Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2545/2025 23.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, borc, iddia müddəti, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil1 iştirakı ilə, Cavabdehin nümayəndəsi/vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış 24 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 267069 ( iki yüz altmış yeddi min altmış doqquz) dollar məbləğində borcun alınaraq İddiaçı MMC -nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında Baki şəhərində bağlanılmış 24 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı Məhdud MəsuliyyətliCəmiyyəti Cavabdehnə ümumi 267069 (iki yüzaltmış yeddiminaltmış doqquz) dollar məbləğində gübrə və pestisid satıb. Lakin Cavabdeh MMC tərəfindən bugünədək satılmış malın dəyəri ödəməmişdir. Dəfələrlə yazılı və şifahi müraciətlər olunmasınabaxmayaraq, müxtəlif bəhanələrlə alqı-satqı müqavilə öhdəliklərini könüllü yerinə yetirilməsindənyayınmışlar. Aramızda bağlanmış 2 4 oktyabr 2020-cu il tarixli üzləşmə aktı ilə Cavabdeh MMC sifariş olunan malın dəyərini sifariş təsdiq edildikdən və İddiaçı MMC-nin təqdimetdiyielektron qaimə-fakturanıaldıqdan sonra ödənişi həyata keçirməliydi. Lakin bu müddət ərzində borclarını ödəməmişlər. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə mediasiya proseduru mediatorun ilkin mediasiya sessiyasında iştirak etməmişlər, Lənkəran 1 saylı Mediasiya Təşkilatı prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-ci il tarixli MŞL/MT014/2023-00179 saylıarayışı ilə rəsmiləşdirilmişdir.
3. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(121)-143/2025 saylı qərardadına əsasən İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4. 08.05.2025-ci il tarixində cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə müraciət edərək İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiasının təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işi vardır. Aşağıda qeyd edəcəyi səbəblərə görə iddia tələbini qəbul etmir və hesab edir ki, İddiaçı MMC tərəfindən ona qarşı irəli sürülmüş iddia tələbi əsassızdır: İlk olaraq qeyd edir ki, iddiaçının ona qarşı irəli sürdüyü iddia tələbi həqiqəti əks etdirmir. Beləki, 267.069$ (iki yüz altmış yeddi min altmış doqquz dollar) pul vəsaitini müqavilənin tərəfindən imzalanmadığından, bu qədər məbləğin də onun tərəfindən ödənilməsi absurddur. Həmçinin Cavabdeh MMC ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixində icarə müqaviləsi bağlanılmışdır. Həmin icarə müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh MMC-ə məxsus olan Abşeron rayonu, Hövsan Südçülük sovxozunun ərazisində yerləşən 35.80 ha torpaq sahəsi üzərində inşa edilmiş və mülkiyyətində olan 14 ha istixananı bütün avadanlıq, qurğu və digər infrastrukturları ilə birlikdə icarəyə verilmişdir. Sözü gedən icarə müqaviləsi 5 illik müddətinə, yəni xx.xx.2024-cü il tarixinədək bağlanılmışdır. xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin şərtlərinə uyğun olaraq, "xxxx" MMC-nin üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, sözü gedən icarə müqaviləsi xx.xx.2023-cü il tarixindən birtərəfli qaydada ləğv edilmişdir. İddia ərizəsinə əlavə edilmiş materiallardakı xx.xx.2020-ci il tarixli, 01 №-li alqı-satqı müqaviləsində bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən İddiaçı MMC, X1 şəxsində (bundan sonra “Satıcı” adlandırılacaq) və digər tərəfdən “Alıcı” şəxsində hüquqi şəxs Cavabdeh MMC ilə bağlandığı göstərilmişdir. Bildirir ki, xx.xx.2020-ci tarixdə müqavilə bağlanan zaman onun ölkədə olmamadığından istifadə olunaraq sözügedən mübahisə predmeti olan müqaviləni xx.xx.2004-xx.xx.2019-cu illərdə Cavabdeh MMC-də hüquqşünas vəzifəsində çalışmış, bu cür müqavilə imza etmək səlahiyyəti olmayan X3 imzalamışdır. Müqaviləyə ”CƏNUB” MMC-nin möhüründən istifadə edilərək möhürlənmiş, onun bütün səhifələri Cavabdeh MMC adından müqavilə imzalamağa səlahiyyəti olmayan X3 tərəfindən imzalanmışdır. Həmçinin, sözügedən alqı-satqı müqaviləsi bağlandığı zaman Cavabdeh MMC-ə məxsus olan Abşeron rayonu, Hövsan Südçülük sovxozunun ərazisində yerləşən 35.80 ha torpaq sahəsi üzərində inşa edilmiş və mülkiyyətində olan 14 ha istixananı bütün avadanlıq, qurğu və digər infrastrukturları ilə birlikdə "xxxx" MMC-ə icarəyə verilmişdir. Bundan başqa xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC ilə müqaviləsinə xitam verilmiş X3 "xxxx" MMC-də çalışmağa başlamışdır.Həmin istixana onların istifadəsində deyil, "xxxx" MMC-nin istifadəsində olmuşdur, həmçinin gübrə və pestisidlər də oraya göndərilmişdir. Sadəcə pul yeyintisinə görə və Cavabdeh MMC-ə ziyan vurmaq məqsədilə bu müqavilə onların adından bağlanılmışdır. Faktiki olaraq həmin dövrdə Cavabdeh MMC fəaliyyət göstərməmişdir. Onu da bildirmək istəyir ki, xx.xx.2020-ci il tarixli, üzləşmə aktına nəzərə salsaq görərik ki, "xxxx" MMC-nin adından təmsilçi olaraq X5 imza etmiş(səlahiyyətli olması məlum deyil) və imza etmək səlahiyyəti olmayan X3 arasında bağlanılaraq müştərinin obyekti, təsis sənədləri barədə məlumatda S. Fətəliyevin sadəcə olaraq şəxsiyyət vəsiqəsinin təqdim edildiyi göstərilmişdir. Yəni onun imza etmək səlahiyyətinin təsdiq edən hər hansı bir hüquq müəyyən edici sənəd əlavə edilməmişdir. Bildiyimiz kimi, müqavilə üzrə Satıcı alıcıya mallar göndərdikdə (işlər gördükdə, xidmətlər göstərdikdə) onların ödənilməsi üçün hesab-faktura göndərir, bundan sonra üzləşmə aktı və təhvil təslim aktı əlavə edilir. İş materiallarına nəzər salsaq görərik ki, sözü gedən üzləşmə aktına sənədlərin heç biri əlavə edilməmişdir. Həmçinin gübrə və pestisidin Cavabdeh MMC tərəfindən alınmasına dair təhvil-təslim aktı da yoxdur. Beləliklə sözü gedən müqavilənin görüntü üçün bağlanması göz önündədir. Sözügedən alqı-satqı müqaviləsinin 8.2-ci maddəsinə əsasən, həmin müqavilə 1(bir) il ərzində qüvvədədir. Həmçinin xx.xx.2020-ci il tarixli Üzləşmə aktına 1 saylı Əlavədə borc məbləğinin sonuncu ödəmə tarixi xx.xx.2021-ci ildir. Qeyd edilən tarixdən indiyə kimi bir neçə il keçmiş və qarşı tərəfdən onlara heç bir şikayət və ya pretenziya daxil olmamışdır. Əgər onlara borcları var idisə niyə bu günədək bir dəfə də olsun borcun ödənilməsinə dair məhkəmədən kənar hər hansı bir hərəkət olunmamışdır? Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir. Belə ki, Cavabdeh MMC-nin hüquqşünası olmuş (həmin vaxt müqaviləsi xitam olunmuş) X2 imzaladığı müqavilə uydurma əqddir, əhəmiyyətsizdir. Sadəcə olaraq görünüş üçün bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Alqı-satqı müqaviləsi xx.xx.2020-ci ildə bağlanılıb, xx.xx.2021-ci il tarixdə isə qüvvədən düşmüşdür. Belə ki, müddət ötürülmüşdür. Belə olduğu təqdirdə İddiaçı MMCnin mənə qarşı belə bir iddia tələbini irəli sürməsi yol verilməzdir. Bundan başqa qeyd edim ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə görə əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Lakin mülki iş materiallarına diqqət yetirsək görərik ki, İddiaçı MMC tərəfindən bizim Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindəki elektron kabinetimizə pretenziya məktubu göndərilməmişdir. Məhz bu səbəblərdən İddiaçı MMC tərəfindən mənə qarşı irəli sürülmüş iddia tələbi tamamilə əsassızdır və qanun çərçivəsində yol verilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, iqtisadi mübahisələr üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun qaydada izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mallara dair ayrıca qiymət razılaşma protokolu olmayıb. İşin hallarından görünür ki, satış qaimələri təqdim edilmişdir. Tələb olunan pul məbləği 2017, 2018, 2019-cu illərdə cavabdehə verilən mallara görə yaranmış borc məbləğidir. Yığılan borclardan sonra sənədləşmənin olması üçün tərəflər arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və üzləşmə aktı hazırlanmışdır. Müqavilə bağlandıqdan sonra hər-hansısa bir mal cavabdehə satılmamışdır. Mallar əvvəl verilib, sonra müqavilə bağlanılıb. Rəhbərliklər arasında münasibətlər olduğu üçün bu illər ərzində borc məbləği şifahi tələb edilmişdir. 2024-cü ildə isə Şirvan Kommersiya Məhkəməsində iddia qaldırılmış, orada da müəyyən edilmişdir ki, Cavabdeh MMC adında iki fərqli VÖEN-ni olan şirkət var, iddia verilən zaman başqa Cavabdeh MMC-nin VÖEN-ni göstərilmişdir, bu hallar müəyyən edildikdən sonra əsl cavabdehin qeydiyyatda olduğu ünvan üzrə iş Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə verilən yazılı etirazın məzmununa uyğun izahat verərək idia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, təqdim edilən müqavilə öhdəlikləri vardır. 2020-ci ilin müqaviləsində Samir müəllimin imzası vardır. Fətəliyev Sabirin isə müqaviləni imzalama səlahiyyəti olmamaqla yanaşı, cavabdehin səlahiyyətli nümayəndəsi olmamışdır. Qeyd edilən tarixində Cənub MMC işləməmişdir. Məsələ ilə bağlı qətnamə sistemə əlavə edilmişdir. Qeyd edilən dövrdə cavabdehə məxsus istixana 2017-ci ildən başqa MMC-yə məxsus olmuşdur. X7 iddiaçı ilə əlbir olaraq müqaviləni imzalamışdır. Aktda isə hansı hərəkətlərin görülməsi öz əksini tapmamışdır. Burada müqavilənin etibarlılığı öz əksini tapmır. Təqdim edilən qaimələr arasında isə 2020-ci ilə təsadüf edən qaimə yoxdur. Bütün qaimələr 2017-ci ilə aiddir. Bu müddət ərzində heç bir pretenziya göndərilməmişdir. Burada iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Fətəliyev Sabir 2017-ci ildə işdən çıxarılmışdır. Malın təqdim edilməsi isə öz əksini tapmamışdır. 267000 dolların yaranması zamanı gübrənin alışı-satışı köçürməsi öz əksini tapmır. Əlavə olaraq bildirir ki, iddia üç əsasla rədd edilməlidir. İlkin olaraq, bağlanmış müqavilənin etibarsız olması ilə rədd edilməlidir. İkinci olaraq, iddia müddətinin tətbiqi hissəsində və son olaraq tələb edilən məbləğin sübuta yetirilməməsi hissəsində iddia rədd edilməlidir. Bağlanan müqavilə dövründə cavabdehin fəaliyyəti olmamışdır. Bu cavabdehin nüfuzuna qarşı törədilmiş bir əməldir. İddianın rədd edilməsini xahiş edir. III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01№li Alqı-satqı müqaviləsinə əsasən:
10. Müqavilənin 1.1-ci maddəsinə əsasən "Satıcı" "Alıcı"ya gübrə və pestisid (bundan sonra "Mal") satır, "Alıcı" isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini "Satıcı"ya ödəyir.
11. Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilə predmetinin xüsusiyyətləri nəzərə alınaraq (gübrə və pestisid kənd təsərrüfatı sahəsində istifadə olunduğu, mövsimi yığımla, əkinlə və s. ilə əlaqədar satılmış malın dəyərinin ödənişlərinin ləngiməsi halında) malın qiyməti "Alıcı" tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə olan ABŞ dollarına münasibətdə məzənnəsi nəzərə alınmaqla həyata keçirilməlidir.
12. Müqavilənin 2.2-ci maddəsinə əsasən bu müqavilənin 2.1-ci maddəsidə elektron qaimə-faktura təqdim edildiyi günlə, Malın dəyərinin ödənişinin həyata keçirildiyi gün ABŞ dollarının manata olan məzənnə fərqi nəzərdə tutulur.
13. Müqavilənin 3.1-ci maddəsinə əsasən "Satıcı"nın aşağıdakı hüquqları vardır:
14. Müqavilənin 3.1.1-ci maddəsinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini "Alıcı"dan tələb etmək;
15. Müqavilənin 3.1.2-ci maddəsinə əsasən müqavilə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlar.
16. Müqavilənin 3.2-ci maddəsinə əsasən "Satıcı"nın aşağıdakı vəzifələri vardır:
17. Müqavilənin 3.2.1-ci maddəsinə əsasən satıcı Malları "Alıcı"dan aldığı sifariş və müqavilənin ayrılmaz hissəsi kimi tərəflərin buna uyğun tərtib etdikləri qiymətlərini, miqdarını və ümumi dəyərini göstərən Qiymətlərin razılaşdırılması protokolu" əsasında Alıcıya satmağı öhdəsinə götürür və buna müvafiq qaydada "Alıcı"ya Malları müqavilənin 4.1-ci maddəsində müəyyən edilmiş müddətdə təhvil verir.
18. Müqavilənin 3.2.2-ci maddəsinə əsasən "Alıcı"ya tərəflərin razılaşdırdıqları çeşiddə məhsul vermək;
19. Müqavilənin 3.2.3-ci maddəsinə əsasən "Alıcı"ya Malları onların daşınması və saxlanması üçün zəruri olan şəkildə qablaşdırmaqla vermək;
20. Müqavilənin 3.3-cü maddəsinə əsasən "Alıcı"nın aşağıdakı hüquqları vardır:
21. Müqavilənin 3.3.1-ci maddəsinə əsasən əgər "Satıcı" satılmış Malı "Alıcı"ya verməkdən imtina edirsə, Müqavilənin icrasından imtina etmək;
22. Müqavilənin 3.3.2-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsini pozaraq, "Alıcı"ya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda Mal verdikdə, "Alıcı", əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda Malın verilməsini tələb edə bilər.
23. Müqavilənin 3.4-cü maddəsinə əsasən alıcının aşağıdakı vəzifələri vardır:
24. Müqavilənin 3.4.1-ci maddəsinə əsasən "Alıcı" Malların tələb olunan siyahısını yazılı surətdə "Satıcı"ya təqdim etməlidir;
25. Müqavilənin 3.4.2-ci maddəsinə əsasən "Alıcı" (elektron qaimə-fakturanı aldıqdan sonra) Malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (ödəniş zamanı müvafiq valyutaya münasibətdə rəsmi məzənnə nəzərə alınaraq) ödəməlidir;
26. Müqavilənin 3.4.3-cü maddəsinə əsasən bu Müqavilə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələr.
27. Müqavilənin 4.1-ci maddəsinə əsasən "Satıcı" Malı müqaviləyə uyğun olaraq "Alıcı" tərəfindən ödəniş həyata keçirildikdən sonra 3 (üç) gün ərzində və yaxud ödənişin həyata keçirilməsi ilə bağlı müqavilədə razılaşdırılmış müddət müəyyən edildikdə "Alıcı"ya Malı qabaqcadan təhvil verməyi öhdəsinə götürür.
28. Müqavilənin 4.2-ci maddəsinə əsasən "Satıcı" Malın təhvil verilməsindən əvvəl elektron qaimə-fakturanı və digər zəruri sənədləri "Alıcı"ya təqdim etməlidir.
29. Müqavilənin 5.1-ci maddəsinə əsasən müqaviləyə əsasən Alıcı Malları 1 (bir) həftə qabaqcadan Satıcıya sifariş etməlidir.
30. Müqavilənin 5.2-ci maddəsinə əsasən "Alıcı" sifariş olunan Malın dəyərini sifariş təsdiq edildikdən və "Satıcı"nın təqdim etdiyi elektron qaimə-fakturanı aldıqdan sonra həyata keçirir.
31. Müqavilənin 5.3-cü maddəsinə əsasən malların qiyməti və dəyəri Azərbaycan manatı (AZN) ilə ifadə olunur.
32. Müqavilənin 5.4-cü maddəsinə əsasən alıcı xəbərdar olunduqdan sonar 5 iş günü ərzində məhsulu qəbul etməzsə, Satıcı həmin mal üçün məsuliyyət daşımır.
33. xx.xx.2020-ci il tarixli Üzləşmə Aktına əsasən Cavabdeh MMC İddiaçı MMC-yə 267.069 ABŞ dolları məbləğində borc məbləğini 1 saylı əlavədə göstərilən müddətə hissələrlə ödəyəcəyini öhdəsinə götürmüşdür. Akt hər iki tərəfin imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.
34. Üzləşmə aktına 1 saylı xx.xx.2020-ci il tarixli Əlavəyə əsasən 267069 ABŞ dolları məbləğində borcun xx.xx.2020 və xx.xx.2021-ci il müddətlərədək hissələrlə ödənilməsi razılaşdırılmışdır.
35. 2017-2019-cu illəri əhatə edən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə müxtəlif çeşiddə və miqdarda malların satışına dair satış qaimələri tərtib edilmiş. Lakin qaimələr nə təhvil verən, nə təhvil alan tərəfindən təsdiq edilməmişdir.
36. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir.
37. Belə ki, iddiaçı iddia edir ki, cavabdehə 2017-2019-cü illər dörvündə gübrə və pestisidlər satmış, daha sonra isə həmin malların satışını rəsmiləşdirmək üçün 2020-ci ildə tərəflər arasında alqı-satqı müqaviləsi və üzləşmə aktı imzalanmışdır. Həmin müqavilə və üzləşmə aktına əsasən yaranmış 267069 ABŞ dolları məbləğində borcun ödənişini tələb edir. Cavabdeh isə bildirir ki, əvvəllər tərəflər arasında münasibətlər olsa da, lakin cavabdehin iddiaçıya hər-hansı borcu mövcüd deyil. Müqavilənin, üzləşmə aktının etibarlılığını belə mübahisələndirərək, 3 əsas üzrə iddia tələbinin rədd edilməsini xahiş edir: ilkin olaraq, bağlanmış müqavilənin etibarsız olması, ikincisi iddia müddəti ötürüldüyü üçün iddia müddətini tətbiq etməklə və son olaraq tələb edilən məbləğin sübuta yetirilməməsi.
38. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
39. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
40. 389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
41. 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
42. 399.1-ci maddəsinə əsasən Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
43. 399.2-ci maddəsinə əsasən Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir.
44. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
45. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
46. 570.1-ci maddəsinə əsasən Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır:
47. 570.1.1-ci maddəsinə əsasən müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 48.
49. 570.1.2 –ci maddəsinə əsasən əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır.
50. 570.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır.
51. 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
52. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
53. İddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatından müəyyən edilir ki, hazırda tələb olunan 267069 ABŞ dolları məbləğində pul vəsaiti 2017-2019-cü illər ərzində cavabdehə verilən mallara görə tələb edilir. Sonrada sadəcə borcun mövcüdluğunu rəsmiləşdirmək üçün xx.xx.2020-ci il tarixində müqavilə bağlanılıb və üzləşmə aktı imzalanıb. Cavabdeh tərəf isə iddiaya qəti etiraz edərək bildirir ki, əvvəlki illərdə iddiaçı ilə cavabdeh arasında alqı-satqı əməkdaşlığı olsa da, cavabdeh aldığı bütün malların dəyərini ödəyib, iddiaçıya hər-hansı borcu qalmayıb. İddiaçı tərəfindən təqdim olunan 2017-2019-cü illəri əhatə edən “satış qaiməsi” adlı sənədləri isə qəbul etmir, çünki həmin sənədlərdə heç bir tərəfin nə imzası, nə möhürü yoxdur. 2017-2019-cü illər ərzində iddiaçı tərəfindən cavabdehə malların təhvil verilməsi iş materialları ilə müəyyən edilmir.
54. Məhkəmə cavabdehin nümayəndəsinin bu arqumenti ilə razılaşaraq, qeyd edir ki, alqı-satqı münasibətləri üzrə satıcının ən mühüm öhdəliyi malların alıcıya təhvil verilməsidir. İddiaçının nümayəndəsi bildirsə də ki, hazırkı borc məbləği cavabdehə 2017- 2019-cü illər ərzində təhvil verilmiş mallara görədir, lakin, həmin dövrdə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi, alıcının mallara dair sifarişi, tərəflər arasında həmin mallara dair giymət razılaşma protokolu, malların təhvil-təsliminə dair sənədlər məhkəməyə iddiaçı tərəfindən təqdim edilməmişdir. İmzasız və möhürsüz olan “satış qaiməsi” adlı sənədləri məhkəmə hazırkı iddianın təmin edilməsi üçün sübut qismində giymətləndirə bilməz. Beləliklə, iddiaçı tərəfindən cavabdehə tələb olunan məbləğ dəyərində malların satılması iş materialları ilə müəyyən edilmir.
55. İddiaçının digər arqumentinə (sonrada borcun mövcüdluğunu rəsmiləşdirmək üçün xx.xx.2020-ci il tarixində tərəflər arasında müqavilə bağlanılıb və üzləşmə aktı imzalanıb) dair məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilən xx.xx.2020-ci il tarixli müqavilənin 8.1-ci bəndinə əsasən bu müqavilə imzalandıqdan və təsdiq edildikdən sonra tərəflər arasında bağlanan əvvəlki müqavilə öz hüquqi qüvvəsini itirir. Beləliklə, həmin müqavilə ilə müəyyən edilir ki, tərəflər arasında əvvəllər hər-hansı alqı-satqı müqaviləsi mövcüd olmuş olseydı belə, 2020-ci ildən bağlanan müqavilədən sonra, əvvəlki müqavilələr öz hüquqi qüvvəsini itirir. Mülki Məcəllənin 399.2-ci maddəsinə əsasən tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Göründüyü kimi, tərəflər arasında bağlanmış 2020-ci il tarixli müqavilədə MM-nin 399.2-ci maddəsində nəzərdə tutulan hal öz əksini tapmır, əksinə tərəflər müəyyən ediblər ki, 2020-ci il müqavilə ilə əvvəlki münasibətlər öz qüvvəsini itirir.
56. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, birincisi, 2017- 2019-cü illər ərzində cavabdehə hər-hansı malın təhvil verilməsi/satılması iş materialları ilə müəyyən edilmədiyi, möhtəbər və təqzibolunmaz sübutlar ilə təsdiq edilmədiyi üçün, ikincisi, sonradan tərəflər arasında imzalanmış 2020-ci il tarixli müqavilədə həmin müqavilənin tərəflər arasında (ehtimal olunan) əvvəllər mövcüd olan 267069 ABŞ dollarlıq alqı-satqı münasibətlərinə də tətbiq edilməsi şərti müəyyən edilmədiyi üçün iddia tələbi təmin edilə bilməz.
57. Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə və üzləşmə aktına gəldikdə isə məhkəmə qeyd edir ki, birincisi, üzləşmə aktında 267069 ABŞ dollarlıq borcun mallara görə mövcüdluğu əks olunsa da, hansı satılmış mallara (adı, çəkisi, giyməti və s.) görə yaranması müəyyən edilmir (nə müqavilədən, nə aktdan), nə də ki, Aktda həmin borcun 2017-2019-cü illər ərzində satılmış mallara görə yaranması öz əksini tapmır. İkincisi, iddiaçının nümayəndəsi özü etiraf edir ki, 2020-ci il tarixli müqavilə və üzləşmə aktı imzalandıqdan sonra hər-hansı mal cavabdehə satılmamışdır.
58. Beləliklə, nə imzasız/möhürsüz 2017-2019-cü il tarixli satış fakturaları əsasında, nə də ki, 2020-ci il tarixində imzalanmış müqavilə və üzləşmə aktına əsasən verilməmiş mallara görə 267069 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını məhkəmə tamamilə əsassız və qanunsuz hesab edir.
59. AR MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, iddiaçı öz tələbinin əsaslı olmasını sübuta yetirə bilməmişdir.
60. Digər tərəfdən, məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə də fikir bildirməyi zəruri hesab edir.
61. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
63. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
64. Məhkəmə cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir.
65. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
66. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edildi ki, iddiaçının cavabdehə satmadığı/təhvil vermədiyi mallara görə borc məbləğinin tələb edilməsi üçün hər hansı əsası mövcüd deyil.
67. Lakin, hətda zənn edilsə də belə ki, iddiaçı həqiqətən də bildirdiyi kimi 2017- 2019-cü illər ərzində cavabdehə mallar satmış, yenə də iddia ərizəsi təmin edilə bilməzdi. Belə ki, iddiaçı tərəfin izahatına əsasən borc məbləği üzrə sonuncu verilən mal 2019-cü ilə təsadüf edir (2020-ci ildə hər-hansı malın cavabdehə satılmaması/təhvil verilməməsi işin mübahisəsiz halıdır), iddia ərizəsi ilə isə ilk öncə Şirvan Kommersiya Məhkəməsinə xx.xx.2024-cü il tarixində müraciət edilmişdir (iddia müddəti ən geci dekabr 2022-ci il tarixində bitmişdir).
68. Beləliklə, məhkəmə araşdırılması zamanı malların 2017-2019-cü illər ərzində cavabdehə satılması öz təsdiqini tapmış olseydı belə, iddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır.
69. Belə ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsində müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olduğunu və həmin müddətinin keçdiyini bildirmişdir.
70. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
71. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
72. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
73. Həmin Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
74. Beləliklə, məhkəmə hesab edir ki, iddia, iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi istənilən əsaslandırmasından baxıldıqda əsassızdır və rədd edilməlidir.
75. Məhkəmə, prosessual qənayət prinsipi baxımından, cavabdehin iddiaya dair bildirdiyi digər etiraz arqumentlərinə hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab etmir.
76. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
77. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova