Məhkəmə qərarları › İş №e-2-2(113)-258/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-258/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-258/2023 26.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçı və cavabdehin iştirakı olmadan, İddiaçı (MMC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.491.079,90 manat məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 1635,54 manat məbləğinin pulun cavabdeh "xxxx" MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddia tələblərinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İş məhkəmənin icraatına qəbul edilərək işin hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. xx.xx.2023-ci il tarixdə keçirilən məhkəmənin hazırlıq iclası çəkişmə prinsipinə riayət edilməsi və proses iştirakçılarının iştiraklarının təmin edilməsi məqsədi ilə məhkəmə hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişdir. İddiaçının nümayəndəsi yenidən xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələblərinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında tərəflər iştirak etməmiş və məhkəmə 29 sentyabr 2020-ci il tarixli, 1 №-li və 20 dekabr 2020-ci il tarixli, 1/21 №-li alqısatqı müqavilələri üzrə "xxxx" MMC-nin "xxxx" MMC-yə ödənilməmiş borcunun, həmçinin, müqavilələr üzrə yaranmış vergi borcunun məbləği nə qədər təşkil etməsinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və həmin ekspertiza qərardadında sübutların (Elektron qaimələrin, təhvil – təslim aktlarının, ödəniş qəbzlərinin, bank hesablarından çıxarışların, vergi orqanına təqdim olunmuş hesabatların və digər zəruri sənədlərin) ekspertə təqdim olunması İddiaçınə həvalə edilmişdir. Daha sonra sübutların ekspertizə mərkəsinə təqdim olunması üçün ekspert tərəfindən xx.xx.2023-cü il tarixli, 9/88 saylı vəsatət təqdim olunmuş, lakin iddiaçı cəmiyyət tərəfindən sübutlar təqdim edilmədiyi üçün məhkəmə-mühasibatlıq ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli, 9/88 saylı məktubla iş materialları ekspert tərəfindən məhkəməyə geri qaytarılmışdır. İş ekspertiza mərkəzindən məhkəməyə xx.xx.2023-cü il tarixində daxil olmuşdur, iş üzrə icraat təzələnmiş və növbəti məhkəm hazırlıq iclası xx.xx.2023-cü il tarixinə təyin edilmişdir. Məhkəmə hazırlıq iclası barədə xx.xx.2023-cü il tarixli bildirişlə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi təkrar xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələblərinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla belə xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasına iddiaçı tərəfindən iştirak təmin edilməmiş, eyni zamanda cavabdehin nümayəndəsi də heç bir məhkəmə hazırlıq iclasına gəlməmiş və iştirak etməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən iddia tələbinin faktiki əsaslarına dair sübutların təqdim edilməsi, eyni zamanda tərəflərin iştirakının təmin edilməsi üçün məhkəmə hazırıq iclasını xx.xx.2023-cü il tarixə təxirə salmış və bu barədə tərəflərə xx.xx.2023-cü il tarixli bildirişlər ünvanlamış və həmin bildirişlərdə bütün sübutların təqdim edilməsi tələb olunmuşdur. Lakin, xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında da tərəflər iştirak etməmişdirlər. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı öz tələbini əsaslandırdığı hallara dair sənədləri iddia ərizəsinə əlavə edilməmiş, məhkəmənin (ekspertizanın təyin edilməsi barədə) qərardadı ilə, həmçinin bildiriş məktubları ilə iddia tələbinin faktiki əsaslarına dair sübutların təqdim edilməsi tələb olunsa da, həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. MPM-in 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. MPM-in 114.1 və 114.1.5-ci maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanıldıqda ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. 914724602 nömrəli qəbzə əsasən ödənilmiş 1635,54 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar