Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2500/2022 30.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiaçı ilə cavabdeh arasında 04 yanvar 2021-ci il tarixli KTAKTT20/2561 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsinə əsasən 111,148.29 manat icra edilməmiş öhdəliyi, həmçinin, xx.xx.2022-ci il tarixə qədər 48,772.50 manat gecikdirilmiş əsas borcu, 3029.85 manat gecikdirilmiş günlərə görə cərimə borcu nəzərə alınmaqla, ümumilikdə 162,950.64 manat öhdəliyin və 400 manat məbləğində ödənilmiş mediasiya xərcinin, həmçinin 53 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış 04 yanvar 2021-ci il tarixli KTA-KTT-20/2561 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsinə xitam verilməsi və lizinq predmetini təşkil edən Greencon markalı parnikdaxili suvarma sisteminin saz və işlək vəziyyətdə iddiaçıya geri qaytarılması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında 04 yanvar 2021-ci il tarixli KTAKTT20/2561 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsinə əsasən 111,148.29 manat icra edilməmiş öhdəliyi, həmçinin, xx.xx.2022-ci il tarixə qədər 48,772.50 manat gecikdirilmiş əsas borcu, 3029.85 manat gecikdirilmiş günlərə görə cərimə borcu nəzərə alınmaqla, ümumilikdə 162,950.64 manat öhdəliyin və 400 manat məbləğində ödənilmiş mediasiya xərcinin, həmçinin 53 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış 04 yanvar 2021-ci il tarixli KTA-KTT-20/2561 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsinə xitam verilməsi və lizinq predmetini təşkil edən Greencon markalı parnikdaxili suvarma sisteminin saz və işlək vəziyyətdə iddiaçıya geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 04 yanvar 2021-ci il tarixli KTA-KTT-20/2561 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd Greencon parnikdaxili suvarma sistemi cavabdehə 24 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan suvarma sistemi 04 yanvar 2021-ci il tarixli Lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 1717500.00 manat təşkil etmişdir. Həmin məbləğin 681700.00 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 515800.00 manat məbləğində ilkin ödəniş və 85875.00 manat müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətə ödənilmişdir. Tərəflər arasında bağlanmış 04 yanvar 2021-ci il tarixli KTA-KTT-20/2561 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi”nin 2-ci bəndinin 2-ci qeydinin şərtinə əsasən lizinq alanın lizinq verən qarşısında yaranmış öhdəliyinin həcmi 111,148.29 manat təşkil edir. Eyni zamanda, cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir, nəticədə xx.xx.2022-ci il tarixinə cavabdehin lizinq müqaviləsi üzrə 48,772.50 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin 11.3-cü bəndinə görə, Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin xx.xx.2022-ci il tarixinə qədər 3029.85 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2022-ci il tarixli, PLX-22/0034 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə, saat 15:00-a təyin edilmiş mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. Tərəflərindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 400 manat həcmində mediasiya xərci ödənmişdir. Beləliklə, cavabdeh iddiaçı qarşısında 04 yanvar 2021-ci il tarixli KTA-KTT-20/2561 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi”nə əsasən 111,148.29 manat icra edilməmiş öhdəliyi, 48,772.50 manat gecikdirilmiş əsas borcu, 3029.85 manat gecikdirilmiş günlərə görə cərimə borcu yaransa da, cavabdeh həmin ödənişləri icra etməkdən yayınır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 04 yanvar 2021-ci il tarixli KTA-KTT- 20/2561 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi”ndən görünür ki, iddiaçı cavabdeh tərəfindən seçilmiş və Abşeron rayonu, 3 nömrəli Qala Zeytunçuluq sovxozu ərazisində (Parnikin ümumi ərazisi; 63984 kv.metr, Suvarılan ərazi; 57851.2 kv.m) quraşdırılan kənd təsərrüfatı təyinatlı Greencon markalı parnik daxili suvarma sistemini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, cavabdeh isə lizinq obyektini bu Lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdələrinə götürmüşlər. Ödəniş cədvəlindən görünür ki, cavabdeh tərəfindən lizinq haqları xx.xx.2022-ci il tarixədək ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixli TTA-KTA-KTT-20/2561 saylı Təhvil-təslim aktındən görünür ki, iddiaçı tərəfindən Greencon markalı parnik daxili suvarma sistemi cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən həmin avadanlıq təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, cavabdehin 04 yanvar 2021-ci il tarixli KTAKTT20/2561 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsinə əsasən 111,148.29 manat icra edilməmiş öhdəliyi, həmçinin, xx.xx.2022-ci il tarixə qədər 48,772.50 manat gecikdirilmiş əsas borcu, 3029.85 manat gecikdirilmiş günlərə görə cərimə borcu, ümumilikdə 162,950.64 manat öhdəliyi vardır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 04 yanvar 2021-ci il tarixli KTA-KTT-20/2561 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi” bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdeh tərəfindən seçilmiş və Abşeron rayonu, 3 nömrəli Qala Zeytunçuluq sovxozu ərazisində (Parnikin ümumi ərazisi; 63984 kv.metr, Suvarılan ərazi; 57851.2 kv.m) quraşdırılan kənd təsərrüfatı təyinatlı Greencon markalı parnik daxili suvarma sistemini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, cavabdeh isə lizinq obyektini bu Lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən suvarma sistemi xx.xx.2020-ci il tarixli TTA-KTA-KTT-20/2561 saylı Təhvil-təslim aktı ilə cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən həmin sistem təhvil alınmışdır. Tərəflərin razılığı əsasında ödənişlər müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Cavabdeh müqaviləyə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də lizinq müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları lizinq obyektini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş lizinq obyektinə görə lizinqverən qarşısında lizinq obyektinin dəyərini ödəməyi öhdəliyi daşıyır. İddiaçı cavabdehə lizinq obyektini verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan X4 müqaviləsinə istinad edir. İş materiallarında olan sənədlərlə cavabdehin 04 yanvar 2021-ci il tarixli KTA-KTT- 20/2561 nömrəli X4 Müqaviləsinə əsasən yaranmış 111,148.29 manat icra edilməmiş öhdəliyi, həmçinin, xx.xx.2022-ci il tarixə qədər 48,772.50 manat gecikdirilmiş əsas borcu müəyyən olunur. Məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissələrdə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlir. Belə ki, müqavilənin 11.3-cü bəndinə görə, Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu 3029.85 manat dəbbə pulu məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin müqaviləyə xitam verilməsi və lizinq obyektinin geri qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun lizinq obyektini qaytarmaq vəzifəsi, həmin obyektdən istifadə hüquqlarına xitam verilməsi və onun qaytarılması üçün əsas yaranmışdır. Cavabdeh öhdəliyini yerinə yetirməmiş və bu hal, lizinq verənin lizinq obyektini geri almaq, bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək tələblərinin qanuni əsasının (Mülki Məcəllənin 748-1.12.4-cü maddəsi) dispozitiv şərtlərinin mövcudluğunu təsdiq edir. Başqa sözlə, iddia tələbi X4 Müqaviləsinin ləğv edilməsi, lizinqə verilmiş lizinq obyektinin iddiaçıya qaytarılması” hissəsində təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 04 yanvar 2021-ci il tarixli KTAKTT20/2561 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi”nə əsasən 111,148.29 manat icra edilməmiş öhdəliyi, xx.xx.2022-ci il tarixə qədər 48,772.50 manat gecikdirilmiş əsas borcu, 3029.85 manat gecikdirilmiş günlərə görə cərimə borcu, cəmi 162,950.64 manat və 400 manat məbləğində ödənilmiş mediasiya xərci, 53 manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 04 yanvar 2021-ci il tarixli KTAKTT20/2561 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi”nə xitam verilsin. Lizinq predmeti olan Greencon markalı parnikdaxili suvarma sistemi saz və işlək vəziyyətdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2500/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2500/2022
30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver