tərəfindən ödəniləcəyi dəqiq tarixin müəyyən edilməsi, işlərin dayandığı müddət ərzində tikinti sahəsinə kim tərəfindən nəzarət etməsi ilə bağlı qərarın verilməsi, nəzarətin iddiaçı tərəfindən həyata keçirildiyi təqdirdə həmin müddətdə enerji və zəruri işlərlə əlaqəli aylıq xərclərin ödənişinə dair tərəflərin razılaşması, layihənin tamamlanması üçün lazım olan büdcənin ayrılacağı tarix və məbləğ barədə məlumat verilməsi, işlərin müvəqqəti olaraq dayandığı tarixdə bank xərclərinin azaldılması üçün icra zəmanətinin iddiaçıya qaytarılması, havalandırma (iqlimləndirmə) sisteminin işlədilməməsi nəticəsində zərər görmüş üzləmə materialarının təmiri və epoksi, UPS batareyaları, kimyəvi maddələr, yapışdırıcılar kimi istifadə müddəti keçmiş mal, material və avadanlıqların yenidən satınalınması ilə bağlı meydana gələcək əlavə xərclərin müqavilədə nəzərə alınması, işlərin dayandığı müddət ərzində tikinti materiallarının qiymətində meydana gələn artımların müqavilədə nəzərə alınması zəruridir. Qeyd olunan suallara dəqiq və yazılı cavab verilməyəcəyi müddətdə müqavilənin uzadılması məqsədə müvafiq deyil. Yuxarıda göstərilənlərlə bağlı müvafiq göstərişlərin verilməsi üçün iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli, 06/002 saylı məktub göndərilmişdir. Lakin cavabdeh tərəfindən göstərilənlər problemlərin həlli ilə bağlı nə görüşlərdə, nə şifahi, nə də yazılı qaydada iddiaçıya bu günədək əsaslı məlumat verilmişdir. 2.8. Bundan başqa, tərəflərin işçi nümayəndələrinin arasında xx.xx.2021-ci il tarixdə sonuncu keçirilmiş görüşdə qeyd olunan məsələlərin həll ediləcəyinin və ya müqaviləyə xitam veriləcəyinin son tarixi olaraq 31 avqust 2021-ci il qeyd olunmuş və buna görə də həmin tarixədək bina ilə bağlı işlərin davam etdirilməsi iddiaçıdan xahiş olunmuşdur. Lakin qeyd olunan tarixin bitməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya heç bir məlumat verilməmişdir. Buna görə də, iddiaçı cavabdehə müraciət edərək, xx.xx.2021-ci il tarixdən etibarən bina ilə bağlı heç bir öhdəlik daşımadığını, bununla da heç bir işçi personalı işə cəlb etməyəcəyini və heç bir əlavə xərc çəkməyəcəyini bildirmişdir. Həmçinin binanın saxlanılma xərclərinin, avadanlıqların işlədilməsi xərclərinin, kommunal xərclərin və bunlarla məhdudlaşmayan bütün xərclərin iddiaçı tərəfindən qarşılandığı, nəticədə cavabdehin iddiaçıya borcu yarandığını qeyd etmişdir. Həmin borcun ödənilməməsi iddiaçının digər layihələrində maliyyə problemləri yaratdığına görə tərəflər arasında bağlanmış müqavilənin dəyişdirilməsi və müvəqqəti olaraq dayandırılması, o cümlədən binanın müvəqqəti olaraq iddiaçıdan təhvil alınması üçün müvafiq göstəriş verilməsi cavabdehdən xahiş olunmuşdur. Qeyd olunanlar barədə iddiaçının xx.xx.2021-ci il tarixli, AZMP09/21 saylı məktubu cavabdehə həmin tarixdə çatdırılmışdır. 2.9. Onu da qeyd etmək lazımdır ki, tərəflərin nümayəndələri ilə həyata keçirilmiş görüşlərdə iddiaçının tələbləri nəzərə alınmaqla müqavilənin müvəqqəti uzadılmasına dair şifahi razılıq əldə olunmuşdur. Lakin iddiaçıya təqdim olunmuş və cavabdeh tərəfindən imzalanaraq möhürlənmiş xx.xx.2020-ci il tarixli, LWC-2020/92 saylı Müqavilənin uzadılmasına dair 1 nömrəli Əlavə Razılaşmasında iddiaçı ilə razılaşdırılmış tələblər orada qeyd edilməmişdir. Beləliklə də cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş sənədlərdə böyük ziddiyyətlər mövcud olması ilə bağlı iddiaçı cavabdehin rəhbər şəxsləri ilə görüş keçirmək istəsə də, bu mümkün olmamışdır. 2.10. 3 nömrəli yekun forma 2 aktı və ümumi borcun təsdiq edilib ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət olunmasına baxmayaraq, heç bir müsbət nəticə əldə edilməmişdir. 14 sentyabr 2022-ci il tarixində cavabdehin nümayəndələri tikinti meydançasına gəlib tikintiyə baxış keçirmişlər. 19 sentyabr 2022-ci il tarixdə cavabdehin tikinti üzrə rəhbər şəxsi Səid bəy tərəfindən iclas keçirilmiş, həmin iclasda da iddiaçı tərəfdən 3 nömrəli yekun forma 2 aktı üzrə bütün işlərin icra olunduğu cavabdehin nümayəndələri tərəfindən də öz təsdiqini tapmışdır. Lakin bununla bağlı rəsmi məktub və ya yekun forma 2 aktının təsdiqindən qəsdən yayınmışlar. Bununla da cavabdeh ödəniş etməkdən boyun qaçırır. 2.11. Əvvəlki forma 2 aktlarının biri cavabdeh tərəfindən təsdiq edilmiş, digəri isə təsdiq edilməmişdir. 2021-ci ilin mart ayı üzrə yekunlaşdırılmış işlərlə bağlı tərtib edilmiş 2 nömrəli forma 2 aktı cavabdeh tərəfindən təsdiq edilməmiş, həmin aktda görülmüş işlərin dəyərinin 383183,88 manat olduğu qeyd edilmişdir. Cavabdeh bu işlərin görüldüyünü qəbul etmədiyindən işə apellyasiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühəndistexniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5092 saylı ekspert rəyinə əsasən iş materiallarının 60-64-cü vərəqlərinə əlavə edilmiş, cavabdeh "xxxx" ASC tərəfindən təsdiq edilməmiş forma 2 aktında (2021-ci ilin mart ayı üzrə) qeyd edilmiş işlər ("xxxx" ASC-nin yeni inzibati binasında tamamlanma işləri) tam görülmüş və görülmüş işlərin ümumi dəyəri 324732,1 (ƏDV-siz) manat təşkil edir. 2.12. Göründüyü kimi, tərəflər arasında podrat müqaviləsi və həmin müqaviləyə Əlavələr imzalanmışdır. Müqavilədə və onun Əlavələrində görüləcək işlər, işin yerinə yetirilmə müddəti, ödənişin məbləği, ödəmə şərtləri, podratçı və sifarişçinin öhdəlikləri, digər müddəalar öz əksini tapmışdır. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Bunlara baxmayaraq, cavabdeh bu günədək öz üzərinə düşən öhdəliyini yerinə yetirməkdən qəsdən boyun qaçırır. 2.13. Yekun forma 2 aktının cavabdeh tərəfindən təsdiq olunmamasına baxmayaraq, cavabdeh faktiki olaraq həmin akt üzrə işi iddiaçıdan qəbul etmişdir. Bu da öz növbəsində onu deməyə əsas verir ki, cavabdeh qəsdən həmin akta imza etməmiş və bununla da hesab etmişdir ki, aktın təsdiq olunmaması onu həmin akt üzrə iddiaçı qarşısında ödənişdən və məsuliyyətdən azad edəcəkdir. İddiaçı tərəfindən 3 nömrəli yekun forma 2 aktına əsasən ƏDV daxil 1 338 209,59 manat dəyərində işlər görülmüş, cavabdeh isə həmin məbləğdən hazırkı vaxtadək heç bir ödəniş etməmişdir. Ona görə də iddiaçının görülmüş işlər üzrə cəmi 1 338 209,59 manat məbləğində pul vəsaitini cavabdehdən tələb etmək hüququ haqlı, əsaslı və qanunidir. 2.14. Belə olan halda tərəflər arasında bağlanmış müqaviləyə əsasən, iddiaçı tərəfindən görülmüş işlər üzrə muzdun, çəkilmiş xərclər üzrə pulun, ödəmənin gecikdirilməsi üçün cərimənin və pulun tələbetmə hüququnun yarandığı tarixdən sonrakı dövrdə ödənməli olan pul vəsaitinin ödənilməsini gecikdirdiyinə faizin, əldən çıxmış faydaya görə mənfəətin cavabdehdən tələb edilməsi tam qanuni və əsaslıdır. 2.15. Beləliklə də tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LWC-2020/92 saylı “İşlər üzrə satınalma Müqavilə”sinin şərtləri cavabdeh tərəfindən kobud şəkildə pozulduğuna görə, cavabdehin iddiaçıya bu günədək ödənilməmiş 3 nömrəli yekun forma 2 üzrə - 1 338 209,59 manat məbləğində borcu yaranmışdır. 2.16. Əlavə olaraq iddiaçının tələbetmə müddətindən ödənilməsini gecikdirdiyinə görə cavabdehdən yuxarıda qeyd olunmuş 3 nömrəli yekun forma 2 üzrə ödənilməli pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faiz məbləği tutulmalıdır. xx.xx.2021 – xx.xx.2021 Bank uçot faiz dərəcəsi – 6,25; 109 x (1338209,59 / 365 x 6,25%) = 24977 manat; xx.xx.2021 – xx.xx.2021 Bank uçot faiz dərəcəsi – 6,5; 41 x (1338209,59 / 365 x 6,5%) = 9771 manat; xx.xx.2021 – xx.xx.2021 Bank uçot faiz dərəcəsi – 7; 49 x (1338209,59 / 365 x 7%) = 12575 manat; xx.xx.2021 – xx.xx.2022 Bank uçot faiz dərəcəsi – 7,25; 42 x (1338209,59 / 365 x 7,25%) = 11164 manat; xx.xx.2022 – xx.xx.2022 Bank uçot faiz dərəcəsi – 7,5; 49 x (1338209,59 / 365 x 7,5%) = 13474 manat; xx.xx.2022 – xx.xx.2022 Bank uçot faiz dərəcəsi – 7,75; 214 x (1338209,59 / 365 x 7,75%) = 60806 manat; xx.xx.2022 – xx.xx.2022 Bank uçot faiz dərəcəsi – 8; 49 x (1338209,59 / 365 x 8%) = 14372 manat; xx.xx.2022 – xx.xx.2023 Bank uçot faiz dərəcəsi – 8,25; 123 x (1338209,59 / 365 x 8,25%) = 37204 manat. Ümumilikdə müqavilə üzrə ödənilməli pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsinə əsasən faiz məbləği 184 343 manat təşkil edir. 2.17. Habelə tərəflər arasında bağlanmış müqavilənin xüsusi şərtlərinin 20.2 və 25ci bəndlərinə əsasən, Sifarişçi tərəfindən ödəmələrin gecikdirilməsinə görə hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1% həcmində cərimə ödənməlidir. 3 nömrəli yekun forma 2 üzrə (iddia verilən tarixə kimi şərti olaraq xx.xx.2021 – xx.xx.2023-ci il dövrü götürülərək, 676 gün hesablanmışdır) bir günlük cərimə məbləği - 1338,21 manat təşkil edir. Beləliklə, 676 x 1338,21 = 904630 manat pul vəsaiti də iddiaçıya ödənilməlidir. 2.18. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilə üzrə forma 2 aktları çıxılmaqla qalan məbləğin (7 397 863,07 AZN) 15% dəyərində mənfəət tələbi üzrə - 1109679,46 manat məbləğində pul vəsaiti də iddiaçıya ödənilməlidir. 2.19. Göstərilənlər barədə borc məbləğinin ödənilməsi üçün cavabdehə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərilmiş və iddiaçıya olan borc məbləğinin 5 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmiş, xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə də təklif olunmuşdur. Lakin cavabdeh mediasiya prosessində iştirak etməkdən imtina etmiş və buna dair mediator tərəfindən “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayış tərtib olunmuşdur.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 386, 390, 442, 445.2, 448.1-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

5. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 17 noyabr 2023cü il tarixli 2356 nömrəli Fərmanı ilə "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 yaradılması qərara alındığından Mülki Prosessual Məcəllənin 58-ci maddəsinin tələbinə əsasən məhkəmə "xxxx" ASC-ni hüquq varisi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X16 ilə əvəz etmişdir.

6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli satınalma müqaviləsi üzrə 3 nömrəli yekun forma 2 aktı əsasında 1 338 209,59 manat əsas borc, 904 630 manat cərimə, 1 109 679,46 manat mənfəət, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 184 343 manat olmaqla ümumilikdə 3 536 862,05 manat məbləğində pulun və 410 manat mediasiya xərcinin, 2149 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə “X6 Müdiriyyəti” X16 və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-25/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin “1 109 679,46 manat mənfəətin tutulması” hissəsində iş üzrə icraata xitam verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 802 manat pulun iddiaçıya qaytarılması qərara alınmışdır.

II. İşdə iştirak edən şəxslərin mövqeləri:

9. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahatlar verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, 2020-ci ilin dekabr və 2021-ci ilin mart ayı üzrə olan forma 2 aktlarında qeyd olunmuş işlər də 3 nömrəli yekun forma 2 aktında əks olunmuşdur. Belə ki, 3 nömrəli yekun forma 2 aktı arayışının “müqavilə tarixindən yekun” sütununda 2020-ci ilin dekabr və 2021-ci ilin mart ayı üzrə olan forma 2 aktlarında təsbit olunan işlər və hazırda dəyəri tələb olunan işlər, “əvvəlki yekun” sütununda yalnız 2020-ci ilin dekabr və 2021-ci ilin mart ayı üzrə olan forma 2 aktlarında təsbit olunan işlər qeyd olunmuş, “bu dövr” sütununda hazırkı iddia ilə dəyəri tələb olunan işlər əks olunmuşdur. Həmçinin xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə razıdır.

10. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X7 hazırlıq iclaslarında verdiyi izahda işlərin görülüb-görülmədiyinin müəyyən edilməsi üçün iş üzrə ekspertizanin təyin edilməsinin zəruri olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixli ekspert rəyi məhkəməyə daxil olduqdan sonra rəydə qeyd olunan tamamlanma işlərinin dəqiqləşdirilməsinə zərurətin olduğunu, iş üzrə əlavə ekspertiza təyin olunduqdan sonra isə xx.xx.2024-cü il tarixli ekspert rəyində görülmüş kimi qeyd olunan bəzi işlərin görülmədiyinin müəyyən olunduğunu bildirmişdir. Həmçinin məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, mebellərin bir hissəsi cavabdehə məxsus başqa binaya daşınmışdır. Bu mebellərin hansı mebellər olması onlara da tam məlum deyil. Ona görə də mebellərin dəyərini iddiaçının mebellərin alınmasına dair təqdim edəcəyi sənədlər əsasında müəyyən etmək mümkün olacaqdır.

11. Məhkəmə iclaslarında iştirak edən üçüncü şəxs “X6 Müdiriyyəti” X11 nümayəndəsi X8 mübahisə predmeti olan müqavilə üzrə onların hər hansı vəzifə daşımadıqlarını bildirdi və iddianın rədd olunmasını məhkəmədən xahiş etdi.

12. Üçüncü şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə üçüncü şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Podrat müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

14. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

15. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

16. İşin müəyyən olunan halları ondan ibarətdir ki: – iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli, LWC-2020/92 saylı “İşlər üzrə satınalma Müqavilə”si bağlanmış, müqaviləyə əsasən iddiaçı müqavilə üzrə dəyəri ƏDV daxil 10 532 655,34 manat məbləğində olan cavabdehin yeni inzibati binasının son tamamlama (tikinti-quraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) işlərini görməyi, cavabdeh isə həmin işləri (malların və xidmətləri) iddiaçıdan qəbul etməyi və iddiaçının təqdim etdiyi forma 2 aktına əsasən yerinə yetirilən işlərin məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda tərəflər arasında xx.xx.2020-ci il tarixli, LWC-2020/92 saylı müqavilənin xüsusi şərtlərinə dair Əlavə bağlanmış, həmin əlavəyə əsasən iddiaçı bu müqavilə üzrə götürdüyü öhdəlikləri icra etməyi, cavabdeh isə müqavilə üzrə ödəmələri iddiaçının təqdim etdiyi ödəniş sertifikatları əsasında aparmağı üzərinə öhdəlik götürmüşdür; – İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 4895301,44 manat borc məbləğinin və məhkəmə xərclərinin əvəzi qismində 3637,65 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 aprel tarixli, e-2-2(113)-1048/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2.840.668,72 manat borc məbləği və məhkəmə xərclərinin əvəzi qismində 2.110,56 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 yanvar tarixli, 2-2(103)-26/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 aprel tarixli, e-2-2(113)-1048/2022 saylı qətnaməsi qismən iddianın təmin edildiyi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə ƏDV daxil 1.513.682,64 manat əsas borc, 72.684,1 manat cərimə, 31.535,05 manat illik 5%-lə faiz borcu, cəmi 1.617.901,79 manat pul, 1.750 manat məhkəmə xərci tutulması qət edilmişdir, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 05 iyul tarixli, 2-2(102)-292/2023 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin X1 2023-cü il 18 yanvar tarixli, 2-2(103)-26/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. – Adıçəkilən iş üzrə 2020-ci ilin dekabr ayı üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktına (forma 2) əsasən iddiaçı tərəfindən 1 413 398,76 manat dəyərində tikinti-quraşdırma işlərinin yerinə yetirildiyi, təhvil alınmış işlərə görə ümumilikdə ƏDV daxil 282900 manat ödənildiyi, 1 130 498,76 manat borc qaldığı, 2021-ci ilin mart ayı üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktına (forma 2) əsasən, iddiaçı tərəfindən 383 163,88 manat dəyərində tikinti-quraşdırma işləri yerinə yetirildiyi, lakin dəyərinin ödənilmədiyi müəyyən olunmuş, iddia tələbinin əsas borcun tutulması hissəsində tam əsaslı olduğu müəyyən edilmişdir.

17. İddiaçı bildirir ki, 3 nömrəli yekun forma 2 aktı (yekun qəbul aktı) “müqavilə tarixindən yekun” sütununda 2020-ci ilin dekabr və 2021-ci ilin mart ayı üzrə olan forma 2 aktlarında təsbit olunan işlər və hazırda dəyəri tələb olunan işlər, “əvvəlki yekun” sütununda yalnız 2020-ci ilin dekabr və 2021-ci ilin mart ayı üzrə olan forma 2 aktlarında təsbit olunan işlər qeyd olunmuş, “bu dövr” sütununda hazırkı iddia ilə dəyəri tələb olunan işlər əks olunmuşdur. Əvvəlki məhkəmə mübahisəsi üzrə qüvvəyə minmiş məhkəmə qərarı ilə 2020-ci ilin dekabr və 2021-ci ilin mart ayı üzrə olan forma 2 aktlarında əks olunmuş işlərin dəyəri tutulmuşdur. Ona görə də 3 nömrəli yekun forma 2 aktının (yekun qəbul aktı) “bu dövr” sütununda qeyd olunmuş və dəyəri ödənilməmiş işlərin dəyərini təşkil edən 1 338 209,59 manat pul cavabdehdən tutulmalıdır. Həmçinin bildirir ki, dəyəri tələb olunan işlərin 502 785,61 manat hissəsini mebel avadanlıqlarına dair işlər təşkil edir.

18. Cavabdeh iddiaya etiraz edərək dəyəri tələb olunan işlərin bir hissəsinin görülmədiyini, mebel avadanlıqlarının cavabdehə məxsus digər binaya köçürüldüyünü, mebel avadanlıqlarına dair işlərin dəyərinin iddiaçının mebellərin dəyərinə dair təqdim edəcəyi sübutlar əsasında müəyyən edilə biləcəyini bildirir.

19. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia əsas borcun tutulması hissəsində qismən əsaslıdır.

20. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış “İşlər üzrə satınalma Müqavilə”si müqavilənin məzmunundan müəyyən edilən şərtlər baxımından podrat müqaviləsidir və hazırkı mübahisə podrat müqaviləsini tənzimləyən normalara istinad edilməklə həll edilməlidir. Belə ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı cavabdehin yeni inzibati binasının son tamamlama (tikinti-quraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) işlərini görməyi, cavabdeh isə həmin işləri (malların və xidmətləri) iddiaçıdan qəbul etməyi və iddiaçının təqdim etdiyi forma 2 aktına əsasən yerinə yetirilən işlərin məbləğini ödəməyi öhdəsinə götürmüşdür.

21. Məhkəmə tərəflərin mövqelərinə əsasən qeyd edir ki, hazırkı iş üzrə mübahisəli hallar 1) xx.xx.2020-ci il tarixli, LWC-2020/92 saylı podrat müqaviləsi üzrə 3 nömrəli yekun forma 2 aktının “bu dövr” sütununda qeyd olunmuş işlərin görülübgörülmədiyi, 2) podrat müqaviləsi üzrə şərtləşdirilən muzdun məbləği təşkil edir.

22. Mülki Məcəllənin 752-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.

23. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı).

24. Podrat müqaviləsi üzrə yerinə yetirilmiş işin qəbul edilməsindən bəhs edən Mülki Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

25. Məhkəmə qeyd edir ki, yekunlaşdırılmış işlərlə bağlı tərtib edilmiş 3 nömrəli yekun forma 2 aktı (yekun qəbul aktı) cavabdeh tərəfindən təsdiq edilməmiş, həmin aktın “bu dövr” sütununda təsbit edilmiş görülmüş işlərin dəyərinin 1 338 209,59 manat olduğu qeyd edilmişdir. Cavabdeh bu işlərin həcmini mübahisələndirdiyindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyun 2024-cü il tarixli 3-16-16/2-10/9826 saylı ekspert rəyinə əsasən iş materiallarının 130-145-ci vərəqlərinə əlavə edilmiş yekun forma 2 aktının “bu dövr” sütununda qeyd edilmiş tikinti-təmir işləri ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin yeni inzibati binasında tamamlama işləri) görülmüş (görülmüş işlərdə qismən tamamlama işləri qalmış və həmin işlər texnologiya uyğun digər təmir-tikinti işləri yekunlaşdıqdan sonra tamamlana bilər), təmir-tikinti işlərinin ümumi dəyəri 649 226,425 (ƏDV-siz) və 766 087,18 (ƏDV daxil) manat məbləğində müəyyən olunur (görülmüş işlərdə qismən tamamlanmalı işlərin dəyəri forma 2 aktlarında ayrı-ayrılıqda göstərilmədiyindən, həmin işlərin dəyərini ayrı-ayrılıqda müəyyən etmək mümkün deyildir), forma 2 aktlarında qeyd olunan mebel avadanlıqlarının dəyərinin müəyyən edilməsi tikinti-texniki ekspertin səlahiyyətinə aid olmadığından həmin mebellərin dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılmadı.

26. Adıçəkilən ekspert rəyində qismən tamamlanmalı işlərlə bağlı qeyd olunanlara aydınlıq gətirilməsi və mebel avadanlıqlarının dəyərinin müəyyən edilməsi üçün Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadları ilə müvafiq olaraq iş üzrə əlavə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizası üzrə 14 iyun 2024-cü il tarixli rəy verildiyinə, məhkəməəmtəəşünaslıq ekspertizası üzrə isə tədqiqat obyektlərinin yerləşdiyi binaya getdikdə, iş materiallarında olan yekun forma 2 aktının “bu dövr” sütununda qeyd edilən mebel və avadanlıqların həmin sənədlərdəki göstəricilərə uyğun olaraq təqdim edilməsi mümkün olmadığından tədqiqat aparılmasının mümkün olmadığına istinad edərək məhkəmə ekspertizasının aparılmasından imtina etmişdir.

27. Bundan sonra cavabdeh tərəf Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyun 2024-cü il tarixli 3-16-16/2-10/9826 saylı ekspert rəyinin əsaslandırıcı hissəsində qeyd olunan bəzi işlərin görülmədiyinə istinad edərək iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini xahiş etmiş, mebel və avadanlıqların təqdim edilməməsinin səbəb və əsaslarının müəyyən edilməsi üçün məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi mebel və avadanlıqların bir hissəsinin cavabdehə məxsus başqa binaya daşındığını, buna görə təqdim edilməsinin mümkün olmadığı, bu mebellərin hansı mebellər olmasının onlara da tam məlum olmadığını, yalnız iddiaçının mebel və avadanlıqların alınması ilə bağlı sübut təqdim edəcəyi halda, dəyərinin müəyyən edilməsinin mümkün olduğu bildirmişdir.

28. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

29. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

30. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;

31. Konstitusiya Məhkəməsi göstərmişdir ki, Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərar).

32. Mülki Prosessual Məcəllənin 47.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.

33. Qeyd olunan normaların tələbinə əsasən məhkəmə qeyd edir ki, maddi və prosessual hüquqlardan sui-istifadə edilməsi yolverilməzdir və öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidirlər. Bu mənada məhkəmə cavabdehin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyun 2024-cü il tarixli 3-16-16/2-10/9826 saylı ekspert rəyində qeyd olunan bəzi işlərin görülmədiyinə istinad edərək təkrar ekspertiza təyin edilməsinə dair mövqeyinə münasibətdə qeyd edir ki, adıçəkilən ekspert rəyi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, cavabdeh tərəfindən rəyin əsaslılığı şübhə altına alınmamış, rəyə etiraz edilməmişdir. Yalnız əlavə ekspertizalar üzrə tədqiqatın aparılmasından imtina edildikdən sonra (mübahisələndirilən rəy məhkəməyə daxil olduqdan 9 ay sonra) cavabdeh qeyd olunan mövqedən çıxış edərək rəyi şübhə altına almağa çalışmışdır.

34. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin mövqeyi hüquqdan sui-istifadə olmaqla əsassızdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyun 2024-cü il tarixli 3-16-16/2-10/9826 saylı ekspert rəyi əsaslıdır.

35. Eyni zamanda, qeyd olunan ekspert rəyində qismən tamamlanmalı işlərlə bağlı göstərilənlərə aydınlıq gətirilməsi üçün iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizası üzrə 14 iyun 2024-cü il tarixli rəy verildiyinə istinad edərək məhkəmə ekspertizasının aparılmasından imtina etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin mövqeyindən aydın olur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyun 2024-cü il tarixli 3-16-16/2-10/9826 saylı ekspert rəyində müəyyən edilən məbləğ məhz görülmüş işlərin dəyərini təşkil edir. Həmçinin məhkəmə nəzərə alır ki, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən pozulmuş, məhz buna görə iddiaçı tərəfindən işlərin tamamlanması mümkün olmamışdır. Belə olan halda, görülmüş işlərdə qismən tamamlanmalı işlərin mövcudluğu iddiaçının ziyanına şərh edilə bilməz. Odur ki məhkəmə belə qənaətə gəlir ki, mebel və avadanlıqlar istisna olmaqla görülmüş işlərin dəyəri ekspert rəyinə uyğun olaraq 766 087,18 (ƏDV daxil) manat təşkil edir.

36. Bundan başqa, görülmüş işlərin tərkibinə daxil olan mebel avadanlıqlarının dəyəri ilə bağlı məhkəmə bildirir ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə mebel və avadanlıqların həmin sənədlərdəki göstəricilərə uyğun olaraq təqdim edilməsinin mümkün olmadığından məhkəmə ekspertizasının aparılmasından imtina edilmiş, cavabdehin nümayəndəsi mebel və avadanlıqların bir hissəsinin cavabdehə məxsus başqa binaya daşındığını, buna görə təqdim edilməsinin mümkün olmadığı, bu mebellərin hansı mebellər olmasının onlara da tam məlum olmadığını, yalnız iddiaçının mebel və avadanlıqların alınması ilə bağlı sübut təqdim edəcəyi halda dəyərinin müəyyən edilməsinin mümkün olduğu bildirmişdir.

37. Məhkəmə cavabdehin qeyd olunan hərəkətini də hüquqidan sui-istifadə kimi qiymətləndirir və qeyd edir ki, mebel və avadanlıqların dəyərinin müəyyən edilməsi üçün Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələbinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

38. Qeyd olunan normanın tələbini hazırkı işin hallarına tətbiq edən məhkəmə bildirir ki, podrat müqaviləsi üzrə görülmüş işləri təhvil almaq öhdəliyi daşıyan cavabdeh görülmüş işin təhvil alınmaması nəticəsində işin dəyəri ilə bağlı yarana biləcək riski də daşımalıdır. Həmçinin görülmüş işlər və onun dəyəri ilə bağlı tərəflər arasında mübahisəyə məhkəmədə baxıldığı halda, cavabdehin işin nəticəsi olan mebel və avadanlığı başqa ünvana daşıması, həmin əşyaların tərkibinə aydınlıq gətirə bilməyib ekspertiza tədiqatına təqdim etməməsi və görülmüş işin dəyərinin müəyyən edilməsinə maneə yaratması iddiaçının ziyanına şərh oluna bilməz.

39. İddiaçının məhkəməyə təqdim etdiyi “yekun qəbul aktı (mebel hissəsi)”ndən görünür ki, mebel və avadanlıqlarla bağlı görülmüş işlərin dəyəri 502 785,61 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mebel və avadanlıqlarla bağlı görülmüş işin dəyəri 502 785,61 manat müəyyən olunmalıdır.

40. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin olunmalı, 1 268 872,79 (766 087,18 + 502 785,61) manat əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

b) Podrat müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

41. İddia ərizəsində iddiaçı 904 630 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

42. Tərəflər arasında bağlanmış müqavilənin xüsusi şərtlərinin 25-ci bəndində satınalma müqaviləsi üzrə cavabdeh tərəfindən ödəmələrin gecikdirilməsinə görə cərimə sanksiyaları və məbləği hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1%, cərimə məbləğinin yuxarı həddi ümumi müqavilə məbləğinin 10% kimi razılaşdırılmışdır .

43. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

44. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

45. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

46. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, iş üzrə mediasiya sessiyası keçirilmiş, cavabdeh ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin cavabdeh tərəfindən öhdəliyin uzun müddət icra edilməməsinə baxmayaraq, iddiaçı da uzun müddət sonra – xx.xx.2023-cü il tarixdə məhkəmə müraciət etməklə, dəbbə pulunun artmasına rəvac vermişdir. Eyni zamanda cərimə məbləğinin yuxarı həddi müqavilə məbləğinin 10% kimi razılaşdırılmışdır.

47. Məhkəmə hesab edir ki, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri nəzərə alındığında cərimə məbləğinin 64000 manat müəyyən olunması ağlabatan və ədalətlidir.

48. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 64000 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

c) Podrat müqaviləsi üzrə qanuni faiz məbləğinin tutulması tələbi ilə bağlı

49. İddiaçı iddia ərizəsində Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq əsas borca illik 5 faizlə hesablanmış 184343 manat məbləğində pulun da tutulmasını tələb edir.

50. Mülki Məcəllənin (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan - xx.xx.2023-cü tarixədək olan redaksiyası) 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

51. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

52. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.

53. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir.

54. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir.

55. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur.

56. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilənin 13.1-ci maddəsində qeyd edilmişdir ki, müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində lakin 30 bank günündən gec olmamaq şərt ilə aparılır. 13.4-cü bənddə qeyd edilir ki, müqavilə icraçı və ya sifarişçi tərəfindən ləğv olunarsa, tərəflər müqavilənin xüsusi şərtlərində göstərildiyi qaydada ödənişlərin (o cümlədən avans və digər ödənişlərin) məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənələr tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 15 bank günü müddətində ödənilir. Lakin işgüzar münasibət bu yöndə olmamış, adıçəkilən müqavilənin bəndləri faktiki olaraq tətbiq edilməmişdir.

57. İddiaçının xx.xx.2023-cü il tarixdə pulun tələb edilməsi barədə pretenziya məktubunu cavabdehə X2 Sistemi vasitəsilə çatdırmaqla pulu tələb etməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq həmin tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmaqla iddiaçının iddia ərizəsini dəqiqləşdirdiyi müddətin sonu olan xx.xx.2025-cü il tarixə qədər (cavabdeh də ərizənin icraata qəbul edilməsinə etiraz etməmişdir) 787 gün üçün həyata keçirilməlidir. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 136 794,92 (1268872,79 manat *5% / 100% / 365 gün * 787 gün) manat təşkil edir.

58. Lakin məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi yalnız o halda tətbiq edilə bilər ki, kreditor digər əsaslardan çıxış edərək daha böyük pul məbləğini tələb edə bilməsin və ya tərəflərin razılığı ilə ayrı qayda nəzərdə tutulmasın. Hazırkı halda iddiaçı tərəflər arasında bağlanmış müqaviləyə istinad etməklə cərimə tələb etmiş, məhkəmə tərəfindən isə tələb 64000 manat cərimə tutulması hissəsində əsaslı hesab edilmişdir. Ona görə də məhkəmə qeyd edir ki, əsas borca illik 5% ilə hesablanmış məbləğin cərimə ilə əhatə olunmayan hissəsi əsaslı olmaqla cavabdehdən tutula bilər.

59. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borca illik 5% ilə hesablanmış məbləğ 72794,92 (136794,92 – 64000) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

d) Məhkəmə xərcləri ilə bağlı

60. İddiaçı eləcə də 2149 manat məbləğində rüsumun, 410 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.

61. İş materiallarından görünür ki, iddiaçı 2149 manat dövlət rüsumu, 410 manat mediasiya xərci ödəmişdir.

62. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

63. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

64. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

65. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

66. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

67. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

68. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 14 iyun 2024-cü il tarixli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.

69. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

70. Həmin Məcəllənin 115.0, 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.

71. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia qiymətləndirilən iddia olmaqla “Dövlət rüsumu haqqında” Qanunun 8.1.5-ci maddəsinə əsasən ödənilməli dövlət rüsumunun məbləği 2559 manat təşkil etmişdir. İddiaçı isə 410 manat mediasiya xərci ödədiyindən həmin məbləğdə dövlət rüsumu ödəməkdən azad olmuş, 2149 manat dövlət rüsumu ödəmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 25/2025 nömrəli qərardadı ilə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 802 manat pulun iddiaçıya qaytarılması qərara alınmışdır.

72. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

73. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

74. İş materialları ilə müəyyən olunur ki, görülmüş işlərinin dəyərinin lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş, mediasiya sessiyası keçirilmiş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuş, tələb olunan sənədləri göndərməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edilməli və məhkəmə xərcləri tam olaraq cavabdehdən tutulmalıdır.

75. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1347 manat, mediasiya xərcinin əvəzi olaraq 410 manat məbləğində pul cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 tutularaq İddiaçınə, ekspertiza xərci olaraq 100 manat məbləğində pul cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

V. Nəticə:

76. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X16 arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli satınalma müqaviləsi üzrə 3 nömrəli yekun forma-2 aktı əsasında 1 268 872,79 manat əsas borc, 64000 manat cərimə, əsas borca illik 5% ilə hesablanmaqla 72794,92 manat pul olmaqla ümumilikdə 1405667,71 manat məbləğində pul cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1347 manat, mediasiya xərcinin əvəzi olaraq 410 manat məbləğində pul cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 tutularaq İddiaçınə ödənilsin. Ekspertiza xərci olaraq 100 manat məbləğində pul cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar