Məhkəmə qərarları › İş №e-2-2(113)-2550/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2550/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2550/2021 02.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 34.922,99 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əsas fəaliyyəti mühərrik və sürtkü yağlarının satışından ibarət ibarət olan iddiaçı ilə cavabdeh arasında mühərrik və sürtgü yağlarının satışına dair 01 iyul 2019 cu il tarixli alqı–satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən 01 iyul 2019-cu il tarixdən sonra ayrı-ayrı vaxtlarda ümumilikdə 50.473 manat dəyərində mühərrik yağını cavabdehə təhvil verilmiş və təhvil verilən malın qeyd olunan dəyəri həcmində elektron qaimə cavabdehə göndərilmişdir. Göndərilmiş elektron qaimələr cavabdeh tərəfindən təsdiq edilərək qəbul edilmişdir. İstinad olunan alqı-satqı müqaviləsi üzrə cavabdehə satılmış yuxarıda göstərilən malın dəyərini təşkil edən 50.473 manatdan bu günə qədər cəmi 15.550 manat hissəsi ödənilmiş, qalan 34.922.99 manat hissəsi isə ödənilməmiş qalmışdır. İstinad olunan 01 iyul 2019-cu il tarixli alqı–satqı müqaviləsinin 5.2-ci bəndinə əsasən Mal “Alıcıya təhvil verildikdən sonra 10 iş günü ərzində cavabdeh malın dəyərinin 100% həcmində ödəniş etməlidir. İddiaçı olaraq qeyd olunan müqavilə üzrə öhdəliklərini layiqincə və vicdanla icra etmələrinə baxmayaraq, cavabdeh müqavilə şərtlərini kobud şəkildə pozaraq, müqavilədə nəzərdə tutulan müddətin başa çatmasından uzun müddət keçməsinə baxmayaraq qeyd olunan 34.922.99 manat borcunu ödəməkdən yayınır. Bu günə qədər cavabdehə etdikləri çoxsaylı şifahi müraciətlər nəticə vermədiyindən, cavabdehə sözügedən 34.922.99 manat borcunun 5 iş günü müddətində ödənilməsi, əks halda bununla bağlı məhkəməyə müraciət olunacağına dair 28 aprel 2021-ci il tarixdə poçt vasitəsi ilə göndərilmiş pretenziya məktubu ilə müraciət edilmişdir. Həmin pretenziya məktubu cavabdeh tərəfindən 29 aprel 2021-ci il tarixdə qəbul edilməsinə və həmin məktubun qəbul tarixindən 7 gün keçməsinə baxmayaraq cavabdeh tərəfindən borcun ödənilməsi ilə bağlı hər hansı bir tədbir görülməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 01 iyul 2019-cu il tarixli 0008 nömrəli alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı alıcıya malları satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən müqaviləyə əsasən alıcı sifariş olunan malın dəyərini 0 % həcmində ilkin ödənişi sifariş təsdiq edildikdən və satıcının təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 10 iş günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən mal alıcıya təhvil verildikdən sonra alıcı 10 iş günü ərzində malın dəyərinin 100% həcmində ödəniş etməlidir. Müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq olunmuşdur. 23.01.2020-ci il tarixli EBAF 350907 saylı elektron qaiməyə əsasən iddiaçı tərəfindən cavabdehə 33273,20 manat, 23.08.2019-cu il tarixli EAAY 878309 saylı elektron qaiməyə əsasən 2000,01 manat, 12.02.2021-ci il tarixli EBAX 391870 saylı elektron qaiməyə əsasən 15200,03 manat dəyərində müxtəlif adda və çeşiddə mallar təhvil verilmişdir. İddiaçı tərəfindən cavabdehə ******* nömrəli 04 sentyabr 2019-cu il tarixli qaimə fakturaya əsasən 1152 manat, ******* nömrəli 09.09.2019-cu il tarixli qaimə fakturaya əsasən 1100 manat, ******* nömrəli 20.009.2019-cu il tarixli qaimə fakturaya əsasən 1900 manat, 04.10.2019-cu il tarixli qaiməyə əsasən 5200 manat, 04.10.2019-cu il tarixli qaiməyə əsasən 550 manat, ******* saylı, 17.10.2019-cu il tarixli qaimə fakturaya əsasən 6418 manat, 21.11.2019-cu il tarixli qaiməyə əsasən 5260 manat, 31.01.2020-ci il tarixli qaiməyə əsasən 2800 manat, 29.08.2019-cu il tarixli qaiməyə əsasən 1500 manat, 16 avqust 2019-cu il tarixli ******* nömrəli qaimə fakturaya əsasən 2221 manat, 20.07.2019cu il tarixli qaiməyə əsasən 5380 manat, 27 avqust 2019-cu il tarixli ******* nömrəli qaiməfakturaya əsasən 4450 manat dəyərində mallar təhvil verilmişdir. Ödəniş tapşırıqlarına əsasən 26.08.2019-cu il tarixdə cavabdehın bank hesabından iddiaçının bank hesabına 01.07.2019-cu il tarixli 008 saylı müqaviləyə əsasən 1694,92 manat, 24.01.2020-ci il tarixdə 11016,95 manat pul köçürülmüşdür. ƏDV sub-uçot hesabından çıxarışa əsasən 01.07.2019-cu il tarixli 008 saylı müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya 26.08.2019-cu il tarixdə 305,09 manat, 24.01.2020-ci il tarixdə 1983,05 manat pul ödənilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 28 aprel 2021-ci il tarixli 73 nömrəli pretenziya məktubuna əsasən aralarında bağlanmış 01 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 34.922,99 manat məbləğində borcun 5 gün müddətində ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 01.07.2019-cu il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 34.922.99 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 34.922.99 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 34.922.99 manat (otuz dörd min doqquz yüz iyirmi iki manat doxsan doqquz qəpik) məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar