Məhkəmə qərarları › İş №e-2-2(113)-2533/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2533/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2533/2024 04.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə iddiaçi İddiaçı MMC arasında bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə 16 768,04 (on altı min yeddi yüz altmış səkkiz manat dörd qəpik) manat məbləğində pul vəsaitinin, məhkəmə qərarı qəbul olunadək gecikdirilmiş hər gün üçün ümumi məbləğin 0,01%-i məbləğində dəbbə pulunun, məhkəməyə müraciət üçün ödənilmiş 300,00 (üç yüz) manat məbləğində pul vəsaitinin və 140,30 (bir yüz qırx manat otuz qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ,Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixdə NF01/223 saylı “malların təchiz olunması və xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcıalıcı tərəfindən rəsmiləşdirilən, Müqavilənin ayrılmaz hissələri olan, hər iki tərəfdən imzalanmış müvafiq əlavələrdə (Alış Sifarişləri, X1, Sifariş forması, Təklif, Spesifikasiya, Purchase order və sair adlanıdırla bilər) (bundan sonra-Əlavə) göstərilən malları və xidmətləri (bundan sonra-Mallar/Xidmətlər) razılşadırlımış çeşiddə, miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda Alıcıya satmağı və ya göstərməyi, Alıcı isə həmin Malları/Xidmətləri çatdırılıqdan və ya göstərildikdən sonra təhvil alıb razılaşdırılmış qiymətini bu Müqavilə və onun müvafiq əlavələri ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəliyini öz üzərinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən Malların/Xidmətlərin dəyəri müvafiq əlavələrində müəyyən edilmiş ödəniş şərti, bu Müqavilə imzalandıqdan sonra, təqdim edilmiş hesabfaktura əsasında Alıcı tərəfindən ən geci 2 (iki) gün müddətində, nağd şəkildə Satıcıya ödənilməlidir. Həmin müqavilənin 5.3.1-cimaddəsinə əsasən Müqavilənin şərtlərin uyğun təchiz olunmuş Malları/Xidmətləri qəbul etmək və həmin Malların/Xidmətlərin dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada Satıcıya ödəmək öhdəliyi öz üzərinə götürmüşdür. Həmin müqavilənin 10.5-ci bəndinə əsasən Alıcı Satıcı tərəfindən bu Malları Müqavilə şərtlərinə uyğun olaraq Satıcıya təhvil verməsi və müvafiq sənədləşmələri aparmasına baxmayaraq Malların/xidmətlərin dəyərinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə 0,01%-i məbləğində dəbbə pulu ödəmələdir. Yuxarıda qeyd olunan müqavilələrin bəndlərindən göründüyü kimi biz “Satıcı” şirkət olaraq üzərimizə düşən öhdəlikləri tam yerinə yetmişik. Bağlanılmış Forma 2 sənədinə əsasən tərəflər malların sayı, çeşidi və məbləği barədə razılığa gəlmişlər. Həmçinin tərəfimizdən malların dəyəri olan 24 788,50 (iyirmi dörd min yeddi yüz səksən səkkiz manat əlli qəpik) manat (ƏDV daxil) pul vəsaitinin ödənilməsi üçün elektron qaimələr Sizə göndərilmiş, həmin məbləğdən xx.xx.2023-cü il tarixdə 8 020,46 (səkkiz min iyirmi manat qırx altı) manat (ƏDV daxil) ödəniş edilmiş, 16 768,04 (on altı min yeddi yüz altmış səkkiz manat dörd qəpik) manat qalıq məbləğ bugünədək ödənilməmişdir. Cavabdeh "xxxx" MMC müqavilənin şərtlərini əsassız olaraq pozmaqla öhdəliyini yerinə yetirmir, qeyd olunan məbləği ödəmir və ödəməkdən imtina edir. Tərəfimizdən dəfələrlə şifahi qaydada cavabdehə müaciətlər olunmasına baxmayaraq, bugünədək öhdəlikləri yerinə yetirməmişdir.

3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh “X2" MMC ilə İddiaçı MMC arasında bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə 16 768,04 (on altı min yeddi yüz altmış səkkiz manat dörd qəpik) manat məbləğində pul vəsaitinin, məhkəmə qərarı qəbul olunadək gecikdirilmiş hər gün üçün 399 (üç yüz doxsan doqquz) manat dəbbə pulunun, məhkəməyə müraciət üçün çəkdiyi 300 (üç yüz) manat məbləğində pul vəsaitinin və 140,30 (bir yüz qırx manat otuz qəpik) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 17 481,34 (on yeddi min dörd yüz səksən bir manat otuz dörd qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh əvvəlki məhkəmə iclasında borcu ödəmək üçün vaxt istəsə də, onlara hər hansı vəsait ödənilməmişdir.

5. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə əsas borcu qəbul etdiklərini, həmin borcun yaxın müddət ərzində ödəniləcəyini bildirmişdir.

6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.

7. Sonuncu məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış 12 sentyabr 2023-cü il tarixli, NF-01/23 saylı saylı alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilənin əlavələrində göstərilən malları və xidmətləri razılaşdırılmış çeşiddə, çiqdarda, müddətdə, qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı və ya göstərməyi, alıcı isə həmin malları/xidmətləri çatdırıldıqdan və ya göstərildikdən sonra təhvil alıb razılaşdırılmış qiymətini bu müqavilə və onun müvafiq əlavələri ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür.

10. Müqavilənin 4.2-ci bəndinə əsasən malların/xidmətlərin dəyəri təqdim edilmiş hesab faktura əsasında alıcı tərəfindən ən geci iki gün müddətində Satıcıya ödəniləcəkdir.

11. Müqavilənin 10.5-ci bəndinə əsasən alıcı malların/xidmətlərin dəyərinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə 0,01 faiz məbləğində dəbbə pulu ödəyəcək.

12. Tərəflər arasında görülmüş işlər, təhvil verilmiş mallarla bağlı xx.xx.2023-cü il tarixli (13920,70 manat, xx.xx.2023-cü il tarixli (6000,30 manat) təhvil-təslim aktları imzalanmışdır.

13. Cavabdeh tərəfindən iddiaçıya EBDO 593720 saylı qaimə üzrə xx.xx.2023-cü il tarixdə 6797 manat vəsait ödənilmişdir.

14. İddiaçı tərəfindən cavabdehə EBDO 315256 saylı, xx.xx.2023-cü il tarixli (13920,70 manat), EBDP 771743 saylı, xx.xx.2023-cü il tarixli (6000,30 manat) elektron qaimələr təqdim edilmişdir.

15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların və iddiaçı tərəfindən görülümüş işlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 12 sentyabr 2023-cü il tarixli, NF-01/23 saylı saylı saylı alqı-satqı və podrat müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

18. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

19. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

20. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

21. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

22. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı və podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

25. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi əsas borcun (16768,04 manat) tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.

26. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 10.5-ci bəndinə əsasən hesablanmış 399 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

27. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

28. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

29. İddia ərizəsindən görünür ki, iddiaçı tərəflər arasında bağlanmış 12 sentyabr 2023-cü il tarixli, 01/23 saylı müqavilənin ləğv edilməsi tələbini də irəli sürmüşdür.

30. Belə ki, adıçəkilən müqavilənin 13.3.4-cü bəndinə əsasən tərəflər müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədikdə alıcı və ya satıcı qarşı tərəfə yazılı xəbərdarlıq göndərməklə müqaviləni qismən və ya tam şəkildə ləğv etmək hüququna malikdir.

31. İşin araşdırılan hallarından cavabdehin 12 sentyabr 2023-cü il tarixli, 01/23 saylı müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam şəkildə icra etmədiyi, müqavilə şərtlərini əhəmiyyətli şəkildə pozması müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin ləğv edilməsi hissəsində də əsaslıdır və təmin edilməlidir.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

33. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

34. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış 12 sentyabr 2023-cü il tarixli, NF-01/23 saylı saylı müqavilə ləğv edilməli, cavabdehdən 16768,04 manat məbləğində əsas borc, 399 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.

35. İddia ərizəsində 300 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehdən tutulması da tələb edilir.

36. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hüquqi yardımla bağlı çəkilmiş xərc cavabdehə aid edilməlidir.

37. Belə ki, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun hesabına hüquqi xidmət haqqına görə 300 manat pul ödənilmişdir.

38. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 140,30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış 12 sentyabr 2023-cü il tarixli, NF-01/23 saylı müqavilə ləğv edilsin. Cavabdeh MMC-dən 16768,04 manat məbləğində əsas borc, 399 manat dəbbə pulu, 300 manat hüquqi yardıma görə xərc, 140,30 manat dövlət rüsumu, ümumilikdə 17607,34 (on yeddi min altı yüz yeddi manat otuz dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar