Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2500/2023 23.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “müqavilə üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yükdaşıma müqaviləsi, dəbbə pulu, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, cavabdehin nümayəndəsi iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “müqavilə üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddia tələbini təmin edib, yükdaşıma xidmətlərinə görə yaranmış 14220 manat məbləğində əsas borcun, əsas borcu gecikdirdiyinə görə hesablanmış 1422 manat dəbbə pulunun və dövlət rüsumu kimi ödənilmiş 200 manat məbləğində pulun Cavabdeh QSC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC (əvvəllər MMC olub) ilə aralarında yükdaşıma xidmətlərinin göstərilməsinə dair xx.xx.2020-cü il tarixli, AT-YD 90/20 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdehin verdiyi sifarişlər tərəflərindən tam icra olunaraq ona kompleks yükdaşıma və evakuasiya xidmətləri göstərilmişdir. Həmçinin, göstərilən xidmətlər cavabdeh tərəfindən tam qəbul edilmiş və vaxtaşırı olaraq yeni sifarişlər vermişdir. Bununla bağlı, icra olunmuş xidmətlərin tam qəbul edilməsi barədə cavabdehlə aralarında üzləşmə aktları tərtib edilmiş və cavabdeh tərəfindən təsdiq edilmişdir. Lakin, müqavilənin şərtlərinə uyğun olaraq göstərilən xidmətlərin haqqı cavabdeh tərəfindən müxtəlif bəhanələrlə yubadılaraq vaxtında odənilməmiş və buna görə də cavabdehin hal-hazırda 14220 manat dəyərində əsas borcu yaranmışdır. Bununla bağlı, tərəflərindən dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş, eləcədə qəbul etdiyi xitmətlərin haqqını vaxtında və könüllü ödəməmişdir. Bundan əlavə, edilən bütün tələb və xəbərdarlıqlardan müxtəlif bəhanələrlə yayınan cavadeh həmin borc məbləğini ödəməkdən yayındığına görə müqavilənin şərtlərinə uyğun olaraq gecikdirilmiş əsas borc məbləğinin üzərinə hər gün üçün 1% olmaqla, 1422 manat dəbbə pulu (penya) hesablanmışdır. Hazırkı məsələnin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün yaranmış borcun könüllü şəkildə tam ödənilməsi barədə cavabdehə müxtəlif tarixli pretenziya məktubu göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin, məsələnin məhkəmədən kənar nizama salınması üçün atılan addımlar da, nəticəsiz qalmış və yaranmış borc məbləği cavabdeh tərəfindən könüllü şəkildə ödənilməmişdir. Bununla da, cavabdeh iddiaçının maliyyə durumunu pisləşdirməklə bərabər, Azərbaycan Respublikası Mülki qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur.
3. Cavabdehin nümayəndəsi tərəfindən iddia ərizəsinə verdiyi etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC iddia tələbi ilə cavabdeh “Fasad-F" QSC-dən yükdaşıma xidmətlərinə görə yaranmış 14220 manat məbləğində əsas borcun, əsas borcu gecikdirdiyinə görə hesablanmış 1422 manat dəbbə pulunun və dövlət rüsumu kimi ödənilmiş 200 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsassız olduğundan rədd edilməlidir. İddiaçının iddia ərizəsində də qeyd edildiyi kimi İddiaçı MMC ilə Cavabdeh QSC arasında “yükdaşıma xidmətlərinin göstərilməsinə dair” xx.xx.2020-ci il tarixli, AT- YD 90/20 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “Fasad-F" QSC olaraq verilən sifarişlər iddiaçı tərəfindən tam icra olunaraq kompleks yükdaşıma və evakuasiya xidmətləri göstərildiyi qeyd edilsə də, qeyd olunanlar həqiqəti kəsb etmir. İlk öncə “Fasad-F" QSC-nin İddiaçı MMC-yə real olaraq qaimə üzrə 10623 manat borc məbləği təşkil edir. Lakin vacib məqamlardan biri İddiaçı MMC tərəfindən cavabdehə məxsus olan 2700 manat dəyərində armaturlar oğurlanmışdır. Hansı ki, “Azcargo logistics and management services" MMC iddia qaldırdığı zaman dəyən zərəri gözdən çıxarmış və yalnız öz mənafelərini düşünərək formal rəqəmlər hesablayaraq iddia qaldırmışdır. Belə ki, İddiaçı MMC-nin vurduğu zərər nəzərə alındıqda, yəni qaimə üzrə real borc məbləğ olan 10.623 manat məbləğin 2700 manat məbləğini dəymiş zərərə hesablansa Cavabdeh QSC-nin "Azcargo logistics and management services” MMC-yə borc məbləği 7923 manat təşkil edir. Bundan başqa sifariş olunan mal-materiallar "xxxx" MMC tərəfindən düzgün və yararlı formada çatdırılmayıb. Bu səbəbdən də iddiaçı tərəfindən yaradılan xətalar ucbatından müəssisənin işlərində bir sıra problemlər və aqsaqlıqlar yaranmışdır. Son olaraq, iddiaçı olan İddiaçı MMC tərəfindən ‘‘üzləşmə aktı ” tərtib edilmişdir, həmin tərtib edilən üzləşmə aktının alt sənədləri belə mövcud deyildir. Bu da bir daha onu təsdiq edir ki, iddiaçı öz qanunsuz hərəkətini (hərəkətsizliyini) örtbasdır edərək əsassız olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddia ərizəsində yanlış məlumatlar qeyd etməklə məhkəmənin və şirkətin vaxt itkisinə yönəldilmiş qərəzli hərəkət olması kimi qiymətləndirilməlidir. Bu səbəbdən də qaldırılmış iddia rədd edilərək işə mahiyyəti üzrə tam və obyektiv baxılmalıdır. Buna görə də İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “yükdaşıma müqaviləsi üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi tələbinə dair” iddia tələbində qeyd edilən borc məbləği əsassız hesab edərək, Cavabdeh QSC- yə dəymiş zərəri nəzərə almaqla, borc məbləğini real olaraq, yəni 7923 manat kimi hesablanması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi.
5. Məhkəmənin xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli hazırlıq iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirdi. Müqaviləyə əsasən cəmi 69826 manat məbləğdən 59203 manat cavabdeh tərfindən ödənilmişdir. Bundan əlavə, daşıma zamanı cavabdeh şirkətə zərər dəymişdir. Mallar Göygölə aparılarkən oğurluq hadisəsi baş vermişdir, cavabdeh şirkətin armaturlarının yolda itməsinə dair tərtib olunmuş akt vardır, eyni zamanda iddiaçı da öz təqsirli olduğunu boynuna almışdır. Tərəflər arasında endirim məsələsi də olmuşdur. Ödənilməmiş cəmi 7923 manat borc qalmalıdır. Hər iki tərəfin arasında imzalanmış akt mövcuddur ki, 3000 manat məbləğ güzəşt edilmişdir. Qüsur aktını, maliyyə sənədlərini, oğurluq hadisəsinin baş verməsini təsdiq edən sənədləri məhkəməyə təqdim edəcəyini bildirmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. "xxxx" MMC (İcraçı) ilə Cavabdeh MMC (Sifarişçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli. AT-YD 90/20 saylı müqavilə əsasən:
8. 1.Müqavilənin Predmeti
9. Həmin müqavilənin 1.1.-ci bəndinə əsasən icraçı sifaişçinin sifarişi əsasında ona məxsus yükləri və avadanlıqları daşımaqla yükdaşıma xidmətləri, texnika və avtomobilləri daşımaqla evakuasiya xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu Müqaviləin 4-cü bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür.
10. 2.Müqavilənin qüvvəyə minməsi, öhdəliklərin icrası müddəti və şərtləri
11. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfin onu imzaladığı gündən qüvvəyə minir və bir il müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsinə ən azı on gün qalmış ona xitam vermək haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda, müqavilənin müddəti eyni müddətə/müddətlərə uzadılmış hesab olunur.
12. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən icraçı daşıdığı yükü sifarişçinin nümayəndəsinə və ya onun göstərdiyi şəxsə təhvil verir. Hər bir və ya bir neçə daşımadan sonra göstərilmiş xidmətin təhvil verilməsi haqqında akt tərtib olunur, Sifarişçinin və İcraçının nümayəndələri tərəfindən imzalanır və rəhbər şəxslər tərəfindən təsdiq olunur.
13. 3.Tərəflərin hüquq və vəzifələri
14. 3.1.İcraşının hüquq və vəzifələri
15. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən göstərdiyi xidmətləri vicdanla və müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirir, onların lazımi səviyyədə və keyfiyyətdə olmasını təmin edir;
16. Həmin müqavilənin 3.1.2-ci bəndinə əsasən daşıma zamanı onun təqsiri və ya ehtiyatsızlığı, habelə üçüncü şəxlsərin hərəkətləri nəticəsində daşıma obyektinə dəymiş zərərin əvəzini ödəyir;
17. Həmin müqavilənin 3.1.3-cü bəndinə əsasən xidmətlərin göstərilməsini və təhvil verilməsini aktla rəsmiləşdirir.
18. Həmin müqavilənin 3.1.5-ci bəndinə əsasən şərtləşdirilmiş keyfiyyətdə və vaxtında icra edilmiş xidmətə görə razılaşdırılmış xidmət haqqının ödənilməsini sifarişçidən tələb etmək hüququ vardır;
19. 3.2.Sifarişçinin hüquq və vəzifələri
20. Həmin müqavilənin 3.2.1-ci bəndinə əsasən icraçı tərəfindən göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi bu müqavilənin 4.2 bəndində göstərilmiş qaydada tənzimlənir.
21. 4.Xidmət haqqı və hesablama qaydası
22. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən daşımanın həcmi xidmətin təhvil verilməsi haqqında aktlara əsasən müəyyən edilir və buna müvafiq olaraq göstərilmiş xidmət üzrə xidmət haqqı hesablanır.
23. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən göstərilmiş xidmətlər tərəflərin imza və möhürləri ilə təsdiq edilən təhvil və üzləşmə aktları ilə təsdiq edilir. Təhvil və üzləşmə aktları ilə təsdiq edilmiş xidmət haqqını 15 bank günü ərzində sifarişçi tərəfindən icraçıya nəğd ödəmə və ya köçürmə yolu ilə ödənilir.
24. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən sifarişçi təhvil və üzləşmə aktını aldığı tarixdən etibarən 3 iş günü müddətinə təsdiq etmədikdə və ya əsaslı imtina cavabı təqdim etmədikdə, göstərilmiş iş və xidmətlər sifarişçi tərəfindən təhvil alınmış, təhvil və üzləşmə aktı isə qəbul edilmiş hesab olunur.
25. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən xidmət haqqının ödənilməsi razılaşdırılmış vaxt ərzində həyata keçirilməzsə icraçı gecikdirilmiş hər günə görə sifarişçidən aylıq xidmət haqqının 0.2 faizi məbləğində peniya tələb etmək hüququna malikdir.
26. 5.Tərəflərin məsuliyyəti və onu istisna edən hallar
27. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən tərəflər müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiklərinə və ya lazımınca yerinə yetirmədiklərinə görə mülki-hüquq məsuliyyəti daşıyırlar və bunun nəticəsində digər tərəfə dəymiş zərərin əvəzini ödəməlidirlər.
28. Yükdaşıma xidmətinin qiymətlər cədvəlindən görünür ki, daşıma, manipulyator xidməti və fəhlə xidmətinin dəyəri razılaşdırılmış və hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
29. İddiaçı MMC ilə Cavabdeh QSC arasında təsdiq edilmiş göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 0754/04/1 nömrəli xx.xx.2021-ci il tarixli akta əsasən 4495 manat, 0754/04/3 nömrəli xx.xx.2021-ci il tarixli akta əsasən 4600 manat, 0699/04/3 nömrəli xx.xx.2021-ci il tarixli akta əsasən – 1275 manat, 0754/04/3 nömrəli xx.xx.2021-ci il tarixli akta əsasən – 8815 manat, 0754/06/3 nömrəli xx.xx.2021-ci il tarixli akta əsasən 5345 manat, 0754/07/3 nömrəli xx.xx.2021-ci il tarixli akta əsasən 4220 manat, 0754/08/3 nömrəli xx.xx.2021-ci il tarixli akta əsasən – 2870 manat, 0754/09/3 nömrəli xx.xx.2021-ci il tarixli akta əsasən – 1250 manat, 0754/10/2 nömrəli xx.xx.2021-ci il tarixli akta əsasən – 2290 manat, 0754/08/1 nömrəli xx.xx.2022-ci il tarixli akta əsasən 1790 manat, 0754/04/3 nömrəli xx.xx.2022-ci il tarixli akta əsasən 2940 manat, 0754/06/1 nömrəli xx.xx.2022-ci il tarixli akta əsasən 12475 manat, 0754/07/1 nömrəli xx.xx.2022-ci il tarixli akta əsasən 1015 manat dəyərində xidmətlər göstərilmişdir.
30. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli EBBX seriyalı 575673 saylı elektron qaiməyə (əsas hesab № H-0754/04/3) əsasən 2505 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 454532 saylı elektron qaiməyə (əsas hesab № H-0754/106/1) əsasən 8878 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCB seriyalı 091266 saylı elektron qaiməyə (əsas hesab № H-0754/07/1) əsasən 1015 manat dəyərində və xx.xx.2022-ci il tarixli EBCE seriyalı 454585 saylı elektron qaiməyə (əsas hesab № H-0754/08/1) əsasən 1790 manat dəyərində Cavabdeh QSC-yə xidmət göstərilmişdir.
31. İşdə olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, Ref №000İCZ122332055F saylı ödəniş tapşırığına əsasən 2000 manat (xx.xx.2022-ci il tarixli, EBBX seriyalı 575673 saylı elektron qaiməyə əsasən hesablanmış) və xx.xx.2022-ci il tarixli, Ref №000İCZ********** saylı ödəniş tapşırığına əsasən 2000 manat (xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı 454532 saylı elektron qaiməyə əsasən hesablanmış) məbləğində Cavabdeh QSC təəfindən "xxxx" MMC-yə ödənişlər edilmişdir.
32. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 09/06-1 saylı maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixli, AT-YD90/20 saylı yükdaşıma müqaviləsinə əsasən 2022-ci ildə MMC tərəfindən Cavabdeh QSC-yə xx.xx.2022-ci il tarixli 0754/04/3 saylı akt üzrə 2940 manat, xx.xx.2022-ci il tarixli 0754/06/1 saylı akt üzrə 12475 manat, xx.xx.2022-ci il tarixli, 0754/07/1 saylı akt üzrə 1015 manat, xx.xx.2022-ci il tarixli 0754/08/1 saylı akt üzrə 1790 manat olmaqla ümumilikdə 18220 manat dəyərində xidmət göstərilmişdir. Həmin aktlar üzrə Cavabdeh QSC tərəfindən cəmi 4000 manat ödəniş edildiyi və hazırda 14220 manat məbləğində borcun qaldığı qeyd olunmuşdur.
33. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
35. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;
36. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
37. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
38. 850.2-ci maddəsinə əsasən əgər həmin Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.
39. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.
40. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.
41. Tərəflər arasında xx.xx.2020-ci il tarixli AT-YD 90/20 saylı müqavilə bağlanmış və Həmin müqavilənin 1.1.-ci bəndinə əsasən icraçı sifaişçinin sifarişi əsasında ona məxsus yükləri və avadanlıqları daşımaqla yükdaşıma xidmətləri, texnika və avtomobilləri daşımaqla evakuasiya xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu Müqaviləin 4-cü bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında MMC tərəfindən Cavabdeh QSC-yə göstərilmiş xx.xx.2022-ci il tarixli 0754/04/3 saylı akt üzrə 2940 manat, xx.xx.2022-ci il tarixli 0754/06/1 saylı akt üzrə 12475 manat, xx.xx.2022-ci il tarixli, 0754/07/1 saylı akt üzrə 1015 manat, xx.xx.2022-ci il tarixli 0754/08/1 saylı akt üzrə 1790 manat olmaqla ümumilikdə 18220 manat dəyərində xidmətlərin dəyəri ödənilməmiş qalmışdır. Sonradan xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində Cavabdeh QSC tərəfindən hər dəfə 2000 manat olmaqla, 4000 manat ödəniş etmişdir və hazırda 14220 manat məbləğində borcu qalmışdır. Cavabdehin nümayəndəsi yazılı etirazında və şifahi izahatında gah borcun cəmi 10623 manat, gah 7923 manat olduğunu, daşınma zamanı onların mallarının oğurlandığını, daşınmanın düzgün həyata keçirilmədiyi nəticəsində cavabdeh şirkətə ziyanın dəydiyini, "xxxx" MMC tərəfindən Cavabdeh QSC-yə borc məbləğindən müəyyən gədər qüzəşt edilməsini, tərəflər arasında borca dair müəyyən aktın mövcüdluğunu bildirsə də, məhkəmə tərəfindən sırf cavabdeh tərəfindən həmin sübutların təqdim edilməsi üçün hazırlıq iclaslarını təxirə salsa da, deyilənlərə və ödənişlərə (nəyə görə borcun 14220 manat deyil, 10623 manat və ya 7923 manat olmasına) dair sübutlarını məhkəməyə təqdim etməmişdir.
42. Beləliklə, məhkəmə cavabdehin etirazında iddiaçı tərəfindən ona 2700 manat dəyərində armaturların oğurlanmasına görə ziyan vurulması dəlili ilə bağlı qeyd edir ki, cavabdehin bu dəlili sadəcə formal mülahizələrə əsaslanır, borc məbləğinin ödənilməsindən yayınmaq kimi qiymətləndirir. Belə zərər mövcud olmuş olsa idi müqavilənin 3.1.2-ci bəndinə əsasən cavabdeh iddiaçıdan daşıma obyektinə dəymiş zərərin əvəzini tələb edə bilərdi, lakin nə həmin fakta dair, nə də ki, dəymiş zərərin tələb edilməsinə dair hər hansı sənəd-sübut təqdim etməmişdir.
43. Cavabdehin digər ziddiyətli dəlili isə iddiaçı tərəfindən yüklərin düzgün və yararlı formada çatdırılmaması ilə bağlı olmuşdur. Buna dair cavabdeh yenə tutarlı faktlar ortaya qoymamış, hansı daşıma xidməti üzrə və ziyanın məbləğinin nə qədər təşkil etməsi və müqavlənin 4.4-cü bəndində qeyd olunduğu kimi üzləşmə aktlarının qəbulundan imtina etmə hüququ olduğu halda, belə imtınanın edilməsi ilə bağlı məhkəməyə sübutlar təqdim etməmiş.
44. Üzləşmə aktının alt sənədlərinin olmaması dəlili bağlı isə məhkəmə hesab edir ki, iddiaçının bü dəlili də əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü, 4.2-ci və 4.3-cü bəndinə üşləşmə aktına hər hansı alt sənəd əlavə edilməsi nəzərdə tutulmamışdır.
45. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – təhvil-təslim aktları, elektron qaimələrlə təsdiqini tapdığı üçün, iddia tələbinin 14220 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
46. Bununla yanaşı, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli. AT-YD 90/20 saylı müqavilənin 4.6-cı bəndinə əsasən hesablanmış 1422 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
47. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
48. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
49. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
50. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu müqavilə üzrə 711 manat məbləğində müəyyən edilməlidir.
51. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 14220 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 14220 manat əsas bоrc, 711 manat dəbbə pulu, cəmi 14931 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
54. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən 14220 (on dörd min iki yüz iyirmi) manat əsas borc məbləği, 711 (yeddi yüz on bir) manat məbləğində dəbbə pulu olmaqla cəmi 14931 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Günay Namazova