Məhkəmə qərarları › İş №e-2-2(113)-259/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-259/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-259/2023 06.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 270-LD/18 nömrəli müqavilə üzrə yaranmış 8610.00 (səkkiz min altı yüz on) manat gecikdirilmiş əsas borc və 7991.43 (yeddi min doqquz yüz doxsan bir manat, 43 qəpik) manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 (iki yüz) manatın, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manatın, cəmi: 17,101.43 (on yeddi min bir yüz bir manat, 43 qəpik) manat pul vəsaitinin cavabeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 270-LD/18 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə cins damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 270-LD/18 nömrəli müqavilə üzrə 8610.00 (səkkiz min altı yüz on) manat gecikdirilmiş əsas borcu və 7991.43 (yeddi min doqquz yüz doxsan bir manat, 43 qəpik ) manat cərimə borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən müqavilə imzalanarkən 8.610 manat məbləğində ödəniş olmuş, lakin sonrakı dövrdə heç bir ödəniş aparılmamışdır. Cavabdehə lizinqə verilmiş malların tələf olması ilə bağlı "xxxx" ASC tərəfindən yazılmış məktubda məlumatları olmuş, digər heyvanın tələf olması ilə bağlı isə heç bir məlumatları olmamışdır. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh idia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, "xxxx" ASC ("xxxx" ASC) ilə bağlanmış xx.xx.2018-ciil tarixli 270-LD/18 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə cins damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh guya ki müqavilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə maliyyə arayışı tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 270-LD/18 nömrəli müqavilə üzrə 8610.00 (səkkiz min altı yüz on manat 43 qəpik) manat gecikdirilmiş əsas borcu və 7991.43 (yeddi min doqquz yüz doxsan bir manat, 43 qəpik) manat cərimə borcu yaranmışdır. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin borcun ödənilməsinə dair iddia tələbi qismən, yəni əsas borcun 1412 manatını qəbul edir və yerdə qalan 7198.00 manat gecikdirilmiş əsas borcu və 7991.43 (yeddi min doqquz yüz doxsan bir manat, 43 qəpik) manat cərimə borcunu qəbul etmir. Beynəlxalq Sığorta Şirkəti verilən heyvanları baş verəcək hər hansı hallara qarşı sığortalamış və həmin sığorta müqaviləsini "xxxx" ASC (hal-hazırda Aqrar Kredit və İnkişaf Agentliyi) ilə bağlanmışdır. Sığortalanmış iddia tələbi üzrə birinci heyvanın tələf olan zaman sığorta şirkəti ölmüş heyvanı qiymətləndirərək müvafiq məbləğdə sığorta pulu ödəməli idi. Heyvan tələf olanda Beynəlxalq Sığorta Şirkəti heyvanı 1458 manat məbləğində qiymətləndirmiş və bildirmişdir ki, yuxarıda qeyd edilən məbləğ verilə bilər. Lakin sonradan Beynəlxalq Sığorta Şirkəti fəaliyyəti dayandırılır və "xxxx" Şirkəti bu işləri icra etməyə başlayır. Əslində "xxxx" ASC Beynəlxalq Sığorta Şirkətindən 1458 manat məbləğində pulu özü istəməli yəni tələb etməli idi. Çünki sığorta müqaviləsi "xxxx" ASC Beynəlxalq Sığorta Şirkətinin arasında bağlanmışdır. Cavabdehin Beynəlxalq Sığorta Şirkətindən bu cür münasibətə daxil olub ondan nə isə tələb etmək hüququ yox idi. Ən əsası isə "xxxx" ASC Beynəlxalq Sığorta Şirkətindən həmin məbləği tələb etməyib və bu barədə heç bir məlumat verməmişdir. Həmçinin digər iki heyvanın tələf olması ilə bağlı heyvanların sığorta dəyəri ayrı-ayrılıqda hər biri 2870 manat olmaqla, ümumi olaraq dəyərləri 5740 manat təşkil edir. Hal-hazırda iddiaçı tərəfin qarşısında borcu cəmi olaraq 1458 manatdır və həmin məbləği ödəmək öhdəliyini üzərinə götürür. Müqavilə üzrə üzərinə düşən nə kimi hüquq və vəzifə varsa yerinə yetirmişdir. Ancaq bu keçən dövlərdə cavabdehin həm adı, həmdə hüquqi statusu dəyişmiş, həmçinin əvvəlki sığorta şikəti ləğv edilmiş və müvafiq sənədlərin əldə edilməsi və həmin sənədləri sübut kimi məhkəməyə təqdim etmək imkaları demək olar ki, mümkün deyildir. Bütün halda "xxxx" ASC öz öhdəliklərini lazimi qədər yerinə yetirməmişdir, "xxxx" ASC Paşa sığorta və Beynəlxalq Şığorta şirkəti ilə özü müqavilələr bağlamış və müqavilə üzrə müvafiq öhdəliklərin icra edilməməsi üzrə məsuliyyət "xxxx" ASC üzərinə düşür. Heyvanlar tələf olan zaman yerli baytar vasitəsi ilə bu xəbəri "xxxx" ASC həmin an çatdırmış və bu barədə müvafiq akt tərtib edilmişdir. Heyvanlar tələf olan zaman bütün hallarda həm o, həm də sığorta şırkəti tərəfindən nümayəndələrin iştirakı ilə protokol və akt tərtib edilmişdir, müayinə üçün nümunə götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutundan verilmiş protokola əsasən tələf olmuş heyvanların analizinin nəticəsi göstərmişdir ki, sahibkar tərəfindən tələfdən qəsdən və ehtiyatsızlıqdan heyvanların tələf olması üçün heç bir əsaslı sübutlar mövcud deyildir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ona qarşı borcun ödənilməsinə dair iddia tələbini qismən yəni əsas borcun 1412 manatını qəbul edir və yerdə qalan 7198.00 manat gecikdirilmiş əsas borcu və 7991.43 (yeddi min doqquz yüz doxsan bir manat, 43 qəpik) manat cərimə borcunu qəbul etmir. Təsərrüfat subyekti Ağdam rayonunun Üç oğlan kəndində yerləşir və həmin ərazilər vaxtı ilə döyüş ərazilərinə yaxın idi. Təsərrüfatda çalışanlar məcburi köçün olmaqla orada müvafiq işlə təmin olunmuşdur. Bundan əvvəl də tərlər arasında müqavilə olmuş, həmin müqavilə üzrə borcu tam ödəmiş, həmin müqavilə dövründə tələf olmuş heyvan üzrə sığorta ödənişi olmişdur.Məhkəməyə təqdim edilən etirazdakı göstərdiyi hallar, məhkəmə tərəfindən nəzərə alınmalı, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ona qarşı borcun ödənilməsinə dair iddia tələbini qismən yəni əsas borcun 1412 manatının təmin edilməsi yerdə qalan iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh "xxxx" ASC-nin İdarə Heyətinin sədr müavini Aydın Əzizova damazlıq heyvanların 50% güzəştlə lizinqə verilməsi üçün müraciət edərək, 6 baş “simmental” cins damazlıq heyvanın 50% güzəştlə lizinqə verilməsini xahiş etmiş, Damazlıq heyvan(lar)ın güzəştli dəyərindən ilkin ödənişi, sığorta haqqını və üstəlik xərcləri əvvəlcədən tam, qalan məbləği isə lizinq qrafıkinə uyğun ödəməyi öhdəsinə götürüb, "xxxx" ASC ilə bağlanacaq müqavilə şərtlərinin vaxtında yerinə yetirilməsinə zəmanət verdiyini bildirmişdir. "xxxx" ASC və Cavabdeh arasında imzalanmış “Dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi” barədə 4 may 2018-ci il tarixli 270-LD/İ8 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən aşağıda göstərilən və açıqlaması spesifikasiyada (Əlavə № 1) verilən damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərli ilə 3 (üç) ilə lizinqə verir. 1.2-ci bəndə əsasən lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 8.610 manat ilkin ödəniş məbləğini əvvəlcədən lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 8.610 manat məbləği isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Damazlıq heyvanlar lizinq alan tərəfindən qəbul edildikdən sonra ödənilmiş məbləğ heç bir halda ona geri qaytarılmır. "xxxx" ASC-nin İdarə Heyətinin sədr müavini Aydın Əzizovun xx.xx.2018-ci il tarixli 2524 nömrəli əmrində ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Ağdam ray., Üçoğlan kəndində yaşayan Cavabdeh 4 may 2018-ci il tarixli sifarişinə (daxil olma: S-F00007023 xx.xx.2018) və "xxxx" ASC ilə bağlanmış 4 may 2018-ci il tarixli 270-LD/18 nömrəli lizinq müqaviləsinə əsasən ümumi məbləği 25.830,00 manat olan və Əlavə №1-də göstərilmiş cins damazlıq heyvanlar Gəncə təchizat bazasından ona lizinqə verilməsi qeyd olunmuşdur. 4 may 2018-ci il tarixli 270-LD/İ8 nömrəli lizinq müqaviləsinin ödəniş qrafikinə əsasən xx.xx.2021-ci il tarixi sonuncu ödəniş tarixi olmaqla müqavilə üzrə ödənişlər tərəflər arasında razılaşdırılmışdır. Cavabdeh və "xxxx" ASC arasında imzalanmış 4 may 2018-ci il tarixli 270-LDS/18 nömrəli sığorta haqqını ödənilməsi barədə müqaviləyə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş Qaydalara uyğun olaraq 3 il müddətinə damazlıq heyvanlar 4 may 2018-ci il tarixli 270-LD/18 nömrəli lizinq müqaviləsinə əsasən sığorta haqqının ümumi məbləği 8.610 manat olmaqla Əlavə № 1-də göstərilən kimi sığortalanaraq lizinqə verilir. Lizinq alan 8.610 manat məbləğdə sığorta haqqını lizinq verənə tam həcmdə ödəyir. Sığorta haqqı heç bir halda lizinq alana qaytarılmır. 07 may 2018-ci il tarixli akta əsasən 6 baş “simmental” cinsi heyvanlar sağlam olaraq lizinq verən tərəfindən lizinq alana təhvil verilmiş, imza və möhürlə akt təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli 866593/01225 nömrəli ödəniş qəbzinə əsasən "xxxx" MMC tərəfindən 300 manat Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun bank hesabına “Bakı Merkez VB ilə 191022 0981 müqavilə və Azerlexin AKİA ilə məhkəmə hüquqi xidmət haqqı 220822 1n saziş” təyinatı üzrə köçürülmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışında xx.xx.2018-ci il tarixli 270-LD/18 nömrəli lizinq müqaviləsi üzrə Cavabdeh tərəfindən 8.610 manat ödənilmiş, 8.610 manat gecikdirilmiş borc, 7.991,43 manat hesablanmış cərimə qeyd olunmuşdur. "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə göndərilmiş 4 oktyabr 2018-ci il tarixli 3025/1 nömrəli məktubda bildirilmişdir ki, "xxxx" ASC-də C-LİV-0001/18 saylı sığorta müqaviləsi ilə sığortalanmış 1 (bir) baş AT ********* inventar nömrəli “simmental” cinsli düyənin tələf olması ilə bağlı müraciət daxil olmuşdur. Hadisə dərhal qeydiyyata alınmış və AT ********* inventar nömrəli heyvana tərtib edilmiş yarma protokolunda diri ikən “ağ ciyərin iltihabı, plevrit” patanatomik isə “kataral pnevmoniya” diaqnozu qoyulmuşdur. Anamnez məlumatında göstərilir ki, heyvan 01 iyun 2018-ci il tarixində müalicəyə cəlb edilmiş və müalicə nəticə verməmişdir. Patanatomik diaqnoz kimi göstərilmiş kataral pnevmoniya xəstəliyi ağciyərin iltihabı xəstəliklərinin ilkin və yüngül formasıdır. Kataral pnevmoniya xəstəliyinin gedişi heyvanın orqanizminin müqaviməti, saxlanma şəraiti, yemləmə, vaxtında başlanmış səriştəli müalicədən asılıdır. Vaxtında lazımi tədbirlər görüldükdə xəstəlik qısa müddətə, ağır hallarda isə 3 (üç) həftə ərzində sağalır. Araşdırmalar göstərir ki, təsərrüfatda heyvanın saxlanma-bəslənməsində baytarlıq-sanitariya tələblərinə əməl olunmamışdır. Kifayət qədər vaxt olmasına baxmayaraq laborator müayinələr aparılmamış, xəstəliyə qarşı müvafiq profilaktika və müalicə tədbirləri olunmamışdır. Baytar və sahibkar nəzarətsizliyi nəticəsində heyvan tələf olmuşdur. Sığorta predmetinin Baytarlıq haqqında AR qanununa və müvafiq normativlərə əsasən saxlanılıb-bəslənilmə baytarlıq-sanitariya qaydalarına əməl olunmadığından "xxxx" ASC-nin yuxarıda sözügedən hadisə ilə bağlı məsuliyyəti yaranmır. İşin mübahisəsiz halı 50 faiz güzəştdən sonra hər birinin qiyməti 2870 manat olmaqla 6 baş “simmental” cins heyvanların lizinq verən tərəfindən lizinq alana təhvil verilməsidir. Hazırda cavabdeh iddia tələbində qeyd olunan əsas borc məbləğini mübahisələndirərək borcunun 1412 manat olduğunu, iki heyvanın tələf olduğundan hər biri 2870 manat olmaqla 5740 manat sığorta ödənişinin iddiaçı tərəfindən alınmalı olduğunu, daha əvvəl tərəflər arasında bağlanmış müavilə dövründə tələf olmuş heyvan üzrə də ödənilmiş 1458 manat sığorta ödənişinin onun mövcud borcundan çıxılmalı olduğunu bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, lizinqverən "xxxx" ASC ilə lizinqalan Cavabdeh arasında lizinq müqaviləsi imzalanmış və müqavilə üzrə müvafiq olaraq, lizinq predmeti olan “simmental” cinsi 6 baş heyvan cavabdehə təhvil verilmişdir. Lizinq müqaviləsi üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımı qaydada və vaxtında icra etməmişdir. Məhkəmə cavabdehin 5740 manat sığorta ödənişinin və daha əvvəl tərəflər arasında bağlanmış müavilə dövründə tələf olmuş heyvan üzrə də ödənilmiş 1458 manat sığorta ödənişinin borcundan çıxılmasına dair fikirlərinə münasibətdə bildirir ki, lizinq verənə sığorta ödənişinin verilməsindən imtina olunduğundan, sığorta ödənişinin olması halı öz təsdiqini tapmadığından, digər tərəfdən nəzərə alınması istənilən 1458 manatın tərəflər arasında bağlanmış başqa müqavilə ilə bağlı olduğundan cavabdehin dəlilləri əsassız hesab olunmalıdır. Məhkəmə cavabdehin müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini, müqavilə üzrə əsas borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı 8.610 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. maddəsi bəzi istisnalarla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Belə müqavilələrdən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.2-ci maddəsinə əsasən lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir; 747- 1.3-cü maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir; 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir; 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır; 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Belə olan halda məhkəmə iddiaçının iddia tələbinin əsas borc hissəsində əsaslı olmasını iş materialları ilə öz təsdiqini tapdığını əsas götürərək, hesab edir ki, iddia qeyd olunan hissədə təmin edilməli, xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 270-LD/18 nömrəli müqavilə üzrə yaranmış 8610 (səkkiz min altı yüz on) manat gecikdirilmiş əsas borc cavabdehdən tutulmalıdır. Eyni zamanda iddia tələbində cərimə məbləğinin ödənilməsini də tələb etmişdir. Bununla belə cavabdeh cərimə məbləğini məhkəmə araşdırması zamanı mübahisələndirmiş, təhvil verilmiş heyvanlardan ikisinin tələf olunduğunu, bununla bağlı olara ona sığorta ödənişi olmalı olduğunu, lakin qeyd olunan ödəmələrin aparılmadığını bildirmiş, bununla bağlı olaraq cərimə məbləği hissəsində iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin etirazı ilə razılaşmayaraq, qeyd etməyi zəruri hesab edir ki, tələb olunan cərimə məbləği mülki qanunvericiliyin tələblərinə uyğun olaraq borclu tərəfindən öhdəliyin gecikdirilməsi ilə bağlı kreditorun xeyrinə cavabdehdən tutulmalı olan pul məbləğidir. Məhkəmə tərəflər arasında imzalanmış lizinq müqaviləsinin 4.2-ci bəndində nəzərdə tutulmuş lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilimiş məbləğin 0.1 faizi həcmində cərimənin tələb edilməsini də nəzərə alaraq, hesab edir ki, cavabdehin etirazı əsassızdır. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin ödənişləri gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə məbləği 258 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı ödənilmiş 300 manat ödəniş hissəsində qeyd edir ki, iddia tələbi əsas borc hissəsində təmin edildiyindən 300 manat məbləğində hüququi yardımla bağlı ödəniş cavabdehdən tutulmalıdır. MPM-nin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 270-LD/18 nömrəli müqavilə üzrə yaranmış 8.610 (səkkiz min altı yüz on) manat gecikdirilmiş əsas borc və 258 (iki yüz əlli səkkiz) manat cərimə borcu, 200 (iki yüz) manat mediasiya xərci, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar