Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2545/2022 18.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 fevral 2020-ci il tarixli, KTA-DM-20/0005 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixə 484,56 manat gecikdirilmiş əsas borc, 37,47 manat gecikdirilmiş günlərə görə cərimə borcu nəzərə alınmaqla ümumilikdə 522,03 manat və ödənilmiş 20 manat həcmində mediasiya xərcinin və 10 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış 07 fevral 2020-ci il tarixli, KTA-DM-20/0005 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi”nə xitam verilməsi, lizinq predmeti olan 3 baş “Simmental” cinsli damazlıq heyvanın sağlam vəziyyətdə "xxxx" ASC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 07 fevral 2020-ci il tarixli, KTA-DM-20/0005 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən 3 baş “Simmental” cinsli damazlıq heyvan cavabdehə 36 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan damazlıq heyvanlar Lizinq obyektinin təhviltəslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 13,500.00 manat təşkil etmiş, həmin məbləğin 7902.66 manat hissəsi Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən qarşılanmışdır. Lizinq müqaviləsinin şərtlərinə əsasən Cavabdeh tərəfindən 3375.00 manat məbləğində ilkin ödəniş, 675.00 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası, 1530.90 manat məbləğində sığorta haqqı Cəmiyyətimizə ödənilmişdir. Eyni zamanda, Cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən damazlıq heyvanlar cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir və nəticədə xx.xx.2022-ci il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 484.56 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin 11.3-cü bəndinə görə, Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi və lizinq obyektinin qaytarılması və müqavilənin ləğv edilməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4). İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 fevral 2020-ci il tarixdə lizinq müqaviləsi bağlanmışdır. Lizinq müqaviləsi üzrə 3 baş “Simmental” cinsli damazlıq heyvan təhvil-təslim aktı ilə Cavabdeh təhvil verilmişdir. Lizinq müqaviləsinin müddəti 36 ay müəyyən edilmişdir. Bundan başqa qeyd edilməlidir ki, hazırki iddianın borcun tələb edilməsi ilə bağlı olan hissəsi müqavilənin bütün müddəti üçün deyil, ancaq cavabdehin xx.xx.2022-ci il tarixədək yaranmış borcuna görədir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun əsas borcu və cərimə məbləğini tələb etmək, lizinq müqaviləsinin ləğv edilməsi və lizinq obyektinin geri qaytarılması tələb hüququ yaranmışdır. İşdə olan lizinq müqaviləsi, ödəniş qrafiki və maliyyə arayışının təhlilindən görünür ki, Cavabdeh müqavilə üzrə öz öhdəliyini icra etməmiş və nəticədə xx.xx.2022-ci il tarixə əsas borc üzrə 484,56 manat borcu yaranmışdır və əsas borcun tələb edilməsi ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş dispozitiv şərtlər mövcud olduğundan iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin mübahisəli olmayan 484,56 manat məbləğində əsas borcuna münasibətdə 37,47 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir. Həmçinin də, lizinq müqaviləsi üzrə öhdəliklər Cavabdeh tərəfindən icra edilmədiyindən lizinq müqaviləsi ləğv edilməli və lizinq obyekti olan 3 baş “Simmental” cinsli damazlıq heyvan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 20 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, cavabdeh tərəf mediasiya sesiyasında iştirak etməmiş və iddiaçı tərəfindən 20 manat məbləğində pul ödənilmişdir. Belə olan halda mediasiya xərcinin əvəzi olaraq 20 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə iddianın qiymətinə uyğun olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilməli olduğundan, bunun 20 manat hissəsinin mediasiya ilə əhatə olunduğundan ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 fevral 2020-ci il tarixli, KTA-DM-20/0005 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi” üzrə xx.xx.2022-ci il tarixə 484,56 manat əsas borc, 37,47 manat cərimə borcu olmaqla ümumilikdə 522 (beş yüz iyirmi iki manat) manat, 03 (üç) qəpik məbləğində pul Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 fevral 2020-ci il tarixli, KTA-DM-20/0005 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi”nə xitam verilsin. Lizinq obyekti olan 3 baş “Simmental” cinsli damazlıq heyvan sağlam vəziyyətdə "xxxx" ASC-yə qaytarılsın. Mediasiya xərcinin əvəzi olaraq 20 manat və dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2545/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2545/2022
18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver