Məhkəmə qərarları › İş №e-2-2(113)-2588/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2588/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2588/2025 08.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X1” Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı “X1” Məhdud Məsuliyyəti Cəmiyyəti (“X1” MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 28008 manat məbləğində malın/qızılgüllərin dəyəri, öhdəliyin vaxtında icra edilməməsinə görə 2700 manat cərimə, iddia qaldırılması üçün ödənilmiş 182,12 manat dövlət rüsumu və 500 manat vəkil xidməti haqqı olmaqla, cəmi 31390,12 manat (otuz bir min üç yüz doxsan manat on iki qəpik) pul vəsaitinin tutulub, iddiaçı “X1” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X1” MMC ilə cavabdeh – fərdi sahibkar Cavabdeh arasında qızılgüllərin alqı-satqısı haqqında xx.xx.2020-ci il tarixli, AFC-0009/20 saylı müqavilə bağlanmışdır. Cavabdeh iddiaçıdan aldığı qızılgüllərin dəyərini ödəməmiş və xx.xx.2022-xx.xx.2022 dövr üçün 28008 manat borcu yaranmışdır. Öhdəliyin, pul vəsaitinin vaxtında ödənilməməsinə görə cavabdehə 2700 manat cərimə hesablanmışdır. Buna görə də mübahisənin məhkəmə yolu ilə həll edilməsi zərurəti yaranmış və cavabdehə pretenziya məktubu göndərilmişdir. Pul tələbinin həcminə uyğun olaraq iddiaçı tərəfindən 182,12 manat dövlət rüsumu, bundan başqa, iddiaçı tərəfindən hüquqi/vəkil xidmətlərinin ödənilməsi üçün 500 manat xidmət haqqı ödənilmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 425.2, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

6. Cavabdeh məhkəmə iclasında izahat verərək, bildirdi ki, iddia tələbini qismən, təxminən 10000, 12000 hissədə qəbul edir. Güllər ona təqdim olunubdur, lakin digər alıcılardan 10 qəpik bahasına satılıbdır. Gülləri sata bilmədiyi üçün xarab olubdur. Ona görə də iddia tələbini qismən, qeyd etdiyi hissədə qəbul edir.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində “X1” MMC ilə alıcı qismində Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, AFC-0009/20 nömrəli mallar üzrə satınalma müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən satıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında alıcııya satın alınan kəsilmiş qızılgüllər və onun növlərinin təhvil verilməsini öhdəsinə götürür. Satılmış mallar bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, satıcı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən satıcı malların satılması üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları alıcıya müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən alıcı müqavilə üzrə satılmış malların təxirəsalınmadan (aşkar olunan qüsurların satıcı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən müqavilə üzrə ödənişlər (o cümlədən avans ödənişi) satıcı tərəfindən müqavilədə müəyyənləşdirilmiş qaydada və məbləğdə, müvafiq sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında aparılır. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən alıcı müqaviləni (və ya onun hər hansı hissəsini) müqavilədə müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirildikdə), satıcı digər hüquqlara ziyan vurmadan müqavilədə nəzərdə tutulmuş cərimə sansiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edir. Cərimələrin məbləğinin yuxarı həddi müqavilədə göstərilir və bu məbləğ qaimə dəyərinin 10 faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimuma çatdıqdan sonra Satıcı müqaviləni ləğv edə bilər. Həmin müqavilənin 13.1-ci bəndinə əsasən müqavilə şərtlərinin pozulmasına görə müqavilənin ləğv edilməsi aşağıdakı hallarda həyata keçirilir: müqavilə şərtlərinin əsaslı pozulmasına yol verilərsə, satıcı və ya alıcı qarşı tərəfə 30 gün əvvəl yazılı xəbərdarlıq etmək şərti ilə müqaviləni bütövlükdə və ya qismən ləğv edə bilər. Aşağıdakı pozuntular əsaslı sayılır: alıcı müqavilədə nəzərdə tutulmadığı hallarda və ya satıcı ilə razılaşmadan 15 gündən artıq müddətdə işləri dayandırması; satıcının və ya alıcının iflasa uğraması və ya ləğv olunması (müəssisə və təşkilatların yenidənqurulması halları istisna edilməklə); satıcının müqavilənin pozulmasına səbəb ola biləcək qüsurlar haqqında yazılı bildirişinə baxmayaraq, alıcıya təqdim edilmiş sənəd əsasında 30 gün müddətində tədbir görməməsi; tərəflərin tətbiq etdikləri cərimə məbləğinin yuxarı həddi aşması; tərəflərin müqavilədə nəzərdə tutulmuş digər öhdəliklərinin yerinə yetirməməsi. Müqavilə ləğv olunarsa, alıcı 15 gün müddətində müqavilənin icrasını dayandırır və müqavilənin icrası nəticəsində əldə edilmiş malların qorunması üçün təxirəsalınmaz tədbirləri görərək, onlari sifarişçiyə təhvil verir. Müqavilə tərəflərin imzası və “X1” MMC-nin möhürü ilə təsdiq edilmişdir.

8. xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 421590 nömrəli elektron qaimədən müəyyən olunur ki, “X1” MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin ümumi dəyərini 20165 manat təşkil edir. Qaimənin dəyəri xx.xx.2022-xx.xx.2022-ci il tarixlər arasındakı satış dəyərini əks etdirir.

9. xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 596725 nömrəli elektron qaimədən müəyyən olunur ki, “X1” MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin ümumi dəyərini 3599 manat təşkil edir. Qaimənin dəyəri xx.xx.2022-xx.xx.2022-ci il tarixlər arasındakı satış dəyərini əks etdirir.

10. xx.xx.2022-ci il tarixli, EBBU seriyalı, 519904 nömrəli elektron qaimədən müəyyən olunur ki, “X1” MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin ümumi dəyərini 2494 manat təşkil edir. Qaimənin dəyəri xx.xx.2022-xx.xx.2022-ci il tarixlər arasındakı satış dəyərini əks etdirir.

11. xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 224004 nömrəli elektron qaimədən müəyyən olunur ki, “X1” MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin ümumi dəyərini 5650 manat təşkil edir. Qaimənin dəyəri xx.xx.2022-xx.xx.2022-ci il tarixlər arasındakı satış dəyərini əks etdirir.

12. İddiaçı tərəfindən sübut qismində “satış tələbi” adlı sənədlər təqdim olunmuş, həmin sənədlərdə satılan mallar haqqında məlumatlar, onların dəyəri əks olunmuşdur.

13. İddiaçı tərəfindən sübut qismində qaimə-tələbnamələr təqdim edilmiş, həmin qaimələrdə malların adları, miqdarına dair məlumatlar əks olunmuşdur.

14. xx.xx.2024-cü il tarixli kassa mədaxil orderindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya qızılgül satışı üzrə 3000 manat ödəniş edilmişdir.

15. xx.xx.2024-cü il tarixli kassa mədaxil orderindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya qızılgül satışı üzrə 900 manat ödəniş edilmişdir.

16. “X1” MMC tərəfindən tərtib edilmiş maliyyə arayışının məzmunundan müəyyən olunur ki, xx.xx.2022 – xx.xx.2022 dövrdə təqdim edilən elektron qaimələr üzrə 28008 manat borcu yaranıb. Nəticədə əsas borc məbləği 28008 manat təşkil edir. Öhdəliyin vaxtında icra edilməməsinə görə/pul vəsaitinin vaxtında ödənilməməsinə görə cavabdehə 2700 manat cərimə hesablanıb. Maliyyə arayışına görə xx.xx.2022-ci il tarixli, 421590 saylı elektron qaimə üzrə ümumi 20165 manat məbləğdən xx.xx.2024-cü il tarixdə 900 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat ödəniş edilmiş, 16265 manat qalıq qalmışdır. xx.xx.2022-ci il tarixli, 596725 nömrəli, xx.xx.2022-ci il tarixli, 519904 nömrəli, xx.xx.2022ci il tarixli, 224004 nömrəli elektron qaimələr üzrə ödəniş edilməmişdir.

17. “X1” MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, Cavabdeh müqavilə üzrə yaranmış 28008 manat əsas borc və 2700 manat cərimə məbləğinin 10 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun ödənilməsi məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi

20. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı müqaviləyə əsasən malları (qızılgülləri) alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmiş, qalıq borcu yaranmışdır. Həmin hal işdə olan sübutlarla öz təsdiqini tapmış, həmçinin cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Cavabdeh məhkəmə iclasında güllərin bir qisminin xarab olduğunu, həmçinin güllərin ona digər alıcılardan 10 qəpik bahasına satıldığını bildirərək, iddia tələbini 10000-12000 manat hissədə qəbul etdiyini bildirmişdir. Lakin həmin hallar cavabdehi qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəmək vəzifəsindən azad etmir. Belə ki, tərəflər azad surətdə müqavilə bağlamış, iradə ifadə edərək, müqavilənin məzmununu müəyyən etmişlər.

21. İddia tələbinin bir hissəsini cavabdehdən 28008 manat məbləğində malın/qızılgüllərin dəyərinin tutulması təşkil edir.

22. Məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını, müqavilə şərtlərini, cavabdehin qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə tam təmin edilməli və Cavabdeh xx.xx.2020-ci il tarixli, AFC-0009/20 saylı alqı-satqı müqaviləsi üzrə 28008 (iyirmi səkkiz min səkkiz) manat tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, mübahisə ilə bağlı təqdim edilmiş elektron qaimələr üzrə ümumi məbləğ 31908 manat (20165+3599+2494+5650=31908), edilmiş ödənişlər 3900 manat (900+3000=3900), qalıq məbləğ 28008 (31908-3900=28008) təşkil etmişdir.

23. İddia tələbinin digər hissəsini Cavabdeh xx.xx.2020-ci il tarixli, AFC-0009/20 saylı alqı-satqı müqaviləsi əsasında 2700 manat cərimə borcunun tutulması təşkil edir.

24. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

25. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq 1400 (min dörd yüz) manat məbləğində müəyyən edilməlidir, qalan hissədə isə təmin edilməməlidir.

26. Eləcə də, iddiaçı 500 manat hüquqi yardım xərci və 182,12 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

27. Məhkəmə hesab edir ki, ağlabatan məbləğ olaraq 500 (beş yüz) manat hüquqi yardım xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. Eləcə də iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumuna görə 174,41 manat (yüz yetmiş dörd manat qırx bir qəpik) məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 28008 (iyirmi səkkiz min səkkiz) manat borc, 1400 (min dörd yüz) manat cərimə, 500 (beş yüz) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 174,41 manat (yüz yetmiş dörd manat qırx bir qəpik) olmaqla, ümumilikdə 30082,41 manat (otuz min səksən iki manat qırx bir qəpik) məbləğində pul vəsaiti tutularaq “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar