Məhkəmə qərarları › İş №e-2-2(113)-258/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-258/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-258/2025 13.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğv prosesindədir) qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: sığorta haqqı ödənişi, dəbbə pulu) X2 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğv prosesindədir) qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasi Dövlət Sığorta Kommersiya Şirkətindən əmlaka dəymiş zərərə görə 28394 manat məbləğində sığorta ödənişinin, 2500 manat məbləğində dəbbə pulunun, hüquqi yardıma görə 400 manat məbləğin və ödənilmiş 154 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan “LEXUS LX 600” minik markalı (Qeydiyyat nişanı-77AR919; Buraxılış ili-2022, Ban nömrəsi- JTJPBACX6N4001125: Rəngi-qara) nəqliyyat vasitəsi “Avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” haqqında KSK********** saylı şəhadətnaməyə əsasən Azərbaycan Respublikasi Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həmin nəqliyyat vasitəsinə 28394 manat məbləğində zərər dəymişdir. Bununla əlaqədar sığorta şirkətinə dəfələrlə müraciət olunmasına baxmayaraq, İddiaçı MMC-yə “Avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” haqqında KSK********** saylı şəhadətnaməsinə əsasən sığorta ödənişi bugünədək edilməmişdir. Azərbaycan Respublikasi Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta hadisəsi üzrə ödəniş edilməməsi nəticəsində İddiaçı MMC-nin hüquqları pozulmuşdur. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikasi Dövlət Sığorta Kommersiya Şirkətin xx.xx.2024-cü il tarixli məktubla (pretenziya qaydasında) müraciət edilərək, mübahisənin məhkəməyədək həll edilməsi təklif edilmişdir. İddiaçı iddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 21, 934.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına istinad etmişdir. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmiş, etiraz onunla əsaslandırılmışdır ki, qeyd olunan hadisə ilə bağlı sığorta ödənişinin verilməsi üçün Şirkətə müraciət etmişdir. Aparılan araşdırmanın nəticəsində məlum olmuşdur ki, qeyd olunan yol-nəqliyyat hadisəsi xx.xx.2024-cü il saat 00:15-də baş versə də Şirkətə məlumat xx.xx.2024-cü il saat 13:58də verilmişdir. Qanunvericiliyin tələblərinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Həmçinin əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. İş materiallarından görünür ki, sığorta hadisəsi barədə şirkətə xx.xx.2024-cü il saat 13:58-də tarixində məlumat verilmişdir. Beləliklə, Şirkətin sığortalanmış əmlaka vurulmuş zərəri qiymətləndirmək hüququ qismən məhdudlaşdırılmışdır. Bu səbəbdən də Şirkət qanunvericiliklə nəzərdə tutulmuş sığorta hadisəsini araşdırmaq hüququndan istifadə edə bilməmiş və ağlabatanlıq prinsipini rəhbər tutaraq baş vermiş yol-nəqliyyat hadisəsində sığortalanmış nəqliyyat vasitəsinə dəymiş aşkar zərəri qiymətləndirmiş və zərər məbləğinin 9218,64 manat olduğunu müəyyən etmişdir. Belə ki, nəqliyyat vasitəsinin toqquşduğu yol nişanın hadisədən sonrakı vəziyyəti və avtomobil üzərindəki izlərə baxış zamanı aşkar şəkildə görünür ki, iddiaçının tələbi həqiqəti əks etdirmir. Baş verən yol nəqliyyat hadisəsi nəticəsində qeyd olunan bəzi detallara (ön alın şüşə və s.) zərər dəyməsi qeyri-mümkündür. “Lexsus LX 600” markalı, 77AR919 dövlət qeydiyyat nişanlı avtomobil KSK********** saylı, 21,02.2023-cü il tarixli sığorta müqaviləsi ilə qismən (68.32%) sığortalandığı və hər bir hadisə üzrə 200 (iki yüz) manat azadolma tətbiq olunduğunu nəzərə alaraq müvafiq hesablamalar aparılmış (9218.64*68.32-200) və sığorta ödənişinin məbləği 6098,17 manat müəyyən edilmişdir. Şirkət tərəfindən iddiaçıya ünvanlanmış GS-02/01 -060/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubda bank rekvizitlərini təqdim edəcəyi təqdirdə 6098,17 manat sığorta ödənişinin bank hesabına köçürüləcəyi bildirilmişdir. Etirazın maddi hüquqi əsası kimi AR Mülki Məcəllənin 922.1, 922.2, 923.1, 925.1, 925.5, 927.2, 935.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizədə göstərilənləri təsdiq edərək bildirmişdir ki, yol-nəqliyyat hadisəsi gecə baş vermiş və səhəri cavabdehə məlumat verilmişdir. Mübahisə predmeti olan nəqliyyat vasitəsi zəmanətli nəqliyyat vasitəsidir, onun təmir prosesləri yalnız rəsmi distributoru olan "xxxx" MMC-də həyata keçirilir. Həmin nəqliyyat vasitəsinin təmiri ilə bağlı ödənişlər həyata keçirilmişdir. Bununla bağlı hesab-fakturaları, ödəniş tapşırıqlarını, həmçinin "xxxx" tərəfindən verilmiş qüsur aktını e-sistemə əlavə etmişlər. Həmçinin verilmiş suala cavab olaraq bildirmişdir ki, onlar 17 aprel 2024-cü ildə ilkin olaraq ünvanladıqları məktubda 14069 manat zərər dəydiyini bildirmişlər. Çünki cavabdehin nümayəndəsinin təqdim etdiyi kimi nəqliyyat vasitəsi 100% həcmində sığortalanmamış, orada sığorta əmsalı 68,32%-dir. Cavabdeh təşkilat tərəfindən onlara ilkin olaraq qeyrirəsmi təqdim edilən qüsur aktında 21932 manat qeyd edilmişdir. Onlar da hesablama apararaq həmin vəsaitin ödənilməsini xahiş etmişlər. Lakin sonradan onlar “Lexsus Bakı Mərkəzi”nə müraciət etdikdə bildirmişlər ki, ümumiyyətlə elə bir rəqəm Dövlət Sığorta Kommersiya Şirkətinə təqdim edilməmiş, onlar tərəfindən təqdim edilən qüsur aktı 28394 manatdır. Bu səbəbdən onlar yenidən müraciət edərək qüsur aktında qeyd olunan vəsaitin onlara köçürülməsinın təmin edilməsini xahiş etmişlər. İlkin olaraq təqdim edilmiş qüsur aktında “Leksus Bakı Mərkəzi”nin hər hansı möhürü, imzası yoxdur. Daha sonradan cavabdeh təşkilatın öz qiymətləndiriciləri yeni qüsur aktını tərtib edib cavabdehə təqdim etmişlər. 20887 manatın 68,32% əmsalı və azadolma məbləği 200 manatı da çıxdıqdan onların həmin məktubda nəyə görə 14069 manat məbləği qeyd edildiyi məlum olur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar polis tərəfindən araşdırma aparılmışdır. Lakin bununla bağlı sübutları e-sistemə əlavə etməmişlər. Həmçinin cavabdehin qeyd etdiyi ödəniş tapşırığında digər üçüncü şəxsin adının olması onunla əlaqədardır ki, nəqliyyat vasitəsi lizinq müqaviləsinə əsasən digər şəxsin istifadəsinə verilmiş, həmin şəxs yolnəqliyyat hadisəsini törətmiş və nəticə olaraq həmin nəqliyyat vasitəsinin təmirinə həmin şirkət tərəfindən ödəniş edilmişdir. Maraqlı şəxs olaraq onlar bu məbləği sığorta təşkilatından, yəni cavabdehdən tələb edib həmin şəxsə ödəniş etməlidirlər. Nəqliyyat vasitəsi zəmanətli olduğundan tərəflər arasında müqavilədə ödənişlərin olunması hissəhissə nəzərdə tutulmuş, buna görə də məbləği hissə-hissə ödəmişlər. Digər servisdə təmir edilməsi avtomobilin zəmanətdən çıxması demək idi. Sonda o, iddia tələbinin artırlmış həcmdə təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə münasibətdə təqdim edilmiş etiraza uyğun izahat verərək, əlavə olaraq qeyd etmişdir ki, fotoşəkilləri e-sistemə əlavə etmişlər, fotoşəkillərə də baxdıqda aşkar şəkildə görünür ki, qarşı tərəfin iddia etdiyi məbləğ dəymiş zərəri, reallığı əks etdirmir. Artıq burada şübhə yaranır ki, tərəf təminata daxil olmayan hadisə baş vermiş və tərəf əlavə dəyərləri həmin məbləğin üzərinə gəlmişlər. Onlarda 1 qüsur aktı var və onu da e-sistemə əlavə etmişlər. Tərəfin onlara 14000 manat məbləğ köçürülməsinə razılıq məktubundan qabaq onların iddiaçıya müraciəti olub-olmaması barədə məlumatı yoxdur. Onlar hal-hazırda ləğv prosesindədilər və bu səbəbdən konkret bu halla bağlı məlumat və ya tərəfə ünvanlanan məktubu əldə edə bilməmişdir. Onlar maşına dəyən zərəri mütəxəssis baxış keçirdərkən hansı detallara zərər dəydiyini müəyyənləşdirməsi nəticəsində həmin məbləği qeyd etmişlər. Yol nişanının avtomobilə o dərəcə zərər vurması real deyildir. Qeyd edilən hadisə nəticəsində həmin xəsarət olmamışdır. Əgər zərərin dəydiyini 28000 manat olduğunu təsdiqləyirlərsə nəyə görə ilkin iddia tələbində qismən məbləği tələb edirdilər. Ödəniş tapşırıqlarında digər 3-cü bir şirkətin adı qeyd edilib və onlara məlum olmayan hər hansı müqaviləyə istinad edilmişdir. Ümumiyyətlə lizinq şirkəti saysız-hesabsız lizinq avtomobillərinin alğı-satqısı ilə məşğuldur. İstər-istəməz bu fəaliyyətlə məşğul olan şəxs 28394 manat dəyən zərərin 14069 manat həcmində tələb edilməsi ağlasığmazdır. Onlara hadisə barəsində gec məlumat verilmiş, tam olaraq araşdırma aparıla bilməmişlər. Belə ki, qeyd olunan yolnəqliyyat hadisəsi xx.xx.2024-cü il saat 00:15-də baş versə də şirkətə məlumat xx.xx.2024-cü il saat 13:58-də verilmişdir. Qanunvericiliyin tələblərinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, bugünkü günədək etirazda qəbul etdikləri məbləği tərəf razılaşmadığı üçün ödəniş etməmişlər. Qanunvericiliyin tələblərinə əsasən məbləğlə bağlı razılıq olmadıqda tərəfə ödəniş olunmur. 17 aprel 2024-cü ildə onlara məktubla müraciət edərək 14069 manat vəsaitin köçürülməsini qeyd ediblər, həmin dövrdə müvafiq araşdırma nəticəsində dəymiş zərərin başqa məbləğdə olması ilə bağlı tərəfə məktub ünvanlamışlar, lakin həmin məktuba cavab gəlməmişdir. Sığorta hadisəsi ilə bağlı müvafiq araşdırma aparıldıqdan sonra dəymiş zərərlə baş vermiş hadisənin nəticəsinin mütənasib olmadığı məlum olmuşdur. Ona görə də daha sonra müvafiq qiymətləndirmə aparılmışdır. Azərsığorta tərəfindən təqdim edilmiş 9268.14 manat vəsaitin qeyd edildiyi akt nə zaman tərtib edilməsi barədə heç bir məlumatı yoxdur. Sonda o, etirazda qeyd olunan məbləğdə iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: “Avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamədən görünür ki, sığorta predmeti “LEXUS LX 600” minik markalı, buraxılış ili 2022-ci il, rəngi - qara, 77AR919 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi qismən sığorta edilmiş, sığorta məbləği 201550 manat, sığorta haqqı 8807,73 manat, qismən sığortanın 68.32% həcmində müəyyən edilmişdir. Sığorta şəhadətnaməsinə əsasən sığorta predmetinin təmir xidməti növü sığortaçının seçimi əsasında müəyyən edilir. Seriya nömrəsi BB476810 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “LEXUS LX 600” minik markalı, 77AR919 dövlət nömrə nişanlı avtomobilin sahibi İddiaçı MMC qeyd olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktına əsasəb müəyyən edilir ki, “LEXUS LX 600” markalı, 77AR919 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ehtiyyat hissələrinin cəmi dəyəri 19012,71 manat, görülmüş işlərin dəyəri 2919,49 manat, cəmi ƏDV daxil 20887 manat (endirim 4993 manat) təşkil etmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktına əsasən müəyyən edilir ki, “LEXUS LX 600” markalı, 77AR919 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ehtiyyat hissələrinin cəmi dəyəri 21851,69 manat, görülmüş işlərin dəyəri 6457,63 manat, cəmi ƏDV daxil 28394 manat (endirim 5011 manat) təşkil etmişdir. “Azərsığorta” tərəfindən tərtib edilmiş İCR 02318 nömrəli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “LEXUS LX 600” minik markalı, 77AR919 dövlət nömrə nişanlı avtomobilin bərpa xərci ümumilikdə 9218,64 manat məbləğində müəyyən edilmişdir. İddiaçı MMC Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə 17 aprel 2024-cü il tarixində məktubla müraciət edərək, Dövlət Sığorta Şirkətinin təyin etdiyi avtomobilə 14069,99 manat məbləğin bank hesabına köçürülməsinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (Ləğv prosesindədir) İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixində məktubla müraciət edərək, sığorta şirkətinə yol nəqliyyat hadisəsindən dərhal sonra məlumat verilmədiyindən yalnız nəqliyyat vasitəsinə dəymiş aşkar zərərin 68.32% hissəsini, yəni 6098,17 manat məbləğində sığorta ödənişinin bank rekvizitlərinin təqdim edildiyi təqdirdə ödəniləcəyini bildirilmişdir. Fotoşəkillərdən görünür ki, sürət həddi nişanı əyilib, avtomobilin sağ tərəfi zədələnib və əzilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 154 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 400 manat məbləğində pul vəsaiti “Yüsif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun bank hesabına ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. 896.1-ci maddəsinə əsasən əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun. 915-ci maddəsinə əsasən sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu olan sığorta qaydaları bu Məcəllənin və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci və 16.6-cı maddələrində nəzərdə tutulmuş digər qaydada müəyyən edilir. 922-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 923.1-ci madəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir. 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir: 925.5.1. Zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda; 925.5.2. sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə; 925.5.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 927.2-ci maddəsinə əsasən zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında ödənilir. 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir 935.1.5. zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etdikdə sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. 935.3-cü maddəsinə əsasən bu Məcəllənin 935.1.5-ci maddəsində müəyyən edilmiş hallarda sığortaçı zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda belə, aşkar faktlarla sübut olunan həcmdə sığorta ödənişindən imtina edə bilməz. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.1.3-cü maddəsinə əsasən sığortaçı – bu Qanun əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxsdir. 1.1.4-cü maddəsinə əsasən sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. 1.1.5-cü maddəsinə əsasən sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxsdir. 1.1.19-cü maddəsinə əsaəsn sığorta hadisəsi – icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 1.1.21-ci maddəsinə əsasən sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 3.3-cü madəsinə əsasən bu Qanunun 16.5-ci maddəsini nəzərə almaqla könüllü sığortanın növləri və müvafiq sığorta qaydaları sığortaçı tərəfindən müəyyən edilir. 16.5-ci maddəsinə əsasən bu Qanunun 16.6-cı maddəsinin tələbi nəzərə alınmaqla, Mərkəzi Bank fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növü üzrə bütün sığortaçılar üçün məcburi olan sığorta qaydalarını qəbul edir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi İşin mübahisəsiz halları ondan ibarətdir ki, sığortalı İddiaçı MMC-nin mülkiyyətində olan “LEXUS LX 600” markalı, 77AR919 dövlət qeydiyyat nişanlı, sığorta məbləği 201550 manat olan (qismən sığorta-68.32%, azadolma məbləği 200 manat) avtomobil onun tərəfindən cavabdehdə qismən sığorta edilmişdir. xx.xx.2023-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi (sığorta hadisəsi) nəticəsində nəqliyyat vasitəsinə zərər dəymiş və dəymiş zərərin müəyyən edilməsi ilə bağlı üç fərqli akt tərtib edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğv prosesindədir) qarşı yönəldilmiş tələb üzrə işin mübahisəli halı sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin və belə olan halda sığortaçı tərəfindən ödənilməli olan sığorta ödənişinin məbləği ilə bağlıdır. Belə ki, iddiaçı sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin 28394 manat olmasını iddia edir, cavabdeh isə dəymiş zərərin qiymətləndirilməsi barədə akt təqdim edərək, avtomobilin bərpa xərcinin ümumilikdə 9218,64 manat məbləğində olmasını bildirir və nəqliyyat vasitəsinin qismən sığorta edilməsinə istinad edərək 6098,17 manat məbləğində sığorta ödənişinin verilməsinə etiraz etmir. Bu səbəbdən məhkəmə tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə kompleks məhkəmə avto-texniki və əmtəəşünaslıq ekspertizası təyin etmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi qoyulmuş suala cavab vermək mümkün olmadığından ekspertizanın aparılmasında imtina etmişdir. Həmin imtinada məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizası üzrə qeyd edilmişdir ki, foto görüntülər nəqliyyat vasitəsinin xarici səthində bəzi hissələrin üzərində əzilmənin formasını, xarakterini dəqiq təyin etməyə imkan vermədiyindən, həmin hissələrin dəyişilməli və yaxud təmirə ehtiyacı olması haqqında ekspert tərəfindən konkret nəticəyə gəlmək mümkün olmur. Belə ki, nəqliyyat vasitəsinin foto görüntülərindən kənarda olan sahələrində də zədələr ola bilər. Foto görüntülərindən kənarda olan sahələrdə, yəni nəqliyyat vasitəsinin salonunda, mühərrik bölməsində, transmissiyasında, gediş hissəsində, aqreqat və mexanizmlərində, həmçinin görünməsi digər hissələrlə məhdudlaşan yerlərdə zədələrin olub-olmamasını isə ümumiyyətlə aşkar etmək mümkün deyildir. Həmçinin nəqliyyat vasitələrinin zədələnmiş hissələrini dəyişdirmədən təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Həmçinin məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə qeyd edilmişdir ki, qərardadda qeyd edilən təqdim edilmiş fotoşəkillər əsasında Lexus LX 600 markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın dəyərini müəyyən etmək məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığından və məhkəmə yolnəqliyyat hadisələrinin ekspertizası hissəsində göstərilənlərə əsasən ekspert qarşısında qoyulmuş suala cavab vermək mümkün olmamışdır. Göründüyü kimi hazırkı vəziyyətdə ekspertiza vasitəsi ilə avtomobildəki zədələrinin hamısının yol nişanına dəyməsi nəticəsində əmələ gəlməsini və ziyanın məbləğini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, iddiaçı tərəfindən səlahiyyətli dövlət orqanına məlumat verilibverilməsi, yol-nəqliyyat hadisənin təfərrüatları barədə hər hansı sənəd (inzibati xəta protokolu, qərar, forma 4) təqdim edilmədiyindən avtomobilin hansı şəraitdə qəza törətməsini, sığorta hadisəsinin necə baş verməsini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, nəqliyyat vasitəsinə dəymiş ziyan cavabdeh tərəfindən təqdim edilmiş nəqliyyat vasitəsinə aşkar faktlarla sübut olunan həcmdə dəymiş ziyanın müəyyən edlməsi barədə akt əsasında müəyyən edilməlidir. Belə ki, sığortalının nümayəndəsi xx.xx.2024-cü il tarixdə baş vermiş sığorta hadisəsi barədə qısa müddət ərzində - hadisənin baş verdiyi saatda deyil, təxminən 12 saat sonra hadisə barədə sığortaçıya məlumat vermişdir. İddiaçı mülki qanununvericiliyin tələblərinin əksinə olaraq zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməmiş, bununlada sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından qismən məhrum etmişdir. Digər tərəfdən Mülki Məcəllənin tələblərinə əsasən sığortaçı zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda belə, aşkar faktlarla sübut olunan həcmdə sığorta ödənişindən imtina edə bilməz. İddiaçının nəqliyyat vasitəsinin təmirini yalnız nəqliyyat vasitəsinin rəsmi distributoru olan "xxxx" MMC-də həyata keçirilməsi barədə mülahizəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış sığorta şəhadətnaməsinin şərtlərinə əsasən sığorta predmetinin təmir xidməti növü sığortaçının seçimi əsasında müəyyən edilir. Əgər iddiaçının avtomobili rəsmi servisdə zəmanətdə olmuşsa, o, sığorta müqaviləsi bağlayarkən bu barədə müvafiq şərti qeyd etmək və əlavə ödəniş etməklə bunundan yararlana bilərdi. İşin yuxarıda göstərilən halları ona dəlalət edir ki, iddiaçının avtomobili sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməməsi, cavabdehi ətraflı araşdırma aparıb zərərin həcmini müəyyənləşdirmək imkanından qismən məhrum etmiş, buna görə də cavabdeh aşkar faktlarla sübut olunan həcmdə sığorta ödənişini, yəni 9218,64 manat məbləğin 68.32% hissəsində, 6098,18 manat qəbul etməkdə haqlı olmuşdur. Buna görə də iddia tələbi sığorta ödənişi hissəsində qismən təmin edilərək cavabdehdən 6098,18 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən dəbbə pulu kimi 2500 manat məbləğin də tutulmasını tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı iş üzrə sığorta ödənişinin ödənilməməsi, gecikdirilməsi cavabdehin təqsiri üzündən baş verməmiş, sadəcə tərəflər məbləğlə bağlı razılaşmadıqları üçün qanunvericiliyə uyğun olaraq ödəniş edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının 2500 manat dəbbə pulu tələbi təmin edilməməlidir. İddia tələbinin həcminə nisbətdə vəkilə ödənilmiş pul ağlabatan hesab edildiyindən məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş 400 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 154 manat dövlət rüsumunun 85 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (Ləğv prosesindədir) 6098 (altı min doxsan səkkiz) manat 18 (on səkkiz) qəpik məbləğində sığorta ödənişi, vəkil xərclərinin əvəzi olaraq 400 (dörd yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 85 (səksən beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar