Məhkəmə qərarları › İş №e-2-2(113)-2569/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2569/2021

21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2569/2021 21.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, “LV Caspian Limited” şirkətinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: “LV Caspian Limited” şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 43454,21 ABŞ dolları məbləğində pul vəsaitinin “xxxx” Açıq Səhmdar Cəmiyyətindən, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı “LV Caspian Limited” şirkətidir, ərizə İddiaçı tərəfindən imzalanmış və ərizənin giriş hissəsində aşağıdakı məzmunda xüsusi qeyd aparılmışdır: “Elektron məhkəmə informasiya sisteminə xarici hüquqi şəxs olan “LV Caspian Limited” şirkətinin VÖEN məlumatını daxil edib iddiaçı qismində yerləşdirmək olmur. Bu səbəbdən həmin şirkətin nümayəndəsi kimi iddiaçı qismində özümü seçdim və dövlət rüsumunu da öz adımdan ödədim. Xahiş edirəm nəzərə alıb “LV Caspian Limited” şirkətinin iddiaçı qismində sistemə yerləşdirilməsini təmin edəsiniz.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 69.1- 69.3-cü maddəsində qeyd edilmişdir ki, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. - 150.0.3-cü maddəsinə əsasən, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Lakin qeyd olunan normaların tələbinə zidd olaraq iddia ərizəsinə nəinki ərizəni imzalamaq üçün İddiaçı səlahiyyətini təsdiq edən sənəd, ümumiyyətlə hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənəd əlavə olunmamışdır. Xarici hüquqi şəxsin qeydiyyatı ilə bağlı sənədlərin və nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamənin təqdim olunması ilə bağlı məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası 6 iyun 2000-ci il tarixli Qanununun 18-ci maddəsinə əsasən etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur. Lakin etibarnamənin formasına riayət edilməməsi nəticəsində o, etibarsız sayıla bilməz, bu şərtlə ki, onun forması Azərbaycan Respublikası hüququnun tələblərinə uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 442.1-ci maddəsinə əsasən xarici hüquqi şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti yaradıldığı xarici dövlətin bu şəxslərin yaradılması üçün əsas olmuş qanunu ilə müəyyən edilir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun: - 12-ci maddəsinə əsasən hüquqi şəxsin istinad etdiyi qanun hüquqi şəxsin təsis edildiyi ölkənin hüququ onun istinad etdiyi qanun hesab olunur; - 13.1-ci maddəsinə əsasən hüquqi şəxsin hüquq qabiliyyəti onun istinad etdiyi qanunla müəyyən olunur. İddiaçı iddia ərizəsinin verilmə anına hüquqi şəxsin statusunu və qeydiyyatını sübut edən şirkətin inkorporasiya olunmuş yerin lazımı qaydada təsdiq edilmiş dövlətin rəsmi sənədlərini təqdim etməlidir. "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən bu Konvensiyanı imzalamış dövlətlər razılığa gəliblər ki, “X1 gələn Dövlətlərdən birinin ərazisində edilmiş və Razılığa gələn digər Dövlətin ərazisində təqdim olunmalı rəsmi sənədlərə tətbiq edilir. Bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər. - 4.3-cü maddəsinə əsasən Şəhadətnamənin "Apostille (Convention de la Haye du 5 octobre 1961)" adlı başlığı fransız dilində göstərilməlidir. 5... Lazımi qaydada doldurulmuş şəhadətnamə imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.0.2-ci maddəsinə əsasən xarici hüquqi şəxs - Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsdir; - 6.1.3-cü maddəsinə əsasən nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənəd - ticarət reyestrindən çıxarış (qeydiyyat şəhadətnaməsi və s. ). Bu halda həmin sənəd hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən) qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır. Qeyd olunan normaların məzmununa əsasən iddiaçıya izah edilməlidir ki, əgər “LV Caspian Limited” şirkəti "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmuş ölkələrdən birində qeydiyyata alınmışdırsa, bu zaman apostil, əgər həmin konvensiyanın üzvü deyildirsə, leqallaşdırma prosedurundan istifadə etməli və həmin sənədlər əlavə olunduqdan sonra məhkəməyə müraciət edilməlidir. Bundan başqa, ərizəyə iddia ərizəsinin cavabdehlər tərəfindən alınmasını təsdiq edən xəbərnamələr əlavə olunmuş, lakin Azərbaycan Respublikasının Nazirlər Kabineti üçüncü şəxs kimi göstərilsə də, iddia ərizəsinin üçüncü şəxs tərəfindən alınmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 46-cı madəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. - 150.0 və 150.0.4-cü maddəsinə əsasən iddia ərizəsinə kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır; - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Qeyd olunan normaların məzmunundan göründüyü kimi üçüncü şəxslər də işdə iştirak edən şəxs hesab olunduğundan iddia ərizəsinin yalnız cavabdehlər deyil, üçüncü şəxslər şəxslər tərəfindən də alınmasına dair sübut təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1, 152.1.2 və 152.1.4cü maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: “LV Caspian Limited” şirkətinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. “LV Caspian Limited” şirkətinə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar