Məhkəmə qərarları › İş №e-2-2(113)-2576/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2576/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2576/2021 07.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı “Telko Qafqaz" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı “Telko Qafqaz" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Telko Qafqaz" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 31200 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 sentyabr 2018-ci il tarixində Cavabdeh ilə İddiaçı arasında 46 nömrəli Alqı-Satqı Müqaviləsi imzalanmışdır. Daha sonra, eyni tərəflər arasında müqaviləyə əlavə kimi Qiymətlərin razılaşdırma protokolu imzalanmışdır. Həmin protokola əsasən, cavabdeh iddiaçıdan 20000 kq Oksietiliedendifosfor turşusu HEDP 60% (bundan sonra “Mallar”) sifariş vermiş və onun əvəzinə iddiaçıya 34000 ABŞ Dolları dəyəri ödəməyə öz öhdəsinə götürmüşdür. Mallar cavabdehə Müqavilənin şərtlərinə uyğun vaxtında çatdırılmasına baxmayaraq, cavabdeh ödənişin yalnız bir hissəsini icra edib, qalan hissəni isə indiyə qədər ödəməyib. İddiaçı cavabdehə 30.11.2018-ci il və 06.12.2018-ci il tarixlərdə iki ədəd elektron qaimə göndərmişdir. Həmin qaimələrə əsasən cavabdehdən 34000 ABŞ X1 məzənnəsinə uyğun olaraq 57800 manat pulun ödənilməsi nəzərdə tutulurdu. Ərizəyə əlavə edilmiş müxtəlif tarixdə verilmiş kassa mədaxil orderlərinə və 24.12.2020-ci il tarixli hesabdan çıxarışa əsasən, cavabdeh iddiaçıya müxtəlif tarixlərdə 1270 manat, 3400 manat, 1855 manat, 1500 manat, 11075 manat, 1335 manat, 385 manat və 5780 manat pul ödəmişdir. İddiaçı 24.12.2020-ci il tarixdə müqavilə üzrə üzləşmə aktı tərtib etmiş, həmin üzləşmə aktına əsasən cavabdehin cəmi 31200 manat borcun olduğu müəyyən edilmişdir. Həmin üzləşmə aktı cavabdehin ünvanına göndərilməsinə baxmayaraq, həmin aktın imzalanmasından cür bə cür bəhanələrlə boyun qaçırmışdır. Hər bir halda, müqavilənin 4.2-ci maddəsinə əsasən, qaimə-faktura tərtib olunduqdan və imzalandıqdan sonra mallar qəbul edilmiş hesab edilir və bundan sonra alıcı tərəfindən heç bir iddia qəbul edilmir. Beləliklə, iddiaçı tərəfdən hazırlanmış və iddia ərizəsinə əlavə edilmiş 26.04.2021-ci il tarixli maliyyə arayışına əsasən, 12 sentyabr 2018ci il tarixli 46 nömrəli alqı-satqı müqaviləsi üzrə cavabdehin 31200 manat borcu yaranmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Sonuncu dəfə cavabdehə 12 aprel 2021-ci il tarixdə pretenziya məktubu göndərilmiş, həmin pretenziya məktubu cavabdeh tərəfindən 15 aprel 2021-ci il tarixdə qəbul edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərin icrasından hələ də yayınımaqdadır. Beləliklə, indiki halda cavabdeh müqavilə üzrə borcunu hələ də ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Telko Qafqaz" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi, Vəkil iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 12 sentyabr 2018-ci il tarixli, 46 nömrəli alqı-satqı müqaviləsindən və müqaviləyə əlavə 1 olan qiymətlərin razılaşdırma protokolundan görünür ki, satıcı - “Telko Qafqaz" MMC müqaviləyə əlavədə göstərilmiş ümumi dəyəri 34000 ABŞ dolları olan malların (Oksietiliedendifosror turşusu HEDP 60% (25kq)) alıcıya - "xxxx" MMC-yə satılmasını, alıcı isə həmin malların dəyərinin satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Hesab fakturadan (invoice), elektron vergi hesab-fakturadan və EAAN seriyalı, 969124 nömrəli, 30.11.2018-ci il tarixli elektron qaimədən görünür ki, “Telko Qafqaz" MMC ümumi dəyəri 57800 manat (ƏDV daxil) (34000 ABŞ dolları) məbləğində olan malları (Oksietiliedendifosror turşusu HEDP 60% (25kq)) alıcı "xxxx" MMC-yə satmışdır. 24.11.2019-25.02.2020-ci illəri əhatə edən kassa mədaxil orderlərinin təsdiq edilmiş surətlərindən və 24.12.2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, "xxxx" MMC alınmış mallara görə “Telko Qafqaz" MMC-yə cəmi 26600 manat ödəniş etmişdir. 26 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 12 sentyabr 2018-ci il tarixli, 46 nömrəli alqı-satqı müqaviləsi üzrə “Telko Qafqaz" MMC tərəfindən "xxxx" MMC-yə 57800 manat məbləğində mal verilmiş, "xxxx" MMC isə 26600 manat məbləğində ödəniş etmiş və nəticədə "xxxx" MMC-nin “Telko Qafqaz" MMC-yə 31200 manat məbləğində borcu qalmışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 567, 598.1-598.2ci maddələri). Göründüyü kimi iddiaçı “Telko Qafqaz" MMC və cavabdeh "xxxx" MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, satıcı - “Telko Qafqaz" MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin alıcı - "xxxx" MMC üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş, satıcıya 31200 manat məbləğində borcunu ödəməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı “Telko Qafqaz" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı 31200 manat məbləğində borcun tələbi iddiası əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 31200 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı “Telko Qafqaz" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 31200 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı “Telko Qafqaz" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar