Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2563/2021 06.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh MMC-yə qarşı müqavilə üzrə yaranmış pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 22.252,73 (iyirmi iki min iki yüz əlli iki manat yetmiş üç qəpik) məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında armatur yaymasının almasına dair 15.09.2020-ci il tarixdə 263 №-li Müqavilə və 05.01.2021-ci il tarixdə 19 №-li Müqavilə bağlanılmışdır. Həmin müqavilələrə əsasən Cavabdeh MMC müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında İddiaçı MTK-yə armatur yaymasını öz anbarında təhvil verilməsini, iddiaçı isə qaimə-faktura əsasında malların dəyərini köçürmə yolu ilə əvvəlcədən ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən armatur yaymasının alması üçün hesab-faktura əsasında 30.12.2020-ci il, 11.01.2021-ci il və 01.02.2021-ci il tarixlərdə Cavabdeh MMC-nin hesabına əlavə dəyər vergisi daxil olmaqla cəmi 99 238,00 (doxsan doqquz min iki yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti köçürmüşdür. Həmin məbləğdən yalnız 76985,27 (yetmiş altı min doqquz yüz səksən beş manat iyirmi yeddi qəpik) dəyərində iddiaçıya mal təhvil verilmişdir. Belə ki, 05.01.2021-ci il tarixli, 13.01.2021-ci il tarixli, 22.01.2021-ci il tarixli və 04.02.2021-ci il tarixli malların təqdim edilməsinə dair elektron qaimələrindən də görünür ki, İddiaçı MTK-ya 76985,27 manat dəyərində mallar təqdim edilmişdir. 22252,73 dəyərində mal isə iddiaçıya bu günə kimi təhvil verilməmişdir. Bununla bağlı Cavabdeh MMC ilə dəfələrlə danışıqlar aparılmasına baxmayaraq cavabdeh tərəfindən 22252,73 manat məbləğində pul vəsaiti iddiaçıya qaytarılmamışdır. Bununla da Cavabdeh MMC tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan 15 sentyabr 2020-ci il tarixli 263 saylı müqaviləyə və 05 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən, “alıcı” (İddiaçı MTK) aşağıda göstərilən şərtlərə uyğun olaraq, “satıcı”dan (Azəri-Steel-2009” MMC) armatur yayması almağı öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bənsinə əsasən satılan malın bir tonunun qiyməti hər növbəti partiya üçün razılaşdırılaraq “satıcı” tərəfindən “alıcı”ya verilən hesab-fakturada göstərilir. 2.2-ci bəndinə əsasən “alıcı” aldığı malın dəyərini aldığı hesab-faktura əsasında köçürmə yolu ilə əvvəlcədən ödəyir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən malın göndərməsi zamanı qaimə-faktura tərtib edilir və aşağıdakılar göstərilir; malın adı, nominal diametri, 1 tonun və cəmi miqdarının qıyməti, göndərilən təşkilatın adı, müqavilənin nömrəsi və tarixi. İş materiallarında olan 30.12.2020-ci il tarixli 241 nömrəli ödəniş tapşırığına əsasən 12.600 manat, 30.12.2020-ci il tarixli 242 nömrəli ödəniş tapşırığına əsasən 2.268 manat, 11.01.2021-ci il tarixli 118OPX12101168F1 nömrəli ödəniş tapşırığına əsasən 34.000 manat, 11.01.2021-ci il tarixli 118OPX12101168F0 nömrəli ödəniş tapşırığına əsasən 6.120 manat, 01.02.2021-ci il tarixli OD1 nömrəli ödəniş tapşırığına əsasən 37.500 manat, 01.02.2021-ci il tarixli OD2 nömrəli ödəniş tapşırığına əsasən 6.750 manat məbləğində ödəniş İddiaçı MTK tərəfindən "xxxx" MMC-nin bank hesabına ödənilmişdir. İş materiallarında olan EBAV seriyalı 730481 nömrəli 05.01.2021-ci il tarixli elektron qaiməyə əsasən 13.954 manat, EBAW seriyalı 088391 nömrəli 13.01.2021-ci il tarixli elektron qaiməyə əsasən 20.772 manat, EBAW seriyalı 442825 nömrəli 22.01.2021-ci il tarixli elektron qaiməyə əsasən 20.172 manat, EBAX seriyalı 006801 nömrəli 04.02.2021ci il tarixli elektron qaiməyə əsasən 22.085,18 manat məbləğində ödəniş “Azəri Stel-2009” tərəfindən İddiaçı MTK-ya ödənilməsi üçün təqdim edilmişdir. İş materiallarında olan Cavabdeh MMC və İddiaçı MTK hesablaşmaların qarşılıqlı yoxlanmasına dair tərtib edilmiş aktda qeyd olunur ki, 11 fevral 2021-ci il tarixə Cavabdeh MMC-nin İddiaçı MTK-nın qarşısında 22.252,73 manat məbləğində öhdəliyi mövcuddur. Hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-yə ünvanlanan 30.03.2021-ci il tarixli 05- 03/21 saylı pretenziya məktubunda qeyd olunur ki, 15 sentyabr 2020-ci il tarixində bağlanan 263 saylıq müqaviləyə əsasən 11 fevral 2021- ci il tarixindən etibarən 22.252,73 manat dəyərində mal şirkətə göndərilmədiyindən pul vəsaiti geri qaytarılmamışdır. Qeyd olunan məbləği 15 gün ərzində nəğd və ya mal şəklində göndərilməsi xahiş olunmuş, əks haılda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında iki alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərinin pozmuşdur. Nəticədə cavabdeh tərəfindən, iddiaçının ödədiyi qiymət üzrə borcu yaranmışdır. Belə olan halda məhkəmə, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, "xxxx" MMC-dən 22.252,73 (iyirmi iki min iki yüz əlli iki manat yetmiş üç qəpik) məbləğində pul vəsaiti və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, cəmi 22.282,73 (iyirmi iki min iki yüz səksən iki manat, yetmiş üç qəpik) manat tutularaq İddiaçı MTK-nın hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC-dən 22.252,73 (iyirmi iki min iki yüz əlli iki manat yetmiş üç qəpik) məbləğində pul vəsaiti və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, cəmi 22.282,73 (iyirmi iki min iki yüz səksən iki manat, yetmiş üç qəpik) manat tutularaq İddiaçı MTK-nın hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2563/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2563/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver