Məhkəmə qərarları › İş №e-2-2(113)-2505/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2505/2025

12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2505/2025 12.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında olan xx.xx.2024-cü il tarixli 02/24 saylı müqavilənin ləğv edilməsi, müqavilədən qaynaqlanan 16750,14 manat məbləğində ödənilməmiş pul vəsaiti və əldən çıxmış fayda qismində 1214,38 manat olmaqla ümumilikdə 17964,52 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində qoyulmuş tələblərdən biri tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02/24 saylı müqavilənin ləğv edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Materiallardan görünür ki, iddiaçı tərəfindən müqavilənin ləğvi ilə bağlı cavabdehə təklif göndərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddia ərizəsinin verilməsi zamanı MPM-nin yuxarıda göstərilən tələblərinə riayət edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddia ərizəsi verilərkən ödənilmiş 144 (bir yüz qırx dörd) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar