Məhkəmə qərarları › İş №e-2-2(113)-2580/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2580/2025

11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2580/2025 11.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 699 manat məbləğin və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı MMC arasında digər Cavabdeh2 “İS üçün MUBS üzrə PMS ” təlimi ilə təmin edilməsi mövzusunda 06 oktyabr 2023-cü il tarixli BSBF-xm-012 saylı xidmət müqaviləsi razılaşdırılmışdır. Sözügedən müqavilənin şərtləri barəsində danışıqlar aparılmış, müqavilənin yekun versiyası təsdiq edilməsi üçün Cavabdeh1nə təqdim olunmuş, lakin cavabdeh müqaviləni təsdiqləməmişdir. Həmin müqaviləyə görə, İddiaçı MMC cavabdeh müəssisənin işçisi yəni digər cavabdeh üçün təlim xidmətini təmin etməyi, Cavabdeh1 isə göstərilən xidmətin dəyərini lazımi qaydada ödəməyi öhdəsinə götürmüşdür. Xidmət müqaviləsi üzrə xidmət haqqı 699 (altı yüz doxsan doqquz) manat təşkil etmişdir. Müqavilənin şərtlərinə əsasən təlimdə iştirak edəcək işçi barədə məlumatlar İddiaçı MMC-yə təqdim edilmiş və Cavabdeh2 lazımi təlim materialları ilə təmin edilmiş, o isə keçirilən bütün təlimlərdə iştirak etmiş və iştirakını hər təlim günü iştirak vərəqində öz imzası ilə təsdiqləmişdir. Belə ki, Cavabdeh1 müqaviləni imzalamamasına baxmayaraq digər Cavabdeh2 təlimlərdə iştirakını davam etdirmiş, müəssisə isə şifahi razılaşmaya əsasən xidmət haqqını razılaşdırılmış şəkildə ödəyəcəyini bildirmişdir. Cavabdeh2 təlimlərdə iştirakı barədə fotoşəkillər, whatsapp yazışmaları, cavabdeh müəssisə ilə müqavilə danışıqları barəsində elektron poçt yazışmaları mövcuddur. Cavabdeh1nə işçisinə göstərilən təlim üçün müvafiq xidmət haqqının ödənilməsi barədə hesab-faktura təqdim edilmiş, lakin cavabdeh müqavilə üzrə yerinə yetirilmiş xidməti təhvil alaraq onların dəyərinin razılaşdırılmış qiymətlə ödənilməsindən boyun qaçırmışdır. Yəni, cavabdeh xidmət haqqının ödənilməsi istisna olmaqla razılaşdırıldığı kimi müqavilənin bütün şərtlərinə əməl etmişdir. Dəfələrlə göstərilən xidmətin dəyərinin ödənilməsi barədə müraciət edilməsinə baxmayaraq, müsbət nəticə əldə olunmamışdır..

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Qanuni nümayəndə izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

10. İddiaçı, Cavabdeh2 keçirilmiş mühasibatlıq kursu üzrə təlimə görə 699 manat məbləğində xidmət haqqının tutulmasını tələb edir.

11. Məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı formada müqavilə bağlanmamışdır. Ancaq mübahisə İddiaçı tərəfindən Cavabdeh2 göstərilmiş olan mühasibatlıq kursu üzrə təlimə görə yaranmışdır.

12. Məhkəmə qeyd edir ki, mühasibatlıq kursu üzrə təlimin göstərilməsinə xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir. Həmçinin də, Mülki qanunvericilikdə xidmət müqaviləsinin məhz yazılı qaydada bağlanmasına dair şərt olmadığından, adıçəkilən müqavilənin şifahi qaydada bağlanması halı da, mümkündür.

13. Ona görə də, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

14. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

15. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

16. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

17. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, şifahi qaydada bağlanmış xidmət müqaviləsinin tərəfinin kim olması və müqavilə üzrə iddiaçı tərəfindən qarşı tərəfə xidmətin göstərilib-göstərilməməsidir.

18. Məhkəmə iclasında, iddiaçıdan, Cavabdeh2 kursda iştirakla bağlı müraciətin Cavabdeh2 və yaxud Cavabdeh1 tərəfindən edilməsi halı soruşulmuş, iddiaçı tərəf də, kursda iştirakla bağlı müraciətin Cavabdeh2 tərəfindən edildiyini bildirmişdir.

19. Bundan sonra iddiaçıdan, Cavabdeh2 kursda iştirakı ilə bağlı Cavabdeh1 ilə hər hansı bir yazışmanın olub-olmaması halı soruşulmuş, iddiaçı tərəf də, yazışma və danışıqların ancaq Cavabdeh2 ilə edildiyini bildirmişdir.

20. Cavabdeh2 isə özünü kursda iştirakı halını göndərmiş olduğu ərizədə inkar etməmiş, kursda iştirakın təşəbbüskarının Cavabdeh1 olduğunu və pulu onun ödəməli olduğunu bildirmişdir.

21. Bu xüsusda Məhkəmə qeyd edir ki, iddiaçı ilə məhz Cavabdeh2 arasında xidmət müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Belə ki, Cavabdeh1 ilə hər hansı bir yazışma təqdim edilməmişdir. Əksinə bütün yazışmalar məhz Cavabdeh2 ilə olmuş və onun özü kursda iştirakla bağlı müraciət etmişdir.

22. Bundan başqa iş materiallarına əlavə edilmiş iştirakçıların qeydiyyat vərəqindən və telefon yazışmalarından görünür ki, Cavabdeh2 iddiaçı tərəfindən keçirilən təlimlərdə 2023-cü ilin sentyabr, oktyabr, noyabr aylarında iştirak etmişdir və kursda iştirakı barədə müvafiq günlər üzrə cədvələ imza etməklə bunu təsdiq etmişdir.

23. Həmçinin iş materiallarına əlavə edilmiş iddiaçıya aid sosial şəbəkə hesabından paylaşılmış şəkillərdən görünür ki, Cavabdeh2 müvafiq kursda iştirak etmişdir.

24. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli hesab fakturadan görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 keçirilmiş təlimin dəyəri 699 manat təşkil edir.

25. Belə olan halda Məhkəmə hesab edir ki, 699 manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

26. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul da Cavabdeh2 tutularaq İddiaçınə ödənilməlidir.

27. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 699 (altı yüz doxsan doqquz) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar