Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-260/2023 11.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə gecikdirilmiş əsas borcun və cərimə borcunun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2019-cu il tarixli 97-GL/19 nömrəli müqavilə üzrə yaranmış 18.953 manat gecikdirilmiş əsas borc və 9.286,97 manat cərimə borcunun, xx.xx.2019-cu il tarixli 391-GL/18 nömrəli müqavilə üzrə yaranmış 19.016 manat gecikdirilmiş əsas borc və 9.972,68 manat cərimə borcunun, eləcə də xx.xx.2019-cu il tarixli 2365- GL/17 nömrəli müqavilə üzrə yaranmış 38.755 manat gecikdirilmiş əsas borc və 20.068,87 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 (dörd yüz) manatın, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manatın, cəmi: 116.752,52 manat pul vəsaitinin cavabeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 97-GL/19 nömrəli, xx.xx.2019-cu il tarixli 391- GL/18 nömrəli və xx.xx.2019-cu il tarixli 2365-GL/17 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2019-cu il tarixli 97-GL/19 nömrəli müqavilə üzrə 18.953 manat gecikdirilmiş əsas borcu və 9.286,97 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli 391- GL/18 nömrəli müqavilə üzrə 19.016 manat gecikdirilmiş əsas borcu və 9.972,68 manat cərimə borcu, eləcə də xx.xx.2019-cu il tarixli 2365-GL/17 nömrəli müqavilə üzrə 38.755 manat gecikdirilmiş əsas borcu və 20.068,87 manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Eyni zamanda, bildirirlər ki, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 300 (üç yüz) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 97-GL/19 nömrəli lizinq (güzəşt) müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 67.200 manat olan (1 ədəd “Claas Axion” adlı təkərli traktor) kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2019-cu il tarixli 97-GL/19 saylı saylı lizinq müqaviləsinə 1 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən xx.xx.2019-cu ildən xx.xx.2029-cu ilədək olan dövrdə ümumilikdə 67.200 manat məbləğində lizinq ödənişləri edilməlidir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli 97- GL/19 saylı lizinq müqaviləsi üzrə lizinq alan "xxxx" MMC-nin gecikdirilmiş borcu 18.953 manat, dəbbə pulu 9.286,97 manat cəmi borc 28.239,97 manat təşkil edir. - Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 391-GL/18 nömrəli lizinq (güzəşt) müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 65.285 manat olan (1 ədəd güzəştdən sonrakı qalıq məbləği 59.678 manat olan “Lemkin Solitar 12” adlı səpin aqreqatı, 1 ədəd güzəştdən sonrakı qalıq məbləği 3.777 manat olan “Amazone Ruza 151” adlı gübrəsəpən, 1 ədəd güzəştdən sonrakı qalıq məbləği 1.830 manat olan “Karataş” adlı çalaqazan) kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2019-cu il tarixli 391-GL/18 saylı saylı lizinq müqaviləsinə 1 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən xx.xx.2018-ci ildən xx.xx.2028-ci ilədək olan dövrdə ümumilikdə 65.285 manat məbləğində lizinq ödənişləri edilməlidir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli 391- GL/18 saylı lizinq müqaviləsi üzrə lizinq alan "xxxx" MMC-nin gecikdirilmiş borcu 19.016 manat, dəbbə pulu 9.972,68 manat cəmi borc 28.988,68 manat təşkil edir. - Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2365-GL/17 nömrəli lizinq (güzəşt) müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 108.185 manat olan (1 ədəd güzəştdən sonrakı qalıq məbləği 16.633 manat olan “Euro pal 5+1” adlı kotan, 1 ədəd güzəştdən sonrakı qalıq məbləği 29.992 manat olan “Rubin 9” adlı kultivator diskli, 1 ədəd güzəştdən sonrakı qalıq məbləği 61.560 manat olan “Claas Axion 820” adlı təkərli traktor) kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2019-cu il tarixli 2365-GL/17 saylı saylı lizinq müqaviləsinə 1 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən xx.xx.2017-ci ildən xx.xx.2027-ci ilədək olan dövrdə ümumilikdə 108.185 manat məbləğində lizinq ödənişləri edilməlidir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli 2365- GL/17 saylı lizinq müqaviləsi üzrə lizinq alan "xxxx" MMC-nin gecikdirilmiş borcu 38.755 manat, dəbbə pulu 20.068,87 manat cəmi borc 58.823,87 manat təşkil edir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehə lizinq müqavilələri üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən göstəriləcək hüquqi yardıma görə 300 manat məbləğində pul vəsaiti Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli 97-GL/19 nömrəli, xx.xx.2019-cu il tarixli 391- GL/18 nömrəli və xx.xx.2019-cu il tarixli 2365-GL/17 nömrəli lizinq müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. "xxxx" ASC həmin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh "xxxx" MMC lizinq ödənişlərini ödəniş qrafiklərinə uyğun olaraq həyata keçirməməklə lizinq müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə "xxxx" MMC-nin 3 lizinq müqaviləsi üzrə cəmi 76.724 (18.953+19.016+38.755 manat) manat məbləğində gecikdirilmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh "xxxx" MMC-nin mübahisəli lizinq müqavilələrinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə lizinq ödənişləri üzrə "xxxx" MMC üç lizinq müqaviləsi üzrə cəmi 76.724 (18.953+19.016+38.755 manat) manat məbləğində borcunun yarandığını, lizinq müqavilələrində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən sözügedən lizinq müqavilələri üzrə "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilələr üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu xx.xx.2019-cu il tarixli 97- GL/19 saylı müqavilə üzrə 900 manat, xx.xx.2019-cu il tarixli 391-GL/18 saylı müqavilə üzrə 900 manat və xx.xx.2019-cu il tarixli 2365-GL/17 saylı müqavilə üzrə 2.000 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC-dən üç lizinq müqaviləsi üzrə cəmi 76.724 (18.953+19.016+38.755 manat) manat məbləğində əsas borc və xx.xx.2019-cu il tarixli 97- GL/19 saylı müqavilə üzrə 900 manat, xx.xx.2019-cu il tarixli 391-GL/18 saylı müqavilə üzrə 900 manat və xx.xx.2019-cu il tarixli 2365-GL/17 saylı müqavilə üzrə 2.000 manat məbləğində dəbbə pulu (cərimə) tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu də ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 300 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 300 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixə xx.xx.2019-cu il tarixli 97- GL/19 saylı müqavilə üzrə 18.953 manat məbləğində gecikdirilmiş əsas borc, 900 manat məbləğində dəbbə pulu; xx.xx.2019-cu il tarixli 391-GL/18 saylı müqavilə üzrə 19.016 manat məbləğində gecikdirilmiş əsas borc, 900 manat məbləğində dəbbə pulu; xx.xx.2019-cu il tarixli 2365-GL/17 saylı müqavilə üzrə 38.755 manat məbləğində gecikdirilmiş əsas borc, 2000 manat məbləğində dəbbə pulu; cəmi 80.524 manat məbləğində pul vəsaiti, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 300 manat və mediasiya xərclərinin əvəzi olaraq 300 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-260/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-260/2023
11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver