Məhkəmə qərarları › İş №e-2-2(113)-2556/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2556/2021

18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2556/2021 18.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 117.400,20 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 27 iyul 2020-ci il tarixdə cavabdehin direktoru X1 ilə alqı-satqı müqaviləsi bağlamışdır. Sözügedən müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan armaturun satışını həyata keçirir, qarşı tərəf isə malı qəbul edir, əvəzində bu müqavilənin şərtləri ilə müəyyən olunmuş malların dəyəri miqdarında ödənişi ona nağdsız qaydada ödəməyi öhdəsinə götürür. Qeyd edilən alqı-satqı müqaviləsinin 4.2ci maddəsinə əsasən Alıcı e-Qaimə fakturanı aldığı tarixdən 5 (beş) iş günü müddətində malın dəyərini Satıcının bank hesabına köçürməlidir. Müqaviləni bağladıqdan sonra 28 iyul 2020-ci il tarixdə 17.538 ,10 (on yeddi min beş yüz otuz səkkiz manat on qəpik) manat dəyərində armaturun satışı ilə bağlı e-Qaimə fakturanı alıcıya təqdim etmişdir. Lakin bunun müqabilində alıcıdan müqavilədə göstərilən müddət ərzində hər hansı ödəniş almamışdır. Bundan sonra 5 avqust 2020-ci il tarixdə 37.453,67 manat dəyərində və 35.730.87 manat dəyərində, 6 avqust 2020-ci il tarixdə isə 26.677,56 manat dəyərində armaturun satışı ilə bağlı e-Qaimə faktura alıcı qismində çıxış edən cavabdehə təqdim edilmişdir. Buna baxmayaraq Alıcı yenə müvaqilədə göstərilən müddət ərzində iddiaçıya hər hansı ödəniş etməmişdir. İddiaçı cavabdehə ümumilikdə 117.400,20 manat dəyərində armatur təqdim etsə də, cavabdeh bunun əvəzində ona hər hansı ödəniş etməmişdir. Cavabdehə bununla bağlı dəfələrlə müraciət etmiş, malın dəyərini ödənilməsini tələb edilmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə müqavilədə göstərilən öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 27 iyul 2020-ci il tarixli 35 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı müqaviləyə əlavədə (qiymətlərin razılaşdırılması protokolu bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir) göstərilən malın satışını həyata keçirir. Alıcı isə malı qəbul edir, əvəzində bu müqavilənin şərtləri ilə müəyyən olunmuş malların dəyəri miqdarında ödənişi satıcıya nağdsız qaydada ödəməyi öhdəsinə götürür. Müqavilə tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. Müqavilənin 4-cü maddəsinə əsasən satıcı müqavilənin şərtlərinə uyğun olaraq təhvil verilmiş mala görə hesab-faktura, qiymətlərin razılaşdırılması protokolu, e-Qaimə faktura tərtib edir və alıcıya təqdim edir. Alıcı e-qaimə fakturanı aldığı tarixdən 5 iş günü müddətində malın dəyərini satıcının bank hesabına köçürməlidir. EBAN 242998 seriyalı, 05.08.2020-ci il tarixli elektron qaiməyə əsasən ümumilikdə 37453,67 manat məbləğində, EBAN 323122 seriyalı, 06.08.2020-ci il tarixli elektron qaiməyə əsasən ümumilikdə 26677,56 manat, EBAN 243156 seriyalı, 05.08.2020-ci il tarixli elektron qaiməyə əsasən ümumilikdə 35730,87 manat, EBAM 904572 seriyalı, 28.07.2020-ci il tarixli elektron qaiməyə əsasən ümumilikdə 17538,10 manat məbləində mallar (armatur) iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, həmin elektron qaimələr tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. 27.07.2020-ci il tarixli alqı-satqı müqaviləsinə 01 nömrəli əlavə olan Qiymətlərin razılaşdırması protokoluna əsasən 556923 saylı, 28.07.2020-ci il tarixli malların təhvilqəbul aktı ilə 14862,80 manat məbləğində armatur (ƏDV 2675,30), cəmi 17538,10 manat məbləğində armatur iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, protokol və akt tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. 27.07.2020-ci il tarixli alqı-satqı müqaviləsinə 02 nömrəli əlavə olan Qiymətlərin razılaşdırması protokoluna əsasən 556931 saylı, 05.08.2020-ci il tarixli malların təhvilqəbul aktı ilə 31740,40 manat məbləğində armatur (ƏDV 6713,67), cəmi 37453,67 manat məbləğində armatur iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, protokol və akt tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. 27.07.2020-ci il tarixli alqı-satqı müqaviləsinə 03 nömrəli əlavə olan Qiymətlərin razılaşdırması protokoluna əsasən 556932 saylı, 05.08.2020-ci il tarixli malların təhvilqəbul aktı ilə 30280,40 manat məbləğində armatur (ƏDV 5450,47), cəmi 35730,87 manat məbləğində armatur iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, protokol və akt tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. 27.07.2020-ci il tarixli alqı-satqı müqaviləsinə 04 nömrəli əlavə olan Qiymətlərin razılaşdırması protokoluna əsasən 556936 saylı, 06.08.2020-ci il tarixli malların təhvilqəbul aktı ilə 22608,10 manat məbləğində armatur (ƏDV 4069,46), cəmi 26677,56 manat məbləğində armatur iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, protokol və akt tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. İddiaçının cavabdehə ünvanladığı pretenziya məktubu ilə iddiaçı 27.07.2020-ci il tarixdə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilən armatur satışının dəyəri olan 117.400,20 manat borcun ödənilməsini cavabdehdən tələb etmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 27.07.2020-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Nəticə: Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 117.400,20 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 117.400,20 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 117.400,20 manat (bir yüz on yeddi min dörd yüz manat iyirmi qəpik) məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar