Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2597/2024 05.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1, İddiaçı nümayəndəsi və vəkili Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən iddia qiymətini təşkil edən qaimələr üzrə ƏDV daxil 17.914.58 (on yeddi min doqquz yüz on dörd manat, 58 qəpik) əsas, ödənişin gecikməsinə görə 0.1% miqdarında, yəni 1.791,46 (min yeddi yüz doğsan bir manat, 46 qəpik) dəbbə pulu, iddiaçı tərəfindən ödənilmiş 210 (iki yüz on) manat mediasiya, poçt və digər xərclər nəzərə alınmaqla ümumilikdə 19.916.04 (on doqquz min doqquz yüz on altı manat, 04 qəpik) manat borc məbləği İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında 03 oktyabr 2022-ci il tarixdə ASİS/AS/051/22 №-li Alqı-Satqı Müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə “Satıcı”, Müqavilənin Əlavəsində qeyd olunan göstərici və texniki xüsusiyyətlərə uyğun dəmir-beton məmulatlarını “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə məhsulu qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.” Həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-ci il tarixli EBCO seriyalı 007342 №-li, xx.xx.2023-ci il tarixli EBCB seriyalı 163230 №-li, xx.xx.2023-ci il tarixli EBDC seriyalı 779444 №-li, xx.xx.2023-ci il tarixli EBCE seriyalı 694817 №-li və xx.xx.2023-ci il tarixli EBDG seriyalı 007342 №-li Elektron Qaimələr əsasında ümumi dəyəri ƏDV daxil 20.199.42 manat dəyərində mallar təchiz edilmişdir. Yuxarıda göstərilən Elektron Qaimələr əsasında Malların təhvil verilmə tarixindən altı aydan çox müddətin keçməsinə baxmayaraq, Malların dəyəri İddiaçı MMC-nə tam olaraq ödənilməmişdir. Malların Alıcıya təhvil verilməsini təsdiq edən müvafiq Aktlar tərtib edilmişdir. Hazırkı tarixə sözügedən elektron qaimələr üzrə ƏDV daxil 17.914.58 manat borcu qalmaqdadır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Qanuni nümayəndə və MMC-nin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
9. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında 03 oktyabr 2022-ci il tarixdə ASİS/AS/051/22 №-li alqı-satqı müqaviləsi və müqaviləyə 01 saylı Əlavə (qiymət razılaşdırma protokolu) imzalanmışdır.
12. Müqavilənin 1.1-ci bəndinə görə “Satıcı” müqavilənin Əlavəsində qeyd olunan göstərici və texniki xüsusiyyətlərə uyğun dəmir-beton məmulatlarını “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə məhsulu qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.
13. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən hazırkı müqavilə imzalanma günündən qüvvəyə minir və 03 oktyabr 2023-cü il tarixədək etibarlıdır.
14. xx.xx.2022-ci il tarixli qiymət razılaşdırma protokoluna (01 saylı Əlavə) əsasən ölçüsü 390x90x188 olan beton hörgü bloklarının bir ədədinin qiyməti ƏDV-siz 0,86 manat, ƏDV daxil 1.01 manat, 390x190x188 olan beton hörgü bloklarının bir ədədinin qiyməti ƏDV-siz 0,95 manat, ƏDV daxil 1.12 manat razılaşdırılmışdır.
15. Müqavilə və 01 saylı əlavə hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.
16. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
17. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı MMC-nin üzərinə düşür.
18. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 229212 saylı təhvil-təslim aktından görünür ki, 2 adda məhsul iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBCK seriyalı, 383452 saylı xx.xx.2022-ci il tarixli dəyəri 2.217,99 manat olan elektron qaimə göndərilmişdir.
19. İş materiallarında olan, hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 229258 saylı, xx.xx.2023-cü il tarixli, 229264 saylı, xx.xx.2023-cü il tarixli, 229267 nömrəli və xx.xx.2023-cü il tarixli, 229277 saylı təhvil-təslim aktlarından görünür ki, 4.480 ədəd 90x188x390 ölçülü və 3.150 ədəd 190x188x390 beton blok iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBCO seriyalı, 007342 saylı xx.xx.2023-cü il tarixli dəyəri 8.077,45 manat olan elektron qaimə göndərilmişdir.
20. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 229331 nömrəli və xx.xx.2023-cü il tarixli, 229339 nömrəli təhvil-təslim aktlarından görünür ki, 675 ədəd 190x188x390 ölçülü və 3.520 ədəd 90x188x390 ölçülü beton blok iddiaçı cavabdehə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBDE 694817 saylı xx.xx.2023-cü il tarixli dəyəri 4.328,77 manat olan elektron qaimə göndərilmişdir.
21. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 229321 nömrəli və xx.xx.2023-cü il tarixli, 229325 nömrəli təhvil-təslim aktlarından görünür ki, 1.575 ədəd 190x188x390 ölçülü və 2.240 ədəd 90x188x390 ölçülü beton blok iddiaçı cavabdehə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBDC 779444 saylı xx.xx.2023-cü il tarixli dəyəri 4.038,73 manat olan elektron qaimə göndərilmişdir.
22. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 229314 nömrəli təhvil-təslim aktından görünür ki, 1.575 ədəd 190x188x390 ölçülü beton blok iddiaçı cavabdehə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBDB 163230 saylı xx.xx.2023-cü il tarixli dəyəri 1.765,58 manat olan elektron qaimə göndərilmişdir.
23. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 229232 nömrəli, xx.xx.2022-ci il tarixli, 229242 nömrəli və xx.xx.2023-cü il tarixli, 229257 nömrəli təhvil-təslim aktlarından görünür ki, 4.500 ədəd 190x188x390 ölçülü və 480 ədəd 90x188x39 ölçülü beton blok iddiaçı cavabdehə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBCM 477042 saylı xx.xx.2023-cü il tarixli dəyəri 5.531,60 manat olan elektron qaimə göndərilmişdir.
24. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 229229 nömrəli təhvil-təslim aktından görünür ki, 1.575 ədəd 190x188x390 ölçülü beton blok iddiaçı cavabdehə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBCM 677441 saylı xx.xx.2023-cü il tarixli dəyəri 1.765,58 manat olan elektron qaimə göndərilmişdir.
25. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 229344 nömrəli təhvil-təslim aktından görünür ki, 1.050 ədəd 190x188x390 ölçülü və 800 ədəd 90x188x390 ölçülü beton blok iddiaçı cavabdehə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBDG 977854 saylı xx.xx.2023-cü il tarixli dəyəri 1.988,89 manat olan elektron qaimə göndərilmişdir.
26. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 118775 nömrəli təhvil-təslim aktından görünür ki, 1425 ədəd 190x188x390 ölçülü və 320 ədəd 90x188x390 ölçülü beton blok iddiaçı cavabdehə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBCİ 708392 saylı xx.xx.2022-ci il tarixli dəyəri 1.922,16 manat olan elektron qaimə göndərilmişdir.
27. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 118758 nömrəli və xx.xx.2022-ci il tarixli, 118765 nömrəli təhvil-təslim aktlarından görünür ki, 2.925 ədəd 190x188x390 ölçülü və 320 ədəd 90x188x390 ölçülü beton blok iddiaçı cavabdehə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBCH 497216 saylı xx.xx.2022-ci il tarixli dəyəri 3.603,66 manat olan elektron qaimə göndərilmişdir.
28. Göründüyü kimi, yuxarıda sadalanmış elektron qaimələrdəki məbləğlərin sadə riyazi hesablama ilə cəmi 35.240,41 manat təşkil edir.
29. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışlara əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 3.053,95 manat, xx.xx.2022-ci il tarixdə 549,71 manat, xx.xx.2022-ci il tarixdə 1.628,95 manat, həmin tarixdə 293,21 manat, xx.xx.2023-cü il tarixdə 5.000 manat, həmin tarixdə 900 manat, xx.xx.2023-cü il tarixdə 5.000 manat, həmin tarixdə 900 manat olmaqla, cəmi 17.325,82 manat ödənişlər edilmişdir.
30. Yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, elektron qaimələrdə qeyd edilmiş dəyərdə mallar cavabdehə təhvil verilmiş, cavabdeh də elektron qaimələr üzrə ödənişlər etməklə mallarına ona təqdim edildiyini qəbul etmişdir.
31. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 03 oktyabr 2022-ci il tarixdə ASİS/AS/051/22 №-li alqı-satqı müqaviləsinə əsasən cavabdehə 35.240,40 manat məbləğində mal satılmış, cavabdeh həmin satışlar üzrə 17.325,82 manat ödəniş etmiş, cavabdehin xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli elektron qaimələr üzrə 15.181,85 manat əsas, 2.732,73 manat ƏDv borcu olmaqla, cəmi 17.914,58 manat borcu vardır.
32. Cavabdeh tərəf məhkəmə iclasına gəlməməklə yanaşı, iddiaya etirazını bildirməmiş, eyni zamanda tələb olunan borc məbləğnin ödənilməsinə dair heç bir sənədi məhkəməyə təqdim etməmişdir.
33. Belə olan halda, məhkəmə hesab edir ki, iddia 03 oktyabr 2022-ci il tarixdə ASİS/AS/051/22 №-li müqaviləyə əsasən əsas borc üzrə (35.240,41-17.325,82) 17.914,58 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır.
34. Məhkəmə 1.791,46 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
35. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 3.4-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən ödənişlər vaxtı-vaxtında ödənilmədiyi təqdirdə satıcı ödənilməmiş məbləğinin 10%-dən artıq olmamaq şərti ilə, hər gecikdirilmiş gün üçün gecikdirilən məbləğin 0,1 % həcmində dəbbə pulunun ödənilməsini alıcıdan tələb etmək və alıcı tərəfdən borc tam şəkildə ödənilənə kimi məhsulun təchizatını dayandırmaq hüququnu əldə edir.
36. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
37. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 900 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
38. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən 200 manat məbləğində pul Bakı 09 saylı mediasiya təşkilatına ödənmişdir.
39. Ona görə də, mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
40. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
41. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 17.914 (on yeddi min doqquz yüz on dörd) manat, 58 (əlli səkkiz) qəpik, cərimə borcu üzrə 900 (doqquz yüz) manat olmaqla, cəmi 18.814 (on səkkiz min səkkiz yüz on dörd) manat, 58 (əlli səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov