Məhkəmə qərarları › İş №e-2-2(113)-2592/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2592/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2592/2025 23.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi və dövlət rüsumu ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Vəliyeva Nigar Rauf qızının katibliyi, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 20.741 manat məbləğində malın/qızılgüllərin dəyərinin, öhdəliyin vaxtında icra edilməməsinə görə 2000 manat cərimənin, məhkəmə xərclərinin - iddia qaldırılması üçün ödənilmiş 158.22 manat dövlət rüsumunun və 500 manat vəkil xidməti haqqının, cəmi 23.399,22 manat pul vəsaitinin tutulub İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında qızılgüllərin alqı-satqısı haqqında xx.xx.2022-ci il tarixli, AFC-0008/22 saylı müqavilə bağlanıb. Cavabdeh müəyyən müddət iddiaçıdan aldığı qızılgüllərin dəyərini vaxtında ödəsə də sonradan bu öhdəliyini yerinə yetirməyib və xx.xx.2023 – xx.xx.2023 dövr üçün 20.741 manat borcu yaranıb. Öhdəliyin vaxtında icra edilməməsinə görə/pul vəsaitinin vaxtında ödənilməməsinə görə cavabdehə 2.000 manat cərimə hesablanıb. Buna görə də mübahisənin məhkəmə yolu ilə həll edilməsi zərurəti yaranıb və cavabdehə pretenziya məktubu göndərilib. Pul tələbinin həcminə uyğun olaraq iddiaçı tərəfindən 158,22 manat dövlət rüsumu ödənilib. Bundan başqa iddiaçı tərəfindən hüquqi/vəkil xidmətlərinin ödənilməsi üçün 500 manat xidmət haqqı ödənilib. Buna görə də cavabdehdən 20.741 manat məbləğində malın/qızılgüllərin dəyərinin, 2000 manat cərimənin, habelə məhkəmə xərcləri kimi iddia qaldırılması üçün ödənilmiş 158.22 manat dövlət rüsumunun və 500 manat vəkil xidməti haqqının tutulub iddiaçıya ödənilməsi zəruridir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli AFC- 0008/22 saylı Müqaviləyə əsasən:

8. Müqavilənin 2.1-ci bəndinə əsasən Tərəflər təsdiq edirlər ki, Satıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Alıcıya satiri alınan kəsilmiş qızılgüllər və onun növlərini təhvil verilməsini öhdəsinə götürür. Satılmış mallar bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, Satıcı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir.

9. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların Satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.

10. Müqavilənin 5.3-cü bəndinə əsasən alıcı müqavilə üzrə satılmış malları təxirəsalınmadan (aşkar olunan qüsurların Satıcı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür.

11. Müqavilənin 9.1-ci bəndinə əsasən Müqavilə üzrə ödənişlər (o cümlədən avans ödənişi) Satıcı tərəfindən müqavilədə müəyyənləşdirilmiş qaydada və məbləğdə, müvafiq sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında aparılır.

12. Müqavilənin 9.2-ci bəndinə əsasən alıcı satın alınan mallar üçün Satıcıya müqavilənin xüsusi şərtlərində göstərilən məbləğdə avans ödəyə bilər.

13. Müqavilənin 9.3-cü bəndinə əsasən hazırki Müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə həyata keçirilir və Azərbaycan manatı (AZN) ilə aparılır.

14. Müqavilənin 11.2-ci bəndinə əsasən Alıcı müqavilədə müəyyən olunmuş müddət ərzində və göstərilmiş qaydada ödəmələri aparmasa, Satıcı müqavilədə müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər.

15. 24.06.2023-cü il tarixli satış tələbinə əsasən "xxxx" MMC tərəfindən 1558,75 manat məbləğində, xx.xx.2023-cü il tarixində 1211,5 manat məbləğində, xx.xx.2023-cü il tarixdə 1898 manat məbləğində, xx.xx.2023-cü il tarixdə 1860,75 manat məbləğində, xx.xx.2023-cü il tarixində 1861 manat və 1841,5 manat məbləğlərində, xx.xx.2023-cü il tarixində 484,25 manat məbləğində, xx.xx.2023-cü il tarixində 484 manat məbləğində, xx.xx.2023-cü il tarixində 658,75 manat məbləğində, xx.xx.2023-cü il tarixində 1944,35 manat və 604,5 məbləğlərində, xx.xx.2023-cü il tarixində 359 manat məbləğində, xx.xx.2023-cü il tarixində 937 manat, 382,5 manat və 1807,25 manat məbləğlərində, xx.xx.2023-cü il tarixində 400 manat məbləğində, xx.xx.2023-cü il tarixində 1905,75 manat və 960 manat məbləğlərində sifarişlər verilmişdir.

16. İddiaçı müqavilə üzrə satılmış mallara dair xx.xx.2023-cü il tarixli, EBDK236477 saylı, xx.xx.2023-cü il tarixli, EBDV756564 saylı və xx.xx.2024-cü il tarixli MT2***- *******1 saylı e-qaimələr tərtib edilərək cavabdehə göndərilmişdir.

17. İddiaçıya məxsus xx.xx.2025-ci il tarixli hesab üzrə çıxarışa əsasən cavabdeh MMC tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli, EBDK236477 saylı e-qaimə üzrə 4000 manat məbləğində ödəniş edilmişdir.

18. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli PB/VB-OUT-01059-2025 saylı məktubunda “X2” MMC-nin "xxxx" ASC-də mövcud olan cari hesbaına xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinə kimi Cavabdeh MMC şirkətindən daxil olan vəsaitlərin cəmi 102781,25 manat təşkil etmişdir.

19. İddiaçı MMC-nin maliyyə arayışına əsasən Cavabdeh MMC-nin əsas borc məbləği 20741 manat və öhdəliyin vaxtında icra edilməməsinə görə pul vəsaitinin vaxtında ödənilməməsinə görə cavabdehə 2000 manar cərimə hesablanmışdır.

20. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

23. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

25. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

26. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

27. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

28. Göründüyü kimi tərəflər arasında xx.xx.2022-ci il tarixli AFC-0008/22 saylı bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən Tərəflər təsdiq edirlər ki, Satıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Alıcıya satin alınan kəsilmiş qızılgüllər və onun növlərini təhvil verilməsini öhdəsinə götürür. Satılmış mallar bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, Satıcı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların Satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 20.741 manat ödənilməmiş borcu qalmışdır.

29. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimə, təyinatı bilavasitə e-qaimələr göstərilməklə qismi ödənişlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 20741 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

30. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 20741 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 20741 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

31. Bundan əlavə iddiaçı 2000 manat həcmində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir.

32. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

33. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

34. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

35. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (20741 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan tutulacaq dəbbə pulu 1037 manat məbləğində müəyyən edilməlidir.

36. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 500 manat məbləğində vəkil xərci və 158,22 manat dövlət rüsumu ödənilmişdir.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 158,22 manat və vəkil xərcinin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 20.741 manat əsas borc məbləği, 1037 manat dəbbə pulu, vəkil xərcinin əvəzi olaraq 500 manat və dövlət rüsumunun əvəzi olaraq 158,22 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar