Məhkəmə qərarları › İş №e-2-2(113)-2504/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2504/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2504/2024 03.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 19 iyul 2023-cü il tarixli MAS-6025 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 oktyabr 2023cü il tarixə 232.68 manat gecikdirilmiş əsas, 169.95 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 421.17 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar LX” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 895.83 manat, ümumilikdə 1719.63 manat borc və ödənilmiş 37.20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 iyul 2023-cü il tarixli MAS-6025 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 19 % mükafat məbləği hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 403.22 manat, ümumilikdə isə 16416 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 16416 manatın 12900 manatı əsas məbləğ təşkil edir. Cavabdehmüvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar LX” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil 04 oktyabr 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 895.83 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS-6025saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 oktyabr 2023-cü il tarixə ümumilikdə 823.80 manat məbləğində gecikmə borcu yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi yazılı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Hazırkı iş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının tərəflərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli MAS-6025 nömrəli daxili lizinq müqaviləsinə əsasən, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür.

8. Müqavilənin 1.3-cü bəndinə əsasən bu lizinq müqaviləsinin əsas məbləği 12900 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 1900 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 1900 manat lizinq ödəniş lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qlan məbləğə 36 ay müddətinə illik 19% həcmində mükafat məbləği hesablanır.

9. Müqaviləninn 4.4.2-ci bəndinə əsasən lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəmək lizinq alanın vəzifəsidir.

10. xx.xx.2023-cü il tarixli MAS-6025 nömrəli daxili lizinq müqaviləsinə 01 saylı xx.xx.2023-cü il tarixli Əlavəyə əsasən təchiz ediləcək əmlakın ümumi dəyəri 12900 manat təşkil edir.

11. xx.xx.2023-cü il tarixli MAS-6025 nömrəli daxili lizinq müqaviləsinə 03 saylı xx.xx.2023-cü il tarixli Əlavədə lizinq ödənişləri üzrə əsas, mükafat məbləğləri öz əksini tapmışdır.

12. 19 iyul 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, tərəflər arasında “Khazar LX” markalı markalı, 90PN586 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimi aparılmışdır.

13. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, 99PN586 dövlət nömrə nişanlı minik avtomobilinə servis mərkəzində ilkin texniki baxış zamanı aşkar olunmuşdur ki, avtomobilə dəymiş zərər 895,83 manat təşkil edir.

14. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, tərəflər arasında Khazar LX markalı 99- PN-586 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimi aparılmışdır, avtomobilin 4 ədəd disk və təkəri yoxdur və avtomobil Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, R.Salmanov 1A ünvanında götürülmüşdür.

15. İddiaçı tərəfindən Azərbaycan Respublikası DİN Qaradağ rayon Polis İdarəsinin 10- cu Polis Şöbəsinin rəisinə göndərdiyi 04 oktyabr 2023-cü il tarixli 2494 nömrəli məktubdan görünür ki, Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş “Khazar LX” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı evin həyətində hissələrə ayıraraq satmaqdadır.

16. İddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli 622 nömrəli arayışdan görünür ki, cavabdehin 19 iyul 2023-cü il tarixli MAS-6025 saylı daxili lizinq müqaviləsi üzrə 04 oktyabr 2023-cü il tarixə gecikdirilmiş əsas borcu 232,68 manat, mükafat borcu 169,95 manat, cərimə borcu 421,17 manat olmaqla, ümumilikdə borcu 823,80 manat təşkil edir.

17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/3613 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, iş materiallarında olan İddiaçı MMC tərəfində tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Khazar LX” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 815,16 manat müəyyən edilir.

18. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

19. Belə ki, iddia ərizəsi üç hissədən ibarətdir: 1. Lizinq müqaviləsi üzrə yaranmış əsas və mükafat borcunun ödənilməsi; 2. Dəbbə pulunun ödənilməsi; 3. Lizinq predmetinə dəymiş zərərin ödənilməsi.

20. Məhkəmə iddia tələbini birinci hissədə əsaslı hesab edir.

21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

23. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli daxili lizinq müqaviləsi bağlanmış, Khazar LX markalı 99- PN-586 dövlət qeydiyyat nişanlı avtomobil həmin tarixdə cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən öhdəliklər pozulduğu üçün iddiaçı tərəfindən lizinq predmeti xx.xx.2023-cü il tarixdə geri alınmışdır. Lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə lizinq alanın (cavabdeh) iddiaçıya 232,68 manat əsas, 169,95 manat mükafat borcu yaranmışdır. Hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə edilmişdir.

24. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə yaranmış 232,68 manat əsas, 169,95 manat mükafat borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

25. Məhkəmə iddia tələbini ikinci hissədə qismən əsaslı hesab edir.

26. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 7.2-ci bəndinə əsasən hesablanmış 421,17 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

27. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

28. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

29. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

30. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 10 manat müəyyən edilməlidir.

31. Məhkəmə iddia tələbini üçüncü hissədə qismən əsaslı hesab edir.

32. Belə ki, iddiaçı lizinq obyektinə dəymiş zərərin (895,83 manat) də tutulması tələbini irəli sürmüşdür.

33. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

34. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

35. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

36. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

37. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

38. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

39. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

40. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

41. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

42. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

43. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.

44. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

45. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

46. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan “Khazar LX” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil 19 iyul 2023-cü il tarixli MAS-6025 saylı “Daxili lizinq” müqaviləsinə əsasən cavabdehin istifadəsinə verilmiş, nəqliyyat vasitəsinin cavabdehin sahiblik və istifadəsində olduğu müddət ərzində avtomobilə zərər vurulmuş, vurulmuş zərərin mövcudluğu və məbləği iş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizası ilə də öz təsdiqini tapmış və zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən çəkilməli olan xərcin məbləği 815,16 manat müəyyən edilmişdir.

47. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır, cavabdehdən lizinq predmetinə dəymiş zərərin əvəzi qismində 815,16 manat (ekspert rəyinə uyğun olaraq) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 232,68 manat əsas borc, 169,95 manat mükafat borcu, 10 manat dəbbə pulu, 815,16 manat təmir xərci tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə, 7,20 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

51. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixə olan 232,68 manat əsas borc, 169,95 manat mükafat borcu, 10 manat dəbbə pulu, 815,16 manat təmir xərci, 30 manat dövlət rüsumu, ümumilikdə 1257,79 (bir min iki yüz əlli yeddi manat yetmiş doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 7,20 manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 50 (əlli) manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar