Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-255/2023 21.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə, qarışıq müqavilə, prosessual maraq, mediasiya xərci, cərimə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin dəyişdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə və həmin müqaviləyə əlavələr üzrə 17471 manat məbləğində mobil cihazların dəyəri, 4674,25 manat məbləğində cərimə, 1004,04 manat məbləğində abunə haqqı, 47,22 manat məbləğində rabitə xidmətlərinə görə haqq və mediasiya xərcinin əvəzi olaraq 200 manat olmaqla, ümumilikdə 23 396,51 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında arasında xx.xx.2017-ci il tarixdə mobil rabitə xidmətlərinin göstərilməsinə dair ***-**** nömrəli müqavilə və həmin müqaviləyə müvafiq əlavələr imzalanmışdır. Bağlanmış müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə rabitə xidmətləri göstərilmiş və mobil rabitə cihazları – mobil telefonlar təqdim edilmişdir. Müqavilənin şərtlərinə əsasən abonent ona göstərilən rabitə xidmətlərinə görə xidmət haqqını iddiaçının müəyyən etdiyi son ödəmə tarixinədək ödəməlidir. Hesab-fakturada göstərilən ödəniş şərtləri cavabeh tərəfindən pozularsa, iddiaçının gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq edir. Cavabdeh müqavilənin şərtlərini pozaraq, göstərilmiş rabitə xidmətlərinin və təqdim edilmiş mobil cihazların dəyərini təşkil edən borcu tam ödəməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 443.1, 445.1, 448.1-ci və s. maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddianın məzmununa uyğun izahatlar verdi və eyni zamanda bildirdi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmış, həmin müqavilə və ona əlavələr əsasında iddiaçı cavabdehə həm mobil rabitə xidmətləri göstərmiş, həm də mobil cihazlar (telefonlar) təqdim etmişdir. Mobil cihazların dəyəri tərəflər arasında bağlanmış müqaviləyə əlavə 8, 9, 10, 11 ilə ayrıayrılıqda göstərilməklə razılaşdırılmışdır. Lakin mobil cihazların dəyərinin cüzi hissəsi ödənilmişdir.
5. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili qeyd etdi ki, əlavə 8-də göstərilən mobil cihazın dəyəri 2898 manat (18 ay * 161 manat) təşkil edir, digər əlavələrdə isə mobil cihazın dəyəri birbaşa göstərilmişdir. Həmçinin əlavələr imzalandığı gün mobil cihazlar da cavabdehə təhvil verilmiş, təhvil-təslim aktları tərtib edilmişdir. Eləcə də iddia tələbində rabitə xidmətlərinə görə haqq dedikdə tarif paketləri ilə razılaşdırılmış limitlərin aşılması nəticəsində yaranan borclar (istifadə olunan sərfiyyat) nəzərdə tutulur (qeyd edilən müqaviləyə əlavə 8, 9, 10, 11 üzrə). Cərimə məbləği isə tərəflər arasındakı müqaviləyə (əlavə 8, 9, 10 və 11-in 4-cü bəndində nəzərdə tutulan 35%) uyğun olaraq yalnız qalıq borca hesablanmışdır. Abunə haqqı dedikdə isə yalnız mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqaviləyə əlavə 8, 9, 10, 11-də qeyd edilən mobil telefon nömrələri üzrə aylıq tarif paketlərinə görə hesablanmış haqlar nəzərdə tutulur.
6. Məhkəmənin hesabdan çıxarışın təqdim edilməsi təklifinə münasibətdə iddiaçının nümayəndəsi və vəkili bildirdi ki, tərəflər arasında hesablaşmalar bank hesabına köçürmə yolu ilə deyil, cavabdehə verilən mobil nömrələrin balansından müvafiq məbləğlərin çıxılması yolu ilə aparılmışdır. Bu səbəbdən ödənişlərin əks olunduğu hesabdan çıxarış mövcud deyil. Lakin bu məlumatı bilinq sistemi təqdim edir ki, həmin sistemdən çıxarış da məhkəməyə təqdim olundu.
7. Cavabdehin hüquqi ünvanına sifarişli poçt göndərişi ilə göndərilən məhkəmə bildirişləri geri qayıtmış, lakin bildirişlər cavabdehin AVİS informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. Eyni zamanda, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə məhkəmə iclaslarının yeri və vaxtı barədə “SMS” bildiriş göndərilmiş, eləcə də məhkəmə iclaslarından əvvəl telefonoqram ötürülmüşdür. Amma cavabdehin hər hansı nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Mobil rabitə xidmətlərinin göstərilməsi müqaviləsi üzrə abunə və rabitə xidmətlərinə görə haqqın və mobil cihazların dəyərinin tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. Məhkəməyə təqdim olunan hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqavilə üzrə “Şirkət” (iddiaçı) “Korporativ Abunəçi”yə (cavabdehə) Mobil Rabitə Xidmətləri göstərir, “Korporativ abunəçi” isə bu xidmətləri qəbul edib bu Müqavilənin tərkib hissəsi olan "Korporativ tarif təklif” planı əsasında xidmət haqqını vaxtı-vaxtında ödənilməsini təmin edir. Həmin müqavilənin 1.6cı maddəsinə əsasən, “Şirkət” “Korporativ Abunəçi”yə Nömrələrdən istifadəni təmin etmək məqsədilə öz mülahizəsinə görə və ya “Korporativ Abunəçi”nin birbaşa yazılı müraciəti və ya elektron məktubu əsasında yeni Telefonlar, Cihazlar, Ödəmə və Kontur kart və ya digər rabitə xidmətləri təqdim edə və göstərə bilər. Telefonlann, Cihazlann, Ödəmə və Kontur kart və ya digər rabitə xidmətlərin dəyəri müvafiq Əlavə(lər) ilə müəyyən edilir və Təhvil- təslim akt əsasında təqdim olunur.
12. Adıçəkilən müqaviləyə 8 saylı əlavədən (hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş) görünür ki, həmin əlavə Şirkət tərəfindən Korporativ Abunəçiyə müvafiq Təhviltəslim aktı əsasında 1 ədəd iPhone X 256GB cihazının satışı və "Business 25" tarif planından istifadə imkanları yaradılması ilə bağlı xidmətlərin göstərilməsi, Korporativ abunəçi tərəfindən isə bunun müqabilində Əlavədə göstərilən haqqın ödənilməsi ilə bağlı Tərəflər arasında yaranacaq münasibətlərin tənzimlənməsini təşkil edir (1-ci bənd). Eləcə də Korporativ abunəçi 18 ay ərzində “Business 25” tarif planından istifadə etmək və həmin tarif planına müvafiq olaraq vaxtı-vaxtında ödənişlər etmək şərti ilə, Korporativ abunəçinin istifadəsinə əsasında 1 ədəd İPhone X 256GB cihazı verir (3-cü bənd). Cədvəldən görünür ki, qeyd edilən mobil cihazın dəyəri cəmi 18 ay olmaqla hər ay üçün 161 manat təşkil edir. “*** *** ** **” mobil nömrəsi üçün tarif paketinin aylıq ödənişi isə 25 manat razılaşdırılmışdır. Qeyd edilən əlavə 22 yanvar 2018-ci ildən qüvvəyə minir (9-cu bənd).
13. İş materiallarında olan 30 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən, 8 saylı əlavənin şərtlərinə uyğun olaraq 2898 manat dəyərində İPhone X 256GB cihazı cavabdehə təhvil verilmiş və sonuncunun möhürü ilə təsdiq edilmişdir.
14. Adıçəkilən müqaviləyə 9 saylı əlavədən (hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş) görünür ki, həmin əlavə Şirkət tərəfindən Korporativ Abunəçiyə müvafiq Təhviltəslim aktı əsasında 1 ədəd iPhone X (256GB) və 1 ədəd iPhone 7 Plus (32 GB) cihazlarının satışı və “Business 25” tarif planından istifadə imkanları yaradılması ilə bağlı xidmətlərin gösterilməsi, Korporativ abunəçi tərəfindən isə bunun müqabilində Əlavədə göstərilən haqqın ödənilməsi ilə bağlı Tərəflər arasında yaranacaq münasibətlərin tənzimlənməsini təşkil edir (1-ci bənd). Eləcə də 18 (on səkkiz) ay ərzində “Business 25" tarif planından istifadə etmək və həmin tarif planına müvafiq olaraq vaxb-vaxbnda ödənişlər etmək şərti ilə, Korporativ abunəçinin istifadəsinə 1 ədəd iPhone X (256GB) və 1 ədəd iPhone 7 Plus (32 GB) cihazlannı verir (3-cü bənd). Cədvəldən görünür ki, qeyd edilən mobil cihazlardan iPhone X-ın (256GB) dəyəri cəmi 18 ay olmaqla hər ay üçün 161 manat, iPhone 7 Plus-un (32 GB) dəyəri cəmi 18 ay olmaqla hər ay üçün 85 manat təşkil edir. “*** *** ** **” və “*** *** ** **” mobil nömrələri üçün tarif paketinin aylıq ödənişi isə 25 manat razılaşdırılmışdır. Qeyd edilən əlavə 22 may 2018-ci ildən qüvvəyə minir (9cu bənd).
15. İş materiallarında olan 23 may 2018-ci il tarixli təhvil-təslim aktına əsasən, 2898 manat dəyərində iPhone X (256GB) və 1530 manat dəyərində olan iPhone 7 Plus cihazları cavabdehə təhvil verilmiş və sonuncunun möhürü ilə təsdiq edilmişdir.
16. Adıçəkilən müqaviləyə 10 saylı əlavədən (hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş) görünür ki, həmin əlavə Şirkət tərəfindən Korporativ Abunəçiyə müvafiq Təhvil-təslim aktı əsasında 2 ədəd iPhone X (256GB) cihazlarının satışı və "Business 25" tarif planından istifadə imkanları yaradılması ilə bağlı xidmətlərin göstərilməsi, Korporativ abunəçi tərəfindən isə bunun müqabilində Əlavədə göstərilən haqqın ödənilməsi ilə bağlı Tərəflər arasında yaranacaq münasibətlərin tənzimlənməsini təşkil edir (1-ci bənd). Eləcə də Korporativ abunəçi 18 ay ərzində “Business 25” tarif planından istifadə etmək və həmin tarif planına müvafiq olaraq vaxtı-vaxtında ödənişlər etmək şərti ilə, Korporativ abunəçinin istifadəsinə 2 ədəd iPhone X (256GB) cihazlarını verir (3-cü bənd). Cədvəldən görünür ki, qeyd edilən mobil cihazların dəyəri cəmi 18 ay olmaqla hər ay üçün 161 manat təşkil edir. “*** *** ** **” və “*** *** ** **” mobil nömrələri üçün tarif paketinin aylıq ödənişi isə 25 manat razılaşdırılmışdır. Qeyd edilən əlavə 04 iyun 2018-ci ildən qüvvəyə minir (9-cu bənd).
17. İş materiallarında olan 27 iyun 2018-ci il tarixli təhvil-təslim aktına əsasən, 2898 manat dəyərində 2 ədəd iPhone X (256GB) cihazı cavabdehə təhvil verilmiş və sonuncunun möhürü ilə təsdiq edilmişdir.
18. Adıçəkilən müqaviləyə 11 saylı əlavədən (hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş) görünür ki, həmin əlavə Şirkət tərəfindən Korporativ Abunəçiyə müvafiq Təhviltəslim aktı əsasında 1 ədəd Apple iPhone X 64GB və 1 ədəd iPhone X 256GB cihazının satışı və "Business 25" tarif planından istifadə imkanları yaradılması ilə bağlı xidmətlərin göstərilməsi, Korporativ abunəçi tərəfindən isə bunun müqabilində Əlavədə göstərilən haqqın ödənilməsi ilə bağlı Tərəflər arasında yaranacaq münasibətlərin tənzimlənməsini təşkil edir (1-ci bənd). Eləcə də Korporativ abunəçi 18 ay ərzində “Business 25” tarif planından istifadə etmək və həmin tarif planına müvafiq olaraq vaxtı-vaxtında ödənişlər etmək şərti ilə, Korporativ abunəçinin istifadəsinə 1 ədəd Apple iPhone X 64GB və 1 ədəd iPhone X 256GB cihazı verir. (3-cü bənd). Cədvəldən görünür ki, qeyd edilən mobil cihazlardan iPhone X 64GB-ın dəyəri cəmi 18 ay olmaqla hər ay üçün 139 manat, iPhone X 256GB-ın dəyəri cəmi 18 ay olmaqla hər ay üçün 161 manat təşkil edir. “*** *** ** **” və “*** *** ** **” mobil nömrələri üçün tarif paketinin aylıq ödənişi isə 25 manat razılaşdırılmışdır. Qeyd edilən əlavə 28 iyun 2018-ci ildən qüvvəyə minir (9-cu bənd).
19. İş materiallarında olan 06 iyul 2018-ci il tarixli təhvil-təslim aktına əsasən, 1 ədəd iPhone X 64GB və 1 ədəd iPhone X 256GB cihazı cavabdehə təhvil verilmiş və sonuncunun möhürü ilə təsdiq edilmişdir.
20. İş materiallarına əlavə olunmuş CC 012 nömrəli hesab-fakturaya əsasən qaimə üzrə cavabdehin 23 094,13 manat borcu vardır.
21. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli izahlı maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə 8, 9, 10 və 11 saylı əlavə üzrə mobil cihazların cəmi dəyəri 18522 manat təşkil etməklə cavabdehin mobil cihazların dəyəri üzrə qalıq borcu 17741 manat, abunə haqqı üzrə yaranmış borc 1004,04 manat və rabitə xidmətlərinə görə yaranmış borc isə 47,22 manat təşkil edir.
22. İş materiallarına əlavə edilən iddiaçıya məxsus billinq sistemindən müxtəlif axtarış meyarları tətbiq edilməklə əldə olunan çıxarışlardan cavabdehin maliyyə arayışında qeyd olunan ayrı-ayrı istiqamətlər üzrə müvafiq borclarının mövcud olduğu görünür.
23. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında mobil rabitə xidmətlərinin göstərilməsi müqaviləsi və ona 8, 9, 10 və 11 saylı əlavədən irəli gələn öhdəlik münasibəti yaranmış, həmin münasibətin məzmununu iddiaçı tərəfindən cavabdehə müxtəlif mobil cihazların satılması və mobil rabitə xidmətlərinin göstərilməsi, cavabdeh tərəfindən isə mobil cihazların dəyərinin və mobil xidmətlərə görə haqqın ödənilməsi təşkil etmişdir. Əlavələrlə razılaşdırılmış mobil cihazlar cavabdehə təhvil verilmiş, həmçinin həmin cihazlarla təqdim edilən mobil nömrələrlə bağlı rabitə xidmətləri göstərilmişdir. Lakin cavabdeh razılaşdırılmış ödənişləri tam etməmişdir.
24. İddiaçı xx.xx.2017-ci il tarixdə mobil rabitə xidmətlərinin göstərilməsinə dair ***- **** nömrəli müqavilə və həmin müqaviləyə 8, 9, 10 və 11 saylı əlavədən irəli gələn borcları tələb edir.
25. Cavabdeh və ya onun nümayəndəsi hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir və məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən heç bir etiraz təqdim etmir.
26. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
28. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edir ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
29. Buna görə də, məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
30. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə mahiyyət etibarilə qarışıq müqavilədir.
31. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
32. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
33. Qeyd edilməlidir ki, xx.xx.2017-ci il tarixdə mobil rabitə xidmətlərinin göstərilməsinə dair ***-**** nömrəli müqavilə və həmin müqaviləyə 8, 9, 10 və 11 saylı əlavələrlə mobil cihazların dəyərinin hissə-hissə ödənilməsi şərti ilə cavabdehə təhvil verilməsi, satılması özü-özlüyündə nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətini ehtiva edir.
34. Belə ki, Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
35. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
36. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
37. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur.
38. Müqavilənin abunə və rabitə xidmətlərinə görə haqqın tutulması ilə bağlı hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir.
39. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
40. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
41. Həmin Məcəllənin 425.1- ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
42. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
43. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
44. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
45. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən razılaşdırılmış mobil cihazlar cavabdehə hissə-hissə ödənilməsi şərti ilə təhvil verilmiş, sonuncu isə müvafiq öhdəliyini yerinə yetirmədiyindən iddiaçının verilmiş əşyanın dəyərinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Eləcə də göstərilmiş mobil rabitə xidmətləri üzrə abunə və rabitə xidmətlərinə görə haqqın ödənilməsini tərəflər müqavilədə razılaşdırdığından və göstərilən xidmətlər müqabilində cavabdeh tərəfindən müvafiq haqlar ödənilmədiyindən iddiaçının sonuncudan məhkəmə qaydasında həmin haqların ödənilməsini tələb etmək hüququ yaranmışdır. Cavabdeh isə məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən, iddiaya etiraz etməmiş, öhdəliyi icra etdiyinə dair sübut təqdim etməmişdir.
46. Beləliklə, iddiaçı tərəfindən göstərilən rabitə xidmətlərinin əvəzi olaraq razılaşdırılmış haqqı və mobil cihazların dəyərini ödəmək öhdəliyini pozan, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu ödəməlidir.
47. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi mobil cihazların dəyəri, abunə haqqı və rabitə xidmətlərinə görə haqqın tutulması hissəsində əsaslıdır və 17471 manat mobil cihazların dəyəri, 1004,04 manat abunə haqqı, 47,22 manat rabitə xidmətlərinə görə haqq Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Mobil rabitə xidmətlərinin göstərilməsi müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
48. İddia ərizəsində iddiaçı həmçinin 4674,25 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.
49. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilənin 3.2-ci bəndinə əsasən, əgər "Korporativ Abunəçi" (cavabdeh) tərəfindən hazırkı Müqavilə üzrə ödəniş şərtləri pozularsa, "Korporativ Abunəçi" gecikdirilmiş hər təqvim günü üçün ödəniləcək məbləğin 0,05% həcmində, lakin əsas borcun 20%-dən çox olmamaq şərtilə cərimə ödəyir.
50. Adıçəkilən müqaviləyə 8, 9, 10, 11 saylı əlavələrin 4-cü bəndlərindən görünür ki, həmin əlavələrin 3-cü bəndində göstərilən şərtlər cavabdeh tərəfindən pozulduqda və ya müqaviləyə vaxtından əvvəl xitam verildikdə cavabdehin istifadəsinə verilmiş mobil cihazlarına dair qalan aylar üçün hər aya görə cihazın qalıq dəyərini (ƏDV daxil olmaqla) və bundan əlavə cihazın qalıq dəyərinin 35% həcmində cərimə ödəməlidir. Şirkət mobil cihazları geri götürmür.
51. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli izahlı maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə 8, 9, 10 və 11 saylı əlavə üzrə mobil cihazların ödənilməyən dəyərinə müvafiq hesablanmış cərimənin məbləği 4674,25 manat təşkil edir.
52. Həmçinin iddiaçının billinq sistemindən çıxarışdan yuxarıda qeyd edilən əlavələrə uyğun olaraq cərimənin qalıq borcla birlikdə hesablandığı aydın olur.
53. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh müqaviləyə əlavədə mobil cihazların dəyərinin ödənilməsi ilə bağlı cərimə məbləğinin mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilədə nəzərdə tutulandan fərqli qaydada tənzimlənməsi barədə razılığa gəlmişdir.
54. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
55. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
56. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
57. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdehin müqavilə üzrə ödəniş etmədiyi halda iddiaçı da uzun müddət iddia ilə məhkəməyə müraciət etməmişdir. Eləcə də cavabdeh müqavilənin qiyməti üzrə qismən ödəniş etmişdir.
58. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 850 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
59. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cərimənin tutulması tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, 850 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Mediasiya xərcinin tutulması ilə bağlı
60. İddia ərizəsində iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.
61. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/11-00016 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh 13 aprel 2022-ci il tarixə keçirilməsi nəzərədə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçı iştirak edərək ilkin mediasiya sessiyasının keçirilməsi üçün 200 manat ödəniş etmişdir.
62. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bunda sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.
63. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
64. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
65. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddiaçının ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində pulun cavabdehdən tutulması tələbi təmin edilməli, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
66. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 07 mart 2017-ci il tarixdə bağlanmış mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 17471 (on yeddi min dörd yüz yetmiş bir) manat mobil cihazların dəyəri, 1004 (bir min dörd) manat 04 (dörd) qəpik abunə haqqı, 47 (qırx yeddi) manat 22 (iyirmi iki) qəpik rabitə xidmətlərinə görə haqq, 850 (səkkiz yüz əlli) manat cərimə olmaqla, ümumilikdə 19372 (on doqquz min üç yüz yetmiş iki) manat 26 (iyirmi altı) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova