Məhkəmə qərarları › İş №e-2-2(113)-2546/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2546/2022

29.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2546/2022 29.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçı X2 iştirakı ilə, iddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı ödənilməmiş xidmət haqqının tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X4 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası“ ASC-dən ödənilməmiş 10.996 manat əmək haqqını, həmçinin dövlət rüsumu kimi ödədiyi 153 manat və mediasiya xərci olaraq 50 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin avqust ayının 09-u tarixindən Qazaxıstan Respublikası Almata şəhərində təchizat və satınalma vəzifəsində əmək fəaliyyətinə başlamış və aylıq əmək haqqı ASFX seriyalı 18/249 saylı xx.xx.2018-ci il tarixli xidmət müqaviləsinə əsasən 1943 manat təşkil edirdi. Müxtəlif zamanlarda əmək haqqını gecikmələr ilə verirdilər. Hazırda 5 ay Qazaxıstan Respublikasından verilməmiş əmək haqqı qalıq kimi qalmışdır. Ümumilikdə, həmin məbləğ 10.996 manat təşkil edir. Dəfələrlə cavabdehə rəsmi qaydada müraciət etsə də, bütün müraciətləri cavabsız və nəticəsiz qalmışdır. Mediasiya təşkilatına müraciət etmiş və həmin təşkilatın arayışını da əldə etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, təqdim edilmiş iddia ərizəsində iddiaçı təqdim etdiyi müqavilələr üzrə borcu təsdiq edən hər-hansı təhvil-təslim aktı, e-qaimə əlavə etməmişdir. Hesab edirlər ki, müqavilələrin əsilləri də məhkəməyə təqdim edilməlidir. İddiaçının təqdim etdiyi müqavilələrin mətnindən görünür ki, ödəniş üçün əsas olan təhviltəslim aktının mövcudluğu zəruridir. Belə ki, müqavilələrin 2.3-cü bəndinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında “təhvil-təslim” aktı imzalandıqdan sonra sifarişçi tərəfindən hər növbəti ayın sonunadək nağd və ya bank köçürmə yolu ilə icraçıya ödənilir. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 5-ci bəndinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaiməfaktura təqdim edilir. Eyni zamanda cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermiş və mübahisəyə Mülki Məcəllədə nəzərdə tutulmuş iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası“ ASC-dən ödənilməmiş 10.996 manat xidmət haqqının, həmçinin dövlət rüsumu kimi ödədiyi 153 manat və mediasiya xərci olaraq 60 (10+50) manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında ona verilən suallara cavab olaraq 2019-cu ilin avqust, oktyabr, dekabr ayları, 2020-ci ilin yanvar, fevral ayları üçün xidmət haqqını tələb etdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - X4 (icraçı) ilə "xxxx" ASC (sifarişçi) arasında bağlanmış 09 avqust 2018-ci il tarixdə ASFX18/249 saylı bağlanmış xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində təchizat və satınalma işlərinin tənzimlənməsi ilə əlaqədar işlərin icrasını öz üzərinə götürmüşdür. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən sifarişçi icraçıya 1 ay üçün 1.943 manat xidmət haqqı ödəyir. 2.3-cü bəndinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında təhviltəslim aktı imzalandıqdan sonra sifarişçi tərəfindən hər növbəti ayın sonunadək bank köçürmə yolu ilə icraçıya ödənilir. 2.6-cı bəndinə əsasən icraçı bu müqavilə üzrə işlərin icrasına 09 avqust 2018-ci il tarixdən başlayacaqdır. 13.8-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan hüquqi qüvvəyə minir və 3 ay müddətinədək qüvvədə qalır. Müqavilə müddətinin bitməsinə 1 həftə qalmış tərəflərdən biri, digərinə müqaviləyə xitam verilməsi barədə yazılı müraciət etməzsə, müqavilə eyni müddətə uzadılmış hesab edilir. Müqavilə sifarişçinin və icraçının imzası ilə təsdiq edilmişdir. 09 avqust 2018-ci il tarixli ASFX18/249 nömrəli xidmət müqaviləsinə xx.xx.2019-cu il tarixli 1 saylı əlavənin: 1-ci bəndinə əsasən tərəflrər razılaşırlar ki, 09 avqust 2018-ci il tarixli ASFX18/249 nömrəli xidmət müqaviləsinin 2.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

2. sifarişçi icraçıya 1 ay üçün 1.975 manat xidmət haqqı ödəyir.

3. Müqavilənin digər bəndləri dəyişməz qalır. Əlavə 1 sifarişçinin imzası və möhürü, icraçının imzası ilə təsdiq edilmişdir. 09 avqust 2018-ci il tarixli ASFX18/249 nömrəli xidmət müqaviləsinə 2 saylı əlavənin: 1-ci bəndinə əsasən tərəflrər razılaşırlar ki, 09 avqust 2018-ci il tarixli ASFX18/249 nömrəli xidmət müqaviləsinin 2.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

2. sifarişçi icraçıya 1 ay üçün 2.405 manat xidmət haqqı ödəyir.

3. Müqavilənin digər bəndləri dəyişməz qalır. Əlavə 2 sifarişçinin imzası və möhürü, icraçının imzası ilə təsdiq edilmişdir. -xx.xx.2019-ci il - xx.xx.2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktlara əsasən müəyyən edilir ki, 2019-cu ilin avqust – 2020-ci ilin fevral aylarında X4 tərəfindən "xxxx" ASC-yə xx.xx.2019-xx.xx.2019-ci il dövr ərzində 2273 manat, xx.xx.2019xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2020-xx.xx.2020-ci il dövrlərdə hər biri 2405 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində 1508 manat dəyərində olmaqla, cəmi 10.996 manat dəyərində xidmətlər göstərilmişdir. Akt sifarişçinin imzası və möhürü və icraçının imzası ilə təsdiq edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrü əhatə edən (X3 aid) hesabdan çıxarışdan müəyyən edilir ki, 09 avqust 2018-ci il tarixli ASFX18/249 nömrəli xidmət müqaviləsi üzrə X1 dəfə xx.xx.2019-cu ildə olmaqla müxtəlif vaxtlarda ümumilikdə 22.741,7 manat, o cümlədən pandemiyadan zərərçəkmiş sahibkarlara dəstək məqsədilə (xx.xx.2020-ci il və yanvar 2021-ci il tarixlərdə) 1780,7 manat ödənişlər edilmişdir. X4 tərəfindən "xxxx" ASC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, ASCdən xidmət müqaviləsi üzrə yaranmış 10.996 manat məbləğində borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə müvafiq instansiyalara müraciət olunacağı bildirilmişdir.

Əsaslandırıcı hissə:

Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X4 ilə cavabdeh "xxxx" ASC arasında 09 avqust 2018-ci il tarixli ASFX18/249 saylı xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehə Qazaxıstan Respublikasında həyata keçirilən layihədə təchizat və satınalma işlərinin tənzimlənməsi ilə bağlı xidmətlər göstərmişdir. 2019-cu ilin avqust, oktyabr, dekabr; 2020-ci ilin yanvar və fevral ayları ərzində iddiaçı Z. Göyçayski tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri cəmi 10.996 manat təşkil etmişdir. Göstərilən hal cavabdehin icra orqanının rəhbərinin də təsdiq etdiyi təhvil-təslim aktları ilə öz təsdiqini tapır. Cavabdeh "xxxx" ASC 2019-cu ilin avqust, oktyabr, dekabr ayları və 2020-ci ilin yanvar-fevral ayları ərzində göstərilmiş xidmətlərin haqqını iddiaçı X3 ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 10.996 manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 385.1-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini – 10.996 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı X4 cavabdeh "xxxx" ASC-dən 10.996 manat məbləğində pul tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehin iddiaya qarşı vermiş olduğu etirazın dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Əvvəla, məhkəmə cavabdehin nümayəndəsinin mübahisəli müqavilənin əslinin təqdim edilməməsi ilə bağlı qeyd edir ki, iddiaçının məhkəməyə mübahisəli müqavilə elektron formada EMİS-ə əlavə edilmişdir. Bununla yanaşı cavabdeh tərəfin mübahisəli müqavilə üzrə iddiaçı Z.Göyçayskinin göstərdiyi xidmətlərə görə dəfələrlə ödənişlər etməsi ona dəlalət edir ki, cavabdeh tərəf müqavilə barədə məlumatlı olmaqdan əlavə həmin müqaviləni icra etməklə onu bəyənmişdir. Digər tərəfdən Z.Göyçayskinin işlərin görülməsi barədə mübahisəli aktlar üzrə ASCyə elektron qaimə təqdim etməməsi barədə cavabdehin istinad etdiyi dəlilə gəldikdə məhkəmə qeyd edir ki, elektron qaimənin təqdim edilməməsi ASC-nin göstərilmiş xidmətin müqabilində haqqı ödəməkdən imtina etməsi və hazırkı iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin iş materiallarından görünür ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək mübahisəyə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 375.2ci, 377.2-ci, 380.1 və 380.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Hazırkı işin materiallarından isə görünür ki, iddiaçı 2019-cu ilin avqust-2020-ci ilin fevral ayları üçün xidmət haqqının ödənilməsini tələb edir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında təhvil-təslim aktı imzalandıqdan sonra sifarişçi tərəfindən hər növbəti ayın sonunadək bank köçürmə yolu ilə icraçıya ödənilməlidir. Odur ki, hazırkı halda iddiaçınnı ödəniş edilməsini tələb etdiyi ən əvvəlki təhvil-təslim aktı - xx.xx.2019-cu il il tarixli akt üzrə ödəniş həmin ilin sentyabr ayının sonunadək icra edilməli idi. Göründüyü kimi hazırkı tələbin icra müddəti daha əvvəl çatmış hissəsi üzrə iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdə başladığı halda hazırkı iddia xx.xx.2022-ci il tarixdə qaldırılmış, yəni hazırkı iddia qaldırılarkən iddiaçı tərəfindən müqavilədən irəli gələn iddia tələbləri üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş üç illik müddət buraxılmamışdır. Odur ki, iddia müddətinin tətbiqi barədə cavabdehin verdiyi ərizənin təmin edilməsi və iddia müddətinin keçməsi əsası ilə hazırkı iddianın rədd edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 153 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 123 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. MPM-in 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumu mediasiya xərclərindən artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı ödədiyi mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Odur ki, artıq ödənilmiş 80 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 73 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçının iddia verilərkən ödədiyi 80 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

Nəticə hissəsi

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 10.996 (on min doqquz yüz doxsan altı) manat məbləğində borc, mediasiya xərclərinin əvəzi olaraq 50 (əllli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 73 (yetmiş üç) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X3 ödənilsin. İddia verilərkən artıq ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar