Məhkəmə qərarları › İş №e-2-2(113)-2541/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2541/2022

05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2541/2022 05.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 119874, 90 manat (yüz on doqquz min səkkiz yüz yetmiş dörd manat doxsan qəpik) əsas borc, vəkilə ödənilmiş 1930 (min doqquz yüz otuz) manat, mediasiya prosesi üçün ödənilmiş 400 (dörd yüz) manat, dövlət rüsumu üçün ödənilmiş 188,75 manat (yüz səksən səkkiz manat yetmiş beş qəpik) olmaqla, cəmi 122393,65 manat (yüz iyirmi iki min üç yüz doxsan üç manat altmış beş qəpik) məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (Satıcı) ilə "xxxx" MMC (Alıcı) arasında 13 noyabr 2014-cü il tarixli, A-333 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. 13 noyabr 2014-cü il tarixli, A-333 nömrəli alqı-satqı müqaviləsinə əsasən satılmış malın dəyəri 305632,52 avro (üç yüz beş min altı yüz otuz iki avro əlli iki sent) təşkil etmişdir. Müqavilə əsasında nəzərdə tutulmuş mal təhvil verildikdən sonra alıcı tərəfindən 150770,62 avro (yüz əlli min yeddi yüz yetmiş avro altmış iki sent) ödənilmişdir. 10 dekabr 2015-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən qalıq borc 154861,90 avro (yüz əlli dörd min səkkiz yüz altmış bir avro doxsan sent) ekvivalentində 179934,05 manat (yüz yetmiş doqquz min doqquz yüz otuz dörd manat beş qəpik) müəyyən edilmişdir. Ardınca 29862,63 avro (iyirmi doqquz min səkkiz yüz altmış iki avro altmış üç sent) ekvivalentində 60000 (altmış min) manat ödəniş edilmiş, lakin bundan sonra dəfələrlə yazılı və şifahi müraciətlərə baxmayaraq, ödəniş edilməmişdir. Hazırda qalıq borc 119874,90 manat (yüz on doqquz min səkkiz yüz yetmiş dörd manat doxsan qəpik) təşkil edir. "xxxx" MMC ilə dəfələrlə danışıqlar aparılmış, lakin borcun ödənilməsinə nail olunmamışdır. İddiaçı tərəfindən pretenziya məktubu ilə "xxxx" MMC-nin rəhbərliyinə müraciət olunmuş və borcun ödənilməsi xahiş edilmişdir. 30 mart 2022-ci ildə "xxxx" MMCyə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, ilkin mediasiya sessiyası 22 aprel 2022-ci il tarixə təyin edilmiş, lakin cavabdeh məlumatlandırılmasına baxmayaraq, həmin sessiyada iştirak etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, iddia müddətinin ötürüldüyünü bildirmiş və həmin əsasla iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - Satıcı qismində İddiaçı ilə alıcı qismində "xxxx" MMC arasında 13 noyabr 2014-cü il tarixli, A-333 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti hazırkı müqaviləyə Əlavələrdə (X1, Sifarişnamə, Təklif, Spesifikasiya, Purchase order və sair adlandırıla bilər) göstərilən nasosların ehtiyat hissələrinin satıcı tərəfindən alıcıya satılması, alıcı tərəfdən isə həmin malın qəbul edilərək, haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malların alqı-satqısı tərəflər arasında əlavələrin imzalanması və möhürlənməsi ilə rəsmiləşdirilir və belə Əlavələr müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Əlavələrin bu və ya digər adla adlandırılması onların mahiyyətini dəyişmir və bu bənddə göstərilən qaydada rəsmiləşdirildiyi halda hər iki tərəfdən imza və möhürlə təsdiqləndikdən sonra qüvvəyə minir. Əlavələr qüvvəyə mindəkdən sonra tərəflər arasında göstərilən mallar barədə tam razılaşmanı təşkil edir və bütün əvvəlki müzakirələri, layihələri, sənədləşmələri və razılaşmaları əvəz edir və onlara nisbətən üstün hüquqi qüvvəyə malikdirlər. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən əlavələrdə malların adlarına, miqdarına, növlərinə, modellərinə, ölçülərinə, rənglərinə və ya digər əlamətlərinə görə müəyyən nisbətdə (çeşidinə), keyfiyyətinə, komplektliyinə, taralaşdırmasına, qablaşdırılmasma, zəmanətinə, çatdırılma müddətlərinə və qiymətə dair məlumat əks etdirilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri bütün əlavələrdə göstərilən qiymətlərin cəmini təşkil edir. Bu qiymətlərə malın alıcıya təhvil verilən ana qədər bütün xərclər (çatdırılması, qablaşdırılması, markalanması, daşınması və sair) daxildir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı malın dəyərinin 50%-i müqavilə imzalandıqdan sonra, avans şəklində 5 (beş) bank günü ərzində satıcının bank hesabına köçürmə yolu ilə ödəyir, qalan 50%-i isə mallarının tam şəkildə satıcı tərəfindən alıcıya təhvil verildikdən sonra əlavələrin orijinalı əsasında satıcı tərəfindən təqdim edilmiş hesablaşma sənədlərinə əsasən 30 (otuz) bank günü ərzində Azərbaycan manatı ilə satıcının bank hesabına köçürmə yolu ilə ödənilir. Hazırkı müqavilə üzrə qiymətlər avro ilə təqdim edilir, lakin bütün ödənişlər Azərbaycan manatı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının ödəmə tarixinə olan məzənnəsi ilə həyata keçiriləcəkdir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən hazırkı müqavilə 31 dekabr 2015-ci il tarixədək qüvvədə qalır. - xx.xx.2015-ci il tarixdə tərəflər arasında tərtib edilmiş qarşılıqlı borcların üzləşdirilməsi aktında cavabdeh "xxxx" MMC İddiaçınə hazırkı vaxta ödənilməmiş 154861,90 avro borcu olduğunu bildirmiş, qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Aktda qeyd olunur ki, qiymətlər avro ilə təqdim edilir, lakin bütün ödənişlər Azərbaycan manatı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının ödəmə tarixinə olan məzənnəsi ilə həyata keçirilir. - "xxxx" ASC tərəfindən verilən hesabdan çıxarışdan görünür ki, İddiaçı ******************** nömrəli hesabına xx.xx.2017-ci il tarixdə "xxxx" MMC tərəfindən 60000 (altmış min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. - İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, borc məbləğinin 7 (yeddi) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh öz öhdəliklərini lazımınca icra etməmişdir. Tərəflər arasında xx.xx.2015-ci il tarixdə borcların üzləşdirilməsinə dair akt tərtib edilmiş, qeyd edilən tarixə "xxxx" MMC İddiaçınə 154861,90 avro borcu olduğunu qəbul etmişdir. Həmin borcdan "xxxx" MMC tərəfindən xx.xx.2017-ci il tarixdə İddiaçı hesabına 60000 (altmış min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Qeyd edilən ödənişdən sonra cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş edilməmiş və iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hazırkı iddia tələbini cavabdehə qarşı irəli sürməkdə subyektiv hüquqa malikdir və cavabdeh tərəfindən iddiaçının hüququ pozulmuşdur. Eyni zamanda cavabdeh "xxxx" MMC-nin nümayəndəsi iddia müddətinin tətbiqi barədə elektron qaydada ərizə təqdim edərək, iddia müddətinin ötürüldüyünü bildirmiş və hazırkı iddiaya iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. qərarlar). Mülki Məcəllənin 380ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: 1) müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; 2) borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: 1) borcun qismən ödənilməsi; 2) əsas borc üzrə faizin köçürülməsi; 3) kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; 4) öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında müqavilə 13 noyabr 2014-cü il tarixdə bağlanmış və müqavilənin şərtlərinə əsasən tərəflər müqavilənin 31 dekabr 2015-ci il tarixədək qüvvədə olmasını müəyyənləşdirmişlər. Cavabdeh tərəfindən isə iddiaçıya sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə olmuş və həmin tarixdən bugünədək cavabdeh tərəfindən borcla əlaqədar heç bir ödəniş edilməmişdir. Hazırkı tələblə bağlı isə iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilən AR Konstitusiya Məhkəməsi Plenumunun qərarının məzmunundan göründüyü kimi, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir, fasilədən sonra iddia müddəti yenidən başlanır və fasiləyə qədər keçmiş vaxt isə yeni müddətə daxil edilmir. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Bunlardan biri kimi borcun qismən ödənilməsi təşkil edir. Cavabdeh xx.xx.2017-ci il tarixdə iddiaçıya ödəniş etməklə borcu etiraf etməsini göstərən hərəkət etmiş və hazırkı mübahisə ilə bağlı iddia müddətinin axımı həmin tarixdən başlamışdır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən sonuncu olaraq ödəniş edildiyi tarixdən (xx.xx.2017-ci il tarixdən), yəni iddia axımının başladığı tarixdən 3 ildən artıq müddət keçdikdən sonra iddia ilə məhkəməyə müraciət etməklə, müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, onun müddət keçdikdən sonra öhdəliyin icrasından imtina etmək hüququ olduğundan və iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi: QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar