Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-252/2020 08.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "Nümayəndə” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "Nümayəndə” Məhdud Məsuliyyətli Cəmiyyəti ("Nümayəndə” MMC) cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (“xxxx” MMC) qarşı 5996,60 (beş min doqquz yüz doxsan altı manat 60 qəpik) manat ödənilməmiş borc, gecikdirilmiş müddət üçün hesablanmış 599,60 (beş yüz doxsan doqquz manat 60 qəpik) manat penya və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6626,20 manat (altı min altı yüz iyirmi altı manat 20 qəpik) məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Nümayəndə MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nümayəndə MMC ilə Cavabdeh MMC arasında RA/MSAxx/xx-2018 saylı, xx xxx 2018-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə görə iddiaçı cavabdehə müvafiq turist xidmətləri (aviabiletlərin təqdim edilməsi, mehmanxanalarda yerlərin bron edilməsi, xaricdə olduğu müddətdə bədbəxt hadisələrdən və qəfil xəstəliklərdən sığortalanması, transfer, viza dəstəyi və s.) göstərməyi, cavabdeh isə göstərilən xidmətlərin dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür (müqavilənin 1.1 və 2.1-ci bəndləri). İddiaçı müqaviləyə uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etsə də, cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Belə ki, cavabdeh iddiaçının göstərdiyi xidmətlərin dəyərini qismən ödəmiş, onun xx xxxxxxxx 2019-cu il tarixə iddiaçıya 5996,60 manat ödənilməyən borcu qalmışdır. İddiaçı qalıq borcunun ödənilməsi məqsədilə cavabdehə pretenziya məktubu göndərsə də, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Odur ki, iddiaçı hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 6.2ci bəndinə görə Müştəri (Cavabdeh) "Nümayəndə” MMC-nin təqdim etdiyi hesab üzrə konkret müəyyənləşdirilən xidmətlərin dəyərini hesab təqdim etdiyi andan 30 gün ərzində ödəməlidir. Bundan əlavə, müqavilənin 6.3-cü bəndində əsasən əgər müştəri ödənişi 30 gündən gec ödəyərsə, bu halda həmin dövrdən sonrakı hər təqvim gününə görə ümumi ödənişin 1 faizi həcmində əlavə penya məbləği hesablanacaqdır. İddiaçı ilə cavabdeh arasında xx xxxxxxxx 2019-cu il tarixdə müvafiq üzləşmə aktı imzalanmış və cavabdeh iddiaçıya 5996,60 manat borcunun mövcud olduğunu təsdiq etmişdir. Müqavilənin 6.3-cü bəndinin tələbini nəzərə alsaq, cavabdeh iddiaçıya olan borcunu ən geci xx xxxxxxx 2019-cu il tarixədək ödəməli idi. Lakin cavabdeh borcun ödənilməsini gecikdirmişdir. Belə olan halda, cavabdehdən ödənilməyən borcla yanaşı, əlavə olaraq hesablanmış penya da tutulmalıdır. Hesablanmış penyanın məbləği daha artıq təşkil etsə də, iddiaçı penya məbləğini ödənilməyən borcun 10 faiz hissəsi ilə məhdudlaşdırmışdır. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: "Nümayəndə” MMC ilə cavabdeh “xxxx” MMC arasında xx.xx.2018-ci il tarixdə RA/MSAxx/xx-2018 saylı müqavilə bağlanmışdır. Hər iki tərəfin imzaladığı və təsdiqlədiyi xx.xx.2019-cu il tarixli təşfiq məktubunda “xxxx” MMC-nin "Nümayəndə” MMC-yə xx.xx.2019-cu il tarixə 5996,60 manat borcunun qeyd olunur. Cavabdeh MMC tərəfindən "Nümayəndə” MMC-yə ünvanlanan xx.xx.2019-cu il tarixli məktubda göstərilən borc məbləğinin tərəflərindən qeyd-şərtsiz ödənilməli olduğu, lakin həmin məbləğin ödənilməsinə obyektiv halların maneçilik törətdiyi, həmin məbləğin ödənilməsi üçün möhlət verilməsi, borcun ödənilməsi istiqamətində addımlar atılacağı qeyd olunmuşdur. "Nümayəndə” MMC tərəfindən xx.xx.2019-cu il tarixdə pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edilərək 5996,60 manat məbləğində borcun ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "Nümayəndə” MMC ilə Cavabdeh MMC arasında 20.05 2018-ci il tarixli, RA/MSA-xx.xx.2018 saylı müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya ödənilməmiş borcu 59969,60 manat təşkil edir. Borcun mövcudluğu tərəflərin imzaladığı təşfiq məktubu ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 5996,60 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin gecikdirilmiş müddət üçün hesablanmış 599,60 (beş yüz doxsan doqquz manat, 60 qəpik) manat penyanın cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən öhdəlik müəyyən edilmiş müddət ərzində icra edilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 60 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 2,50 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 27,50 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 5996,60 manat (beş min doqquz yüz doxsan altı manat 60 qəpik) ödənilməmiş borc, gecikdirilmiş müddət üçün hesablanmış 60 (altmış) manat penya və dövlət rüsumunun əvəzi olaraq 27,50 manat (iyirmi yeddi manat əlli qəpik) olmaqla, cəmi 6084,10 manat (altı min səksən dörd manat on qəpik) məbləğində pul tutularaq Nümayəndənə ödənilsin. Dövlət rüsumunun 2,50 manat (iki manat əlli qəpik) hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-252/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-252/2020
08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver