Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2526/2024 27.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X8 oölunun, Maraqlı şəxs vəkili və nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Birgə Azərbaycan- X2 Cəmiyyətinin dövlət büdcəsinə olan 901105,60 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəyə maraqlı şəxs tərəfindən etiraz verilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 15 mart 2024-cü il tarixə vergi ödəyicisi "xxxx" Birgə Azərbaycan-X2 Cəmiyyətinin vergi borcu üzrə ümumilikdə 901105,60 manat borcu vardır. Reyestr məlumatlarına əsasən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Aşağıdakılara əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin ərizəsi əsassız və qanunsuzdur. Belə ki, ərizəçi vergi orqanı "xxxx" Birgə Azərbaycan-X2 Cəmiyyətinin vergi borcu olmasını göstərsə də, borcun təfsilatı, çıxarılmış qərarlar, həmin qərarların mübahisələndirilməsi müddətinin keçib-keçməməsi ilə bağlı heç bir məlumat göstərə bilməmiş, hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının zəruriliyini əsaslandıra bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 355-6-cı maddəsinə əsasən vergi ödəyicisi fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalıdır. Vergi orqanı tərəfindən maraqlı şəxsə ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı heç bir xəbərdarlıq, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə göndərilməmiş, qəflətən hazırkı ərizə ilə məhkəməyə müraciət edilmişdir. Vergi orqanının ərizəsində "xxxx" Birgə Azərbaycan-X2 Cəmiyyətinin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalı olması göstərilsə də, ərizəyə başqa şəxsə aid şəxsiyyəti təsdiq edən sənəd əlavə etməklə anlaşılmaz mövqe nümayiş etdirmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçı "xxxx" Birgə Azərbaycan-X2 Cəmiyyəti cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı əlavə vergi hesablanması barədə hərəkətlərinin və Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 15 mart 2024-cü il tarixli, **********5997100 saylı qərarının qanunsuz hesab edilməsi, həmin qərarın ləğv edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh vergi orqanı iddiaçı "xxxx" Birgə Azərbaycan-X2 Cəmiyyətinə 06 mart 2024-cü il tarixli, **********096300 nömrəli məktubla müraciət edərək 22 fevral 2024-cü ildə təqdim olunmuş bəyannamədə, hesabatda Cəmiyyətin bank hesablarına xx.xx.2021 -ci il tarixdən xx.xx.2024-cü il tarixədək 34526081 manat vəsait daxil olmasına baxmayaraq, həmin dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində daxil olmuş məbləğin 27635508 manat qeyd edilməsi nəticəsində kənarlaşma yaranması səbəbindən kameral vergi yoxlamasının aparılmasının mümkün olmadığı bildirilmiş və həmin dövrlər üzrə dəqiqləşdirilmiş 5 iş günü ərzində əlavə dəyər vergisi bəyannaməsi təqdim olunması tələb edilmişdir. İddiaçı 11 mart 2024-cü il tarixdə cavabdehə izahat məktubu və izahatda qeyd edilən hər bir hal üzrə ətraflı açıqlama göndərmişdir. Cavabdeh izahat məktubunda göstərmişdir ki: “xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək şirkətin ABB, X11 və Paşa Bankda olan hesablarına toplam olaraq 39615859,28 manat ekvivalentində məbləğ daxil olmuşdur. Bunlardan 171000 manat ekvivalentində məbləğ təsisçidən borc olaraq daxil olmuş, 3684066,83 manat ekvivalentində məbləğ hesabın möhkəmləndirilməsi olaraq bir hesabdan digər hesaba köçürülmüş, 110000 manat ekvivalentində məbləğ borc kimi hesaba mədaxil olunmuş, 2862672,50 manat ekvivalentində məbləğ xarici valyutanın alışı ilə əlaqədar hesabdan hesaba köçürülmüş, 4154007,58 manat ekvivalentində məbləğ xarici valyutanın satılması ilə əlaqədar hesabdan hesaba köçürülmüş, 212599,82 manat ekvivalentində məbləğ kassadan hesaba mədaxil olunmuş, 339949 manat ekvivalentində məbləğ səhv köçürülmə ilə əlaqədar olaraq geri köçürülmüş, 28081563,55 manat ekvivalentində məbləğ müştərilərdən debitor borc olaraq mədaxil olunmuşdur ki, bu məbləğin 3034214,31 hissəsi ƏDV daxil ödənilmişdir. Yuxarıda yazılanları nəzərə alaraq 3034214,31 manat məbləğdən bank hesabına ödənilmiş ƏDV məbləği çıxılsa, 2571368,06 manat məbləğ qalır ki, o da sözügedən dövr ərzində ƏDV bəyannamələri üzrə bəyan edilmişdir. İddiaçının vergi borcu olmadığı və əlavə vergi hesablanması barədə hər hansı qərar təqdim olunmadan ona 15 mart 2024-cü ildə **********620000 nömrəli bildiriş göndərilərək 901157,10 manat vergi borcunun olduğu və həmin borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuş və həmin gün pul vəsaitlərinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında vergi məbləği göstərilmədən 105% həcmində dondurulması barədə **********621700 nömrəli qərar göndərilmişdir. Cavabdehin hərəkətlərinə etiraz olaraq cavabdehə və öhdəliklərin idarə edilməsi baş idarəsinə 15 mart 2024-cü ildə şikayətlər göndərilmiş, əlavə dəyər vergisi üzrə vergi tutma obyektinin hesablar üzrə hərəkət deyil, yalnız debitor borclar üzrə mədaxilin təşkil etdiyi və qanunsuz hərəkətlərin dayandırılmasını, heç bir faktiki və hüquqi əsas olmadan hesablanmış 1240303,14 manat əlavə dəyər vergisinin silinməsi və azalma verilməsi xahiş olunmuşdur. Həmin gün saat 16:57-də daxil olmuş hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə müəmmalı bir tərzdə tərtib olunmuş **********5997100 saylı qərarda bəyannamə və hesabat dövrü kimi əlavə dəyər vergisi, yanvar 2024-cü il göstərildiyi və heç bir kənarlaşma nə indi, nə də əvvəllər olmadığı halda, 1240303.14 manat əlavə vergi və sosial sığorta haqqı məbləğinin əlavə hesablandığı, hesablamanın faktiki və hüquqi əsasının göstərilmədiyi aydın olmuşdur. Cavabdeh vergi orqanının hərəkətlərindən və qərarlarından verilmiş şikayətlərlə bağlı Dövlət Vergi Xidmətinin inzibati şikayətlərə baxılması baş idarəsində 16 mart 2024-cü ildə daxil olmuş məktubda müraciətə baxıldığı göstərilsə də, əlavə sənədlərin təqdim olunması bildirilir, şikayətə baxılması vaxtı haqqında məlumat verilmir, bu isə qanunun tələblərinin pozulmasının davam etməsinə və süründürməçiliyə dəlalət edir. xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək mədaxil olan pul vəsaitləri və onların hesablararası hərəkətləri barədə tərtib edilmiş cədvəldən görünür ki, ƏDV-yə cəlb edilməli olan məbləğlər arasında bəyannamələr üzrə və faktiki ödənişlər arasında hər hansı bir fərq olmamışdır. Beləliklə, hər hansı faktiki qanuni əsas olmadan cavabdeh vergi orqanı və onunla birlikdə hərəkət edən digər orqanlar iddiaçının hüquqlarına və qanuni mənafeyinə bilərəkdən ziyan vurmaq məqsədilə hərəkət etmiş və hərəkətləri davam etdirirlər. Cavabdehin və onunla eyni tərəfdən çıxış edən vergi orqanlarının dərhal Cəmiyyətin baş müdiri Maraqlı şəxs vergi borcunun ödənilmədiyinə görə ölkədən getmə hüququnun məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etməsi bütün əsasların yaradılması üzrə hərəkətlərin və qəbul edilən qərarların məhz onun ölkədən getməsini əngəlləmək məqsədinə xidmət etdiyini göstərir. "xxxx" Birgə Azərbaycan-X1 Cəmiyyəti vergi, inzibati icraat və inzibati prosessual qanunvericiliyə uyğun olaraq vergi orqanının hərəkətlərini və aktlarını hüquqi baxımdan mübahisələndirmək hüququna malikdir, lakin başa düşülən odur ki, bu hüquq da heçə endirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi öz qərarlarında əsas insan hüquq və azadlıqlarından biri olan azadlıq hüququnun məhdudlaşdırılmasına dair hüquqi mövqeyini dəqiq ifadə etmişdir: Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Bu normada təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2017-ci il tarixli bülletenində göstərilmişdir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı və onun qanunvericiliyinin tərkib hissəsini təşkil edən İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya əsasən şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün aşağıdakı əsaslardan birinin mövcudluğu zəruridir: 1. milli təhlükəsizliyə təhlükə; 2. ictimai asayiş maraqlarına təhlükə; 3. ictimai qaydaların qorunması zəruriliyi; 4. cinayətin qarşısının alınması zəruriliyi; 5. sağlamlıq və mənəviyyatın mühafizəsi zəruriliyi; 6. digər şəxslərin hüquq və azadlırlarının müdafiəsi zəruriliyi. Eyni zamanda bu əsaslar milli qanunda nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olmalıdır. Ona görə də, məhkəmə tərəfindən şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılarkən Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş qanunilik və mütənasiblik tələblərindən əlavə müvafiq əsasların mövcudluğu və məhdudiyyətin tətbiqinin demokratik cəmiyyətdə zəruriliyi meyarları da yoxlanılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinə görə qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Avropa Məhkəməsinin bir sıra qərarlarında (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli Qərarlar) göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir. “Vlasov və Benyaş Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, bu cür məhdudiyyətlər fərdi şəxslərin azad hərəkət etmək hüququndan daha üstün olan ictimai marağın mövcudluğunun aşkar sübutlarının olması şərtilə konkret hallarda əsaslı hesab edilə bilər. Məhdudiyyət konkret elementlərlə əsaslandırılmış olmalıdır”. “X3rşı” işdə isə məhkəmə qeyd etmişdir ki, hökümət ölkəni tərk etmək hüququnun məhdudlaşdırmanın zəruriliyinin nədən ibarət olmasını izah etməmiş, zəruriliyə əsas olan halları göstərməmişdir. Nəticədə xaricə getmək hüququnun məhdudlaşdırılmasının mütənasibliyinin zəruri qiymətləndirilməsi aparılmamış, bu məhdudiyyətin tətbiq edilməsi əsaslandırılmamış, ərizəçinin vəziyyəti öyrənilməmişdir. Bütün hallarda, daxili hakimiyyət orqanları şəxsin öz ölkəsini tərk etmək hüququna qoyulan məhdudiyyətin əvvəlcədən və tətbiq edildiyi müddətdə əsaslandırılmış və işin hallarına nəzərən mütənasib olmasına nəzarət etməlidir. Daxili hakimiyyət orqanları şəxsin sərbəst hərəkət etmək hüququnu məhdudlaşdıran tədbirlərin əsaslandırılmış olub-olmadığını vaxtaşırı nəzərdən keçirmədən onları uzun müddət tətbiq edə bilməz. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X4 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizəni müdafiə etdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs vəkili və nümayəndəsi X7 izahat verərək bildirdi ki, ərizə baxılmamış saxlanılmalıdır. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: "xxxx" Birgə Azərbaycan-X2 Cəmiyyətinin şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, həmin hüquqi şəxsin borcu mövcuddur. Hüquqi şəxs haqqında məlumatla təsdiq edilir ki, hüquqi şəxsin rəhbəri xx xxxxxx 1960-cı il tarixdə Kipr Respublikasında doğulmuş (daimi yaşamaq üçün icazə vəsiqəsinin seriya və nömrəsi DYİ 42375) Maraqlı şəxsdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi vergi borcunun ödənilməsinə dair bildirişlə hüquqi şəxsə müraciət edərək borcun ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhdudiyyətin qoyulması ilə bağlı məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Birgə Azərbaycan-X2 Cəmiyyətinin xx.xx.2024-cü il tarixə borcu yaranmışdır. Borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən həmin hüquqi şəxsə borcunun ödənilməsinə dair bildiriş ünvanlanaraq ödənilməsi tələb edilmişdir. Lakin həmin borc ödənilməmişdir. Borc məbləği ödənilmədiyindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. 24.1.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, "xxxx" Birgə Azərbaycan-X2 Cəmiyyətinin xx.xx.2024-cü il tarixə olan borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə hesab edir ki, etirazda göstərilənlər hazırkı ərizənin təmin olunmaması üçün əsas ola bilməz. Belə qənaətə gələrkən məhkəmə nəzərə alır ki, borc məbləği kifayət qədər yüksəkdir, maraqlı şəxs xarici ölkə vətəndaşıdır və ölkə hüdudlarını tərk edərək, borcun ödənilməsindən yayına bilər. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsinin qərar olsa belə, maraqlı şəxs ölkədən gedəcək və s. kimi oxşar ifadələr işlətməsi də həmin qənaətin əsaslı olmasını göstərir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.3-cü maddəsinə əsasən mülki məhkəmə icraatında xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə dövlət rüsumu ödənilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-5-355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. "xxxx" Birgə Azərbaycan-X2 Cəmiyyətinin dövlət büdcəsinə olan 901105,60 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə icra orqanının rəhbəri, xx xxxxxx 1960-cı il tarixdə Kipr Respublikasında doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılsın. Maraqlı şəxs 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2526/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2526/2024
27.03.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver