Məhkəmə qərarları › İş №e-2-2(113)-2581/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2581/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2581/2024 24.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yük daşıma müqaviləsi, üzləşmə aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli, 296 saylı müqavilə üzrə 2725 manat məbləğində əsas borcun, 3326 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 227,86 manat pulun və 93 manat dövlət rüsumunun və 300 manat məbləğində vəkil xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 296 saylı “Yükdaşıma və evakuasiya xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı İddiaçı MMC sifarişçi Cavabdeh MMC-nin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin iddiaçı öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimicavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli Müqavilə üzrə 2725 manatməbləğində borc cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş, tərəflər arasında tərtib edilmiş 296 nömrəli xx.xx.2022-ci il tarixlimüqavilə üzrə Üzləşmə Aktı ilə təsdiq edilir. Bu əsasla tərəfimizdən cavabdehə xx.xx.2024-cü il tarixində 3 iş günü müddətində borc məbləğini tələb etməyimiz barədə Pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pulşirkətə ödənilməmişdir. Əlavə olaraq bildirək ki, xx.xx.2022-ci il tarixli, 296 saylı Müqavilənin 5.4-cü bəndinə əsasən hər gecikən gün üçün qalıq borcun 1% əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 16633,5 manat cərimə məbləği təşkiletsə də, tərəfimizdən güzəşt faizi tətbiq edilərək əsas məbləğin ≈20 %-i həcmində, yənicəmi 3326 manat dəbbə pulu tələb edilməkdədir. Beləliklə, göründüyü kimicavabdeh ödənişdən yayınmaq üçün müxtəlif üsullara əlatmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həlledilməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili S.Hüseynzadə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbinin üzrlü olmasına dair Məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (icraçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 296 nömrəli yükdaşıma və evakuasiya xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən icraçı sifarişçinin ona tapşırdığı malı, bir məntəqədən digər məntəqəyə daşımağı, sifarişçi isə həmin xidmətlər üçün müqavilə üzrə müəyyənləşdirilmiş məbləği icraçıya ödəməyi öhdəsinə götürür.

8. Müqavilənin 2.1-ci bəndinə əsasən malların həcmi, daşınma müddəti, təhvil və təslim məntəqələri və digər şərtlər daşıma sifarişləri əsasında müəyyən edilir.

9. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq cari ay ərzində daşınmış malların ümumi həcmi üzrə hər ayın sonuncu iş günündən gec olmayaraq tərəflər arasında üzləşmə aktı imzalanır, ödəniş üçün sənədlər (hesab-faktura, təhvil-təslim aktı, elektron-qaimə faktura) sifarişçiyə elektron şəkildə təqdim edilir. Sifarişçi isə öz növbəsində üzləşmə aktını və ödəniş sənədlərini qəbul etdikdən sonra göstərilmiş xidmətlərə dair hər hansı bir etirazı olmadıqda və xidmətləri tam şəkildə qəbul etdiyi təqdirdə 15 təqvim günü ərzində ödənişi həyata keçirir.

10. Müqavilənin 5.4-cü bəndinə əsasən ay ərzində göstərilmiş xidmətlərin dəyərinin sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, sifarişçi hər gecikdirilən gün üçün sifarişin ümumi məbləğinin 1 % miqdarında cərimə ödəyir.

11. İddiaçı tərəfindən cavabdehə EBCK 141216 nömrəli xx.xx.2022-ci il tarixli 40 manat məbləğində, EBCH 721572 nömrəli xx.xx.2022-ci il tarixli 860 manat məbləğində, EBCG 144942 nömrəli xx.xx.2022-ci il tarixli 950 manat məbləğində, EBCC 767167 nömrəli xx.xx.2022-ci il tarixli 1375 manat məbləğində elektron qaimə göndərilmişdir.

12. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 06 may 2022-ci il tarixli 296 nömrəli müqavilə üzrə üzləşmə aktından görünür ki, xx.xx.2022-ci il tarixinə cavabdehin ƏDV daxil borcu 3225 manat təşkil edir.

13. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli HM-10/24 nömrəli maliyyə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli 296 saylı müqavilə üzrə əsas borcu 2725 manat, cərimə borcu 16633,5 manat və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 227,86 manat təşkil edir.

14. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci ildə 540 manat, xx.xx.2022-ci ildə 400 manat, xx.xx.2022-ci ildə 310 manat, xx.xx.2022-ci ildə 500 manat vəsait ödənilmişdir.

15. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında yük daşıma haqqında müqavilə bağlanmış, həmin müqavilə əsasında yük daşınmaları həyata keçirilmiş, həmin daşınmalara görə 2725 manat pul cavabdeh tərəfindən ödənilməmiş, qalıq borcla bağlı tərəflər arasında üzləşmə aktı imzalanmışdır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

17. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

18. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.

19. 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır.

20. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspeditor tərəfindən yükün daşınıb təhvil verilməsi ilə bağlı öhdəlik icra olunduğundan və öhdəliyin icrası cavabdeh tərəfindən hər hansı irad bildirilmədən qəbul edildiyindən daşıma haqqı üzrə borcun tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.

21. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü bəndinə əsasən hesablanmış 3326 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

22. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

23. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

24. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

25. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 100 manat məbləğində müəyyən edilməlidir.

26. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 227,86 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

27. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

28. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

29. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

30. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

31. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

32. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

33. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

35. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehin öz öhdəliklərini vaxtında icra etmədiyi müəyyən edildiyindən iddiaçının tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir.

36. Bundan başqa iddia ərizəsində 300 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir.

37. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hüquqi yardımla bağlı iddiaçının çəkdiyi xərc cavabdehə aid edilməlidir.

38. Belə ki, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən hüquqi xidmət haqqına görə 300 manat pul ödənilmişdir.

39. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 93 manat dövlət rüsumu da cavabdehə aid edilməlidir.

V. Nəticə:

Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 2725 manat əsas borc, 100 manat cərimə, 227,86 manat faiz borcu, 300 manat hüquqi yardıma bağlı çəkilmiş xərc, ödənilmiş 93 manat məbləğində dövlət rüsumu, ümumilikdə 3445,86 (üç min dörd yüz qırx beş manat səksən altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar