Məhkəmə qərarları › İş №e-2-2(113)-255/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-255/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-255/2022 27.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 yanvar 2021-ci il tarixli xidmət müqaviləsinə əsasən ödənilməmiş 4276,70 manat məbləğində borcun, hüquqi yardım xərcləri üçün 300 manat və mediasiya prosesi ilə bağlı ödənilmiş 60 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 01 yanvar 2021-ci il tarixdə Cavabdeh ilə İddiaçı MMC arasında xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “İcraçı” – İddiaçı MMC “İstehlakçı” – Cavabdeh elektrik enerjisinin davamlı olaraq 24 saat ötürülməsi xidmətini həyata keçirməyi, “İstehlakçı” – Cavabdeh isə xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5-ci maddəsinə əsasən müqavilə müddəalarının pozulmasına görə və müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi üçün tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Cavabdeh İddiaçı MMC-yə həmin müqavilə üzrə 4276,70 manat borcu vardır və ona yazılı və şifahi qaydada müraciət edilərək həmin məbləğin ödənilməsi xahiş edilmişdir. Lakin edilən müraciətlərin heç bir nəticəsi olmamamışdır. İddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, 01 yanvar 2021-ci il tarixli xidmət müqaviləsi İddiaçı MMC tərəfindən imzalanıb möhürlənmiş formada Cavabdeh sonuncunun qardaşı X2 vasitəsilə təqdim edilməsi üçün verilmişdir. Bundan sonra, müqavilə X2 geri qaytarmışdır. Müqavilənin kim tərəfindən imzalanması onlara məlum deyildir. Buna baxmayaraq, tərəflər arasında müqavilə münasibətləri faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən ödənişlər həyata keçirilmişdir. Hesablama sayğac göstəricilərinə əsasən aparılmışdır. "xxxx" ASC ilə İddiaçı MMC arasında 19 oktyabr 2020-ci il tarixli müqavilə bağlanılmışdır. Enerji "xxxx" ASC-dən alınmış və “Elektrik enerjisindən istifadə qaydaları”na uyğun olaraq eyni tariflə İddiaçı MMC tərəfindən subabonentə satılmışdır. İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında tranzitlə bağlı məkhəmə çəkişməsi olmuş, iş üzrə yekun məhkəmə aktı çıxarılmamış, tərəflər arasında razılıq əldə edilmişdir. “Azərişıq" ASC tərəfindən “Lisenziya və icazələr” haqqında Qanunun 54, 55 və 56-cı maddələrinə istinad edilmişdir. Lakin, onlara məlum deyil ki, enerjinin satınalması ilə məşğul olmaq üçün lisenziya verilməməlidir. Enerjinin satılması hüququ olan şəxslərin dairəsi qanunvericiliklə müəyyən edilməmişdir. Tariflər İddiaçı MMC tərəfindən sahibkarların istifadə etdiyi enerji və transformatorların gücü nəzərə alınmaqla müəyyənləşdirilmişdir. Hesablamalar sayğac göstəricilərinə əsasən aparılır, sayğacların quraşdırılması qeydə alınmır. Tərəflərin şifahi razılığına əsasən sayğaclar sahibkarların sahəsində quraşdırılır və İddiaçı MMC tərəfindən mütəmadi olaraq yoxlama aparılır ki, sayğaca müdaxilə olunmasın. Onda olan məlumata görə, "X3" MMC-nin Nizamnaməsində enerjinin satılması ilə bağlı müddəa yoxdur. Lakin, hazırda hüquqi şəxslər qanunla qadağan olunmayan bütün fəaliyyətlərlə məşğul ola bilər. Hesab edir ki, fəaliyyət növünün nizamnamədə qeyd olunması zəruri deyildir. Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, İddiaçı MMC ilə bağlanmış 01 yanvar 2021-ci il tarixli xidmət müqaviləsi barədə məlumatsıdır. Həmin müqaviləni yalnız məhkəmə iclasında görmüşdür. Müqavilədə olan imza ona məxsus deyildir. O, elektrik enerjisinin təhcizatı ilə bağlı Azərişıq ASC-yə pul ödəməmişdir. 17 may 2021-ci il tarixdən işlər dayandırılmış, o, sahəni tərk etmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: - 01 yanvar 2021-ci il tarixli xidmət müqaviləsinin surətindən görünür ki, icraçı - İddiaçı MMC "xxxx" ASC-yə məxsus elektrik təsərrüfatını icarə və idarəetməyə götürmüşdür. İcraçı istehlakçıya - Cavabdeh elektrik enerjisinin davamlı olaraq 24 saat ötürülməsi xidmətini həyata keçirməyi, istehlakçı isə elektrik enerjisinin haqqını ödəməyi və xidmət haqqını ödəməyi öhdəsinə götürür. - 19 oktyabr 2020-ci il tarixli “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında arasında elektrik enerjisinin alqı – satqısının birtərəfli müqaviləsi”nə əsasən enerji təchizatı müəssisəsi – "xxxx" ASC müqavilə ilə müəyyənləşdirilmiş qaydada elektrik enerjisinin göstəricilərinə uyğun olaraq abonenti - İddiaçı MMC-ni elektrik enerjisi ilə təchiz etməyi, sonuncu isə enerjinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 445 və 448-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ünvanladığı ərizədə qeyd etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti haqqında Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli, 1045 №-li sərəncamının 2-ci bəndi ilə müəyyən edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 3.1-ci bəndində qeyd edilmişdir ki, cəmiyyətin əsas məqsədləri Azərbaycan Respublikasının ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirməkdən, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir. Eyni zamanda "Lisenziyala və icazələr haqqında" AR Qanununun 3 nömrəli Əlavəsində Sahibkarlıq fəaliyyətinə verilən icazələr siyahısında (54, 55 və 56-cı bəndlər) elektrik enerjisinin satışı qeyd edilməmişdir. Qeyd olunanlardan görünür ki, Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçılara satmaq səlahiyyəti yalnız "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ... özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, ilkin olaraq mübahisə predmeti olan 01 yanvar 2021-ci il tarixli xidmət müqaviləsini bağlamaq üçün İddiaçı MMC-nin səlahiyyəti olub – olmaması məsələsi araşdırılmalıdır. Müqavilənin məzmunundan da görünür ki, İddiaçı MMC Cavabdeh elektrik enerjisinin davamlı olaraq 24 saat ötürülməsi xidmətini həyata keçirməyi, istehlakçı isə elektrik enerjisinin haqqını ödəməyi və xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC-nin məhkəməyə ünvanladığı ərizədə qeyd olunduğu kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti haqqında Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli, 1045 №-li sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinə əsasən bu səlahiyyət "xxxx" ASC-yə məxsusdur. İddiaçı bu xüsusata etirazını onunla əsaslandırır ki, enerji "xxxx" ASC-dən alınmış və eyni tariflə “Elektrik enerjisindən istifadə qaydaları”na uyğun olaraq İddiaçı MMC tərəfindən subabonentə satılmışdır. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın: - 1.4-cü bəndində qeyd olunur ki, abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir. Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlaya bilər. Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağladıqda, subabonentin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının sərfindən çıxılmalıdır. - 7.1-ci bəndində qeyd olunmuşdur ki, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. - 7.2-ci bəndində qeyd olunmuşdur ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. - 7.3-cü bəndində qeyd olunmuşdur ki, hesablaşma uçot cihazları, o cümlədən aktiv və reaktiv enerji, aktiv və reaktiv güc elektrik sayğacları, həmçinin cəmləşdirici qurğular və avtomatlaşdırılmış uçot sistemləri “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun quraşdırılmalı və standartların tələblərinə cavab verməlidir. - 9.8 və 9.8.2-ci bəndində qeyd olunmuşdur ki, istehlakçı (məişət abonenti istisna olmaqla) enerjitəchizatı müəssisəsinin və ya X1 Agentliyinin tələbilə, enerjitəchizatı müəssisəsindən alınmış, subabonentlərə ötürülmüş elektrik enerjisinin miqdarını hesablayan elektrik sayğaclarının (uçot sistemlərinin) göstərişlərinin hər bir hesablaşma dövrünün sonuncu günündə 24 saatlıq qeydiyyatını aparmağa, nəticələri barədə enerjitəchizatı müəssisəsinə və X1 Agentliyinə məlumat verməyə borcludur. Lakin işin halları ilə müəyyən olunur ki, - 19 oktyabr 2020-ci il tarixdə "xxxx" ASC ilə İddiaçı MMC arasında bağlanmış “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında arasında elektrik enerjisinin alqı – satqısının birtərəfli müqaviləsi”nə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilməmiş, elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun quraşdırılmamış və standartların tələblərinə cavab verən lazımi uçot cihazları ilə təmin olunmamış, həmçinin, subabonentə ötürülmüş elektrik enerjisinin miqdarını hesablayan elektrik sayğaclarının (uçot sistemlərinin) göstərişlərinin hər bir hesablaşma dövrünün sonuncu günündə 24 saatlıq qeydiyyatını aparmayaraq nəticələri barədə enerjitəchizatı müəssisəsinə və X1 Agentliyinə məlumat verilməmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, 01 yanvar 2021-ci il tarixli xidmət müqaviləsi qanunvericikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanıldığından əhəmiyyətsiz əqd olmaqla etibarsızdır. Bundan başqa, "Elektrik enerjisindən istifadə Qaydaları"nın yuxarıda qeyd olunan tələblərinə riayət edilmədiyindən bu müqavilə əsasında yaranması iddia edilən borc məbləğinin tutulması barədə tələb əsassızdır və təmin edilə bilməz. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar