Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2594/2024 11.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, malların göndərilməsi müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İG- 07/07/22 saylı 07 iyul 2022 tarixli alqı-satqı müqaviləsi üzrə icra etmədiyi öhdəlik olan ƏDV daxil 47183,39 manat pul vəsaitinin və məhkəmə rüsumlarının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında İG-07/07/22 saylı 07 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin predmetini İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin sifarişi əsasında metal tikinti materiallarının satışı və Cavabdeh MMC tərəfindən bu müqavilənin şərtlərinə uyğun olaraq bu mal-materialın qiymətinin ödənilməsi münasibətləri təşkil edir. Belə ki, İddiaçı MMC malları təchiz etsə də, məlum olmayan səbəblərdən Cavabdeh MMC müqavilə üzrə yerinə yetirməli olduğu öhdəlikləri tam olaraq icra etməmiş, təchiz edilmiş mal-materialın qiyməti tam ödənilməyərək ƏDV daxil 47.183,39 manat məbləğində öhdəlik icra edilməmiş qalmışdır. Cavabdeh MMC müqavilə üzrə öhdəlikləri lazımınca icra etməmiş, edilən yazılı və şifahi tələblərə baxmayaraq müqavilə öhdəliklərini tam yerinə yetirməmişdir. Öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 386.1, 389.1, 390.1, 421.1, 425, 442, 448.1, 460.1, 462.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək əlavə olaraq bildirmişdir ki, cavabdehlə aralarında olan işgüzar münasibətlərə və yaranmış praktikaya əsasən mallar qiymət razılaşdırma protokolu olmadan, öncədən ödəniş edilmədən e-qaimələr əsasında təhvil verilmiş, qarşı tərəf də əvvəlki vaxtlarda malları aldıqdan bir müddət sonra ödənişlər etmişdir. Sonda o, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Satıcı olaraq İddiaçı MMC ilə alıcı olaraq Cavabdeh MMC arasında bağlanmış 07 iyul 2022-ci il tarixli İG07/07/22 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Satıcı Alıcıya müxtəlif çeşiddə metal tikinti materialları satmağı, Alıcı isə həmin malı qəbul edib və müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur. Müqavilənin 4.1-ci maddəsinə əsasən Satıcı müqaviləyə uyğun olaraq Alıcı tərəfindən ödəniş həyata keçirildikdən sonra 3 təqvim günü ərzində Malı Alıcıya təhvil verməyi öhdəsinə götürür. Müqavilənin 4.2-ci bəndinə əsasən Malın təhvil verilməsi alıcının malları təhvil alınması üçün təqdim etdiyi (götürdüyü) şəxsə təhvil verilməsi, elektron qaimə-fakturanın alıcı tərəfindən təsdiq edilməsi və sair yolla müəyyən olunur. Satıcı malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanı və digər zəruri sənədləri Alıcıya təqdim edə bilər. Müqavilənin 5-ci maddəsinə əsasən Alıcı sifariş olunan Malın dəyərinin 100 % həcmində ödənişi sifariş təsdiq edildikdən sonra və Satıcının təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 3 (üç) iş günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir. 10 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 07 iyul 2022-ci il tarixli İG07/07/22 nömrəli müqavilə üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 897955 nömrəli, 365623 nömrəli, 809905 nömrəli, 435453 nömrəli, 025151 nömrəli, 438471 nömrəli, 781177 nömrəli elektron qaimə-fakturalar əsasında ƏDV daxil olmaqla qalıq borcu 47183,39 manat olmuşdur. EBCİ seriyalı, 897955 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 6862 manat, EBCK seriyalı, 365623 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 5561,05 manat, EBCK seriyalı, 809905 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 4980,78 manat, EBCL seriyalı, 435453 nömrəli, xx.xx.2022-cü il tarixli elektron qaiməyə əsasən 4481,05 manat, EBCM seriyalı, 025151 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 5144,98manat, EBDF seriyalı, 438471 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 20321,42 manat, EBDH seriyalı, 781177 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2040,22 manat dəyərində müxtəlif mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 232 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.4-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 630.2-ci maddəsinə görə göndərmə müqaviləsində alıcının mal göndərənə malları mal alanlara yollamaq (vermək) haqqında göstərişlər (yollama sərəncamı) vermək hüququnun nəzərdə tutulduğu halda mal göndərən malları yollama sərəncamında göstərilmiş mal alanlara yollayır (verir). 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyəri, 47183,39 manat pulu ödəmədiyini, iddiaçının göndərdiyi malların dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 47183,39 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 232 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 07 iyul 2022 tarixli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 47183 (qırx yeddi min yüz səksən üç) manat 39 (otuz doqquz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 232 (iki yüz otuz iki) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2594/2024
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2594/2024
11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver