Məhkəmə qərarları › İş №e-2-2(113)-2538/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2538/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2538/2025 10.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının qanuni təmsilçisi X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 98792,87 manat məbləğində əsas borcun, bir illik 7% miqdarında, yəni 6915,51 manat faiz borcunun və ödənilmiş 395,71 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli alqı-satqı müqavilələrinə əsasən iddiaçı cavabdehə müxtəlif növ beton/tikinti məhsullarının satılması öhdəliyini öz üzərinə götürmüşdür və iddia ərizəsinə əlavə edilən üzləşdirmə aktından görünür ki, cavabdeh tərəfindən alınan beton/tikinti məhsulların ümumi dəyəri 157792,86 manat təşkil etmişdir. Cavabdeh tərəfindən qeyd edilən borcdan 58999,99 manatı ödənilmişdir, lakin 98792,87 manatı borc olaraq qalmışdır. Cavabdeh tərəfindən borcun ödənilməsi barədə heç bir könüllü hərəkət edilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi F.Qəniyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilməmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 2024.08.017D nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə, satıcı satır, alıcı isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən tərkibdə və qiymətdə malları satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir.

9. Müqavilənin 2.1-ci bəndinə görə, bu müqavilə üzrə malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müqaviləyə əlavələrlə müəyyən edilir.

10. Müqavilənin 2.2-ci bəndinə görə, ödəniş iş icrasına başlandığı gündən hər 15 (on beş) gündən bir edilir. Ay ərzində təqdim edilmiş mallar üçün ay sonunda yekun qarşılıqlı hesablaşma aktı tərtib edilir.

11. xx.xx.2024-cü il tarixli, 2024.08.017D nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2024cü il tarixli, 1 nömrəli əlavədə müqavilə üzrə təhvil veriləcək malın adı, vahidi, çatdırılma yeri və qiyməti razılaşdırılmışdır.

12. Tərəflərin möhür və imzaları ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktına görə cavabdehin xx.xx.2024-cü il tarixə iddiaçıya borcu ƏDV daxil 157547,4 manat təşkil edir.

13. Tərəflərin möhür və imzaları ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktına görə cavabdehin xx.xx.2024-cü il tarixə iddiaçıya borcu ƏDV daxil 157792,86 manat təşkil edir.

14. Tərəflərin möhür və imzaları ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli “xx.xx.2024cü il tarixli alqı-satqı müqaviləsi №2024.08.18D saylı müqaviləyə əsasən mal materialın təhvil-təslimi barədə borcların üzləşməsi” aktına görə xx.xx.2024-cü il-xx.xx.2024-cü il tarixlərini əhatə edən dövr ərzində iddiaçı tərəfindən cavabdehə 7970,90 manat məbləğində mal təhvil verilmişdir.

15. Tərəflərin möhür və imzaları ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli “xx.xx.2024cü il tarixli alqı-satqı müqaviləsi №2024.08.17D saylı müqaviləyə əsasən mal materialın təhvil-təslimi barədə borcların üzləşməsi” aktına görə xx.xx.2024-cü il-xx.xx.2024-cü il tarixlərini əhatə edən dövr ərzində iddiaçı tərəfindən cavabdehə 149576,52 manat məbləğində mal təhvil verilmişdir.

16. Tərəflərin möhür və imzaları ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli “xx.xx.2024cü il tarixli 2024.08.18D saylı müqaviləyə əsasən mal materialın təhvil-təslimi” aktına görə 2024-cü ilin sentyabr ayı üzrə iddiaçı tərəfindən cavabdehə 245,44 manat məbləğində mal təhvil verilmişdir.

17. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli MT2408 10396067 nömrəli 1840,8 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 10542839 nömrəli 51907,02 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 10766716 nömrəli 245,44 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11007622 nömrəli 631,3 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11007845 nömrəli 3005,46 manat məbləğində, xx.xx.2024cü il tarixli MT2408 11133656 nömrəli 2247,9 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11309945 nömrəli 97669,5027 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11070246 nömrəli 245,44 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.

18. İddiaçıya məxsus hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 39000 manat və xx.xx.2024-cü il tarixdə 11000 manat vəsait ödənilmişdir.

19. İddiaçıya məxsus ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 9000 manat məbləğində ödəniş edilmişdir.

20. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib, materialları araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 157792,87 manat məbləğində mal təhvil verilmiş, cavabdeh tərəfindən bunun müqabilində 59000 manat ödəniş edilmiş, qalıq 98792,87 manat borc ödənilməmişdir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

24. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

26. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

27. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən 98792,87 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

28. Həmçinin iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 6915,51 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

29. Belə ki, iddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir.

30. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

31. Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. ...Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”.

32. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir.

33. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.

34. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 98792,87 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 386,38 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 9,33 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 98792,87 manat əsas borc, 386,38 manat dövlət rüsumu, ümumilikdə 99179,25 (doxsan doqquz min bir yüz yetmiş doqquz manat iyirmi beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 9,33 (doqquz manat otuz üç qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar