Məhkəmə qərarları › İş №e-2-2(113)-2601/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2601/2021

05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2601/2021 05.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndələri Nümayəndə və X2 iştirakı ilə, “X4 Co. Limited” şirkətinin Cavabdehnə (MMC) qarşı pul tələbi barədə ilkin, Cavabdeh “X4 Co. Limited” şirkətinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddialarına dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “X4 Co. Limited” şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən ******* ABŞ dolları məbləğində pul vəsaitinin və pulun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan “X4 Co. Limited” şirkəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən ******* ABŞ dolları məbləğində pul vəsaitinin, həmin pulun ödənilməsinin 09 avqust 2021-ci il tarixə qədər gecikdirilməsinə görə 118356,73 ABŞ dolları məbləğində faizin və 09 avqust 2021-ci il tarixdən hesablanmaqla ******* ABŞ dolları məbləğində pulun tam şəkildə ödənildiyi tarixədək hər təqvim günü üçün 446,63 ABŞ dolları məbləğində faizin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “X4 Co., Limited” şirkəti ilə Cavabdeh MMC arasında 101/19/SA nömrəli 25 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinə görə satıcı malları təchiz edir, alıcı isə həmin malları alır. Təchiz ediləcək malların miqdarı, təchiz edilməsi müddəti və şərtləri, qiyməti və ödəniş şərtləri satınalma sifarişində göstəriləcəkdir və satınalma sifarişi vahid nömrəyə malik olmaqla bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edəcək. Müqavilənin 2.1 -ci maddəsinə görə müqavilənin ümumi qiyməti satınalma sifarişində müəyyən olunur və ona uyğun olaraq ödənilir. Ödəniş ABŞ dolları ilə həyata keçiriləcəkdir. Müqavilənin 2.3-cü maddəsinə görə başqa qayda tərəflərlə satınalma sifarişində razılaşdırılmayıbsa, təchiz edilmiş malların dəyəri satıcı tərəfindən təqdim edilmiş hesab əsasında 60 gün ərzində satıcının bank hesabına ödənilir. Alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıya 3 ədəd satınalma sifarişi təqdim etmişdir. Belə ki, ********** nömrəli 15.01.2019-cu il tarixli satınalma sifarişinə əsasən cavabdeh ******* ABŞ dolları, ********** nömrəli 31.03.2020-ci il tarixli satınalma sifarişinə əsasən 72800 ABŞ dollan və ********** nömrəli 01.05.2020-ci il tarixli satınalma sifarişinə əsasən ******* ABŞ dolları məbləğində malı iddiaçıdan sifariş etmişdir. İddiaçı cavabdehin sifarişi əsasında ona faktiki olaraq ******* ABŞ dollan məbləğində mal təqdim etmişdir və cavabdeh həmin malları faktiki olaraq qəbul etmişdir. ******* ABŞ dolları məbləğində malın cavabdeh tərəfindən iddiaçıdan qəbul etməsi faktı 133 sayda gömrük bəyannamələri ilə sübut edilir. İddiaçı malların dəyərinin ödənilməsi barədə cavabdehə pretenziya məktubu göndərməsinə baxmayaraq, cavabdeh malların dəyərini hələ də ödəməmişdir. Cavabdehin rəsmiləşdirdiyi ən son gömrük bəyannaməsinin tarixi 18 sentyabr 2020-ci ildir. Bu o deməkdir ki, cavabdeh ən geci 18 sentyabr 2020-ci il tarixdə iddiaçıdan sifariş etdiyi bütün malları və həmn mallara görə iddiaçının təqdim etdiyi hesab – fakturaları faktiki olaraq almışdır. Müqavilənin 2.3-cü maddəsinə əsasən cavabdeh ******* ABŞ dolları məbləğində pulu 18 sentyabr 2020-ci il tarixdən hesablanmaqla 60 gün ərzində, yəni, 17 noyabr 2020-ci il tarixə kimi satıcının bank hesabına ödəməli idi. Lakin həmin məbləğ ödənilmədiyinə görə illik 5% hesablanmaqla gündəlik tutulmalı olan məbləğ 446,63 ABŞ dolları, 17 noyabr 2020-ci il tarixdən 09 avqust 2021-ci il tarixədək tutulmalı məbləğ isə 118356,73 ABŞ dolları təşkil edir. Buna görə də ******* ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsinin 09 avqust 2021-ci il tarixə qədər gecikdirilməsinə görə 118356,73 ABŞ dolları məbləğində və 09 avqust 2021-ci il tarixdən hesablanmaqla ******* ABŞ dolları məbləğində pulun tam şəkildə ödənildiyi tarixədək hər təqvim günü üçün 446,63 ABŞ dolları məbləğində faizlər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçiin, Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X4 Co., Limited” şirkəti ilə Cavabdeh MMC-nin keçmiş rəhbəri Ramin İsayev arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli, 101/19/SA nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, müqavilə imzalanan zaman "xxxx" MMC-nin baş direktoru kimi müqaviləni imzalayan Ramin İsayevin belə bir müqavilə bağlamaq səlahiyyəti mövcud olmamışdır. Belə ki, Cavabdeh MMC-nin nizamnaməsinin 10.11.5-ci maddəsinin tələbinə əsasən cəmiyətin təsdiq edilmiş büdcəsində olmayan dəyəri ******* ABŞ dollarından yuxarı olan müqavilələrin və ya mahiyyətcə eyni predmet təşkil edən silsilə müqavilələrin, borc alma və borc vermə əməliyyatları daxil olmaqla istənilən öhdəliyin təsdiqi Direktorlar şurasının səlahiyyətlərinə daxildir. Cəmiyyətin nizamnaməsindən müəyyən olunur ki, baş direktorun səlahiyyətləri məhdudlaşdırılmışdır. Hətta cəmiyyətin nizamnaməsində baş direktorun səlahiyyətini göstərən 11.4-cü bənddə qeyd olunmuşdur ki, baş direktorun Direktorlar Şurasının müstəsna səlahiyyətlərində olan məsələlər istisna olmaqla cəmiyyətin idarəçiliyi ilə bağlı bütün məsələlərlə bağlı qərarlar qəbul etmək səlahiyyəti vardır. Səlahiyyəti məhdudlaşdırılmış şəxsin əqdi bağlamaq səlahiyyəti yalnız səlahiyyətli şəxsin razılığı olduğu halda etibarlı hesab edilir. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin dəyəri ******* ABŞ dolları məbləğindən yüksəkdir, buna baxmayarq Cavabdeh MMC-nin direktorlar şurası tərəfindən müqavilənin bağlanmasına nizamnamədə nəzərdə tutulmuş qaydada belə bir razılıq verilməmişdir. İddia ərizəsinə nümunə kimi əlavə edilmiş Direktorlar şurasının razılıq qərarından da görünür ki, hətta ******* ABŞ dolları məbləğində olan müqavilələr üzrə də direktorlar şurasının qərarı verilmişdir. Mübahisələndİrilən müqavilə üzrə satın alınmış kimi göstərilən malların dəyəri şişirdilmiş olduğundan SOCAR-AQŞ MMC-nin direktorlar şurası razılıq verməmişdir. Razılıq olmadığından hər iki hüquqi həxsin rəhbərləri öz şəxsi mənafelərinə uyğun olaraq əlbir şəkildə belə bir addım atmışdır. İddiaçının nümayəndəsi Vəkil ilkin iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı qəbul etmədiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, səlahiyyət məhdudiyyətlərindən kənara çıxmaqla bağlanmış əqd yalnız o halda mübahisələndirilə bilər ki, əgər əqddə iştirak edən digər şəxsin bu məhdudiyyətləri bildiyi və ya bilməli olduğu sübuta yetirilmiş olsun. İddiaçı qarşılıqlı iddia ərizəsində iki hala istinad edir və bildirir ki, 25 sentyabr 2019-cu il tarixli 101/19/SA saylı müqavilə Cavabdeh MMC-nin təsdiq edilmiş büdcəsinə daxil olmamışdır və bu müqavilə iddiaçının Direktorlar Şurası tərəfindən təsdiq olunmamışdır. Lakin iddiaçı bu iki halın cavabdehin bildiyini və ya bilməli olduğunu göstərən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə, cavabdeh iddiaçının göstərdiyi bu iki halın mövcudluğunu heç vaxt bilməmişdir və bilməli də deyildir. Müqaviləsinin təsdiq edilmiş büdcəyə daxil olmaması barədə dəlilinə münasibətdə ilk öncə qeyd edilməlidir ki, cavabdeh iddiaçıya heç bir təşkilatı və ya hüquqi aidiyyatı olmayan mərkəzi Çin Xalq Respublikasında yerləşən bir xarici hüquqi şəxdir. Cavabdeh iddiaçının büdcəsinin hazırlanmasında, müzakirəsində və təsdiqi prosesində iştirak etmir. Bundan əlavə, iddiaçı özünün büdcəsinə daxil olan əqdlərin siyahısını heç bir rəsmi mətbu nəşrlərdə açıqlamır. Nəhayət, iddiaçı özünün büdcəsinə daxil olan əqdlərin siyahısını heç vaxt cavabdehə bildirməmişdir. Belə olan halda cavabdeh 25 sentyabr 2019-cu il tarixli 101/19/SA saylı müqavilənin iddiaçının təsdiq edilmiş büdcəsinə daxil olub-olmadığını bilməmişdir və bilə də bilməzdi. Həmçinin o da qeyd edilməlidir ki, cavabdehin iddiaçının büdcəsinə hansı əqdlərin daxil olduğunu bilmək öhdəliyi də olmamışdır. Belə ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə satıcı qismində çıxış edir və qanunvericilikdə alqı-satqı müqaviləsi üzrə satıcının üzərinə alıcının büdcəsini müstəqil şəkildə yoxlamaq öhdəliyi qoyulmur. Alqı-satqı müqaviləsi üzrə satıcının öhdəliyi - malı alıcıya müqavilə şərtlərinə uyğun olaraq təqdim etməkdən ibarətdir. Belə olan halda cavabdeh iddiaçının təsdiq edilmiş büdcəsinə hansı əqdlərin daxil olduğunu və hansı əqdlərin daxil olmadığını bilməli deyildir. Cavabdeh iddiaçının direktorlar şurası tərəfindən hansı əqdin təsdiq edildiyini və hansı əqdin isə təsdiq edilmədiyini bilməmişdir və bilməli də deyil idi. Belə ki, cavabdeh iddiaçının direktorlar şurasının üzvü deyil. Cavabdeh iddiaçının direktorlar şurasının gündəliyini tərtib etmir və direktorlar şurasının iclaslarında iştirak etmir. Bundan əlavə, iddiaçı özünün direktorlar şurasının qərarlarını heç bir rəsmi mətbu nəşrlərdə dərc etmir. Ən əsası isə iddiaçı 25 sentyabr 2019-cu il tarixli 101/19/SA saylı müqavilənin onun Direktorlar Şurası tərəfindən təsdiq edilib-edilmədiyi barədə məlumatı heç vaxt cavabdehə bildirməmişdir. Belə olan halda cavabdeh 25 sentyabr 2019-cu il tarixli 101/19/SA saylı müqavilənin iddiaçının Direktorlar Şurası tərəfindən təsdiq edilib-edilmədiyini bilməmişdir və bilə də bilməzdir. Həmçinin o da qeyd edilməlidir ki, cavabdehin 25 sentyabr 2019-cu il tarixli 101/19/SA saylı müqavilənin iddiaçının Direktorlar Şurası tərəfindən təsdiq edilib-edilmədiyini bilmək öhdəliyi də olmamışdır. Belə ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə satıcı qismində çıxış edir və qanunvericilikdə alqısatqı müqaviləsi üzrə satıcının üzərinə alıcının direktorlar şurasının qərarlarını alıcıdan tələb etmək və onlarla tanış olmaq öhdəliyi qoyulmur. Bundan başqa, 25 sentyabr 2019-cu il tarixli 101/19/SA saylı müqavilənin etibarsız hesab edilməsi üçün Mülki Məcəllənin 354.2-ci maddəsinə nəzərdə tutulmuş bir illik kəsici müddət bitmişdir və bu səbəbə görə də iddiaçı həmin müqavilənin etibarsız hesab edilməsini tələb edə bilməz. İddiaçının nizamnaməsindən görünür ki, iddiaçının icra orqanının yəni, baş direktorun fəaliyyətinə nəzarəti iddiaçının Direktorlar Şurası həyata keçirir. Bu o deməkdir ki, Direktorlar Şurası Baş Direktorun fəaliyyətinə lazımı şəkildə nəzarəti həyata keçirməklə, Baş Direktorun imzaladığı 25 sentyabr 2019-cu il tarixli müqaviləni onun imzalandığı gün bilməli idi. Buna görə əgər iddiaçı qeyd edilən müqavilənin etibarsız olduğunu hesab edirdisə, belə olan halda o, ən geci 25 sentyabr 2020-ci il tarixinədək məhkəmədə müvafiq iddia qaldıra bilərdi. Lakin, iddiaçı belə bir iddianı 18 iyun 2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Müqavilənin etibarsız hesab edilməsi üçün nəzərdə tutulmuş bir illik kəsici müddət 25 sentyabr 2020-ci il tarixində bitdiyindən, iddiaçı bu tarixdən sonra müqavilənin etibarsız hesab edilməsini tələb edə bilməz. Həmçinin, "xxxx" MMC-nin qiymətin yüksək olması barədə dəlili də əsassızdır. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş “X7” MMC-nin rəyi ekspert rəyi hesab oluna bilməz. Rəydə əks edilən qiymətlər məhsulun real bazar dəyərini əks etdirmir, çünki qiymətləndirici yalnız Qazaxıstanda yerləşən bir satıcıdan qiymət təklifi almışdır. Mübahisələndirilən müqavilə üzrə alınmış barıtın qiyməti "xxxx" MMC-nin digər hüquqi şəxslərdən aldığı barıtın qiymətinə oxşardır və bəzi hallarda isə dəfələrlə aşağıdır. "xxxx" MMC hazırda mübahisələndirdiyi müqaviləni öz hərəkətləri ilə təsdiq etmişdir və bununla da müqaviləni mübahisələndirmək hüququnu itirmişdir. İddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə ilkin iddianı qəbul etmədiyini, qarşılıqlı iddianı isə müdafiə etdiyini bildirərək qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, alqı – satqı müqaviləsi əsasında alınmış malların dəyəri həqiqəti əks etdirməyərək real bazar qiymətlərindən bir neçə dəfə yüksək qiymətə "xxxx" MMC-yə satılmışdır. "xxxx" MMC tərəfindən “X7” MMC-yə müraciət edilərək bu barədə ekspert rəyi də alınmışdır. Həmin rəydə qeyd olunmuşdur ki, 2020-ci ilin may - iyun aylarına “B” sinfinə aid KB-3 markalı barıt konsentratının 1 tonunun ölkəyə çatdırılma xərcləri daxil bazar dəyəri 140-160 ABŞ dolları civarında olmuşdur. Bundan başqa, iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. Belə ki, tərəflər arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli 101/19/SA saylı müqavilədə “X4 Co., Limited” şirkətinin təsis olunduğu yer Çin Xalq Respublikası, ünvanı “otaq J, mərtəbə 4, No4229, Bao yolu, Jiading rayonu, Shanghai”, direktoru isə Zhong Jin adında şəxs kimi göstərilmişdir. Lakin hazırkı iş üzrə nümayəndəyə verilmiş etibarnamədə və digər sənədlərdə “X4 Co., Limited” şirkətinin təsis olunduğu yer Honk - Konq, ünvanı “Honk – Konq şəhəri, KL, Kovioon, Kvun Tonq, Tsun Yip küçəsi 51, Sout Htex binası 3/F, otaq E”, direktoru isə Li Jiagi olaraq göstərilmişdir. Etibarnamədə qeyd olunan, yəni, Honk – Konqda təsis olunan şirkətin illik maliyyə dövriyyəsi hesabatına əsasən 2019-2021-ci illərdə sıfıra bərabər olub. Bu fakt onu təsdiq edir ki, etbarnamədə göstərilən şirkət 25 sentyabr 2019-cu il tarixli, 101/19/SA saylı müqavilənin tərəfi ola bilməz. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: - 25 sentyabr 2019-cu il tarixli, 101/19/SA saylı müqaviləyə əsasən satıcı - “X4 Co., Limited” şirkəti malları təchiz etməyi, alıcı "xxxx" MMC isə həmin malları almağı öhdəsinə götürmüş, təchiz ediləcək malların miqdarı təchiz edilmə müddəti və şərtləri, qiymətləri və ödəniş şərtləri satınalma sifarişlərində göstərilməsi, satınalma sifarişlərinin vahid nömrəyə malik olmaqla müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edəcəyi qeyd olunmuşdur. - 08 dekabr 2019-cu il tarixli, ********** №-li satınalma sifarişində ümumi dəyəri ******* ABŞ dolları olan 3500 kisə barıtın "xxxx" MMC tərəfindən “X4 Co., Limited” şirkətinə sifariş olunması qeyd olunmuşdur. - 31 mart 2020-ci il tarixli, ********** №-li satınalma sifarişində ümumi dəyəri 72800 ABŞ dolları olan malların "xxxx" MMC tərəfindən “X4 Co., Limited” şirkətinə sifariş olunması qeyd olunmuşdur. - 01 may 2020-ci il tarixli, ********** №-li satınalma sifarişində ümumi dəyəri ******* ABŞ dolları olan 3500 kisə barıtın "xxxx" MMC tərəfindən “X4 Co., Limited” şirkətinə sifariş olunması qeyd olunmuşdur. - gömrük bəyannamələrin surətindən görünür ki, ******* ABŞ dolları dəyərində mallar təhvil verilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, həm ilkin, həm də qarşılıqlı iddia rədd edilməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İlkin iddianın əsasını 25 sentyabr 2019-cu il tarixli, 101/19/SA saylı müqaviləyə və satınalma sifarişlərinə əsasən ******* ABŞ dolları dəyərində malların gömrük bəyannamələri əsasında “X4 Co., Limited” şirkəti tərəfindən "xxxx" MMC-yə təhvil verilsə də malların dəyərinin ödənilməməsi təşkil edir. Cavabdeh ilkin iddiaya etirazının 3 xüsusatla əsaslandırmışdır: - "xxxx" MMC-nin əvvəlki direktoru Ramin İsayevin 25 sentyabr 2019-cu il tarixli, 101/19/SA saylı müqaviləni imzalamağa səlahiyyətinin olmaması; - alqı – satqı müqaviləsi əsasında alınmış malların real bazar qiymətlərindən bir neçə dəfə yüksək qiymətə "xxxx" MMC-yə satılması; - iddianı qaldırmaq üçün Honk – Konqda qeydə alınmış “X4 Co., Limited” şirkətinin subyektiv hüququnun olmaması. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Plenum qərarında göstərilən mövqeyə uyğun olaraq məhkəmə hesab edir ki, ilkin olaraq iddia irəli sürmüş “X4 Co., Limited” şirkətinin subyektiv hüququnun olub – olmaması məsələsi araşdırılmalıdır. 25 sentyabr 2019-cu il tarixli, 101/19/SA saylı müqavilənin giriş hissəsində “X4 Co., Limited” şirkətinin Çin Xalq Respublikasının qanunlarına uyğun olaraq fəaliyyət göstərməsi və direktor Zhong Jin şəxsində təmsil olunması, “Tərəflərin rekvizitləri” adlanan 12-ci bölməsində isə ünvanı - “otaq J, mərtəbə 4, No4229, Bao yolu, Jiading rayonu, Shanghai” qeyd olunmuş, bank rekvizitləri isə aşağıdakı kimi göstərilmişdir: Bankın adı: CHİNA CONSTRUCTİON BANK, SHANGHAİ BRANCH, XUHUİ SUBBRANCH Bankın ünvanı: No.920, Henqshan Road, Xuhui district, Shanjhai, China. Hesab No: ******************** SWİFT: PCBCCNBJSHX “X4 Co., Limited” şirkətinin Vəkil verdiyi etibarnamədə və həmin etibarnamənin leqallaşdırılması üçün əsas olmuş sənədləri nəzərdən keçirərkən görünür ki: - etibarnamədə “X4 Co., Limited” şirkətinin təsis olunduğu yer Honk - Konq, ünvanı “Honk – Konq şəhəri, KL, Kovioon, Kvun Tonq, Tsun Yip küçəsi 51, Sout Htex binası 3/F, otaq E”, direktoru isə Li Jiagi olaraq göstərilmişdir; - “Təsis edilmə haqqında şəhadətnamə”də qeyd olunmuşdur ki, “X4 Co., Limited” şirkəti 04 iyul 2019-cu il tarixdə Şirkətlər Fərmanına (X1 622-ci fəsli) Honk Konqda təsis edilir və o məhdud məsuliyyətli cəmiyyətdir; - illik gəlir hesabatında qeyd olunmuşdur ki, “X4 Co., Limited” şirkətinin qeydə alınmış ofisinin ünvanı “Honk – Konq şəhəri, KL, Kovioon, Kvun Tonq, Tsun Yip küçəsi 51, Sout Htex binası 3/F, otaq E”, direktoru Li Jiagidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 1 iyun 1997-ci ildən etibarən X8 Xalq Respublikasının tərkibində xüsusi inzibati bölgə olmaqla xüsusi idarəetmə sistemi olan ərazidir, Çin Xalq Respublikası yalnız Honq Konqun müdafiə və xarici siyasət məsələlərini həll edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Müqavilədə qeyd olunan rekvizitlərlə iddiaçı şirkətin təsis və digər sənədlərində olan məlumatları müqayisə edərkən məlum olur ki, şirkətlərin yalnız adları eynilik təşkil edir. İlkin olaraq onu qeyd etmək lazımdır ki, müqavilədə “X4 Co., Limited” şirkətinin Çin Xalq Respublikasının qanunlarına uyğun olaraq fəaliyyət göstərməsi qeyd olunsa da, “Təsis edilmə haqqında şəhadətnamə”də şirkətin 04 iyul 2019-cu il tarixdə Şirkətlər Fərmanına (X1 622-ci fəsli) Honk Konqda, yəni, X5 əsasında təsis edilməsi əksini tapmışdır. Hər 2 sənəddə şirkətin hansı qanunlar əsasında fəaliyyət göstərməsi, hansı qanunvericiliyə əsasən təsis olunması xüsusi qeyd olunmuşdur. 25 sentyabr 2019-cu il tarixli, 101/19/SA saylı müqavilə üzrə tərəf olan “X4 Co., Limited” şirkəti Çin Xalq Respublikasının qanunlarına uyğun olaraq fəaliyyət göstərsə də, hal – hazırda iddiaçı qismində tərəf olan şirkət X3 əsasən Honk Konqda təsis edilmişdir. 25 sentyabr 2019-cu il tarixli, 101/19/SA saylı müqavilə üzrə tərəf olan “X4 Co., Limited” şirkətinin hüquqi ünvanı “otaq J, mərtəbə 4, No4229, Bao yolu, Jiading rayonu, Shanghai”, iddiaçı qismində tərəf olan şirkətin hüquqi ünvanı isə “Honk – Konq şəhəri, KL, Kovioon, Kvun Tonq, Tsun Yip küçəsi 51, Sout Htex binası 3/F, otaq E” qeyd olunmuşdur. Bundan başqa, 04 iyul 2019-cu il tarixdə yaradılmış, iddiaçı qismində tərəf olan “X4 Co., Limited” şirkətinin direktoru Li Jiagi, təxminən 2 sonra bağlanmış müqaviləni imzalayan “X4 Co., Limited” şirkətinin direktoru isə Zhong Jin olmuşdur. Qeyd olunan xüsusatlar məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, müqavilə üzrə tərəf olan “X4 Co., Limited” şirkəti ilə iddiaçı qismində iştirak edən “X4 Co., Limited” şirkəti fərqli hüquqi şəxslərdir, müqavilə üzrə tərəf olan “X4 Co., Limited” şirkəti Çin Xalq Respublikasının qanunlarına uyğun olaraq yaradılmışdır, hüquqi ünvanı “otaq J, mərtəbə 4, No4229, Bao yolu, Jiading rayonu, Shanghai”, direktoru Zhong Jin, iddiaçı qismində iştirak edən “X4 Co., Limited” şirkəti isə X3 əsasən Honk Konqda təsis edilmişdir, “Honk – Konq şəhəri, KL, Kovioon, Kvun Tonq, Tsun Yip küçəsi 51, Sout Htex binası 3/F, otaq E”, direktoru Li Jiagidir. İddiaçı tərəfindən məhkəməyə qeyd olunan halların əksini təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yəni, eyni adlı şirkət həm Çin Xalq Respublikasında, həm də azad iqtisadi zona olan Honk Konqda təsis edilmiş, 25 sentyabr 2019-cu il tarixli, 101/19/SA saylı müqavilənin tərəfi Çin Xalq Respublikasının qanunlarına uyğun olaraq yaradılmış “X4 Co., Limited” şirkəti, iddianı irəli sürən isə X3 əsasən Honk Konqda təsis edilmiş “X4 Co., Limited” şirkətidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd edilmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Buna görə də məhkəmə hesab edir ki, X3 əsasən Honk Konqda təsis edilmiş “X4 Co., Limited” şirkəti 25 sentyabr 2019-cu il tarixli, 101/19/SA saylı müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ olmadığına görə ilkin iddia rədd edilməlidir və ilkin iddia üzrə digər halların araşdırılmasına zərurət yoxdur. "xxxx" MMC qarşılıqlı iddianın faktiki əsası kimi hüquqi şəxsin əvvəlki direktoru olan Ramin İsayevin belə bir müqavilə bağlamaq səlahiyyəti olmadığına, nizamnamənin 10.11.5-ci maddəsinin tələbinə əsasən cəmiyətin təsdiq edilmiş büdcəsində olmayan dəyəri ******* ABŞ dollarından yuxarı olan müqavilələrin və ya mahiyyətcə eyni predmet təşkil edən silsilə müqavilələrin, borc alma və borc vermə əməliyyatları daxil olmaqla istənilən öhdəliyin təsdiqi direktorlar şurasının səlahiyyətlərinə daxil olmasına, müqavilənin bağlanmasına direktorlar şurasının razılıq vermədiyinə, hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 349, 350 və 358.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 349-cu maddəsinə əsasən hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxs və ya onun təsisçisi tərəfindən mübahisələndirilə bilər. - 350-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. - 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. İlk 2 normanın məzmununda əqdin mübahisləndirilməsi üçün əsas şərt olaraq “əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə” ifadəsi qeyd olunmuşdur. Lakin iddiaçı tərəfindən məhkəməyə müqaviləni imzalayan şəxsin səlahiyyətli olmadığını cavabdehin bildiyini və ya bilməli olduğunu təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır. Bundan başqa müqavilə 25 sentyabr 2019-cu il tarixdə bağlandığına, qarşılıqlı iddia isə 18 iyun 2021-ci il tarixdə verildiyində görə iddiaçı tərəfindən əqdin etibarsızlığı üçün nəzərdə tutulmuş kəsici müddət də ötürülmüşdür. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ... maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə məhkəmə işin hallarını şərh olunan normalar əsasında qiymətləndirərək belə nəticəyə gəlir ki, qarşılıqlı iddia rədd olunmalıdır. İlkin və qarşılıqlı iddiaların rədd olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “X4 Co. Limited” şirkətinin Cavabdehnə qarşı pul tələbi barədə ilkin iddiası rədd edilsin. Cavabdeh “X4 Co. Limited” şirkətinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar