Məhkəmə qərarları › İş №e-2-2(113)-2521/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2521/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2521/2025 27.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, dəbbə pulunun azaldılması, əldən çıxmış fayda) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 04 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə ƏDV-siz 29835,23 manat əsas borc, 53703,41 manat cərimə, əldən çıxmış fayda olaraq 5000 manat məbləğində pulun və ödənilmiş 356 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli H/Ş 0022/23 saylı alqısatqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən alıcı qismində cavabdeh, satıcı qismində iddiaçı çıxış etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsinin predmetini iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi sayılan hər bir qaimə-fakturada göstərilən mühərrik/sənaye yağı növündə hazır məhsulların satışı, cavabdehin isə müqavilənin şərtlərinə uyğun olaraq həmin məhsulları qəbul etməsi, müvafiq qaimə-fakturada müəyyənləşdirilmiş məbləğin ödənilməsi münasibətləri təşkil edir. Lakin iddiaçı tərəfindən məhsulların satışı və təchiz edilməsinin tam şəkildə təmin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən ödəniş müqaviləyə əsasən tam həyata keçirilməmişdir. 2.2. Hazırda iddiaçının qeyd olunan müqavilə əsasında ödənilməmiş pul vəsaiti qarşılığında təchiz edilmiş mal-material ehtiyatları üzrə tələb hüququ yaranmışdır. Cavabdehin 29 835,23 manat məbləğində öhdəliyi pul şəklində icra edilməmişdir. İddiaçı tərəfindən məhsulların təchiz edilməsi müqavilə əsasında tam həyata keçirilmiş və öhdəliklər icra edilmşdir. Tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin 2.3-cü bəndinə əsasən alıcı qaimə-faktura üzrə qəbul etdiyi malların dəyərini nağd alqı-satqıda əvvəlcədən, nisyə alqı-satqı zamanı isə malın alıcı tərəfindən öz anbarında təhvil alındığı andan etibarən 7 iş günü ərzində satıcıya tam ödənilməsini təmin etməlidir. Qeyd olunan müqaviləyə əsasən xx.xx.2023-cü il tarixli EBDJ 831019 saylı e-qaimə əsasında 87 125,57 manat məbləğində məhsullar satılmış, faktiki olaraq xx.xx.2023-cü il tarixində alıcıya təhvil verilmiş, lakin ödəniş bu günə qədər tam olaraq həyata keçirilməmişdir. Müqavilə üzrə xx.xx.2023-cü il tarixli EBDJ 831019 saylı e-qaimə əsasında ümumi olaraq ödənilməli 29 835,23 manat məbləğində borc yaranmışdır. Belə ki, bu günə qədər cavabdeh tərəfindən 529,66 manat məbləğində ödəniş ƏDV hesabına artıq ödənilmiş və əsas məbləğdən 29 835,23 manat məbləğində borc yaranmışdır. 2.3. Həmçinin alqı-satqı müqaviləsinin 7.2-ci bəndinə əsasən tərəflər müqavilənin şərtlərini pozaraq bir-birinə vurduqları zərərə görə mülki məsuliyyət daşıyırlar. Hazırkı müqavilənin şərtlərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi, o cümlədən malın ödənişinin gecikdirilməsi zamanı alıcı satıcıya ödənişin və ya hərəkətin icrasının gecikdirildiyi hər günə görə verilən müvafiq mal partiyası dəyərinin 1%-i miqdarında dəbbə pulu ödəməyi öhdəsinə götürür. Müqavilə üzrə malların və qaiməfakturanın təhvil verilməsinin üzərindən kifayət qədər uzun müddət keçməsinə baxmayaraq, borc məbləği bağlanmamışdır, yaxud hər hansı əsaslandırılmış imtina və ya reklamasiya məktubu verilməmişdir. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı artıq uzun müddətdir, şirkətlərin məsul şəxsləri arasında şifahi və yazılı şəkildə müzakirələr aparılmaqdadır. Daha sonra xx.xx.2024-cü il tarixində pretenziya məktubu göndərilmiş, qalıq borc olan ƏDV-siz 29 835,23 manat vəsaitin ödənilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən şifahi şəkildə ödənişlərində gecikmələr olduğu və hissə-hissə ödənişlər həyata keçiriləcəyi bildirilmişdir. Lakin bu günə kimi heç bir ödəniş həyata keçirilməmişdir. Pretenziya məktubu Dövlət Vergi Xidmətinin elektron sistemi üzərindən göndərilmiş və qarşı tərəfə çatdırılmışdır. İddiaçı dəfələrlə cavabdehin məsul şəxsləri ilə görüşüb bu məsələni danışıqlar yolu ilə həll etməyə çalışmasına baxmayaraq, cavabdeh tərəfindən laqeyd rəftar edilərək, iddiaçının əsaslı tələbləri təmin edilməmişdir. 2.4. Cavabdeh ƏDV xaric 29 835,23 manat məbləği, müqavilənin 7.2-ci bəndinə əsasən əsas borca görə əlavə 180% (180 gün*1%) hesablanmaqla 53 703,41 manat məbləğində vəsaiti cərimə olaraq, habelə əldən çıxmış faydanı şəxsən ödəməlidir. Çünki borclunun icranı gecikdirməsi, pul və hesablanmış faizləri qaytarmaması özgənin vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Operativ xidmət göstərən, daim müasir standartlarla çalışan bir şirkət kimi iddiaçıya məxsus olan pul vəsaitinin vaxtında ödənilməməsi bəzi ödənişlərin (kommunal, icarə haqqı, əmək haqqı və s.) vaxtında edilməsində çox böyük çətinliklər yaratmış, həmçinin bir sıra layihələrdə şirkət olaraq iştirak edilməsini mümkünsüz hala gətirmişdir. Yaranmış bu çətinlik şirkət daxilində gərginlik yaratmış və işçilər arasında motivasiyanın aşağı düşməsinə səbəb olmuşdur. Bu səbəbdən əldən çıxmış fayda minimum 5 000 manat olaraq dəyərləndirilir. 2.5. Cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə hər iki tərəfin imzası ilə təsdiq edilmiş müqavilə öhdəliklərinə əməl etmir və pul vəsaitini ödəmir. İddia ərizəsinə görə məhkəmənin hesabına ödənilmiş rüsum, digər xərclər cavabdehin qeyri-qanuni əməli nəticəsində yarandığından bu pulu da cavabdeh ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilə və sifariş orderlərinin, qaimə-fakturanın, həmçinin şifahi və yazılı razılaşmaların şərtləri, qanunvericiliyin tələbləri, praktiki işgüzar adətlər, işgüzar etika cavabdeh tərəfindən kobud şəkildə pozularaq, yaranmış mübahisənin həlli, pul öhdəliyin icrası üçün hər hansı əməli addımlar atılmır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 6.2, 385.1, 448, 449, 560.1, 597.1, 601.1, 1091-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.

6. Məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanına, qanuni təmsilçisinin yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana göndərilməklə, sonuncunun mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 04 iyul 2023-cü il tarixli H/Ş 0022/23 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi sayılan hər bir qaimə-fakturada göstərilən mühərrik/sənaye yağı növündə hazır məhsulları cavabdehə sataraq onun mülkiyyətinə verməyi, cavabdeh isə həmin malları qəbul edərək müvafiq qaimə-fakturada müəyyənləşdirilmiş dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin hesablaşma qaydasına əsasən alıcının faktura üzrə qəbul etdiyi malların dəyərini nağd alqı-satqıda əvvəlcədən, nisyə alqı-satqı zamanı isə malın alıcı tərəfindən öz anbarında təhvil alındığı andan etibarən 7 iş günü ərzində satıcya tam ödənilməsi şərtləşdirilmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli EBDJ 831019 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 87125,57 (73835,23 manat əsas, 13290,34 manat ƏDV məbləği) manat dəyərində malın verilməsi ilə bağlı tərtib edilərək cavabdehə göndərilmiş, həmin elektron qaimə sistem tərəfindən təsdiq edilmiş, ləğvə və ya düzəlişə qaytarılmamış, əksinə həmin elektron qaiməyə istinad edilməklə xx.xx.2023-cü il tarixdə 7000 manat, xx.xx.2023-cü il tarixdə 20000 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat əsas məbləğ üzrə ödəniş edilmişdir.

11. İddiaçı 04 iyul 2023-cü il tarixli H/Ş 0022/23 nömrəli alqı-satqı müqaviləsi üzrə 29835,23 manat məbləğində pulun tutulmasını tələb edir.

12. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

13. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

15. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

16. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

17. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

18. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

19. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

20. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

21. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

22. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

23. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

25. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir. Lakin cavabdeh aldığı malların qalıq dəyərini ödəməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

27. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

30. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

31. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borca münasibətdə təmin olunmalı, 04 iyul 2023-cü il tarixli H/Ş 0022/23 nömrəli alqı-satqı müqaviləsi üzrə ƏDV xaric 29835,23 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

32. İddia ərizəsində iddiaçı həmçinin 53703,41 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir.

33. 04 iyul 2023-cü il tarixli H/Ş 0022/23 nömrəli alqı-satqı müqaviləsinin 7.2-ci bəndinə əsasən, hazırkı müqavilənin şərtlərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi, o cümlədən malın ödənişinin gecikdirilməsi zamanı alıcı satıcıya ödənişin və ya hərəkətin icrasının gecikdirildiyi hər günə görə verilən müvafiq mal partiyası dəyərinin 1%-i miqdarında dəbbə pulu ödəməyi öhdəsinə götürür.

34. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

35. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

36. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

37. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə təsdiq edilməsinə baxmayaraq, iddiaçı da uzun müddət sonra – xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

38. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 1500 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

39. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 1500 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Alqı-satqı müqaviləsi üzrə əldən çıxmış faydanın tutulması tələbi ilə bağlı

40. İddiaçı iddia ərizəsində 5000 manat əldən çıxmış faydanın da tutulmasını tələb edir.

41. Belə ki, Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

42. Həmin Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır (443.3). Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (443.4)

43. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

44. Mülki Məcəllənin qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən icranın gecikdirilməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə icranın gecikdirilməsi arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.

45. Lakin zərərin formasından asılı olaraq ayrı-ayrı əlavə meyarların da nəzərə alınması zəruridir.

46. Belə ki, əldən çıxmış fayda tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, əldən çıxmış faydanın ödənilməsi tələbi irəli sürülərkən zərər çəkmiş, qarşı tərəfin vəzifəsini pozması nəticəsində əldə edə bilmədiyi gəlirin həcmini, bunlar arasında səbəbli əlaqəni sübut etməlidir. Əldə edilməmiş gəlirlərin məbləği müəyyən edilərkən zərərçəkmiş şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyini güman etdiyi gəlirlərin reallığı (həqiqiliyi), kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri və s. müəyyən edilməlidir.

47. Hazırkı iş üzrə iddiaçının əldən çıxmış fayda ilə bağlı tələbi yalnız subyektiv mülahizələrə əsaslanır. Belə ki, iddiaçının 5000 manat əldən çıxmış fayda hesablaması mötəbər, zəruri sübutlarla təsdiqlənmir.

48. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi 5000 manat əldən çıxmış faydanın tutulması hissəsində rədd edilməlidir.

d) Məhkəmə xərcləri ilə bağlı

49. İş materiallarından görünür ki, ********** nömrəli mədaxil qəbzi ilə 356 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

50. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

51. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 208 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə ƏDV xaric 29835,23 manat əsas borc, 1500 manat dəbbə pulu olmaqla ümumilikdə 31 335,23 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 208 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar