Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2548/2022 28.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi, lizinq predmetinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2020-ci il tarixli, KTA-DM-20/0012 nömrəli, “Aqrar Kredit və X3 ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixə qədər 321.46 manat gecikdirilmiş əsas borcun, 31.61 manat gecikdirilmiş günlərə görə cərimə borcu nəzərə alınmaqla ümumilikdə 353.07 manat və ödənilmiş 20 manat həcmində mediasiya xərcinin və 10 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış 17 fevral 2020-ci il tarixli, KTA-DM-20/0012 nömrəli müqaviləyə xitam verilməsi, həmçinin lizinq predmeti olan 2 baş “Simmental” cinsli damazlıq heyvanın sağlam vəziyyətdə iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 17 fevral 2020-ci il tarixli, KTA-DM-20/0012 nömrəli, “Aqrar Kredit və X3 ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən 2 baş “Simmental” cinsli damazlıq heyvan cavabdehə 36 ay müddətinə lizinqə verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 9000 manat təşkil etmiş, həmin məbləğin 5260 manat hissəsi Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən qarşılanmışdır. Lizinq müqaviləsinin şərtlərinə əsasən cavabdeh tərəfindən 2250 manat məbləğində ilkin ödəniş, 450manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası, 1020.60 manat məbləğində sığorta haqqı cəmiyyətə ödənilmişdir. Eyni zamanda cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən damazlıq heyvanlar cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir və nəticədə xx.xx.2022-ci il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 321.46 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin 11.3-cü bəndinə görə, lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 % miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin xx.xx.2022-ci il tarixinə qədər 31,61 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə AR İN yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2022-ci il tarixli, PLX-22/0028 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmişdir. Bundan başqa qeyd edir ki, xx.xx.2022-ci il tarixdə, saat 13:00-a təyin edilmiş mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 20 manat həcmində mediasiya xərci ödənmişdir. Beləliklə, cavabdehin müqaviləyə əsasən xx.xx.2022-ci il tarixə qədər 321.46 manat gecikdirilmiş əsas borc, 31.61 manat gecikdirilmiş günlərə görə cərimə borcu nəzərə alınmaqla, ümumilikdə 353.07 manat öhdəliyi vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanan 17 fevral 2020-ci il tarixli KTA-DM- 20/0012 nömrəli “Aqrar Kredit və X3 ilə verilən subsidiya tətbiq edilən X4 müqaviləsi” nə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş damazlıq heyvanları öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu Lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 2.5-ci bəndindən məlum olur ki, müqavilənin bağlanması ilə bağlı ödənişlərin ümumi məbləği 3900.80 manat ( 2250 manat avans məbləği, 1490 manat lizinq obyektinin qalıq dəyəri, 160.80 manat lizinq verənin mükafat məbləği;) 1470.60 manat müqavilənin bağlanması ilə bağlı ödənişlərin ümumi məbləği ( sığorta haqqı 3 illik 1020.60 manat, müqavilənin rəsmiləşdirmə komissiyası 450 manat). Müqavilənin 3.1-ci bəndinə əsasən lizinq müqaviləsi imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam icra edənə qədər qüvvədədir. 3.2-ci bəndə əsasən lizinq müddəti 36 ay təşkil edir. 3.3-cü bəndə əsasən lizinq alanın lizinq obyektinə sahiblik və istifadə müddəti lizinq müddəti hesab edilir. Lizinq müqaviləsinin 3.2-ci bəndində nəzərdə tutulan lizinq müddəti lizinq müqaviləsinin lizinq verən və lizinq alan tərəfindən imzalandığı tarixdən hesablanır və AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən lizinq obyektinə ayrılan subsidiya məbləği lizinq verənin hesabına köçürüldüyü gün lizinq obyekti lizinq alana təhvil verilir. Lizinq verənin təşəbbüsü ilə lizinq obyekti lizinq alana daha tez təhvil-təslim edilə bilər. 8.2.17-ci maddəyə əsasən lizinq verənin tələbi ilə lizinq müqaviləsində göstərilmiş hallarda lizinq obyektini sağlam vəziyyətdə qaytarmağa borcludur. - 17 fevral 2020-ci il tarixli KTA-DM-20/0012 nömrəli “Aqrar Kredit və X3 ilə verilən subsidiya tətbiq edilən X4 müqaviləsi” nə edilmiş 1 nömrəli Əlavəyə əsasən ( ödəniş cədvəli) müqavilə üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1650.80 manat məbləğində ödəniş həyata keçirilməli idi. - xx.xx.2020-ci il tarixli KTA-DM-20/0012İ-T nömrəli “Lizinq obyektinin təhsvil-təslim aktı”na əsasən lizinq obyekti olan iki ədəd Simmental cins damazlıq inək Cavabdeh təhvil verilmişdir. - xx.xx.2022-ci il tarixli PLM-22/0137/1 nömrəli maliyyə arayışına əsasən Cavabdeh lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 321.46 manat gecikdirilmiş əsas borcu, 31.61 manat cərimə borcu, olmaqla ümumilikdə 353.07 manat öhdəliyi vardır. - İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli, PLX-28/0028 nömrəli xəbərdarlıq məktubu ünvanlayaraq, 328.88 manat məbləğində borcun ödənilməsi, eyni zamanda lizinq obyektinin ASC-nin ünvan 1 ünvanında yerləşən anbarına təhvil verilməsi tələb edilmiş, əks təqdirdə lizinq müqaviləsinin şərtlərinin təmin edilməsi və müqavilənin ləğv edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün hərəkətlərin həyata keçiriləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının cavabdehdən borcun ödənilməsini təmin etməsi ilə bağlı tələbi onlar arasında bağlanmış xx.xx.2020-ci il tarixli lizinq müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya lizinq müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. AR Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsaəsn lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri; lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; lizinq verənin mükafatının məbləği; lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; lizinq verənin əlavə xidmətlərinin haqqı; lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. Həmin Məcəllənin 748-11.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 321.46 manat əsas borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 321.46 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 31.61 manat məbləğində cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iddiaçı iddia tələbində tərəflər arasında bağlanmış 17 fevral 2020-ci il tarixli KTA-DM-20/0012 nömrəli “Aqrar Kredit və X3 ilə verilən subsidiya tətbiq edilən X4 müqaviləsi”nə xitam verilməsini və lizinq predmeti olan 2 baş “Simmental” cinsli damazlıq heyvanın sağlam vəziyyətdə iddiaçıya qaytarılmasını xahiş etmişdir. AR Mülki Məcəllənin 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq alanın pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ var. Tərəflər arasında bağlanmış müqavilənin 8.2.17-ci maddəyə əsasən lizinq verənin tələbi ilə lizinq müqaviləsində göstərilmiş hallarda lizinq obyektini sağlam vəziyyətdə qaytarmağa borcludur. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 20 manat mediasiya xərci və 10 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflər arasında bağlanmış 17 fevral 2020-ci il tarixli, KTA-DM-20/0012 nömrəli “Aqrar Kredit və X3 ilə verilən subsidiya tətbiq edilən X4 müqaviləsi” nə əsasən xx.xx.2022-ci il tarixə qədər 321.46 manat gecikdirilmiş əsas borc, 31.61 manat cərimə borcu, ümumilikdə 353.07 manat, ödənilmiş 20 manat həcmində mediasiya xərci və 10 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Tərəflər arasında bağlanmış 17 fevral 2020-ci il tarixli, KTA-DM-20/0012 nömrəli “Aqrar Kredit və X3 ilə verilən subsidiya tətbiq edilən X4 müqaviləsi” nə xitam verilsin. Lizinq predmeti olan 2 baş “Simmental” cinsli damazlıq heyvan sağlam vəziyyətdə Cavabdeh tərəfindən İddiaçı ASC-yə qaytarılsın. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2548/2022
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2548/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver