Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2544/2022 05.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının göstərdiyi ekspeditor (yük daşıma) xidmətlərinə görə cavabdeh təşkilat tərəfindən ödənilməmiş cəmi 9372,10 manat məbləğində xidmət haqqı borcunun, o cümlədən hazırkı iddiaya görə iddiaçı tərəfindən mediasiya və dövlət rüsumu üçün çəkilmiş cəmi 113.73 manat miqdarında olan xərci və vəkil (nümayəndə) üçün çəkilmiş 310 manat xərcin tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli LLC35178 nömrəli İNVOİCE üzrə tərəflərindən cavabdehə göstərilmiş xidmətə görə həmin təşkilatın 1404.20 manat məbləğində, xx.xx.2020-ci il tarixli LLC35080 nömrəli İNVOİCE üzrə isə 17340 AZN məbləğində olmaqla, cəmi ilkin olaraq 18.744.2 manat məbləğində ödənilməmiş xidmət haqqı borcu yaranmışdır. Həmin məbləğlərə dair iddiaçı tərəfindən müvafiq elektron qaimələr həmin təşkilata elektron qaydada göndərilmiş və adı çəkilən təşkilat həmin qaimələri təsdiq etmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş elektron qaiməyə əsasən, xx.xx.2020-ci il tarixli LLC35080 nömrəli İNVOİCE üzrə 34680 AZN məbləğində olan xidmət haqqı borcundan, xx.xx.2020-ci il tarixində iddiaçının müvafiq bank hesabına 17340 AZN məbləğində avans qismində pul köçürmüşdür. Sonuncu dəfə cavabdehə ünvanlanmış pretenziya məktubundan sonra cavabdeh tərəfindən iddiaçının bank hesabına 18.744.2 AZN məbləğində ödənilməmiş xidmət haqqı borcundan 17 mart 2022ci il tarixdə 9372.10 manat pul vəsaiti köçürülmüş, lakin kəsir qalmış 9372,10 məbləğində borc hələdə Cəmiyyətə tam olaraq ödənilməmişdir. Cavabdehin göstərilmiş xidmətə görə iddiaçıya 9372,10 AZN məbləğində ödənilməmiş xidmət haqqı borcu vardır. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi F.Rəhimov izahatında göstərmişdir ki, onlara ümumilikdə cavabdeh tərəfindən 34680 AZN məbləğində xidmət göstərilmiş, həmin xidmətə görə iddiaçının müvafiq bank hesabına 17340 AZN məbləğində avans qismində pul ödənilmiş, qalan məbləğdən də 9372.10 manat pul vəsaiti ödənilmişdir. Hazırda onların iddiaçıya olan borcu 7967,90 manat təşkil edir. Belə ki, onlar qalan 1404.20 manat məbləğində borcu qəbul etmirlər. Belə ki, həmin borcu təsdiq edən hər hansı sənəd mövcud deyildir, həmin borca dair tərəflər arasında hər hansı təhvil-təslim aktı imzalanmamışdır. Cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasına naməlum səbəbdən gəlməmiş, məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli LLC35080 İNVOİCE-dan görünür ki, cavabdehə 34680 manat məbləğində xidmət göstərilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli LLC35178 nömrəli İNVOİCEdan görünür ki, cavabdehə ƏDV daxil 1404,20 manat məbləğində xidmət göstərilmişdir. İddiaçı tərəfindən cavabdehə EBAK 920090 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 34680 manat, EBAL 402537 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 1404,20 manat məbləğində xidmət göstərilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixli 042 nömrəli pretenziya məktubundan görünür ki, cavabdehin iddiaçıya xx.xx.2017-ci il tarixli müqavilə üzrə yaranmış 18744,20 manat borcun 10 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən cavabdeh tərəfindən iddiaçının müvafiq bank hesabına 17340 AZN məbləğində avans, 17 mart 2022-ci il tarixli ödəniş qəbzinə əsasən 9372.10 manat, xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən 3000 manat məbləğində pul ödənilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 18 aprel 2022-ci il tarixli MŞB/2-00591 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməsi ilə bağlı 100 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış yük daşınması müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Həmin Məcəllənin 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin yük daşınması müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə 9372,10 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, cavabdeh tərəfindən təqdim edilmiş ödəniş tapşırığına əsasən xx.xx.2022-ci il tarixdə iddiaçının bank hesabına 3000 manat məbləğində pul köçürülmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan əsas borcun məbləği 6372,10 manat (9372,10 manat – 3000 manat) müəyyən edilməlidir. Cavabdeh iddiaya etiraz edərək, iddia ərizəsində ayrıca olaraq göstərilmiş 1404.20 manat məbləğində borcunun olmadığını, iddiaçının ona yalnız 34680 manat məbləğində xidmət göstərdiyini, 1404.20 manat məbləğində xidmətin göstərilməsinə dair hər hansı təhvil-təslim aktının olmadığını göstərsə də, məhkəmə araşdırması zamanı tərəflər arasında müqavilə bağlandıqdan sonra ümumiyyətlə göstərilmiş xidmətlərə dair hər hansı təhvil-təslim aktının tərtib edilmədiyi, cavabdehin iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələr əsasında ödəniş etdiyi, iddiaçının təqdim etdiyi qaimələrə dair hər hansı etiraz verilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bundan başqa iddia ərizəsində 310 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “Fides” Vəkil Bürosunun hesabına hüquqi xidmət haqqına görə 310 manat pul ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 6372,10 manat məbləğində pul və 310 manat hüquqi yardıma görə xərc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallarda olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat mediasiya xərci, xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən isə əlavə olaraq 13,73 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş ümumilikdə 113,73 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC-dən 6372,10 (altı min üç yüz yetmiş iki manat on qəpik) manat məbləğində pul, 310 (üç yüz on) manat hüquqi yardıma görə xərc və ödənilmiş 113,73 (bir yüz on üç manat yetmiş üç qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2544/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2544/2022
05.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver