Məhkəmə qərarları › İş №e-2-2(113)-2522/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2522/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2522/2025 04.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı2 Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 42.777,48 manat məbləğində əsas borcun, Cavabdeh tərəfindən borcun ödənişi gecikdirildiyinə görə gecikdirilmiş vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsində qeyd olunmuş gecikdirilmiş məbləğə illik beş faiz əsasında 11 fevral 2025-ci il tarixinədək hesablanmış 2.074,41 manat məbləğində faiz borcunun, 11 fevral 2025-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən 42.777,48 manat məbləğində əsas borcun iddiaçıya ödənildiyi günədək Mülki Məcəllənin 445.7-ci maddəsində qeyd olunmuş gecikdirilmiş məbləğə gecikdirilmiş vaxt üçün illik beş faiz əsasında hesablanmış faiz borcunun, vəkilə ödənilmiş 300 manatın, ödənilmiş 226 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı-satıcı İddiaçı2 ilə bundan sonra alıcı- Cavabdeh MMC arasında 20 aprel 2023-cü il tarixdə razılaşma olmuşdur. Tərəflər arasında olan bu razılaşmaya əsasən, iddiaçı cavabdehin işçilərini yeməklə təmin edilməsi üçün lazım olan ərzaq malları ilə təmin etməyi, cavabdeh isə bu malların dəyərini elektron qaimələrə əsasən iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı aralarındakı razılaşma üzrə öhdəliklərini tam şəkildə icra edərək cavabdehə təsdiqlənmiş elektron qaimələlərə əsasən müxtəlif tarixlərdə razılaşma çərçivəsində 457.526,92 manat manat məbləğində mallar, yəni ərzaq məhsulları təhvil vermişdir. Cavabdeh müqavilə çərçivəsində aldığı malların dəyərinin 414.749,44 manat məbləğini ödəmiş, qalan yəni 42.777,48 manat hissəsini isə ödəməmişdir. Ona görə də, cavabdeh iddiaçı tərəfindən ona verilmiş malların dəyərinin bir hissəsini-42.777,48 manat məbləğində əsas borcu ilə birlikdə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 2.074,41 manat faiz borcu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddianın 11 fevral 2025-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən 42.777,48 manat məbləğində əsas borcun iddiaçıya ödənildiyi günədək Mülki Məcəllənin 445.7-ci maddəsində qeyd olunmuş gecikdirilmiş vaxt üçün illik beş faiz əsasında hesablanmış faiz borcunun tutulması hissəsində baxılmamış saxlanılmışdır.

Tərəflərin mövqeləri:

4. Tərəflər məhkəmə baxış iclasına gəlməmişlər.

5. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

II. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

III. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. (əvvəlki redaksiya).

IV. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

9. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında yazılı alqı-satqı müqavilə bağlanmasa da, Mülki qanunvericilikdə alqı-satqı müqaviləsinin məhz yazılı qaydada bağlanmasına dair imperativ şərt yoxdur yəni, alqı-satqı müqaviləsinin şifahi qaydada bağlanması halı da, mümkündür.

10. Ona görə də, hazırkı mübahisə həll edilərkən, alqı-satqı müqaviləsinə dair normalar tətbiq edilməklə həll edilməlidir.

11. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

12. İddiaçı tərəf cavabdehə ümumi dəyəri 457.526,92 manat olan mallar verildiyini, müəyyən ödənişlər edildikdən sonra 42.777,48 manat borcun qaldığını bildirir.

13. Cavabdeh tərəf isə, borclarının olmadığını, verilmiş malların dəyərinin ödənildiyini qeyd etmişdir.

14. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı2 üzərinə düşür.

15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDE 035907 saylı dəyəri 22.302,58 manat olan, xx.xx.2023-cü il tarixli EBDE 035071 saylı dəyəri 19.384,47 manat olan, xx.xx.2023-cü il tarixli EBDE 034491 saylı dəyəri 14.901,35 manat olan, xx.xx.2023-cü il tarixli EBDG 239893 saylı dəyəri 18.000 manat olan, xx.xx.2023-cü il tarixli EBDG 241211 saylı dəyəri 15.977,93 manat olan, xx.xx.2023-cü il tarixli EBDG 235137 saylı dəyəri 15.000 manat olan, xx.xx.2023-cü il tarixli EBDJ 945120 saylı dəyəri 46.338,67 manat olan, xx.xx.2023-cü il tarixli EBDM 335002 saylı dəyəri 71.112,2 manat olan, xx.xx.2023-cü il tarixli EBDO 493048 saylı dəyəri 49.398,08 manat olan, xx.xx.2023-cü il tarixli EBDS 928806 saylı dəyəri 73.449,02 manat olan, xx.xx.2024-cü il tarixli EBDX 039660 saylı dəyəri 6.740,16 manat olan, xx.xx.2024-cü il tarixli EBDZ 222878 saylı dəyəri 2.346,96 manat olan, xx.xx.2023-cü il tarixli EBDM 335002 saylı dəyəri 71.112,2 manat olan elektron qaimələr göndərilmişdir.

16. Sadə riyazi hesablama ilə görünür ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrdə göstərilmiş məbləğlərin cəmi 457.526,92 manat təşkil edir.

17. İş materiallarına əlavə edilmiş İddiaçı2 məxsus bank hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 50.900 manat, xx.xx.2023cü il tarixdə 50.000 manat, xx.xx.2023-cü il tarixdə 10.883,90 manat, xx.xx.2024-cü il tarixdə EBDS 928806 saylı elektron qaimə üzrə 50.000 manat, EBDX 039660 saylı elektron qaimə üzrə 20.000 manat məbləğində ödəniş edilmişdir.

18. Həmçinin iş materiallarına əlavə edilmiş İddiaçı2 aid olan ƏDV sub-uçot hesabından çıxarışlardan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 3.050,85 manat, xx.xx.2023-cü il tarixdə 9.612 manat, xx.xx.2023-cü il tarixdə 9.000 manat, xx.xx.2023-cü il tarixdə 1.959,1 manat, xx.xx.2023-cü il tarixdə 4.485,2 manat, xx.xx.2023-cü il tarixdə 1.328,16 manat, xx.xx.2023-cü il tarixdə 5.400 manat, xx.xx.2023cü il tarixdə 2.005 manat, xx.xx.2023-cü il tarixdə 6.840 manat, xx.xx.2023-cü il tarixdə 2.500 manat, xx.xx.2023-cü il tarixdə 4.200,77 manat, xx.xx.2023-cü il tarixdə 6.800 manat, xx.xx.2024-cü il tarixdə 6.625,7 manat, xx.xx.2024-cü il tarixdə 1.137,77 manat məbləğində ödəniş edilmişdir.

19. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrə dair cavabdeh tərəfindən iddiaçıya hər hansı bir etiraz edilməmişdir, əksinə qeyd edilmiş elektron qaimələrə istinad etməklə müvafiq olaraq ödənişlər edilmişdir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

21. Ona görə də, Məhkəmə hesab edir ki, ümumi dəyəri 457.526,92 manat olan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, sonuncunun da, ona verilmiş malların dəyərini ödəmək öhdəliyi yaranmışdır.

22. İddiaçı tərəf verilmiş mallara görə 42.777,48 manat borcun qaldığını bildirir, cavabdeh tərəf isə, verilmiş malların dəyərini ödəməsi barədə hər hansı bir sənədi Məhkəməyə təqdim etməmişdir.

23. Belə olan halda, verilmiş olan və ödənilməmiş malların dəyəri olaraq 42.777,48 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla xx.xx.2025-ci il tarixədək hesablanmış 2.074,41 manat pulun tələb edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.

25. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubunun xx.xx.2025-ci il tarixində göndərildiyini, iddia ərizəsinin isə Məhkəməyə xx.xx.2025-ci il tarixdə yəni 108 gün sonra verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 632,87 (42.777,48x5/100=2.138,874 (1 il üçün), 2.138,874/365=5,859 (1 gün üçün), 5,859x108=632,87 (108 gün üçün)) manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Məhkəmə həmçinin hesab edir ki, hüquqi yardımın göstərilməsi üçün çəkilmiş xərcin əvəzi olaraq 300 manat manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

27. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfində ona hüquqi yardım göstərilməsi məqsədi ilə Bakı şəhəri 6 saylı Vəkil Bürosuna 300 manat məbləğində pul ödənilmişdir.

28. Bundan başqa da, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş rüsumun əvəzi olaraq 220,23 manat məbləğində pul da, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

29. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

V. Nəticə:

30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 42.777 (qırx iki min yeddi yüz yetmiş yeddi) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı2 ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 632 (altı yüz otuz iki) manat 87 (səksən yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı2 ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı2 ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 220 (iki yüz iyirmi) manat 23 (iyirmi üç) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar